Qara Qarayevin 97 illiyi silsilə tədbirlərlə qeyd edilib
Fəxri Xiyabanda görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 97 illiyinə
həsr edilmiş anım tədbiri keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə nazir Əbülfəs Qarayev də iştirak edib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbirə toplaşanlara
minnətdarlığını bildirərək Azərbaycan
musiqisinin korifeyinin həyat və yaradıcılığı haqda
məlumat verib. Ə.Vəliyev qeyd edib ki,
Qara Qarayev Azərbaycan mədəniyyətinin
inkişafına böyük
töhfə verib, onun yaradıcılığı
əbədi yaşayacaq.
Üzeyir
Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının rektoru,
professor Fərhad Bədəlbəyli
vurğulayıb ki, ölməz əsərlərin
müəllifi olan Qara Qarayevin unikal yaradıcılıq
irsi bütün dünyada klassik musiqi həvəskarlarının
böyük maraq obyektidir.
Sonra tədbir
iştirakçıları bəstəkarın məzarı
önünə gül
dəstələri qoyublar.
Müslüm Maqomayev adına Dövlət
Filarmoniyasında dahi bəstəkarın anadan olmasının 97 illiyinə
həsr edilmiş konsert keçirilib. Konsertdə Qara Qarayev adına
Azərbaycan Dövlət
Kamera Orkestri çıxış edib.
Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti
Teymur Göyçayevdir.
Konsertdə orkestrin və
solistlər – Fəridə
Məmmədova və
Fəqan Həsənlinin
ifasında Qara Qarayevlə yanaşı, dünya bəstəkarlarının
da əsərləri səsləndirilib.
Niyazinin mənzil-muzeyində də
Q.Qarayev yad edilib. Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin direktoru, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, əməkdar mədəniyyət işçisi
Alla Bayramova Qara Qarayevin həyat və yaradıcılığı haqqında
söhbət açıb:
“Qara Qarayev beynəlmiləlçi bəstəkar
idi. Görkəmli bəstəkar bir
çox xalqların musiqisinə müraciət
edib. Bəstəkarın
“İldırımlı yollarla”,
“Don Kixot”, “Zəriflik”,
“Vyetnam süitası”,
“Alban rapsodiyası”, “Mən
sizi sevirdim” və digər bənzərsiz musiqiləri
xarici sənətkarların
əsərləri əsasında
bəstələnib və
müəllifinə dünya
şöhrəti qazandırıb.
Qara Qarayevin
müxtəlif xalqların
folkloru, ədəbiyyatı,
mədəniyyəti ilə
yaxından tanış
olmasının, öyrənməsinin
göstəricisidir ki,
bu əsərlərin
mükəmməl təsir
qüvvəsi hər zaman hiss olunmaqdadır”.
Tədbirdə Qara Qarayevin bəstəkarı olduğu
“Matteo Falkone” qısametrajlı bədii
filmi göstərilib.
Sonda Bülbül adına
orta ixtisas musiqi məktəbinin şagirdləri, Üzeyir
Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının və Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin tələbələrinin ifalarında
Qara Qarayevin əsərlərindən ibarət
konsert proqramı təqdim edilib.
Azərbaycan Bəstəkarlar İttifaqında
da dahi bəstəkarın 97-ci ildönümü
münasibətilə konfrans
keçirilib.
Konfransda Bəstəkarlar İttifaqının
katibləri Zemfira Qafarova və Sərdar Fərəcov dahi bəstəkarın Azərbaycan musiqisinin inkişafında böyük
xidmətlərindən danışıblar.
Qara Qarayevin tələbələri
Sevda İbrahimova, Nərgiz Şəfiyeva, Tofiq Bakıxanov, Azər Dadaşov və digərləri müəllimləri ilə
bağlı xatirələrini
bölüşüb, onun
insani keyfiyyətlərindən
və pedaqoq kimi fəaliyyətindən
söhbət açıblar.
Həmçinin Qara Qarayevə
həsr etdikləri musiqilər barədə məlumat veriblər.
Bildirilib ki, təvazökar, tələbkar, hər zaman axtarışda olan dahi bəstəkar
Q.Qarayevin yaradıcılığı,
dünyagörüşü musiqiçilər üçün
örnəkdir.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 7 fevral.- S.16.