“Qaçhaqaç” - (romandan parçalar)

 

 

 

Yazıçı Seyran Səxavət altı il üzərində işlədiyi ikihissəli “Qaçhaqaç” romanını tamamlayıb.

Roman bütöv şəkildə “Azərbaycan” jurnalının yaxın saylarında dərc olunacaq.

 

Romanın “Yaxşılığın altı, üstü və haqqın qapısı” adlı bölümünü “525”in oxucularına təqdim edirik.

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Yaxşılığın altı, üstü və haqqın qapısı...

   

Qız çıxdı, Zeynal gəldi. Sir-sifətindən açıq-aydın görünürdü ki, hələ özünə gəlməyib. Qapının arxasınca örtüb dayanmışdı. Bu, başqa Zeynal idi. Onun şirin sırtıqlığından, yetənə ərk eləmək xüsusiyyətindən əsər-əlamət qalmamışdı. Bunların hamısını bir su içim saatda duydum.

– Keç, keç... – Nəsir müəllim də təəccübləndi, çünki mənim təsvir elədiyim Zeynalla qapının ağzında dayanan Zeynalın arasında dağ-dərə fərqi vardı.

Zeynal stola yaxınlaşdı, Nəsir müəllim ona əl verdi:

– Otur, – dedi, – özünü Əvəz Zeynalovun kabinetindəki kimi hiss elə...

   Ancaq Zeynal gərgin olaraq qalırdı. Nəsir müəllim Zeynalın bu vəziyyətini yüngülləşdirmək, bəlkə də onun bu halına son qoymaq üçün dedi:

– Seyran deyir rəssamsan...

– Bəli.

– Mənim portretimi çəkə bilərsən?

– Elə indi?

Nəsir müəllim gülümsədi:

– Yox... indi yox, başqa bir vaxt.

– Çəkərəm... Ancaq sizin portretinizi, – Zeynal Nəsir müəllimin üzündə baxışlarını gəzdirdi, – karandaşla çəkmək lazımdı.

– Niyə rəngli boya ilə alınmaz ki? – Nəsir müəllim maraqlandı.

– Alınar ee... ancaq karandaşla daha yaxşı çıxar... bilirsiniz, sizin üzünüzdə zərif cizgilər, o cizgilərdən törəmə alt qatda olan daha zərif cizgilər çoxdu. Belə sifəti işləmək üçün karandaşın misli yoxdu – ucu tük kimi nasik karandaş. Rənglə işləmək mənim üçün çox asandı, ancaq karandaşla işləmək iynəynən qəbir qazmaq kimidi, ağırdı... Seyran görüb, evdə papamın portretini karandaşla işləmişəm, özü desin də...

– Çox əladı! – dedim.

Nəsir müəllim deyəsən zarafat eləmirdi, dedi:

– Mənim portretim neçə vaxta hazır olar?

– Rənglə işləsəm... belə gecə-gündüz işləsəm, beş-altı gün, karandaşla çəksəm beş-altı ay... – Zeynal cavab verdi.

 

– Yaxşı, Zeynal, bu barədə sonra danışarıq. Seyran mənim dostumdu. Felyeton iki saatdan sonra çap olunurdu. Qoymadım getsin, çıxartdım. Bir-iki söz soruşmaq istəyirəm. Siz toy elədiyiniz yer böyükdü?

– Böyük də demək olmaz, balaca da... Təxminən yüz iyirmi, yüz əlli adam tutar.

– Neçə nəfər çağırmışdınız?

– Bilirsiniz, – Zeynal dedi, – mənim papam qorxağın biridi. Deyir maa yaraşmaz, cəmisi həştad adam çağırmışdı, onun da səkkizi gəlməmişdi.

– Papan nədən qorxur ki?

– Çox qanunpərəsti ee... nə bilim vallah, yetim oğlan olub, gözüqıpıq böyüyüb, bəlkə onnandı, – Zeynal cavab verdi.

 

– Müxbirlər gələndə sən orda olmamısan?

– İçəridə olmuşam, Seyrannan bir yerdə. Papamı çağırtdırıblar çölə, papam da deyib ki, keçin içəri oturun, toydu də, bir tikə çörək yeyin. İki nəfər imişlər. Biri deyib ki, biz buraya yeməyə gəlməmişik, müxbirik, “Bakı” qəzetindən gəlmişik, bizi yola sal gedək...

– Zeynal, bir şeyi də de görüm, bəs papan hardan bilib ki, onun haqqında felyeton yazıblar?

– Toydan bir-iki gün sonra o müxbirlərdən biri zəng eləyib deyib ki, üç-dörd gün vaxtınız qalır, əgər bizi görməsəniz felyeton çıxacaq qəzetdə... bax belə olub. Mən də gəldim Seyrana dedim. Yazıq kişi dəli kimi gəzir. Deyir o qəzet çıxsa, gərək ömür boyu oturam evdə, bayıra çıxmayam. Biabır olajam deyir... Onun tayları dəvəni dəngiynən udur... Nə də deyirsən, deyir ki, yox, bu, maa yaraşmaz. Ancaq felyeton yaraşdırmaq istəyirdilər ona... – Zeynal kövrəldi və dik qalxdı, varlığının bütün səmimiyyəti ilə Nəsir müəllimə baxıb dedi:

 

– İcazə verin, əlinizdən-ayağınızdan öpüm, – və Nəsir müəllimə tərəf yeridi. Nəsir müəllim pis olmuşdu. O, böyük əllərini göyə qaldıran kimi Zeynal dayandı, günahkar adamlar kimi başını aşağı saldı. O, elə donmuşdu ki, elə bil bir də heç zaman yerindən tərpənməyəcək. Nəsir müəllim yerindən qalxıb Zeynala yaxınlaşdı, sol əlini Zeynalın kürəyinə qoyub onu özünə tərəf çəkdi. Bala atasına qısılan kimi Zeynal onun gen sinəsinə sığındı. Bir su içim saat bu vəziyyətdə qalandan sonra Nəsir müəllim Zeynalın kürəyinə vurub qolundan tutdu, onu oturtdu, başını sığalladı.

Mən çox pis olmuşdum. Qurğuşun kimi ağır, qılınc kimi iti sükut ortalıqda at oynadırdı. Bu sükutu qovmaq üçün beynimi ələk-vələk eləyib söz axtarırdım, tapa bilmirdim; demək istədiyim söz ya məndən qaçırdı, ya da, ümumiyyətlə dilimizdə belə bir söz yox idi. Mənim söz axtarışım uğursuzcasına davam elədikcə üzülürdüm. Yenə Nəsir müəllim kömək əlini uzatdı:

– Zeynal, – dedi, – iblisin monoloqunu söyləyə bilərsən?

Zeynal ayağa qalxdı, bir-iki dəqiqə otaqda var-gəl eləyəndən sonra tən ortada dayandı, gözlərini döyə-döyə nəyisə axtarmağa başladı və tapan kimi dedi:

– Mən İblisin monoloqunu “Bakı” qəzetinin o iki müxbirinə həsr eləyirəm – cüt İblisə... onlar da İblisdi, – və başladı.

Bayaqdan bəri bu qəribə oğlandan gözünü çəkməyən Nəsir müəllim Zeynalın monoloqdan qabaqkı “ön sözündən” sonra bütün görkəmilə ona diqqət kəsildi.

Monoloq sona yetirdi:

 

“...Cümlə xəyanətlərə bais! Bəs hər kəsə xain olan İnsan nədir? İbliiis!!!”

Nasir müəllim elə bil Məşədi Əzizbəyov adına Akademik Dram Teatrında birinci sırada əyləşib Abbas Mirzə Şərifzadənin ifasında İblisin monoloquna qulaq asmışdı.

Zeynalın bu uğurlu “çıxışından” sonra bayaqkından fərqli olaraq xoş, həzin, meh kimi yumşaq, mərhəmanə bir sükut ortada idi. Sükut gülürdü. Adam bu sükutu pozmağa qıymırdı...

Deyəsən, üçümüz də eyni fikirdə idik; heç kəs bu sükuta qıymadı, bir azdan özü sorulub getdi...

Nəsir müəllim üzünü Zeynala tutdu:

– Seyran deyir ki, əlindən gəlməyən iş yoxdu...

– Gördüyünü deyir də... düzdü.

– Məsələn... – Nəsir müəllim maraqlandı.

– Məsələn... bax, televizor xarab oldu özüm düzəldirəm, tar çalıram, heykəltəraşam, xam adamları dolayıram, at çapıram, ağacdan, daşdan fiqurlar düzəldirəm, yaxşı üzürəm, belə də...

– Elə bu? – Nəsir müəllim dedi.

– Niyə? Genə var... Foks göstərirəm, Armais Sayadovu yıxmışdım, sudyalar hesaba almadı, qələbəni verdilər erməniyə, sonra... qəşəng rəqs eləyirəm, seyf açıram, memaram... başınızı ağrıtmayım də... nə desəniz eliyə bilərəm...

– Harda işləyirsən?

– Xırdalanda “Detmir”in direktoru idim, – çönüb gülə-gülə mənə baxdı, – bir də görürdüm ki, Seyran başında bir dəstə şair-yazıçı gəlib ki, qardaş, darıxmışam. Gedirdik Sarayda bir restoran var, ora. Başqa dostlarım da gəlirdilər. Seyran lap tez-tez “darıxırdı”. Belə-belə, bir də gördüm beş min manat kəmim çıxıb. Papamın hesabına qurtardım, işdən çıxdım, ticarət mənlik deyil ee... otuzdan çox satıcım vardı... Hə... yaxşı nizə atıram, ovçuyam – quşu gözündən vurram, məclis xoşlayıram... belə də, çoxu yadımdan çıxıb...

– Bəs bir belə işi nə təhər çatdırırsan, necə vaxt tapırsan? – Nəsir müəllim mat qalmışdı.

– Mən, – Zeynal dedi, – o dediyim işlərnən keyfim istəyəndən istəyənə məşğul oluram ee, həmişə yox...

Nəsir müəllimin yüzlərlə tələbəsini, onunla çiyin-çiyinə işləyənləri – qısası, onu yaxından tanıyanları necə inandıra bilərəm ki, o, həm də beləydi. Görünür Nəsir müəllim varlığının bu qapısını mənim üzümə açmışdı. Bu, mənim qismətimdi. Bax, Nəsir müəllimin mənim üzümə açdığı qapıdan o, belə görünürdü...

 

İnanan inansın, inanmayan inanmasın – mən bir də bu məsələyə qayıtmayacam.

Zeynal qəfil Nəsir müəllimə dedi:

– Olar papamı sizinən tanış eliyim?

– Olar... niyə olmur ki?.. Özüm də istəyərdim.

– Mamam bir Tuğ qurqudu bişirər...

– Nə bişirər? – Nəsir müəllim onun sözünü kəsdi.

– Qurqud... – Zeynal təəccübləndi.

– Qurqudu biz tərəflərdə də bişirirlər... – Nəsir müəllim dedi, – qurqud qədim yeməkdi, elə bil yeməklərin bayatısıdı.

Nəsir müəllimlə Zeynal yüz ilin tanışları kimi menyunu da dəqiqləşdirdilər. Ancaq boynuma alıram ki, mən də Nəsir müəllimi bu qədər bilmirdim – Nəsir müəllim nə qədər imiş?!

Nəsir müəllim bəynən plov yeyən kişi deyildi; ona görə yox ki, plovu xoşlamırdı, ona görə ki, bığının yağa bulaşmasını istəmirdi. Ancaq Zeynalgildə qurqud yeməyi özünə rəva bilirdi.

– Zeynal, – Nəsir müəllim dedi, – bəlkə gəlib bizim qəzetdə rəssam işləyəsən... Özün də bekarsan.

– Yox... yox... çox sağ olun, çox var olun...

– Axı, niyə? Özünə arxayın deyilsən?

– Yox... yox... Özümə arxayınam ee... Ancaq tezdən işə gəlib axşamacan bura bağlanmaq mənnik deyil, avaragorun biriyəm.

 

Bəlkə də Zeynal, Nəsir müəllim boyda kişinin iş təklif eləyib imtina cavabı eşitdiyi ilk adam idi. Çünki hamı Nəsir müəllimlə işləməyi özü üçün böyük şey hesab eləyirdi – şərəf bilirdi. Zeynalın “avaragorun” biriyəm deyib elədiyi imtina, əslində Nəsir müəllimin xoşuna gəlmişdi, çünki bu imtinanın kökündə, bir növ özünü aşağılamaq hesabına başa gələn səmimiyyət dayanırdı.

– Zeynal, – Nəsir müəllim özünü bizim tay-tuşumuz kimi aparmaqda davam eləyirdi, – Seyrannan necə dost olmusunuz?

 

Zeynal üzümə baxıb soruşdu:

– Olduğu kimi deyim?

– De... olduğu kimi de... – Nəsir müəllim mənim əvəzimə cavab verdi və onun bu ərki xoşuma gəldi.

Zeynal elə bil iyirmi il əvvələ qayıtdı, gülümsəyib dedi:

– Belə olub də... Mən şəhər uşağı olmuşam, – məni göstərdi, – bu kəndçi idi. Bunnar kənddən şəhərə gəlib bir stəkan limonad içirdilər, kəndə qayıdannan sonra da birinin üstünə beşini qoyub danışırdılar. Biz şəhər uşaqları kənddən gələn tay-tuşlarımızı tutub mal kimi döyürdük. Bir gün gördüm bir sarı gədə Orta Kəhrizin qabağından keçir. Biz iki nəfər idik. Ona yaxınlaşıb dedim ki, kənddən gəlib şəhərdə nə lotuluq eləyirsən? Dedi ki, yaxşı eləyirəm. Mən birin deyəndə bu, ikisini deyirdi. Nə qədər elədim ki, dilini saxlasın, olmadı. Dedim gedək dalaşmağa, dedi gedək. Apardıq bunu raykomun dalına, mal kimi çırpdıq, orda da qoyub getdik. Bir gün klubda Axundovun yubileyi idi, o “Hacı Qara” yazan kişinin. Papam məni də özüynən aparmışdı. Birdən iclası aparan kişi qayıtdı ki, “indi də Mirzə Fətəli Axundova həsr elədiyi şeirini oxumaq üçün söz verilir Yağlıvənd kənd orta məktəbinin yeddinci sinif şagirdi Seyran Xanlarova”. Bir də gördüm mən döydüyüm o sarı gədə, bu... Əl-qolunu ölçə-ölçə şeirini oxudu, camaat buna çəpik çaldı. Mən də əl çaldım. Sonra bunu güddüm, çıxanda tanış olduq... O vaxtdan da bir yerdəyik.

 

– Bəs sonra nooldu, əvəzin çıxmadı? – Nəsir müəllim dedi.

– Bu ikinci kursa keçib gəlmişdi Bakıdan. Mən hələ rayonda olurdum. Yay idi də, getdik Kəlbəcər İsti-suyuna, Bağırovun sanatoriyasında qalırdıq. Bir gün məni içirtdi, dolaşdırdı, bərk döydü, səhər duranda özümü tanımadım. Dedim əclaf məni niyə bu günə salmısan? Dedi: yadındadı raykomun dalı?.. Əl-qolum düşdü yanıma...

Bu söhbətlər görəsən Nəsir müəllimin nəyinə lazım idi? Onun üzünə baxdım, məmnun görünürdü, deyəsən Nəsir müəllim istirahət eləyirdi – mənə belə gəldi...

– Yaxşı ki, Allah buna bir qırnıq istedad verib, yoxsa qalardı ortalıqda, əlinnən-zaddınnan bir iş gəlmir axı. Allahın bir mismarını divara vura bilməz; bir də gördün qara xəbər gəldi ki, bəs barmağının mayasını çəkicnən vurub əzib. – Zeynal dedi və divardakı saata baxdı, – bəlkə bizə icazə verəsiniz yavaş-yavaş gedək? – Nəsir müəllimə dedi.

– Tələsirsən?

– Yoox... papam gözləyir...

– Zəng elə qoy gəlsin o da... həm də tanış olarıq, mən də üzrxahlıq eləyərəm, onların əvəzinə...

– Bu gün gələ bilməz, iclasları var, partkomdu axı...

Yalnız Zeynalın bu sözlərindən sonra Nəsir müəllim dedi:

– İclaslar ölkəsidi də... iclas quruları, iclas nə qədər olar? Axırda bu ölkənin axırına elə iclaslar çıxacaq... Zeynal hərdən gəl söhbət-zad eləyək.

– Gələrəm, – Zeynal ayağa qalxa-qalxa dedi, – Seyrannan gələrəm. Ölüncən sizə borcluyuq, özü də nəsillikcən... Biz heç vaxt sizin bu yaxşılığınızın altından çıxa bilmərik.

– Yaxşılıq, altından çıxmaq üçün deyil ki... elə altında qalmaq üçündü. – Nəsir müəllim neçənci dəfə öz müdrikliyini göstərdi.

 

Biz katibə qıza sağ ol deyib, cavab eşitmədik. Dəhlizə çıxan kimi Zeynal dedi:

– Nə yaxşı kişidi, əəə, bu?! Elə bil mənnən bir baxçaya gedib-gəlib, elə bil Keçəllər məhləsində bir yerdə böyümüşük... Halal olsun! Mənnən tay-tuş kimi danışırdı, ee... Pah! Nənəmin goru haqqı mən belə şey görməmişəm! O boyda kişi... Maşallah, boy-buxun da verib ee, Allah... Heykəlli kişidi... Heç ona heykəl qoymaq lazım deyil, elə özü heykəldi. Səni də yaman çox istəyir...

– Nə bildin?

– Gördüm dana... Yaxşı tanımır da səni, elə bilir sən də bir kişisən...

Birinci mərtəbəyə düşüb çölə çıxmaq istəyəndə Zeynalın gözü divardakı avtomat telefona sataşdı:

– Seyran, iki qəpikliyin var?

– Olmalıdı, – dedim və cibimdən yarım ovuc xırda pul çıxardıb onun qabağına tutdum, – bax, gör, – dedim.

– Papama zəng eləyirəm, – dedi, – yazıq kişi durduğu yerdə zibilə düşmüşdü də... Allah o kişinin... Seyran, o kişinin adı nəyidi?

– Nəsir müəllim, Nəsir İmanquliyev, – dedim və bir az da incidim ki, o boyda kişini tanımır.

– Hə... – Zeynal davam elədi, – Allah Nəsir müəllimin yeddi arxa dönəninə rəhmət eləsin... Allah Nəsir müəllimin balalarını, nəvələrini, nəticələrini, kötükcələrini, yadıcalarını... elə birinci özünü salamat eləsin. – Zeynal bütün bunları telefonun dəstəyi qulağında ola-ola deyirdi; gendən baxan elə bilirdi ki, o, telefonla danışır.

Zeynal dəstəyi asıb dedi:

 

– Cavab vermir! – elə bil ki, bir az da əsəbiləşdi, gərginləşdi, – otur yerində də... atasının dalınca deyindi, bir az da donquldandı...

Zeynal “Kommunist” nəşriyyatının birinci mərtəbəsindəki geniş foyedə məni bir kənara çəkdi, xoflu adamlar kimi ətrafa boylanıb arxayın olandan sonra dedi:

– Seyran, gör nə deyirəm. İndi oturub taksiyə gedirik “Azərittifaq”a, papamın yanına...

– Gedək də, – dedim, kişi narahatdı axı, – onun qolundan tutdum.

– Dayan, – o dartındı, – gör nə deyirəm... Papama deyəcəm ki, bu işin beş yüz manat xərci var...

– Nəəəə?! – Gözüm kəlləmə çıxdı.

– Yaxşı dörd yüz...

– Olmaz!

– Üç yüz.

– Sənin başın xarab olub?!

– İki yüz.

– O kişinin çörəyi burnumdan gələr, ee!

– Yüz...

– Alçaq!

Zeynal gördü ki, iki ayağımı bir başmağa dirəmişəm, tərs damarım tutub, gülə-gülə dedi:

– Mən alçaq deyiləm... Heç sən də hündür deyilsən... – ifadəli baxışlarını üzümə zillədi. – Səni sınayırdım, – dedi, – halal olsun sənə, – çiynimə vurdu.

– Gözünün içinə qədər yalan deyirsən... Məni sınayana bax, ee... Denən sən öl səni sınayırdım, – dedim.

– Sən öl! Sən öl səni sınamırdım. – Sırtıq-sırtıq üzümə baxıb şirin-şirin güldü.

– Alçaq! – dedim.

– Hündür! – dedi.

Zeynalı beş barmağım kimi tanıyırdım. Bu da Zeynal idi, ancaq məsələ başqa cürdü. O, bu gen dünyada heç kimə kələk gəlməzdi, atasından başqa. Əslində isə Zeynalın qurduğu kələyin mayasında böyük ərk dayanırdı – ata-bala ərki. Və günlərin bir günü, bu kələyin üstü açılsaydı heç bir qorxusu yox idi; doğma ərk bu işin təhlükəsizliyinə tam təminat verirdi. Bu səbəbdən də Zeynalın atmaq istədiyi bu addımın risk dərəcəsi sıfıra bərabər idi – tam arxayınlıq, yəni kriminal yox idi.

O vaxt taksi tapılmırdı ki... ancaq biz gözləyirdik. Birdən dedim:

– Zeynal, beş yüz manat alsaydın, mənə nə qədər verəcəkdin?

 

Zeynal maraqlandı:

– Yarıbayarı, iki yüz...

– Bez yüzü ikiyə böləndə iki yüz eləyir? – dedim.

– Yaxşı, iki yüz əlli... – üzündə key ifadə əmələ gəlmişdi, – özümə ona görə üç yüz götürürdüm ki, ideya müəllifi mənəm axı. Bir də mən başqasına kələk gəlmirəm ki... öz “radnoy” dədəmdi də...

Birdən elə bil ki, Zeynal qəfil ayıldı, gülümsəyib dedi:

– A biji-biji, indi də sən məni sınayırsan? Keçməz...

 

Zeynal ilə aramızda pərdə-filan yox idi, elə bil heç əvvəldən olmayıb; bunun əvəzində böyük ərk var idi. Bir-birimizə istədiyimiz kimi müraciət eliyə bilirdik – hər ikimiz bunu qazanmışdıq, bu, bizim halal qazancımız idi və bu “qazanc”ın hesabına çönüb bir adam olmuşduq.

Mən Zeynalı yenə sınaq imtahanına çəkdim, ovqatımın belə məqamı idi:

– Ancaq... ancaq iki yüz desəydin, bəlkə də razılaşardım, – dedim.

– İndi deyirəm də, qurd keçinin nəyin yeyib ki? Heç harasını...

– Gecdi... – dedim.

– Niyə gecdi ee?

– Gec deyil ee, çox gecdi. Ortada əxlaq, vicdan məsələsi var.

– Yaxşı, – Zeynal dedi, – bu söhbəti qurtaraq, girəvəydi də...

– Bu söhbət bayaq, sən öz ideyanı verəndə qurtarmışdı.

Zeynal özü təklif elədi, özü də söhbəti dəyişdi:

– Seyran, – dedi, – Nəsir müəllim haralıdı?

– Bilmirəm. Mən belə məsələlər üzrə mütəxəssis deyiləm. – Quru adamlar kimi cavab verdim – əslində isə bilirdim.

– Bilmirsən dostun haralıdı? – təəccübləndi.

– Bilmirəm. Ancaq onu bilirəm ki, Tuğlu deyil.

– Seyran, Nəsir müəllim bayaq bir söz dedi, maa o qədər də çatmadı...

– Nə dedi ki, – soruşdum.

– Dedi ki, yaxşılığın altından çıxmaq lazım deyil, yaxşılığın altında qalmaq lazımdı, maa çatmadı...

– Çatdırım? – Müdrikanə bir görkəm aldım.

– Çatdır...

 

– Nəsir müəllim dərin söz dedi... Onun iki mənası var: biri odur ki, “bu yaxşılıqdısa və bu yaxşılığı mən eləmişəmsə, onun altından çıxmağa heç bir ehtiyac yoxdu... ikinci: Nəsir müəllim çox haqlı olaraq belə hesab eləyir ki, alçağın biri yaxşılığın altında qalsa əvvəl-axır özü də çönüb yaxşı adam olacaq. Başa düşdün, ay tupoy?”

– Halal olsun Nəsir müəllimə... sinəmə yatdı bu sözlər... gör haracan fikirləşir ee?.. – Zeynal elə bil ki, bu sözləri öyünə-öyünə dedi, o, iki dəqiqə bundan əvvəl tanıdığı, xoşuna gəldiyi adamlarla fəxr eləyə bilirdi – bu, onda var idi; Allah vermişdi.

– Seyran, – dedi, – Nəsir müəllim sənə dərs deyib?

– Nəsir müəllim mənim müəllimim olub, elə indi də müəllimimdi, həmişə də olacaq, ancaq mənə bir saat da dərs deməyib.

 

– Bu necə olur ki? – Zeynal gözlərini döyə-döyə üzümdən çəkmədi.

– Sənə deyim də... bir var gəlib sinifdə sənə dərs deyələr, bir də var ki, dərs verələr. Bax, Nəsir müəllim, bu gün ikimizə də dərs verdi, başa saldı ki, haqqı nahaqqın ayağına vermək olmur. Zeynalsan da, təsəvvür elə ki, Nəsir müəllim iki yerdə dərs deyir, bir universitetin Jurnalistika fakültəsində, bir də həyatda; fakültədə mühazirə oxuyub savad verir, əsas iş yeri olan həyatda isə dərs verir. Kənddə kimsə yolunu azanda, kəndin sayılıb-seçilən, müdrik adamına nə deyirlər? Deyirlər, sən Allah çağır onun dərsini ver, bax, heylə. İndi bizim Nəsir müəllim də həm dərs deyir, həm də öz əməli, şəxsiyyəti, dünyagörüşü ilə ətrafdakılara dərs verir. Mənə də dərs verib dəfələrlə, hesab eləyirəm ki, onun tələbəsiyəm, o da mənim müəllimimdi.

– Çox yaxşı dedin, – Zeynal məmnun görünürdü.

– Qulaq as... Dərs deyən müəllim uzağı beş il çəkir, ancaq dərs verən müəllim ömürlükdü; Nəsir müəllim belə müəllimdi – ömürlük.

 

– Bu da xoşuma gəldi, filosofsan də...

– Sözün qısası, Nəsir İmanquliyev “İbrət dərsi” fənnindən dərs verir, bu sahə üzrə ixtisaslaşıb...

– İndi lap yaxşı başa düşdüm, el arasında deyillər ee, filankəs bəhmənkəsə ibrət dərsi verdi, bax, heylə. – Zeynal dedi, – deməli, əsas ibrət dərsidi!

– Düzdü, əsas ibrət dərsidi. Əsas ibrət dərsi olduğuna görə də Nəsir İmanquliyev əsas müəllim hesab olunur. Var əsas, bir də var əsasın ətrafındakılar... Zeynal, sən “İbrət dərsi” kitabını görməmisən?

– Heylə kitab var ki?

– Var! – dedim. – Özü də o kitabı beş nəfər yazıb, müəlliflərdən biri də Nəsir İmanquliyevdi, beş kişinin biri...

– O kitabdan səndə vaar?

– Var, – dedim, – sən də o kitabı görmüsən.

– Görməmişəm.

– Görmüsən! – dedim, – bir az varaqlamısan da...

– Harda gördüm onu?

– Nəsir müəllimin otağında... – dedim.

– Şkafdaydı?

– Yox.

 

– Bəs hardaydı? – Zeynal bu kitabı yadına salmağa çalışırdı.

– Özü də kitab biziynən çay içirdi.

– Kitab çay içər? – Zeynal bir an fikrə getdi, – həə... başa düşdüm, o kitab Nəsir müəllim özüdü dəə.

– Düzdü! Bax, indi oldun adam.

Zeynal qolundakı saatı mənə göstərdi:

– Papamgilin iclası başlayıb, – dedi, – aşağısı iki saat çənə döyəcəklər. Ora getmək tezdi...

– İstəyirsən qalxaq bufetdə çay içək?soruşdum.

– Gedək, – razılaşdı.

Bufetdən bir çaynik çay götürüb pəncərənin qabağında əyləşdik. Zeynal qaynar çaydan bir qurtum alıb yerinə qoydu, dedi:

– Seyran, Nəsir müəllim bayaq mənə dedi ki, hərdən gəl söhbət eləyək...

– Noolar deyəndə?

– Sözümün canı var...

– Eşidirəm... – dedim.

– Sözümün canı odur ki, Nəsir müəllim haqqında bir az danışasan məlumatım olsun də, heç olmasa onu bir az tanıyım də, bilim ki, kimiynən söhbət eləyirəm. Elə yaxşı oldu taksi gəlmədi, – dedi, – çaydan bir qurtum da alıb stəkanı əlində saxladı, gözünü də mənə zillədi, üç-dörd dəfə kiprik çalandan sonra nə isə demək istəsə də fikrindən döndü.

 

– Bilirsən, Zeynal, – dedim. – Allah adamı yaradıb körpə kimi atır yer üzünə, həddi-buluğa çatana qədər ondan daha çox muğayat olur. Özünü tanıyandan sonra isə hər şey düşür uşağın öz boynuna. Yavaş-yavaş böyüyür, təhsil alır, görüb-götürür, formalaşır, cəmiyyətin diqqətini cəlb eləyir. Bu etapdan sonra insan özü özünü təşkil eləməyə başlayır. Bax, Nəsir müəllim də belə olub – o, özü özünü təşkil eləyib, özü özünün memarı olub. Bax, bu mənada Nəsir İmanquliyev elə özü təkbaşına böyük bir təşkilatdır. Elə adam var ki, heç özü ola bilmir, ancaq Nəsir müəllim mənim aləmimdə nəhəng bir nazirlikdi...

 

– De görüm, onun əsas üstün cəhəti nədir? – Zeynal özünə çay süzə-süzə dedi.

– Mən onun heç bir cəhətini ayırıb deyə bilmərəm ki, bax əsas budu. Əslində insan xırda-xırda cəhətlərdən ibarətdi. Özünü yüksək səviyyədə təşkil eləmiş insanda bu xırda cəhətlər zaman keçdikcə bir-birinə hopub birləşir, vahid bir xasiyyətə çevrilir və heç vaxt insanı tərk etmir, ona hörmət-izzət gətirməyə başlayır. Bax, bu məqamda da Böyük İnsan olmağa doğru yol açılır – nəticədə adi insan çönüb olur Böyük İnsan. Bu cür adamlar ömrünün sonuna qədər böyüyə-böyüyə yaşayır Nəsir İmanquliyev kimi. Böyük İnsanı Allah da xırdalaya bilməz, çünki burda Allahın razılığı olub. Allah da özü razılıq verdiyi Bütövü heç vaxt xırdalamaq istəməz axı...

– Bəs xırda adamların vəziyyəti nə təhərdi? – Zeynal nadir hallarda mənə belə ciddi-cəhdlə qulaq asardı, hər şeyi lağ-lüğaza çevirməyi xoşlayırdı.

 

– Böyük İnsan ola bilməyən, yaxud da olmaq istəməyən xırda adamların vəziyyəti çox sadədi. Yəni, ticarət dilində, sənin dilində deyəcəm. Elə bil ki, bir adamın xasiyyəti bir kağız manatlıqdan ibarətdi. Sonra bu bir manatlıq xırdalanıb olur iki dənə əlli qəpiklik, sonra iki dənə əlli qəpiklik xırdalanıb olur beş dənə iyirmi qəpiklik, beş dənə iyirmi qəpiklik xırdalanıb olur on dənə on qəpiklik, on dənə on qəpiklik də xırdalanıb olur iyirmi dənə beş qəpiklik, iyirmi dənə beş qəpiklik də xırdalanıb olur əlli dənə iki qəpiklik, əlli dənə iki qəpiklik xırdalanıb olur yüz dənə bir qəpiklik. Xırdalanma prosesi dirənir dalana – bax, ona deyirlər bir qəpiklik adam... Zeynal, qoy bunu da deyim.

– De, de... hələ vaxtımıza var.

– Bax, bir var cibində diri yüzdüyün ola, bir də var ki, diri yüzlüyü bir torba dəmir pula xırdalayıb atırsan çiyninə, hansı yaxşıdı?

– Əlbəttə diri yüzdük. O günü taksidən düşəndə diri yüzdüyü çıxardıb şoferə uzatdım ki, pulunu çıx, dedi xırdam yoxdu düş get.

– Zeynal, insanın pul xırdalamağa ixtiyarı var, ancaq özünü xırdalamağa ixtiyarı yoxdu. Yaratdıqlarının içində Allahın ən çox xoşuna gələn İnsandı, bəs, sən Allahın xoşuna gələni niyə xırdalayıb korlayırsan? Sən kimsən axı?!

 

– Çox düz deyirsən, qardaş, halaldı sənə... öpürəm.

– Bir şey də deyim sənə... “Koroğlu” operası tamaşaya hazırlananda bədxahlar ortada meydan sulamağa başlayırlar, pəlxəşlik qatıb işi pozmaq istəyirmişlər, otuz səkkizinci ildə. Özün bilirsən də, nədən korluğumuz olsa da, bədxahlardan heç vaxt korluq çəkməmişik. O vaxt Nəsir müəllim, səhv eləmirəmsə, “Yeni yol” qəzetində məsul katib işləyirmiş. Operanın ilk tamaşasının güclü təbliğatını aparıb, bülletenlər çap eləyib. Üzeyir Hacıbəyov yazır ki, “Koroğlu”nun anşlaqla keçməsində qəzetin redaktoru Qulam Məmmədlinin və Nəsir İmanquliyevin rolu danılmazdır. Sonralar “Yeni yol” bağlananda Nəsir müəllim bərk sarsılır. Çünki həyatını jurnalistikasız təsəvvür edə bilməyən bu adam qəzetin nə zamansa bağlanacağını ağlına sığışdıra bilmirdi. Ona elə gəlirdi ki, bağlanan qəzet deyil, onun bəxtidi... Səni başqa nə maraqlandırır?

 

– Nəsir müəllim haqqında gen-bol məlumat, – Zeynal dedi.

– Bax, muğamatı, xalq musiqisini çox sevir. Bir dəfə mənə dedi ki, “Segah” ürəyimə yağ kimi yayılır. Ən çox sevdiyi mahnı isə “Qurban adına”.

– Zövqü əladı, – Zeynal münasibət bildirdi.

– Başqa nə deyim? Məmurlar üçün arzuolunmaz adamdı, qorxu-ürkü bilməz, xeyir-şər adamıdı, çox adamın elçiliyin eləyib, tanıdıqları cavanların hamısına ata kimi qayğı göstərib. Bu baxımdan Nəsir müəllimə çox uşaqlı ata da demək olar. Sifarişnən işə adam götürmür. O, ancaq istedadın tapşırığına baxır... Zeynal, günlərnən onun haqqında danışmaq olar... Müharibə iştirakçısı, 416-cı Taqanroq diviziyasında da olub...

– Bəlkə də papanı tanıyar eee? – Zeynal sevincək olub üzümə baxdı.

– Ola bilər... – deyib ona bir az ümid də verdim və bu ümid onu bir az da sevindirdi.

– Ola bilər niyə? – Zeynalı ümidləndirməyim onun inamını əməlli-başlı artırmışdı.

– Əəə, diviziyada bilirsən nə qədər adam olur? – isə onun bu inamını qəsdən zədələmək istədim.

 

– Noolsun? – Zeynal dedi, – papam elə bir adam olmayıb ki... Batalyon komandiri kapitan Zeynalov! – Xüsusi pafosla dedi.

– Yaxşı ki, general-zad olmayıb... – ərk dolu istehza ilə dedim.

– General da olardı, əgər yaralanıb davadan yarımçıq qayıtmasaydı, – gözləri ani yol çəkdi, üzünə işıqlı sevinc hopdu. – Mənnən soruşanda ki, bala sən kimin oğlusan, deyərdim ki, Əvəzin; soruşanda ki, hansı Əvəzin, deyərdim ki, general Əvəzin... – güldü. 

– Romantiksən də... – dedim.

 

– Romantikəm... – hamımız romantikik, nəsillikcən... Tuğ dünya romantikasının paytaxtıdı! Mənə də Tuğlu Məşədi Həmzə bəyin nəvəsi Zeynal deyərlər!

– Tutman tutdu yenə?

– Yooox... deyirəm vaxtımız tez keçsin də... – Saatına baxdı, – lazım olmayanda vaxt elə can çəkə-çəkə gedir ki...

Vaxt ləng getdikcə Zeynal sürətlə darıxırdı, bu onun üz-gözündən tökülürdü. İndi o, darıxmağın lap zirvəsində idi və oradan mənə əl eləyib dedi:

– Seyran, Nəsir müəllim nəynən vuruşub nemesdərə qarşı, avtomatnan?

– Yoox... – dedim.

– Tanknan?

– Yox! Nəsir müəllim qələmiynən vuruşub...

– Qələmiynən? – Zeynal təəccübləndi.

 

– Qələmiynən! Bəlkə də Nəsir müəllim qələmiynən bir tankın işini görüb, – onun üzünə baxıb qəsdən əlavə elədim, – bəlkə də bir batalyonun; müharibədə tankın öz yeri, qələmin də öz yeri var. Tankın döyüşməsi müharibə qurtarana qədərdi... qələm isə həmişə vuruşur, xüsusilə Nəsir müəllim kimi kişilərin qələmi...

– Üzümə niyə heylə baxırsan ki? Yüz faiz razıyam, – Zeynal qımışdı.

– Ciddi deyirəm, tankların müharibəsi gec-tez sona yetir, ancaq qələmin müharibəsi heç vaxt bitmir! Qələm heç vaxt sülh şəraitində yaşamır, onun üçün müharibə də müharibədi, sülh də... Beyninə yerrəşdi?

 

– Yerrəşdirrəm... də yavaş-yavaş. – Zeynalın əməlli-başlı şitdiyi tutmuşdu və bu şitdik özü sovuşub getməsəydi heç nəyin xeyri yox idi; hücum-zad burda kara gəlməzdi.

Birdən Zeynal bayaq bağladığımız mövzunu təzədən açıb dedi:

– Yaxşı... beş yüzdən üç yüzə yendim, üç yüzdən iki yüzə, iki yüzdən də yüzə... heç nə çıxmadı. Başqa təklifim var...

– Yenə təklif? – mən bozardım.

– Yoox ee.. sənin də xoşuna gələcək.

– Çətin ağlım kəsir, – dedim.

– Açıq deyim də... bu təklifi də bəyənməsən, demək sən heç adam deyilsən...

– Yaxşı, uzatma, – dedim.

– Uzatmıram. Rast ki, mən deyənlərin heç birisi olmadı, onda papama deyək, bizə bir yaxşı qonaqlıq versin.

 

Zeynalın bu təzə-tər təklifi ürəyimcə olsa da, o saat razılaşmadım. Açığını deyim ki, bir az da özümü elə dartdım ki, guya Zeynalın mənə çox ciddi bir işi düşüb və hər şey də mənim razılığımdan asılıdı. O, mənim bu ovqatımı sir-sifətimdən duyub bir balaca özündən çıxdı:

– Əyə... Tay bunnan aşağısı yoxdu ee... Buna da qəmiş qoysan...

– Neyniyəzsən? – soruşdum.

– Nənəmin goru haqqı üzünə də baxmaram, bu dəqiqə burdan durub gedərəm... bııyy...

– Hara gedərsən?

– Cəhənnəmə-gora... – dedi.

– Bəs sən cəhənnəmə-gora getsən, mən kimiynən gedərəm?

– Hara?

– Qonaqlığa də...

– Bıy sənin daşına dönüm! Bilirsən hara gedərik?

– Hara?

– “Novbahar” restoranına... ordakı jarkonun yerini ceyran kababı da verə bilməz! Nə “zakaz” verək?

– Özün ver də, – dedim.

 

– Deməli, üç dənə jarko, göy-göyərti, pomidor-xiyar, motal pendiri, limonad, çörək... pah az qalmışdı yadımdan çıxa, iki dənə də araq... Üzümə niyə heylə baxırsan ki? Qanımızı qaraltma də. Özün də bilirsən ki, üç adama bir araq heç nədi?.. Niyə yeyib-içdiyimizi zəhər eləyirsən axı?..

– Yaxşı, hələ birin içək, sonra baxarıq, – dedim.

– Bıy sənin başına dönüm, bilirdim ki... – Zeynal öz aləmində ikinci arağı da boynuma qoydu, – hə... bir də “Mirzəhüseyn segahı” zakaz verərik, on manat eləyir. Papamın da xoşuna gəlir. Araq içib “Mirzə Hüseyn”ə qulaq asandan sonra bəlkə cibimizə pul da qoydu... Oğlan da yaman oxuyur ee... elə bil fırt eləyib Yaqubun burnundan düşüb.

– Doğurdan yaxşı oxuyur! – mən dedim.

– Hə... Zeynal dil qəfəsə qoymurdu, – Nəsir müəllimin sağlığına içərik, tostu da mən deyərəm...

– Sən?!

– Yaxşı, papam desin...

– Papan?!

– Yaxşı, sən deyərsən, – Zeynal elə razılaşdı ki, guya mən deyən olmasaydı, bu iş pozula bilərdi, – tostu sən deyərsən, papamnan mən də əlavə eləyərik...

– Baxarıq, – dedim.

 

Tuğluları yaxşı tanıyanların hamısı bilir ki, onlara çörək vermə, ancaq söz ver; danışsınlar, ürəklərini boşaltsınlar. Çünki Tuğ camaatı dolu camaatdı və boşalmayanda özlərini çox pis hiss eləyirlər – əsl diskonfort...

Zeynal cibindən bir manatlıq çıxardıb stolun üstünə atdı. Pul elə əzilib yumrulanmışdı ki, elə bil it ağzından çıxıb – həm də kirli idi.

– Gedək, – dedi, – vaxtdı.

 

Biz qalxıb aşağı düşdük, taksiyə minib “Azərittifaq”a tərəf yollandıq...

...Bu yazdıqlarım, Nəsir İmanquliyevin ömür kitabında elədiyi yaxşılıqların heç bir abzası da deyildi, bəlkə də bir cümləsi idi. Buna inanın və mənim yazdığım, o qədər də kiçik olmayan bu yazını da bir cümlə hesab eləyin...

– Qəbriniz nurla dolsun, Nəsir müəllim!

 

Onsuz da Nəsir müəllimin qəbri nurla doluydu. Qəbiristanlığa qaranlıq çökəndə o qəbrin nuru ətrafı işıqlandırırdı. Ürəyimdən keçən başqa bir hissi də sizin nəzərinizə çatdırmaq istəyirəm. Həmişə bu barədə fikirləşəndə mənə elə gəlir ki, həyatda adamların hamısı əməli-saleh olmadığı kimi, qəbiristanlıqdakı bütün qəbirlər də nurla dolu ola bilməz. Bu, istəsək də belədi, istəməsək də – ancaq istəyərdik. Sözümün canı var: mənə elə gəlir ki, ildə bir dəfə Novruz bayramı axşamı Nəsir İmanquliyevin nurlu qəbri, qaranlıq qəbrlərə nur sovqatı göndərir – bayram payı; göndərir ki, onlar bayramı qaranlıqda keçirməsinlər. Bir az şairanə olsa da, mən buna möhkəm inanıram – şairlərə inanmayıb kimə inanacağam ki?.. Bu məqamda Nəriman Həsənzadənin siması bütün mükəmməlliyi ilə gözümün qabağında zühr elədi – şair simasını yadınıza salın, siz də inanın, inam yaxşı şeydi.

Bu yazının son cümləsi:

 

Nəsir müəllim bu gün nur payı göndərdiyi kimi, sağlığında da kasıb-kusuba bayram payı göndərərdi – payınız çox olsun, Nəsir müəllim!

 

Seyran Səxavət

525-ci qəzet.- 2015.- 7 fevral.- S.26-27-28.