Elmira Axundova: “Mən belə söz azadlığını qəbul edə bilmirəm”  

 

Feyziyyə ilə Xəzərin sahilində

 

 

 

Görüşümüz iki ay yubansa da, alındı. Bizi evinə dəvət etmişdi. Amma sonra dəniz sahilinə düşəcəkdik. Bu dəfə fotoqrafımız da dəyişmişdi. Firəngiz (mənə elə gəlirdi ki, hər yazıda onun kim olduğunu qeyd etməyə ehtiyac yoxdu. Amma sadəcə, adını çəkib keçməyimdən də gileylənənlər olunca... Xatırladıram: Firəngiz bizim fotoqraf qızdı) qısa müddətli məzuniyyətdə olduğuna görə bu dəfə bizə Gülər Abbasova yoldaşlıq edəcək. Ona sadəcə “Gül” deyirəm. Məncə siz də deyə bilərsiniz. Tanış etdiyimə şadam.

 

Elmira Axundova – publisist, ədəbiyyatşünas, millət vəkili   Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvüdü. Təqdimat üçün siyahını uzatmaq da olar, əlbəttə. Məncə bunlar kifayət edir. Beləliklə, biz Elmira xanımın dediyi ünvanı tapıb, evlərinə qonaq gedirik. Televiziyadakı çıxışlarından, müsahibə və açıqlamalarından sərt görünən, telefon söhbətlərimizdən soyuqqanlı təsiri bağışlayan xanım millət vəkilimiz bizi çox xoş qarşıladı.

 

– Mən jurnalistikadakı problemlərlə bağlı məsələləri dəfələrlə Milli Məclisdə qaldırmışam. Demişəm ki, bizim fikirlərimiz təhrif olunur. Parlamentə akkreditə olunan jurnalistlər hərdən ucuz sensasiya axtarırlar. Bizim işimizi ciddi araşdırmırlar. İlk iki saatı oturub gündəlikdə olan məsələlərdə kimin kiminlə mübahisə elədiyini, kimin kiminlə konfliktə girdiyini, kimin kimə söz atdığını yazıb gedirlər. Sonra bizim ciddi müzakirələrimiz başlayır. Xüsusən, günün ikinci yarısında. Saat dörddən sonra jurnalistlər üçün nəzərdə tutulmuş yerdə heç kim olmur. Bu isə o deməkdir ki, onları parlament işi qəti maraqlandırmır.

 

Bir vəkildən soruşmurlar ki, bu məclisdə, seçildiyi dairədə nə iş görür, seçicilərlə necə işləyir. Məsələn, mən öz bölgəmdə işlər görürəm. Bəzi məsələlərdə, xüsusən, müxtəlif layihələrin həyata keçirilməsində İcra Hakimiyyətinə kömək edirəm. “525-ci qəzet”, “modern.az” və daha bir-iki sayt və qəzetdən savayı bu işləri işıqlandıran mətbu orqan yoxdu.

 

Mən yeddi il Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində “Jurnalistikanın əsasları”ndan dərs demişəm. Jurnalistika üzrə iki kitab hazırlamışam. Yazmışam ki, əsl jurnalistikanın vəzifəsi kütlə dalınca getmək yox, əksinə, kütləni öz arxasınca aparmaqdı. Əgər sən əsl jurnalistsənsə elə material hazırlamalısan ki, kütlə sənin dalınca getsin və bu ona maraqlı olsun.

 

Bizi qonaq otağında gözəl çay süfrəsi gözləyirdi. Elmira xanım bir neçə dəfə otaqdan çıxıb tez də qayıtdı. Bizə çay gətirdilər. Amma süfrədəki piroqa bizi Elmira xanım özü qonaq elədi. Az qalmışdı meyvələri də doğratdırsın, qoymadım. Çay içəcəkdik bircə. Azca üşümüşdük...

 

– Anti-humanist, anti-faşizm, anti-şovinizm, qatı millətçilik, pornoqrafiya ilə bağlı məsələlərə senzura var. Bunlar internetdə baş alıb gedir, beləliklə də uşaqlarımızın, yeniyetmələrimizin beyni korlanır.

 

Bütün mətbu orqanlar özləri-özlərinə senzor olmalıdı. Senzor olmayanda olur sərhədsiz söz azadlığı. “Charli hebdo” məsələsinə dönür. Sən əgər İsanın, Məhəmməd Peyğəmbərin karikaturasını hazırlayıb verirsənsə, bu artıq söz azadlığı deyil. Mən belə söz azadlığını qəbul edə bilmirəm. Deyirlər, nə olsun ki, söz azadlığıdı, dini fanatiklər baxmasınlar buna. Axı, bu söz azadlığı deyil. Onda biz hər şeyə gedə bilərik. İnsanı vəhşi heyvandan nə fərqləndirir? Bu cür söz azadlığı belə fəsadlara da gətirib çıxarda bilər. Mən o terroristlərə heç cür bəraət qazandıra bilmirəm. Amma onların da öz şərəf kodeksləri var. Onlar bunu qəbul etmirlər və buna görə hər şeyə gedirlər.

 

Beləliklə, Elmira xanım jurnalistikadan və jurnalistlərdən xeyli narazı görünürdü. İradları çox, tələbləri sərt idi.

 

– İndi jurnalistika da qloballaşıb, İQ səviyyəsi artıb. Digər tərəfdən isə jurnalistikanın mənəvi səviyyəsi sürətlə aşağı enir. Çünki indi mənəviyyat adına çox az şey qalıb jurnalistikada. Sovetlər dövründə senzura da var idi, partiya diktaturası da. Amma yüksək mənəvi oçerklərimiz çıxırdı. Müsbət qəhrəmanlardan necə gözəl yazılar yazılırdı. İndi müsbət qəhrəman anlayışı yoxdu, şəhidlərimizdən başqa. Amma bizdə müsbət qəhrəman azdımı? Məsələn, hansısa polis həyatını riskə atıb hansısa cinayətkarı tapır. Hansısa cərrah gözəl bir əməliyyat həyata keçirdir. Statistik məlumata görə, Neftçilər Xəstəxanasının cərrahları iyirmi min nəfərin həyatını xilas edib. Həmin insanlar bu həkimlərin hesabına yaşayır. Hansısa bir fermer bir kənddə bir rayonun məhsulunu verir. Köhnə jurnalistikanın nümayəndəsi, mənim adaşım olan Elmira Əliyeva Prezident təqaüdçüsüdü. “İzvestia”nın xüsusi müxbiri idi vaxtilə, AzərTAc-da baş redaktor işləyib.  Bu yaxınlarda üçüncü kitabı çıxıb, ancaq müsbət qəhrəmanlar silsiləsini, portretlərini yaradır. Mən də bu yolla gedirəm. Mənim üçün insan maraqlıdı. Mənim bu yaxınlarda “Dostlarımın gözəl cizgiləri” adlı kitabım çıxacaq. Rus dilində bir dəfə çıxmışdı, indi əlavələrlə yenidən çap olunur. Dünyadan köçmüş dostlarımın, həmkarlarımın, yazıçıların, ədəbiyyatşünasların çox maraqlı portretlərini yaratmışam. Onların arasında Anar Məmmədxanov, Xocalı hadisələrini çəkən Nadir Zeynalov, AzərTAc-da foto-xronikanın baş redaktoru Oqtay Məmmədov və s. haqqında yazılar var. Bunları da yaşatmaq lazımdı. Bunlar da bir mövzudu.

 

Xanım millət vəkilimiz jurnalistikanın problemlərinə dönə-dönə qayıtdı. Dedi ki, indi jurnalist çalışmaq üçün istedad tələb olunmur. Onu məşhur “Literaturnaya qazeta”ya bir il sınaq müddəti keçəndən sonra işə götürübmüşlər.

 

– Mən Heydər Əliyevin vaxtında işləmişdim. Müstəqil jurnalistikanın əsaslarını qoyanlardan idim. “İzvestiya”da, “Literaturnaya qazeta”da, “Obşaya qazeta”da, Amerikanın “Novoye russkoe slovo”sında, “Svoboda” radiosunda imzam tanınırdı. Heydər Əliyevin yanında olmuşam, onun iş metodunu izləmişəm.

 

Heydər Əliyevin jurnalistlərlə çox maraqlı iş metodu var idi. O jurnalistlərlə açıq danışırdı və hər zaman çalışırdı ki, bizə mümkün qədər çox informasiya versin. Mən informasiya bolluğu şəraitində işləmişəm. Mənim həyatımda ən çətin günlərdən biri 2-4 oktyabr arası olub. Bilirsiniz ki, o zaman OMON Baş Prokurorluğa hücum etmişdi və oranı darmadağın edərək, baş prokuroru girov götürmüşdü.

 

Bundan xəbər tutandan sonra gah Baş Prokurorluğa, gah da Prezident Aparatına qaçıb hadisələri nəzarətdə saxlayırdıq və demək olar ki, saatbasaat informasiya əldə edirdik. Oktyabrın ikisindən üçünə keçən gecə biz səhərə qədər yatmamışdıq. Ayın üçündə axşam artıq heç bir hadisə olmayacağını düşünərək yatmağa hazırlaşırdıq ki, birdən televiziyadan Heydər Əliyevin çağırışını eşitdik.

O bizi meydana dəvət edirdi. Başa düşdüm ki, dövlət çevrilişi baş verir. O zaman  Svoboda” radiosunda “Liberty life” adlı xəbərlər verilişi var idi, yəqin o indi də gedər. O zamanlar baş ofis Münhendə yerləşirdi, amma biz Moskva bürosu ilə işləyirdik. Zəng elədim Moskvaya ki, çox vacib bir informasiya var, məni mütləq büronun direktoru Savik Şusterlə calaşdırın. Şuster əlçatmaz adam idi. Böyük bir büronun direktoru idi, hər dəfə onunla danışmaq imkanımız olmurdu. Lakin məni Şusterlə dərhal caladılar. Ona dedim ki, ölkədə dövlət çevrilişi təhlükəsi var, prezident canlı yayımda çıxış edir. Şuster məndən soruşdu ki, səni birbaşa yayıma qoşsaq danışa bilərsənmi? Radionun rus bölməsinin yayılma məkanı çox geniş idi, bütün postsovet ölkələrinə yayılırdı. Və mən təbii ki, canlı yayıma çox çıxmışdım, ancaq buna ciddi şəkildə hazırlıqlı olurdum. Bu dəfə isə heç bir hazırlıq olmadan, özü də bu cür ciddi məsələ ilə bağlı birbaşa yayıma qoşulmalı idim. Gördüm ki, tərləmişəm. İçimdə qorxu, həyəcan var idi. Mən yayıma qoşuldum və beləcə prezidentin nitqini radionun rusdilli dinləyiciləri üçün rus dilinə sinxron tərcümə elədim. Və sonda dedim ki, prezident bizi Prezident Sarayının qabağına səsləyir.

 

Dəstəyi yerə qoyandan sonra həyəcandan az qalırdım ağlayım. Sonra yenə Savik Şusterlə danışdım. Hər zaman ciddi, zəhmli görünən bu adam birdən-birə mülayim bir səslə dedi ki, Elmira, muğayat ol. Biz səndən nigaranıq.

 

Elmira xanım doğrudan da çox həyəcanlı görünürdü. Hadisələri o qədər aydın nəql edirdi ki, sanki hər şey lap yaxınlarda olub. Və ya sənədli filmə baxıb. Yaxud, əlinə bir foto düşüb, o günlərdən birindən bir foto...

 

– Mən meydana getməyə hazırlaşanda yoldaşım Ramiz etiraz eləmədi. Demədi ki, sənin balaca uşaqların var, demədi niyə gedirsən. Əksinə, o da meydanda olmaq istəyirdi. Amma uşaqlar tək qalırdı deyə, məni yola salıb qayıtdı. Biz onda Sovetskidə qalırdıq. Küçələr qaranlıq idi. Və biz evdən çıxanda heç kim gözə dəymirdi. Məni vahimə götürdü ki, küçədə heç kim yoxdu, biz hara gedirik?! Bilmirdik bizi nə gözləyir. Bəlkə tank gələcəkdi, bəlkə atışma olacaqdı. Dedim: vay, prezidentin çağırışına heç kim çıxmadı. Amma bir məhəllə keçdik, iki məhəllə keçdik, gördük bir qapı açıldı, iki darvaza açıldı... İndi danışıram yenə məni qəhər boğur. Yavaş-yavaş izdiham yarandı və biz izdihamla üzü Prezident Sarayına tərəf gedirdik. Sarayın qarşısına gəlib çatandan və o izdihamı görəndən sonra başa düşdük ki, hakimiyyət qələbə çalıb. Az qala bütün şəhər o gecə Prezident Sarayının qabahına yığışmışdı.

 

Heydər Əliyevlə görüşdük, sonra gedib Surət Hüseynovu tapdıq. Sual sual dalınca verirdik, hardaydın, neynirdin? 5 oktyabrda da böyük bir mitinq oldu. Mən kitabımın birində də yazmışam ki, həmin gün Azərbaycanın kütləvi informasiya vasitələri çox gözəl işlədilər və baş verənləri dərhal dünya ictimaiyyətinə operativ çatdıra bildilər. Bu biz jurnalistlərin şücaəti oldu.

 

Mən artıq hansı cavab hansı sualın olduğunu ayırd edə bilmirdim, yanvar küləyinin əvvəl düşən yarpaqlarla, axır düşən yarpaqları bir-birinə qatdığı kimi. Belə də ki, nə fərqi var?

 

– Başqa bir epizodu sizə danışım: 1991-ci ildə Nazarbayevlə Yeltsin Bakıya gəlmişdi. Mütəllibovla birgə Xankəndinə uçdular, bizi də özləri ilə apardılar. Özləri zirehli avtomobillərin köməyi ilə getdilər, bizi isə adi milis UAZı apardı. 5-6 jurnalist idik. AzTV-də verilişlər edən Nadejda İsmayılova, “Trud” qəzetinin müxbiri Tünzalə Qasımova, kinostudiyanın operatoru Elxan Əliyev və başqaları. O zamanlar Xankəndinin böyük meydanında ermənilər mitinqlər edirdi. Ayaz Mütəllibov, Boris Yeltsin və Nazarbayev Vilayət Partiya Komitəsinə getdilər, biz isə qaldıq mühafizəsiz. Təsəvvür edin, biz, Azərbaycan jurnalistləri, meydandakı kütləni yararaq yeriyirdik. Meydanda çıxışlar bir-birini əvəz edirdi. “Mütəllibov, çıx get burdan, biz səni dəvət etməmişik! Qarabağ bizimdir!” və s. şüarları səslənirdi. Birdən Elxanı tanıdılar, onun azərbaycanlı operator olduğunu bildilər. Tökülüşdülər üstümüzə ki, bəs siz kimsiniz? Məni “Literaturnaya qazeta”nın vəsiqəsi xilas elədi. Elə bildilər ki, Moskvadan gəlmişəm. Elxanı isə döyə-döyə harasa apardılar. Kimimizin düyməsi qırıldı, kimimizin yaxası cırıldı. Birtəhər təngnəfəs gəlib çatdıq Vilayət Partiya Komitəsinin binasına. Tez Mütəllibovun üstünə cumduq ki, bəs, bizim operatoru girov götürdülər. Mütəllibov o dəqiqə Polyaniçkoya göstəriş verdi. Boris Yeltsini tapıb ona da bu haqda məlumat verdik. Yeltsin dedi ki, “Ya uje v kurse. Oni eqo osvobadyat”. Bundan sonra Elxanı bizə qaytardılar. Amma nə gündə qaytardılar? Ölümcül vəziyyətdə. Sonra o altı il xəstəxanalarda qaldı.

 

Söhbətinə ara verdi. Çayımız soyumuşdu. Dəyişdilər. Harasa tələsdiyi hər şeyi tez deyib bitirmək istəməsindən hiss olunurdu. Amma arada qəfil susmağı da var idi. Qəribə sükut çökürdü hərdən...

 

– O dövrün jurnalistikası bir tərəfdən çox maraqlı idi, hadisələr sürətlə cərəyan edirdi. Dövlət çevrilişləri, müharibə... Digər tərəfdən çox ağır və məsuliyyətli idi. İndi çox az jurnalist məsuliyyət hiss eləyir. Gördünüzmü avqustda cəbhədəki məsələni? Cəbhə bölgəsində telefonla nə göndərirdilər, sensasiya xətrinə hamısını yayımlayırdılar. Olmaz belə! Müharibə gedir! Hər şeyi açıb-tökmək düzgün deyil.

 

Yenə sükut. Yenə qəribə bir hüzn...

 

– Ağdam boşalanda orda olmuşam. Boş şəhəri görmüşəm, çox ağır mənzərədi. Böyük, möhtəşəm şəhər, iki, üçmərtəbəli mülklər. Bir həftədən sonra ermənilər şəhərə girdilər.

 

– Hamı deyir, satdılar, təhvil verdilər, göstəriş verdilər... Kim idi axı onlar?

 

– İndi də sirr olaraq qalır. Sonradan bildim ki, hətta ordakı böyük şərab zavodlarının borularındakı şərablara qədər boşaldılmışdı. Demək, bilirdilər ki, şəhəri təhvil verəcəklər. O müharibədə çirkin sirlər çoxdu. Müharibədə döyüşənlər mənə çox şey danışmışdılar. Deyirdilər ki, əsgərlərin həyatı bahasına döyüşüb irəli gedirdik, birdən əmr gəlirdi ki, geri dönün! Kəndi verib, ürək ağrısı ilə geri qayıdırdıq. Axı bizim döyüşçülərimiz orda həlak olub, necə yəni geri qayıdın?!

 

Müsahibim həm də Əfv Məsələləri üzrə Komissiyanın üzvü olduğuna görə söhbətimiz məcrasını dəyişirdi. Orda baş verən proseslərin nə dərəcədə çətin olduğunu təsəvvür etməyə çalışdım. Çətin oldu...

 

  Mən Əfv Komissiyasının üzvüyəm. Keçən dəfə üç yüz ərizəyə baxmışıq. Onun iki yüzü məişət zorakılığı ilə bağlıdı. Jurnalistlər bunun səbəblərini araşdırmırlar. Hər gün jurnalistlərin səhəri bu tip araşdırmalarla başlayıb, bununla bitməlidi. Niyə bu haqda yazmırlar? Deyirsiniz ki, ailə toxunulmazdı.

 

Əsla! Elə deyil. Mən parlamentdə iki dəfə jurnalistlərə müraciət eləmişəm. Yeddi nəfərin güllələnməsi hadisəsindən sonra bir daha bütün kütləvi informasi vasitələrinə bir daha səslənmişəm ki, jurnalistlər bu məsələ ilə bağlı vaxtaşırı deyil, hər gün məşğul olmalıdı. Bizim qızlarımızı necə erkən ərə verirlər? Qız uşaqları nəyə görə bətndə olarkən öldürülürlər? Süni abortlar iyirmi minə qədər çatıb. Nə qədər sevgidən yazmaq olar? Nə sevgi? Qızlar, oğlanlardan az doğulur, bunu bilirsiniz? 2020-ci ildən sonra oğlanlar özlərinə həyat yoldaşı tapa bilməyəcəklər. Çünki qız körpələri az doğulur. Gənclərimiz Suriyaya gedir, terrorist kimi hazırlanırlar. Bunun səbəbini də araşdırmaq lazımdı. Pul verirlərmi, yoxsa bunlar öz ölkəsində özlərini tapa bilmirlərmi? Ya bunlar müharibədən qayıdan insanlardı, sadəcə əlləri gicişir? Hamı deyir qarşısı alınsın. Səbəbləri araşdırmaq lazımdı. Səbəb tapılsa qarşısını almaq asan olar. Jurnalistika analitik jurnalistika olmalıdı. Tək xəbəri çatdırmaqla iş keçmir.

 

Bu an elə bildim müsahib mənəm və bu suallar mənə verilir. Nə yaxşı ki, bu an müsahib mən deyiləm və əlbəttə ki, bu suallar mənə verilmir. Bəs cavabları kim bilir? Sualları kimə ünvanlayaq?

 

– Mən bu günlərdə Ukraynanın Azərbaycandakı Səfirliyində bir tədbirdəydim. Dedilər ki, Azərbaycan Dövləti Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, amma eyni zamanda separatçıların dəstəsində vuruşan azərbaycanlılar  var. Mən inanmıram ki, bu həqiqət olsun. Azərbaycanın özü separatizmin qurbanıdı. Amma əgər varsa bunun səbəbi araşdırılmalıdı. Erkən nikahlarla bağlı məsələyə gəlincə bayaqdan bəri olduqca gərginlik içində davam edən söhbətimiz xeyli yumşaldı. Elmira xanımın mövzu ilə bağlı danşdığı hadisələr kefimizi açdı.

 

– Bölgələrdə erkən nikahlarla bağlı məsələ çox pis idi. Qabaqlar mollalar kəbin kəsirdilər, ZAQS kağızı olmasa belə. İndi isə ruhanilərə çox ciddi xəbərdarlıq olub ki, evlənmək haqqında rəsmi sənəd olmasa kəbin kəsilməsin. Amma elələri var ki, heç nəsiz qızını köçürdür. Sonra gəlirlər yanıma ki, vay, qızı uşaqla qovdular. Bəs, qızın cehizi qalıb. Başlayıram araşdırmağa. Deyirəm, evlilik haqda sənəd gətir. Deyir, sənəd yoxdu. Yaxşı, nəylə gedəcəksən məhkəməyə? Valideynlər günahkardı.

 

Qızlar üçün nikah yaşının on səkkiz olması haqqında qanun qəbul edəndən sonra Masallıya görüşə getmişdim. Gördüm bir qrup qadın görüşə gəlib. Deyirlər ki, Elmira xanım, necə eləyək? Deyirəm, nəyi necə eləyək? Deyirlər, axı qızlarımız oturub evdə. Yenə nə demək istədiklərini başa düşmürəm.

 

Bəs, onları necə köçürdək? Ay Allah, nə deyir axı bunlar? Sən demə, qızlarını veriblər, kəbin də kəsdiriblər. Yeni qanuna görə qorxurlar qızı köçürtməyə. Deyirlər ki, bəs necə edək, iki il otursunlar? Dedim, hə, otursunlar! Ancaq ər haqqında düşünürsünüz. Oxudun qızlarınızı! Deyirlər yox e, axı bizim adətə görə on səkkiz yaşlı qız yaşı keçmiş sayılır. Nə deyəsən?

 

Elmira xanım başını bulayıb gülür. Gül də bayaqdan fotoları çəkib dinməzcə oturmuşdu. Maraqlı gəlir deyə mövzuya qoşulmağı onun da qırışığını açır. Qısa gülüş fasiləsində bayaqdan qarşımızda qalan piroqun dadına baxırıq.

 

– Bizim bölgələrdən seçilən millət vəkillərinin, İcra Hakimiyyətinin gördüyü işlərdən sonra bu faktlar kəskin surətdə azalıb. İndi bir az qorxu var. Qız qaçırmağa görə on iləcən iş kəsilə bilər. Qız qaçırtmaq insan oğurluğuna bərabərləşdirildi.

 

Biz daha qalxmalı idik. Amma əfv siyahısı ilə bağlı bəzi suallarım vardı. Onlara mütləq cavab almalı idim.

 

– Cinayət işlərinə baxanda görürük ki, siyahıda kişilər daha çoxdu. Qadınların sayı az olsa da törətdikləri cinayət çox ağır olur. Və biz onların arasından seçib əfv üçün prezidentə təqdim etməyə çətinlik çəkirik. Bu cinayətkarların arasında birinci yerdə narkotik daşıyıcıları durur. Narkomanları bağışlayırıq, amma narkotik daşıyıcılarını, “pul atanlar”ı bağışlamağı prezidentimizə tövsiyə eləmirik. Çünki bu çox ağır bəladı. Narkotik daşıyıcıları yüzminlərlə insanı şikəst eləyə bilər. İkinci yerdə dələduzluq dayanır. Çox ciddi dələduzluqdur: beş-altı epizod və külli-miqdarda “pul atmaq”. Biz bunları da bağışlaya bilmərik, çünki borclu olduğu adamlar şikayətçi olacaqlar. Üçüncü yerdə qətl hadisəsi dayanır. Həyat yoldaşlarını öldürürlər. İyirmi ildi ki, Əfv Komissiyasının üzvüyəm. Bu iyirmi ildə cəmi iki qatil azadlığa buraxmışıq. Biri altmış beş yaşlı qoca idi. Keçmişdə hüquq mühafizə orqanlarında çalışmışdı. O evində bir nəfəri öldürmüşdü. Onun oğlu kimdənsə pul alıb, yoxa çıxmışdı. Pul yiyələri atasının evinə gəlib təzyiq göstərirlərmiş ki, pulu versinlər. Kişi də silahı çıxardıb evinə gələnlərdən birini vurmuşdu.

 

Nəzərə aldıq ki, o artıq on il həbsdə olub və yaşı çoxdu. Beləliklə, onu əfv etdik. Bir dəfə də ərini çox böyük amansızlıqla qətlə yetirən bir qadını azadlığa buraxdıq. Hadisə ilə tanış olandan sonra dəhşətə gəldik. Əri qadının başına olmazın oyunlarını açmışdı. Lap yaxınlarda isə bir gənci bağışladıq.

 

O öz atasını nalayiq hərəkətlərinə görə öldürmüşdü. O, gəlininə qarşı çox böyük əxlaqsızlıqlar etmişdi. Bütün kənd də o oğlanın müdafiəsinə qalxmışdı ki, bu ata elə öldürülməli idi. Ata ata deyildi.

 

Bu dəfə söhbətimizi dalbadal gələn telefon zəngləri kəsir. Daha bir fasilədən sonra Elmira xanımın iş otağına keçirik. Yazı masası ilə tanış oluruq. Müəllif müxtəlif dillərə çap olunan kitablarından danışır...

 

– Mən “Poliqrafçının qətli” və “Şüşə saray” adlı iki sənədli dedektiv romanın müəllifiyəm. Bir də “Gecə yarısı qətl” adlı kitabı yazmaqda İsa Nəcəfova kömək eləmişəm. Dördüncü kitabım da çapa hazırlanır. Heydər Əliyev haqqında yeddicildlik kitablarımı da roman-tədqiqat adlandırıram. Çünki kitabda arxiv sənədlərindən, jurnalist araşdırmalarından, müsahibələrdən istifadə olunub. Qara Yanvar zamanı KQB-nin mənfur rolunu, Elçibəyin dövründə cərəyan edən hadisələri və səs-küylü siyasi qətlləri araşdırmışam. Mənim üçün mövzu problem deyildi. Həyat özü mövzunu diktə edir. Çalışırdım ki, icitmai əhəmiyyət kəsb edən mövzulardan yazım. Bir dəfə korrupsiya haqqında yazı yazmışdım. Çox ciddi korrupsiya faktları var idi. Ciddi mövzulardan qorxmurduq, çəkinmirdik. Heydər Əliyev həmişə deyirdi ki, bizim uğura gedən yolumuz çatışmazlıqların tənqidindən keçir.

 

Sonra kitablardan danışırıq. Deyir ki, ailə qayğıları, rəsmi işlər, yaradıcılıq, görüşlər, müsahibələr və sair və ilaxır zamanı külək kimi sovurur, amma mütaliə etməyə hər zaman imkan var.

 

– Mən hər gün axşam mütləq oxumalıyam. Qəzetləri alıram, “525-ci qəzet”, “Kaspi” qəzeti, “Bakinskiy raboçiy”, müxalifət qəzetləri... Hadisələri izləməliyəm. Məsələn, Prezidentin səfərləri haqda oxumalıyam. Mən deputatam, siz məndən bu haqda soruşa bilərsiniz axı. Kitablardan isə axırıncı dəfə Elçinin “Yeni hekayələr”ini oxumuşam.

 

– 2014-də çıxan hekayələr kitabını deyirsiniz?

 

– Hə. Həmin kitabdan danışıram.

 

“Yeni hekayələr”lə, müəllifin daha bir kitabını şair Çingiz Əlioğlu bağışlamışdı mənə. Birinci kitabdakı ilk hekayədəki qurd balalarının özünü qurban verən ata və ana qurdu parçalaması səhnəsi bir rəsm əsərinin mövzusudu. Xarici ədəbiyyatı və mədəniyyətinin fonunda Azərbaycan ədəbiyyatının təkamülündən bəhs edən ikinci kitabın adını isə tam xatırlaya bilmədim. Tərslikdən nə kitabın özünü tapdım, nə də onu kimə verdiyim yadıma düşdü.

 

– “Yeni hekayələr” haqqında elə bu günlərdə məqalə yazmışam. Rəşad Məcidin “Dəlicəsinə” kitabını oxumuşam. Rus ədəbiyyatından vaxtaşırı Viktoriya Tokaryevanın hekayələrini oxuyuram. Dina Rudinanın “Russkaya kanareyka” adında maraqlı üç cildli romanları çıxıb, onları almışam, amma hələ oxumağa imkan tapmamışam. Ümumiyyətlə, mən rus ədəbiyyatını sevirəm. Vladimir Makanin, Yuri Buyda, Dmitriy Bıkov kimi  nasirlərin kitablarını mütəmadi oxuyuram. Anarın son kitabını hələ almamışam, amma onun üçcildlik “LIK Azerbaydjana” adında kitabını diqqətlə oxumuşam. Bu barədə üç məqalə yazmışdım və rus dilində “Kaspi”də, azərbaycanca “525-ci qəzet”də çıxmışdı. İndi mənim masamın üstündə Vilayət Quliyevin, İsa Həbibbəylinin yazıları, Vasiliy Aksenovun kitabları durur ki, mən onları yay tətilində oxumağı planlaşdırıram. Özüm üç kitabın üzərində işləyirəm. Onlardan əsfanəvi “Parni iz Baku” komandasının kapitanı, keçmiş millət vəkili mərhum Anar Məmmədxanovun yazıları, müsahibələridi. Kitabın redaktoru və ön sözün müəllifi mənəm. Öz kitabım çıxacaq, dediyim kimi “Dostlarımın gözəl cizgiləri”. Əflatun Amaşov ön söz yazıb. Yazıçı Elçin haqqında mənim çoxlu oçerk və məqalələrim çıxıb. Onları yığmışam bir yerə, kitab kimi hazırlayıram. Bir də “Heydər Əliyev: Şəxsiyyət və zaman” adlı yeddi cildli kitabların üçcildlik variantını işləyirəm. İstəyirəm onları xaricdə çap edim.

 

Nəhayət, gəlib çıxdıq Xəzərin sahilinə. Elmira xanım bulvarı heç sevmədi. Dənizdən gələn pis qoxu bizi vurunca bura ayaq basmağımıza peşman olduq. Xanım millət vəkili əlini dənizə uzadaraq narazılığını bildirir:

 

– Budur bizim bəlamız! Bizim uşaqlarımız burdan radiasiya alır. Uşaqlar hamısı allergiya xəstəliyinə tutulub. On ildi bulvara gəlmirəm. Burda həmişə belə qoxu var? Aman Allah, dənizdən necə də pis qoxu gəlir!

 

– Bura hələ yaxşıdı. Bayıl tərəf daha pis qoxuyur, – Gül əlavə edir.

 

– İndi bilirsiniz ki, nərə balığı da Xəzərdə kəskin surətdə azalıb? Sizin uşaqlarınız balıq və qara kürü görməyəcək artıq.

 

Düz sahilə yaxın skamyaların birinin yaxınlığında iri zibil qablarını görəndə Elmira xanım daha da əsəbləşir. Üç zibil qabı yan-yana dayanmışdı.

 

– Mən Milli Məclisdə çıxış eləyəndə bulvarı nümunə gətirmişəm. Burda hər əlli metrdən bir zibil qabı var. Biz bu haqda iki il bundan qabaq qanun qəbul eləmişik. Əgər küçələrdə hər əlli-yüz metrdən bir zibil qabı qoyulmasa müvafiq qurumlar iri məbləğdə cərimə olunmalıdı. Gedin baxın, şəhərin hansı tərəfində əlli metrdən bir zibil qabı var? Əlli metrdən bir nədi, heç yüz metrdən bir də görə bilməzsiniz?! Heç kim icra eləmir Bulvar İdarəsindən başqa. Amma bu iri zibil qabları burda nə gəzir axı?

 

Geri qayıdırıq. Elmira xanım, söhbətimiz sanki bitməyibmiş kimi, daha bir görüşə söz verdi. Qanadlarını dənizi qucaqlayacaq bir cüt qol kimi açmağa öyrəşən qağayılar, bu dəfə boynunu büküb fontanın susuzluğunun başına yığışmışdılar. Dənizin sərt qoxusu onları da vurmuşdu, deyəsən.

 

Feyziyyə

525-ci qəzet.- 2015.- 7 fevral.- S.18-19.