“Səni canan sanıram, çıx bədənimdən, ey can...”

 

“Düşüncə fraqmentləri” silsiləsindən

 

...Vaxt keçir, vədə dolanır, nə zamansa dediklərin və yazdıqların üçün hansısa “mübarək” günün birində mütləq peşman olursan. Və bu peşmanlıq elə məyus edir ki, indiyəcən oxuduğun və yazdığın hər şeyi, bəxtinə yazılan bütün cızma-qaraları (alnındakı da daxil olmaqla) didik-didik olmuş ruhuna sarıyıb ərşə tolazlamaq istəyirsən...Bəs sən nə sanırdın? Yoxsa elə bilirdin ki, çoxlarının nəinki baş açmadığı, heç fərqinə belə varmadığı, ağlının ucundan belə keçirmədiyi – bədəndə və beyində gedən müxtəlif kimyəvi, fizioloji, bioloji prosesləri, mənəvi təbəddülatları, ruhi böhranları sözə çevirmə bacarığın, gözlə görünməyən duyğuların əsl mahiyyətini anlamaq qabilliyyətin düzəni pozulan narahat ruhuna əvəzsiz şəkildə lütf edilib? Heç fəhm eləmirdin ki, o mürəkkəblikdə gedişatı sözə, kəlməyə, ibarəyə, cümləyə, mətnə çevirmək istedadının ödənişi ölçüsüz peşmanlıqdı, miqyassız məyusluqdu gec-tez? Yaşanan məyusluğun miqyasını tam görmək üçün  müdrikləşmə” dərəcəsini sezə bilmək kifayətdir... İnsan anadan müdrik doğulmur, ya səni yaxşıca “öyrədib”- müdrik eləyirlər, ya da doğulduğuna peşman eləyirlər.  İkinci dəfə doğulmaq şansın olmadığından “müdriklik” yolunu tutmağa məcbursan. Məyusluq müdrikliklə düz mütənasibdir. Nə qədər çox məyusluq yaşayırsansa, bir o qədər sakit, soyuqqanlı, rasional və müdrik olursan. Anlayırsan ki, dəyər-filan da deyilmiş gözünə görünən, hər nəymişsə bilmirəm, sən özün onu dəyərə mindirməyə çalışmısan. Çalışmağına çalışmısan,  amma alınmayıb, sürüşüb hər dəfə ayaq altına düşüb, bax, müdrikləşmə prosesinə də onda start verilir. Məyusluq dərəcəsi yüksək olduqca, proses bir o qədər sürətli və keyfiyyətli gedir. Əvvəlcə xatirələr burulğanında fırlana-fırlana dibə gedirsən, qayda budur. Sonra yenidən qalxırsan, ilk başda qorxu alır canını, amma mütləq qalxırsan. Əvvəlcə can ərazinə düşmüş minanın təsiri ilə ortalığa səpələnmiş tikə-parça  xəyalların dağıntıları altında ələgələsi sağ nəsə tapmaq ümidiylə dolaşırsan  bu mənhus xarabalığı... Hələ “partlayış” gözlənilmədən olubsa, bu, lap işin xeyrinədir.  İlk şok effekti keçər-keçməz özünə gəlməyə başlayırsan. Zaman keçdikcə, düz canının özəyindən vuranların gözünün içinə sakitcə baxmağı da, hətta üzlərinə içdən gülümsəmək vərdişin də yaranır. Unudursan bütün umu-küsüləri,  özünü, nə də başqalarını qınamırsan artıq, günahlandırmaqdan vaz keçirsən.  Sadəcə, əvvəllər dolu zənn etdiyin yeri boş görürsən. Və ən maraqlısı da budur ki, o boş yer səni incitmir, üzmür artıq. Sənə necə lazımdır “anladırlar” ki, yiyə durmaqla yiyələnmək ayrı-ayrı anlayışlardır...Bu “könül”lü anlatma nəticəsində də yiyə durmağın böyüklük, yiyələnmənin kiçiklik nişanəsi olduğunu dərk etməyin bir azca zaman alır. Məhz yetkin olmayanlardan “dərs alıb” yetkinləşirsən. Ən çılğın, dəli-dolu birisi belə məyusluqdan sonra yaxşıca ipə-sapa yatır...Düzdür, ayaq üstəsən, zahirən yıxılmamısan, amma zərbənin təsirindən hələ də səndələyirsən, “ani partlayış”dan sonra bir müddət ruhunun qulağı batır, deyiləni eşitmirsən, kimsə nəsə söyləyəndə də elə bil boşuna ağzını açıb-yumur, nə demək istədiyini anışdıra bilmirsən, amma sonra vəziyyət düzəlir. Ruhun müvazinətini bərpa edən kimi, məyusluğun sərxoşluğundan yaranan ağır deliriy halı keçən kimi alınmağa başlayır. Sonra yenidən gülümsəyirsən və necə də sevinirsən hələ gülümsəməyi yadırğamadığına: əvvəlcə küçədə anasının əlindən yapışıb gedən həyat kimi şirin uşağa,  sonra sənə yol vermək üçün ehtiramla kənara çəkilən yeniyetməyə, sonra oturmaq üçün yer elədiyin nurani ağbirçəyə, sonra ilk görüşə getdiyini gözünün təsvirəgəlməz parıltısı ilə ələ verən gənc qıza, sonra..., sonra... və beləcə bütün insanlara, həyata gülümsəyirsən. Yenidən özünü sevməyə başlayırsan, səni sevməyənlərin yerinə də sevirsən, özünlə dopdolu bir təklik yol yoldaşın olur, görürsən ki, sənə özündən yaxın heç kim yoxmuş. “Stəkanda fırtınalar”,  qaşıq dərinliyi” artıq “boğulmağına” yox, səni əyləndirməyə xidmət edir bundan sonra...Ya sən böyüyürsən, ya da kim(lər)sə kiçilir, hər nə səbəbdənsə, indiyədək horizontal yanaşdığ(lar)ınla arandakı şaquli məsafə gözişləməz olur... Zamanla yenidən ümid etməyi, rəngli xəyallar qurmağı öyrənirsən, amma bir məsələ var, inanmaq hissini itirirsən, inamın elə zədələnir ki, bəlkə də heç bərpa olunmur. Amma əvəzində – artıq insanların gözünə baxmaqla ürəklərindən keçəni maqnit-rezonans tomoqrafiyası kimi müəyyənləşdirməyi bacarırsan – sıfır tam yüzdə bir dəqiqliyinəcən... Bəzilərinin beyninin içi ekran kimi açılır: görürsən, orada qırx tülkü dolaşır, heç birinin də quyruğu bir-birinə toxunmur...Bütün bunları “görməyə” başlamısansa, demək ki, böyümüsən, bağışlayası, unudası və cismini də götürüb ruhunun aid olduğu yerə gedəsi qədər böyümüsən. Ürəyində “tellərindən incə” bir arzu tut və davam elə qaldığın yerdən...“Söylə, ürəyincəmi?”                                             

 

lll

 

Bu aralar yaşadığımız torpağın adının sonunda belə özünə yer eləmiş, lüğət tərkibimizin canına-qanına yerimiş “can” kəlməsi və ondan yara(rla)nanlar beynimi o qədər məşğul elədi ki, gördüm, canımı qoymağa yer tapmıram. Canım sizə desin, bir müddət  mövzunu yazmağa can çəkdim – tənbəllik canımızdadır axı. Sonra “canım cəhənnəmə” deyib canımı bundan qurtarmaq qərarına gəldim. “Can bala, can, özünə niyə elə deyirsən?”  canıyananlığını da eşidər kimi oldum elə bil...

 

Canı canan diləmiş, verməmək olmaz, ey dil,

Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim...

 

Canı canan diləyibmiş, etiraza yer yoxmuş, mübahisəsiz, çəkişməsiz-filansız verməlisənmiş, çünki sənin deyilmiş... İndi durub sənin olmayanın savaşını aparmayacaqsan ki? Ümumiyyətlə, bu nə can davasıdır axı eləyirsən?

 

Amma biri mənə anlatsın görək “canan canını istəyirsə, ver”- deyəndən sonra –

 

Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,

Eşq afəti can olduğu məşhuri-cahandır...

 

söyləməyini hara yozaq bəs? Bu yazıq canın sərəncamı necə verilsin əvvəl-axır? Hər iki buyruğu verən eyni Zatdırsa? Can-canan “canbir qəl(i)bdə”liyini düzgün qiymətləndirmək üçün hansı dediyinizə üz tutaq, ey can fədailəri? Hələ bu iş canıyla cananı qarışıq salmaq dərəcəsinə – “Səni canan sanıram, çıx bədənimdən, ey can...”a qədər gəlib çıxıbsa?

 

Ardınca daha bir möhtəşəm yalan ( buna “yalan” deməyimə qeyzlənməyi bilmərrə unudun: sözü deyən özünü də sığortalayıb bəribaşdan: “...aldanma ki şair sözü, əlbəttə, yalandır”). Sanki can damarına basır elə ilk həmlədən, gəlişi gözəldir gözəl olmağına da, amma işin gedişatı başqadır, canım-gözüm:

 

Canı kim cananı üçün sevsə, cananın sevər,

Canı üçün kim ki, cananın sevər, canın sevər...

 

Yalandır, həm də lap belə canayaxın yalan... Burda hər iki halda da sevdiyin canındı, canan da bir bəhanədir. Canı üçün cananı sevmək də, bunu etiraf etmək də məlum, candan əziz nə var ki, təbii, sevəcəksən, canının rahatlığı, zövqü, şövqü üçündü sevdiyin canan da. Eqonun göstəri şkalasının əqrəbi fırlayıb haralara qalxır, gör... Amma elə birinci halda da məqsəd cana qulluqdur. Mən deyim, siz razılaşmayın: cananın üçün canını sevirsənsə, deməli, əvvəl də, sonra da yenə canını düşünürsən. Burda artıq eqonun şkalasının əqrəbi maksimal təzyiqə dava gətirməyib qırılır və bir müddət fır-fır fırlanır ortada, gözünü döyür əqrəb, hansı rəqəmi göstərəcəyini şaşırır. Cananı düşünüb-eləyən yoxdur əslində, can sahibi canına ona görə yaxşı baxır ki, daha çox bəyənilsin, yəni, bunun nəticəsində də canan ona daha cani-dildən “nəzər eyləsin”, məqsəd cananın xoşuna gəlməklə daha effektli nəticə almaqdır sonucda, vəssalam. Nəticə ala bilməyəndə də, “Məni candan usandırdı...” – naləsi ərşə dirənir...

 

Kimisə çox sevmək də özünü hamıdan çox sevməkdir. Özündəki halları və halətləri  tam dolğunluğuyla ancaq özün hiss eləyə bilərsən. Kim nə biləcək canın necə odlara yanır, başından qalxan tüstü nə tüstüdür? Sən canını qoyacaqsan bir sevdaya, düşünürsən ki,  sənin canının üzülməyindən cananın canımı ağrıyacaq ? Canın gedəcək ara yerdə... Sən canın, boş ver, nə olur olsun, onsuz da onun düşüncəsinə görə – “...bulaqlar başına min bir can gəlir...”. Gəlməkləri də bəs deyil, hələ aldıqları canın da sorğu-sualı yoxdu... Amma yenə narazıdı bəziləri:

 

Məgər ol mah tamam ömürdə bir yarı gecə;

Çıxıban busə verə, can ala, nöqsan eylər?

 

Bu əlçatmaz arzudan sonra canbəsər olmuş aşiq necə zarımasın ki, “daha məndə can qalmadı...”?

 

Əcəba, bu ifrat can sevgisi, canını bu qədər əzizləyib bunu lap “...ətir can bəslədim güllər içində” səviyyəsinə “qaldırmaq” nə güclü istəkdir ki, hələm-hələm çıxmır canımızdan? Həm də bilə-bilə ki,  hamımız bir can borcluyuq? Çıxmayan canın ümidi ilə yaşa ki yaşayasan...

 

İndi bir yaxşı can dostu tapıla, durub yapışa adamın yaxasından,  canına döşəyə. Deyə: “Sənin də canında az yoxdur ha! Canım, nə vermisən ala bilmirsən bu candan, niyə canına yazığın gəlmir?” Mən də deyəm: “Canın ağrı görməsin, əl çək canımdan. Kimə nə pislik eləyirəm axı, mənim işim sözlədi, illərdi sözlə can çəkişirəm, illərdi sözə ikicanlıyam, canım azad olmur ki, olmur...Heç canını dişinə tutub gəzdinmi?”sualıyla da baxam gözünün içinə və birtəhər klassik ab-havadan qurtulub bir Sarı bayatıya köklənəm:

 

...Ya məni candan eylə,

Ya canımdan dərdin üz...

 

Sözümün canı odur ki, bu can hər nədirsə, çox həssas məsələdir. Bundan sonra mən deməyim, siz deyin, can çürütməyə  dəyərmi? Amma siz hey deyin, elə ki adamın canı boğazına yığılır ha, bax onda görmə üzünü! Baxmırsan heç nəyə-can yandırıb yaşadıqların da, can qoyub yaşatdıqların da hamısı düşür gözündən, təkcə canının hayında olursan. Canın elə yanır ki, nə qədər canısulu olursan ol, can evindən vurulmusansa, bükülüb bir əlçim qalırsan. Köməyinə də heç nə çatmır:  Nə cahan, nə canan, nə də illər boyu özünü oda-közə vurub “qazandığın” “can yonqarı”...Ondan sonra can atdığın doyumlu səssizlikdi,  nəm torpaq sərinliyidi, beşcə qarış qaranlıq darısqallıqdı, başqa heç nə... Özün də mat qalırsan indiyədək rahatlıq tapmayan canına sinən o sərinlikdən. Ay can, ay can! ...”Can cahana bir dəfə gəlir” həqiqətini unudub da canını qoymağa yer tapmadığın günlər vardı ha- dəfələrlə o günün gəlməsini arzulamışdın sidq-ürəkdən, bax, o gün bu gündü, canını tapşır bu günə və ...canın qurtardı!

 

Bir yanda “cancana” əks-sədalı canhacan effekti, bir yanda da “...gərçi dərd əhli içir badəni cansağlığına...” – amma... Bayaqdan nə qoyub nə axtarırsan? O canın bu candan nə xəbəri?...

 

 

Sevinc Mürvətqızı

525-ci qəzet.- 2015.- 7 fevral.- S.20.