Ləyaqətlər və qüsurlar
tarixin sınmayan güzgüsündə
“Özümə gəldikdə mən
elmdə məskun olanlardan biri deyiləm. Mən
keçmişi sadəcə sevənlərdən və onu
ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm”.
Konfutsi
İnsan
xarakteri mürəkkəb olduğu kimi, həm də ziddiyyətlidir.
Axı bəşər övladının daxilində o, həm
ali yaradana bənzədiyindən ilahi ruh, həm də ondan əsaslı
surətdə fərqləndiyindən və öz
növünə aid olanların arasında
dolaşdığından şeytan ruhu gizlənir. Bu qütblərin
hansının qalib və ya üstün olmasından isə
xarakterin və mənəviyyatın əsas cəhətləri
və perspektivləri meydana gəlir. Onlar nisbi şəkildə
iki yerə bölünməklə nəcibliyi əks etdirən
ləyaqət xüsusiyyətlərini və əsasən
şəri təcəssüm etdirən qüsurları əmələ
gətirir. Çox az sayda adamlar sırf nəciblik rəmzlərinə
çevrilirlər, çünki belələri özlərinin
həyat prinsiplərində eqoistik başlanğıclardan əsasən
uzaqlaşaraq, daha çox məhz şəxsiyyəti yüksəldən
xüsusiyyətlərə üstünlük verirlər. Onlar
təbiət etibarilə əsl möminlik dərəcəsinə
yüksəlirlər, özlərini ali hisslərə tabe etməklə,
başqaları üçün xoş olan əməllərə
həsr edirlər. Buna nail olmaq üçün qüsurlardan
yayınmağa, onların arası kəsilməyən təzyiqindən
azad olmağa çalışırlar. Altruistlər isə
tam yad, özgə adamların xeyrinə təmənnasız
qayğı göstərməklə, başqaları naminə
öz şəxsi mənafelərini qurban verməyə
hazır olurlar. Təəssüf ki, onları “ağ qarğa”
hesab edənlər də vardır.
Nəciblik
səylərini dağıtmağa, azaltmağa
çalışan obyektiv təsir qüvvələri
heç də az deyildir. İnsanı əhatə edən
sosial mühitin təsiri, həyatın onu sınağa
çəkmək vasitələri, adi məişət
qayğıları ləyaqətləri məhv etmək qəsdində
olan bu dağıdıcı qüvvələrə daxildir.
Axı insan heç də sırf ruh məxluqu deyildir, bioloji
növ kimi o, yaşamaq, həyatını qoruyub saxlamaq
üçün müəyyən qida təminatına
möhtacdır, yaşayış vasitələrinə malik
olmalıdır. Ona görə də ölümdən qorxmaq
və yaşamaq arzusu insanın başlıca mənəvi dəyərlərinə
çevrilir, əsl aparıcı dəyərlər isə
unudulur.
Kamil
insanın ən böyük və vacib olan ehtiyaclarından
biri başa düşülməsi, ona məxsus olan mənəvi
dünyanın addımbaşı inkar edilməməsidir. Axı
qüsurlar okeanının quduz dalğaları daim nəcibliyi
batırıb, məhv etməyə çalışır.
Belə dalğalar, böyük şair Ovidının təşbihindən
istifadə etsək, asimana qədər yüksəlir. Ləyaqət
daşıyıcılarını anlamayanlar heç də
öz mərhəmətsizliklərinin fərqinə
varmırlar, özünə bənzəməyənlərə
bir qayda olaraq yuxarıdan aşağı, həm də ələ
salmaq, təhqir etmək prizmasından baxmaqla, hətta
onları dəli hesab etməklə, bəzən hələ
möhkəmlənməmiş, bərkiməmiş iradələrin
əyilməsinə, sınıb dağılmasına nail
olurlar. Ona görə də ləyaqət günəşinin
altına sığınanlardan bəziləri həyatın və
əzici ətraf mühitin irəli sürdüyü çətinliklərə
davam gətirə bilməyib, qüsurları gəzdirənlərin
çox saylı və mənfur ordusunun sıralarına daxil
olmaqla, öz həyat kredolarına ağır zərbə
vurmuş olurlar. Jan Jak Russonun dediyi kimi, “Yaradanın əlindən
hər şey yaxşı çıxır, insanın əlində
isə hər şey cırlaşır.” Pislər nədənsə
güclü təsir gücünə malik olur. Burada, yəqin
ki, mühit də öz işini görür.
İlk
dəfə böyük Çin mütəfəkkiri Konfutsi
(bizim eradan əvvəl 551-479-cu illər) ləyaqətə
aid olan məsələlər barədə öz mülahizələrini
irəli sürmüşdü. O, qarşılıqlı
münasibət, loyallıq, mərdlik, müdriklik və
etibara layiq olmaq kimi yaxşı xüsusiyyətlərlə
yanaşı, fövqəl adamın malik olduğu ləyaqətləri
yen-in genişlənməsi kimi qiymətləndirir. Onun
konsepsiyasının başlıca açarı çinlinin
xarakteri olan yen idi, bu da müxtəlif qaydada ləyaqət, məhəbbət,
alicənablıq və ya insana canıyanma kimi tərcümə
olunur. Konfutsi yen-i, bütün ləyaqətlərdən fərqlənən
fövqəl ləyaqət adlandırırdı. Yen-in nə
olduğunu şagirdləri Konfutsidən soruşduqda, filosofun
qısa cavabı belə olmuşdu: “Adamları sev!” Yen
adamları sevinc hissi ilə sevməkdir və bu hissin insan
ürəyinin ən dərin guşəsindən gəlməsidir.
Yen
bütün adamlarda anadangəlmədir və bu mahiyyət
yozumunu qidalandırmaq və tərbiyə etməklə insanpərvərliyi
daha dolğun etmək olar. İnkişaf edən ləyaqət
insan həyatının ümumi missiyasıdır. Təsadüfi
deyildir ki, çinlilərin təbabət dinində “iflic”ə
bərabər olan ifadə, hərfi mənada “yen-in olmaması
və ya çatışmaması” kimi işlənir. Yen həyatını
yaşamaq heç də hansısa bir xüsusi maddi mükafat
tələb etmir. Konfutsi özünün yen
konsepsiyasını izah edərkən ləyaqəti (te) və
möminliyi (yi) vurğulayır. Bu keyfiyyətlərin tərbiyə
olunması fövqəl adamla aşağı adam arasındakı
fərqli əlamətləri üzə çıxarır.
Böyük Çin filosofu deyirdi: “Fövqəl adam ləyaqətlə,
aşağı adam isə torpaqla maraqlanır”. Həmçinin
əlavə edir ki, “fövqəl adam nəyin haqq olduğunu,
aşağı adam isə nəyin faydalı olduğunu
başa düşür”. Fövqəl adam incəsənət
və təbiət komponentlərini özündə
harmoniyalı bir qaydada birləşdirir. “Fövqəl adam
heç vaxt qayğı və qorxu hiss etmir” və “daim sakit və
yüngül şəraitdə olur”. Əksinə,
aşağı adam daim təşviş keçirir və
onun könlü narahat hisslərlə doludur.
Fövqəl
adamın inkişafı Konfutsinin öz şəxsi nümunəsində
daha yaxşı gözə çarpır. Dul qadın olan
anasının himayəsi və rəhbərliyi altında
Konfutsi özünə təhsil verən bir adama çevrildi.
O, yazırdı: “15 yaşında mənim ürəyim
öyrənməyə həsr olundu,... 70 yaşında isə
mən öz könül arzumun arxasınca düz olandan
yayınmadan gedə bilirdim”. Onun təlimləri də öz fərdi
xüsusiyyətlərinə oxşar qaydada təbii, insanpərvər
və sadə idi.
Konfutsiçilikdə
dünyəvi zövq daha çox nəzərə
çarpırdı. Ümumiyyətlə, qədim Çində
insan münasibətlərinə daha çox diqqət
verilirdi. İlahi qüvvəyə deyil, daha çox əcdadlara
sitayiş edilirdi. Ərəb mütəfəkkiri
Əbdürrəhman ibn Xaldun (1332-1406-cı illər) da qeyd
edirdi ki, insan özünü digər adamlarla ünsiyyətdə
realizə edir. İnsana cəmiyyət çərçivəsində
öz əlaqələrini qaydaya salmaqda ağıl kömək
edir, onun formalaşması isə müşahidə, ümumiləşdirmə
və təcrübə vasitəsi ilə baş verir.
Özünün təbliğ etdiyi qaydadan kənara
çıxmayan Konfutsinin şəxsiyyəti də insanpərvərlikdən
ilhamlanmaqla, bütünlüklə ləyaqət komponentlərinə
uyğun gəlirdi.
Bir
Çin tarixçisi b.e.ə. I əsrdə Konfutsi barədə
çox sərrast sözlər söyləmişdi:
“Çoxlu çarlar, imperatorlar və tarixdəki
böyük insanlar olmuşdur ki, onlar sağ olanda şöhrət
və şərəf qazanmış, öz ölümlərindən
sonra isə heç nəyə çevrilmişlər.
Konfutsi isə pambıq xalatda gəzən adi adam olsa da,
sayı on rəqəmindən çox olan nəsillər
üçün alimlərin müəllimi kimi
tanınırdı”.
Qədim
yunan sofist filosofları da ləyaqətin öyrənilməsini
tədqiq edərkən qeyd edirdilər ki, “ləyaqət”
(yunanca “arete”) professional müəllim tərəfindən
öyrədilməlidir.” “Arete”-nin nə məna verdiyini isə
ilk dəfə Homer dilə gətirmişdi, lakin qeyd etmək
lazımdır ki, tam əks olan bir mənada. Ənənəvi
olaraq deyilirdi ki, ləyaqət əxlaqa malik olan nümayəndələrdə
– insanda olduğu kimi, bir sıra “insan olmayan” canlı obyektlərə
də məxsusdur. Bunlara atları, qoyunları, insan gözlərini
aid edirdilər. Ona görə də bəzi alimlər bu ifadəni
“ali” kimi tərcümə edirdilər. Spartalılar bunu
döyüşdəki cəsarət göstərməklə
məhdudlaşdırır, yunanlar isə xüsusən atlyot
qabiliyyətini, sifətin və ya bədənin gözəlliyini,
var-dövləti, kübar ailəsində doğulmağı,
natiqlik və ya müğənnilik qabiliyyətini buna aid
edirdilər. Ləyaqət elə bir qabiliyyət hesab olunurdu
ki, müəyyən qaydada istedadı olan və pulunu ödəyən
hər bir şagird ona yiyələnə bilərdi. İctimai
həyat üçün belə uğurlu öyrənmə
bütün adamlar üçün zəruri şərt hesab
olunurdu.
Təməl
xristian etikasında bütpərəst dünyadan
götürülmüş dörd təbii ləyaqətlə
yanaşı, bu siyahıya üç ilahiyyat tipli ləyaqət
də əlavə olunurdu. Axırıncılar isə
Allahın xüsusi vergisi kimi qiymətləndirilirdi. Ləyaqət “həyatı rahat yaşamaqdan
ötəri və əxlaq prinsipləri ilə davranmaq” kimi nəzərdə
tutulurdu. Bunlara isə yeddi dəhşətli günah əks
çıxır, onlar birlikdə insan
davranışının bütün dərəcələrini
əhatə edir. Kardinal (latınca “başlıca”, başqa
sözlə “mahiyyətcə” deməkdir) ləyaqətlərə
ehtiyatlılıq, mülayimlik (iddiasızlıq), mərdlik və
ədalət daxil idi.
Xristianlıq
bunlara inanc, ümid və məhəbbət kimi dini ləyaqətləri
də əlavə etdi. Bu təsnifləşdirmə
birbaşa apostol Paveldən gəlmişdi. Lakin o, məhəbbəti
bu üçlüyün arasında fərqləndirirdi və
onun tacı hesab edirdi. “Beləliklə, bu üçlüyə
– inanca, ümidə və məhəbbətə əməl
edilməlidir, lakin onlardan ən böyüyü məhəbbətdir”.
Xristian təliminə müvafiq olaraq, ilahiyyat ləyaqətlərin
başlanğıcını heç də təbii insandan
götürmür. Onlar Xristos vasitəsilə Allahdan gəlmiş
və sonra insanlar tərəfindən həyata
keçirilmişdir. Xristian etikasında məhəbbət və
ya mərhəmətlilik isə bütpərəst filosoflardan
gəlir. Davranışın hər bir məsələsi
öz xüsusi şəraitinin işığında həll
edilməlidir və bu elə prinsipdir ki, məhəbbətin
arxasınca getməlidir. Bu da bir daha göstərir ki, məhəbbət
yeganə ali ləyaqət olaraq qalır. Xristian etikası bu
müddəasında Konfutsi təlimi ilə birbaşa
uzlaşır, axı Çin mütəfəkkiri də
adamları sevməyi, onlara məhəbbət bəsləməyi
ön plana çəkirdi.
Qüsurlara
gəldikdə, bu məfhum etikaya aid olan kimi, həm də
personajı xarakterizə edir. Qüsur etik anlayış kimi əxlaqi
və mənəvi nöqsandır, insanın mənfi mənəvi
keyfiyyətidir. Etika isə mənəviyyatı, əxlaqı
öyrənən fəlsəfi fənndir. Etika çox vaxt
insan təbiəti barədə elm kimi başa
düşülür. Personaj kimi isə “qüsur” Orta əsrlərin
və Renessans dram əsərlərinin qəhrəmanları
olub, insanın nəfsini saxlamamağının
alleqoriyasıdır.
Ləyaqət,
tarixi şəxsiyyətləri heyranlıqla əhatə edir
Ləyaqət,
istər Konfutsi konsepsiyası prizmasından, istərsə də
xristianlıq nöqteyi-nəzərindən baxdıqda, istənilən
insanı yüksəldir, hakimiyyətdə olanlara münasibətdə
isə, onlara çox hallarda loyallıq, bəzən isə hətta
məhəbbət bəxş edir. Axı ingilis tarixçisi
lord Aktonun dediyi kimi: “Hakimiyyət adamları pozur, mütləq
hakimiyyət isə mütləq dərəcədə pozur”.
Mütləqiyyət monarxiyalarında və totalitar dövlətlərdə
isə mütləq hakimiyyət hakim kəsilir. Digər
quruluşlarda da ona keçmək o qədər də çətin
olmur. Lakin bu heç də o demək deyildir ki, bu prinsip
bütün hakimiyyətdə olanlara şamil edilməlidir. Elə
nümunələr vardır ki, hakimiyyət burada daha çox
ləyaqət təzahürü səhnəsinə
çevrilir. Əlbəttə, onun pozucu təsirinə
müqavimət göstərmək də asan məsələ
deyildir, onu tapdalamağı, ona qalib gəlməyi bacaranlar isə
xüsusi hörmətə nail olmağa haqqı olan
insanlardır. Xalqı idarə etmək, hakimiyyəti qoruyub
saxlamaq heç də asan məsələ deyildir, axı
daxildən sarsıntı törətmək istəyənlərlə
yanaşı, xaricdən olan təsirlər və təzyiqlər
də az əhəmiyyət daşımır. Bir ailəni
idarə etmək çətin olduğu kimi, yüz minlərlə,
milyonlarla ailə timsalı olan dövlətin idarəçiliyini
əldə saxlamaq bəlkə də mütənasib miqyasda
olan çətinliklərlə əlaqədardır.
Böyük
italyan filosofu Nikkolo Makiavelli (1469-1527-ci illər)
özünün məşhur “Hökmdar” əsərində
yazırdı ki, “Belə ki, hökmdarı sevməyin və
ondan qorxmağın hansının yaxşı olduğu barədəki
mübahisəyə qayıdaraq deyirəm ki, hökmdarı
adamlar öz fərdi mülahizələrinə görə
sevirlər, ancaq ondan hökmdarın öz mülahizəsinə
görə qorxurlar, ona görə də müdrik hökmdar
hansısa bir başqasından deyil, özündən
asılı olana üstünlük verməlidir; mühüm
cəhət isə odur ki, heç bir halda öz təbəələrinin
nifrətinə tuş gəlməyəsən”.
Ən
qədim hökmdarların da əksəriyyəti hələ
Makiavelli reseptindən çox-çox əvvəl xalqın məhəbbəti
kimi ötəri dayağa malik olmaqdansa, çünki
xalqın təbiəti dəyişkəndir, yaşıl ot
küləyin təsiri ilə müxtəlif tərəflərə
əyildiyi kimi şəraitdən asılı olaraq öz
mövqeyini və münasibətini asanlıqla dəyişir,
daha möhkəm dayaq kimi qorxuya üstünlük verirdi. Qorxu
elə bir silahdır ki, istənilən vaxt təbəələrə
yara vurmağı bacarır və bir çox xalqlar bu zədədən,
xəstəlikdən uzun müddət sağala bilmir.
Lakin
müəyyən ölçüdə müdrikliyə və
mərhəmətliliyə malik olanlar onsuz da nəhayətsiz
olan hakimiyyətlərindən quduzcasına istifadə
imkanlarını bütünlüklə inkar etməklə,
bunun cavabı kimi xalqın hörmətini, ürəkdən
gələn ehtiramını qazanırlar. Qədim dövrlərdə
nə güclü təbliğat maşını, nə onun
şüuraltına təsir göstərən vasitələri,
nə də Göbbels kimi yalan bütünə sitayiş edən
informasiya nazirləri yox idi ki, adamların şüuruna həmlə
etməklə, zorla Hitlerə bənzəyənlərə bu
saxta məhəbbət hissini təlqin etsinlər. Ona görə
də xalq özünə bəslənən münasibətə,
hökmdarın davranışına daha düzgün qiymət
verməyi bacarırdı, əsasən səhvə yol
vermirdi, tarixçilər isə söykəndikləri əsaslara
uyğun olaraq, bunun həqiqət olduğunu yazırdılar.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2015.- 7 fevral.- S.23.