Ədəbi tənqidin Tehranı
Tehran
Əlişanoğlunun 55 yaşı tamam oldu və iki 5 rəqəminin
yaratdığı bu ömür sənələri qəribə
də görünsə də, deməliyəm: ey gidi Tehran, sən
nə tez gəlib bu mənzilə yetişdin...
Tehranın
əsasən doxsanıncı
illərdən, amma ən çox ikimininci illərin əvvəllərindən
başlayan və indi sürətini, tempini azaltmayan tənqidçi
“yürüşü” hələ də davam edir və deyim
ki, onun yazıları artıq bizi də “xəstələndirib”.
O mənada ki, fasilə vermədən (elə mənim
kimi!) hey
çap olunur və qətiyyətlə deyim ki, Tehranın
imzası olmadan bizim müasir ədəbi
tənqidi təsəvvür eləmək bir az çətindir.
Çünki Tehranın da ədəbiyyat haqqında müstəqil
fikirləri var və
o fikirlərin mötəbərliyinə, əsl həqiqəti
ifadə etdiyinə bizi inandıra bilib.
O, bizim ədəbi
prosesdə TƏNQİDÇİ adını doğrulda bilən,
bu adı öz ömrünün mənasına çevirən
sayı çox az
müəlliflərdən biridir. “Tənqidçi”
çoxdur, baxın qəzet və jurnal səhifələrinə;
“Kulis”də, “Kurtaz”da, müxtəlif yönlü mətbuat səhifələrində
bir-birini didib-çeynəyən, tək-tük
obyektiv yazıları çıxmaq şərtilə az qala
külünc küçə döyüşlərini xatırladan vuruşlara və
onların törətdiyi viruslara, tost təriflərinə,
cavan cahillərin “dahilik” mərəzindən irəli gələn,
amma cümlələrindən naşılıq və ən
çox səriştəsizlik yağan yazılara...Bəli, “tənqidçi”
çoxdur, amma TƏNQİDÇİ azdır və Tehran da
o azlardan biridir.
Tehran elmlər doktorudur. Onun namizədliyi tənqidin
üslubları mövzusuna həsr edilmişdi. Və
yaxşı xatırlayıram ki, həmin müdafiədə
Tehran Əlişanoğlu Mustafayev özündən xeyli
yaşlı ədəbiyyatşünasların
etimadını doğrulda bildi. Onun doktorluq
işi isə Azərbaycan nəsrinin inkişaf yollarına həsr
olunmuşdu və Tehran bu tədqiqatında çiyninə
qoyduğu ağır yükün öhdəsindən gələ
bildi. O, bu mövzuda özünə qədər
yazılan tədqiqatlara, ədəbiyyat tarixi oçerklərinə
tamam fərqli bir rakursdan yanaşdı, yəni onları təkrar
etmədi,nəsrimizin Sovet dövrü çərçivəsindən
altmış-səksəninci illər durulma, saflaşma,
özünü dərketmə mərhələsinə qədər
keçdiyi yolları işıqlandıra bildi.
Elə ilk yazılarından Tehran Əlişanoğlu
öz fərdi tənqidçi üslubunu da ortaya qoydu. Bu üslub nə tənqid
korifeylərimizdən Məmməd Arifin, Məmməd Cəfərin,
Yaşar Qarayevin üslubuna oxşayırdı, nə Qulu Xəlilovun,
Bəkir Nəbiyevin, Yəhya Seyidovun, Şamil Salmanovun, Akif
Hüseynovun, Aydın Məmmədovun, nə də öz
yaşıdları olan Şəmsizadənin,
Alışanlının, Cavanşirin, Əsədin, Nizaminin,
Rüstəmin üslubuna bənzəyirdi. Tehran tənqidə
ilk baxışda
bir qədər anlaşılmaz təsir
bağışlayan, əslində, bələd olduqca
heç də anlaşılmaz görünməyən, bir qədər
mücərrəd səslənən, əslində, apaydın nəzərə
çarpan fərdi yazı tərzinin müəllifidir. Mən bu yazı tərzini onun təfəkkür tərzindən
doğduğuna heç bir şübhə eləmirəm.
Tehran mütaliəli tənqidçidir, Qərb ədəbiyyatını
lazımınca oxuyub və oxuyur, Şərq ədəbiyyatından
qədərincə məlumatlıdır, ədəbi cərəyanların
mahiyyətinə yaxşı bələddir, ədəbiyyat nəzəriyyəsini
bizim heç birimizdən pis bilmir, ən başlıcası
isə müasir ədəbi prosesin, burada baş verən hadisələrin
içindədir. Təbii ki, adının
qarşısında TƏNQİDÇİ kəlməsi
işlənən bir müəllifin bütün bunları yetərincə
bilməsi heç də təəccüblü deyil. Tənqidçi necə
olmalıdır? sualına məhz belə
cavab vermək olar ki, o, ilk növbədə, geniş məlumat
dairəsinə, dünyagörüşünə və
yüksək ədəbi, elmi savada malik olmalıdır.
Lap bu
günlərdə Tehran Əlişanoğlunun təzə kitabı
çıxıb: “Müstəqillik körpüsünü
keçənlər”. Və Tehranın son on
beş-iyirmi ildəki bir qisim yazılarını əhatə
edən bu məqalələr toplusunu müstəqillik
dövrü Azərbaycan ədəbiyyatının tənqiddə
əks olunmuş mənzərəsi hesab etmək olar. Azərbaycan
ədəbiyyatı (nəsri, poeziyası, ədəbi tənqidi)
bu illər ərzində hansı səciyyəvi xüsusiyyətləri
ilə diqqəti cəlb edir, yeni bir mərhələdə ədəbiyyatımız
bu mürəkkəb dövrün, zamanın
reallıqlarını necə əks etdirib, doğrudanmı
yeni mərhələ öz mahiyyəti etibarilə eyniyyətdən,
Sovet dövrü stereotiplərindən uzaqlaşıb və
doğrudanmı onun haqqında söz açdığı
43 sənətçi müstəqillik körpüsünü
keçiblər?
Bu suallara
az sonra cavab verəcəyik. Amma
öncə, Tehranın ədəbi-tənqidi
yaradıcılığında nəzərə çarpan
janrları izləyək. Portret-oçerk,
yubiley yazıları, məqalə və resenziyalar. Bunlar Tehranın tənqidi yazılarında ən
çox müraciət etdiyi janrlardır. Tehran
“xırda” janrlar ustasıdır. Onun həcmcə
ən iri yazıları belə hissələrə, bölmələrə
ayrılır. Bunların hansında Tehran
uğur qazanır? sualı verilsə,
cavabında deyərəm ki, Tehran portret-oçerkdə
birincidir. O, bu tipli yazılarında təhlil etdiyi,
yaradıcılığından söz açdığı
şairi, nasiri, tənqidçini oxucuya yaxınlaşdıra
bilir. Bir az böyük
çıxmasın, belinskivari bir üsulla
yazıçını oxucu üçün kəşf edir.
Sənət, xüsusən ədəbiyyat bədii
kəşflərdən, axtarışlardan xali deyil və əgər
“tənqid-hərəkət edən estetikadırsa” (Belinski),
“bədii ədəbiyyatın təfəkkürüdür”sə
(Puşkin), o kəşflər, o axtarışlar oxucu
üçün açılmalıdır. Bu mənada
Tehranın bir çox yazıları müasir tənqidimizin gərəkli
nümunələri sayıla bilər.
Cül Renar deyirdi ki, tənqidçi öz rotasına atəş
açan əsgərdir. Amma bu fikir illər keçdikcə öz
mənasını itirməkdədir. Tənqidi və tənqidçini ancaq “vurub-yıxmaq”,
yazıçının külünü göyə suvarmaq,
onun zəif və ortabab əsərini tənqid nizəsinə
keçirmək kimi düşünənlər hələ də
var. Əlbəttə, həddindən artıq zəif yazarlar
və xeyli sayda zəif əsərlər də var. Yeri gəldikcə,
bunları da tənqid etmək vacibdir. Təbii
ki, mədəni şəkildə. Ancaq tənqidçilik
sənətini bununla məhdudlaşdırmaq olmaz. Tənqidçi ən əvvəl ədəbiyyatın
irəlici meyllərini, tendensiyalarını, ayrı-ayrı
maraqlı, orijinal əsərləri təhlil etməlidir.
Amma bu şərtlə ki, o uğurlu əsərlərin
də hardasa zəif nöqtələrini gizlətməməlidir.
Tehranın yazıları da əksərən ədəbiyyatımızın
ən maraqlı nümunələrinin elmi-publisistik təhlilləri
üzərində qurulmuşdur. Baxın: Anarın ulu
öndər Heydər Əliyevə həsr etdiyi “Unudulmaz
görüşlər” kitabı.Heydər Əliyevin həyatı,
şəxsiyyəti, böyüklüyü, bir dövlət
xadimi kimi fəaliyyəti haqqında onlarca kitablar
yazılıb (və yazılacaq!), ancaq Anarın kitabı bu
kitablar içində tamamilə fərqlənir. Bu, bədii-publisistik
sözdə əbədiləşən-unudulmaz Heydər
Əliyev obrazıdır və Tehran da Anarın “Unudulmaz
görüşləri”ndəki unudulmaz məqamları oxucuya
çatdırır.Bəxtiyar Vahabzadənin, Sabir Əhmədlinin,
Kamal Talıbzadənin, Məmməd Arazın, Elçinin,
Vaqif Səmədoğlunun, Xəlil Rzanın, Bəkir Nəbiyevin,
Yaşar Qarayevin, Fərman Kərimzadənin,Kamal Abdullanın,
Sabir Rüstəmxanlının, Mövlud
Süleymanlının ,Ramiz Rövşənin, Aqil Abbasın,
Nizami Cəfərovun, Vaqif Bəhmənlinin, Rafiq
Tağının yaradıcılığına həsr
olunmuş məqalə və portret-oçerklərdə
Tehran akademik təhlil üsulunu seçir. Bu təhlil
üsulunda olsun ki, bəzi məqamlarda bir quruluq, soyuq
ağlın çalarları özünü göstərmiş
olsun, amma onun hər yazısında nəzəriyyə, ədəbiyyat
tarixçiliyi birinci sıradadır. Tehran
bir Azərbaycan şairindən söz açırsa, onun
yaradıcılığı bu müqayisəyə imkan
yaradırsa, onu mütləq Qərb ədəbiyyatı
kontekstində təhlilə girişir. Niyə
olmasın? Əgər Vaqif Səmədoğlunun
şeirlərində biz ekzistensial insan obrazına rast gəliriksə,
Kamal Abdullanın romanlarında postmodernizm
dünyagörüşünün təzahürünü
açıq-aydın hiss ediriksə, Azərbaycan ədəbiyyatında
“Dostayevski problemini” Rafiq Tağının hekayələrində
izləyə biliriksə o zaman Tehranın bu xüsusda qələmə
aldığı
yazılara da biganə qalmamalıyıq. “Modern,
modernizə,modernizm... Əslində,
bu, XIX əsr insanının XX yüzilə
uyğunlaşmasıdır, onun buraya uzanmış əli, nəfəsidir.
Əslində, XX əsr İnsanının yer həyatını
bu hava yox, özgə bir vəziyyət-absurd situasiya təyin
edir, şərtləndirir, çıxış nöqtəsi
budur”.
Tehran əksər
yazılarında Azərbaycan ədəbiyyatına dünya ədəbiyyatı (əsasən
Qərb) pəncərəsindən
boylanır. Təbii ki, eyni prosesin izlərini bizim ədəbiyyatda
da axtarıb tapır, axı, dünya ədəbiyyatında
bir-birilə bağlı elə “birləşdirici” nöqtələr
var ki, bunlar hər bir milli ədəbiyyata təsirsiz
qalmır. Məsələn, Tehran Kamal
Abdullanın romanlarından söz açanda, onu milli ədəbiyyat
çərçivəsində saxlamır, üzünü
postmodernizm üfüqlərinə tutur.Ancaq Tehranın
yazıları, ədəbiyyatımız və ədəbi
şəxsiyyətlərimiz barədə düşüncələri
bizim milli ədəbiyyatımız haqqındadır.
Müstəqillik körpüsünü keçənlər...Belə bir sual doğur: əgər Tehranın təqdim etdiyi ədəbi şəxsiyyətlər bu körpünü keçiblərsə, onda müstəqillik dövrü ədəbiyyatı hansı səciyyəvi xüsusiyyətləri ilə seçilir? Əsərlər məlum, müəlliflər də məlum. Bəs bu əsərlərdə müstəqillik dövrünün ab-havası hiss edilirmi, zamanın, quruluşun, sistemin dəyişməsi, insanların həyatında və psixologiyasında baş verən yeniləşmələr ya geriləmələr ədəbiyyatda necə əks olunur? Bu suallara Tehran Əlişanoğlu problem məqalələr yazıb cavab verə bilərdi, amma kitabdakı yazıların əksəriyyətində həmin suallara cavablar var.
Müasir Azərbaycan ədəbiyyatı bütün parametrləri ilə həm də şəxsiyyətlərin ədəbiyyatıdır. Anarın, Elçinin, Sabir Əhmədlinin, Məmməd Arazın, Fikrət Qocanın, Musa Yaqubun, Sabir Rüstəmxanlının, Vaqif Səmədoğlunun,Mövlud Süleymanlının, Ramiz Rövşənin, Kamal Abdullanın, Rafiq Tağının, Salamın, Rəşad Məcidin, Məmməd Orucun, Afaq Məsudun, Aqil Abbasın və başqalarının təmsil etdiyi bu ədəbiyyatın inkişafında onların hər birinin öz payı var. Tehran bu şəxsiyyətlərin əksəriyyətinin yaradıcılığından söz açır, təkcə təhlil etdiyi əsərlərin bədii-sənətkarlıq məziyyətlərini deyil, şəxsiyyətlərin özünün də yaradıcılıq psixologiyasını öyrənir. Ramiz Rövşən şeiri həm də Ramiz Rövşənin özüdür, öz aləmidir, öz ruhi dünyasıdır. Yaşar Qarayevin tənqidi bu tənqid patriarxının fəlsəfi düşüncələrinin, ədəbiyyat haqqında sistemli konsepsiyasının məhsuludur və bu mənada Tehran digər sənətkarları da ŞƏXSİYYƏTİN özünüdərki, özünü təsdiq etməsi anlamına gətirir.
Ədəbi prosesdə təkcə tanınmışları, “generalları” deyil, az-çox fəallığı ilə seçilən, özünü təsdiq etməyə can atan istedadları da görmək lazımdır və Tehran modern şeirin aparıcı simalarından olan Adil Mirseyiddən də, xalq şeirinin XX əsr poetik təfəkküründə yeni, bənzərsiz nümunələrini yaradan Akif Səməddən də, istedadlı şairlərimiz- Vaqif Bəhmənlidən də, Ağacəfər Həsənlidən də, Əjdər Oldan da, Rüstəm Behrudidən də, Əlisəmid Kürdən də, Ağalar Mirzədən də eyni şövqlə yazır. Amma deyək ki, hardasa güzəşt elədiyi, istedadca hələ özünü tam doğrultmamış müəllifləri də unutmur (Ağarəhim Rəhimov, Vahid Məmmədli).
Bu yazıda Tehranı tənqid etmək səlahiyyəti də mənim üzərimə düşür. Fikrimcə, Tehranın indi elə bir çağı yetişib ki, o, tənqiddə hələ lazımınca həll olunmamış qlobal problemlərə diqqətini yönəltməlidir. Onun da, mənim də ustadımız Yaşar Qarayev ədəbiyyatımızı fraqmentlər və hissəciklər halında deyil, konseptual əhəmiyyət daşıyan problemlər kontekstində təhlil edirdi. Tehranın müstəqillik dövrü Azərbaycan poeziyası ilə bağlı bir kitabı da nəşr edilib və bu yolda tədqiqatlarına davam etsə, daha yaxşı olar. İkincisi-bəzi yazılarında Tehran həddindən artıq akademik üsluba meyl edir və nə gizlədək, onun yazıları sanki bir qisim professionallar, ədəbiyyat alimləri üçün qələmə alınıb. Təbii ki, dilindəki, yazı tərzindəki bu alimnümalığı bir az sadəliklə (dərinlik sadəlikdə də görünə bilər!) əvəzləmək olar. Üçüncüsü- Tehranın yazmadığı mövzular da var. Elə mövzular ki, onları başqa tənqidçilərin yazmağından asılı olmayaraq Tehranın da müraciət etməsi vacibdir.
Bu yazıda çağdaş ədəbi tənqidimizin görkəmli bir nümayəndəsinin yaradıcılığından söz açdım və əlbəttə, demədiyim sözləri də Tehranın özünə söyləyərəm. Tənqidimizin Tehranına uğurlar arzulayıram!
Vaqif YUSİFLİ
525-ci qəzet.-
2015.- 7 fevral.- S22.