Tarixi yaradan bacım
Qardaşım
- Azərbaycanın Azadlığı uğrunda 20
yaşında şəhid olmuş Ülvi Bünyadzadənin
atası Yusifin vəfatının bir ili
tamam olur (11 fevral, 2015). Onun
oğul dağını necə əzabla yaşadığını təsvir etməkdə
çox-çox acizəm. Bu günlərdə
yazılarımın arasından onun mənə
ünvanladığı bir məqaləsi təsadüfən əlimə
keçdi. Yazını mənə şəxsən verməyə
niyəsə çəkinib, bəlkə də
özünün qeyd etdiyi kimi, deyəcəkdim ki, "burada tərifli
nə var ki ... yazıdı yazmışam da ...."
Amma bu gün onun sözlərinə çox ehtiyacım
var. Onu dinləmək, bölüşmək istəyirəm. Ülvinin
kitablarını dərc etdirəndə, ya onun haqqında bir
məqalə yazanda telefon edərək sakitcə deyərdim
ki, vaxtın olanda görüşək. O da öz
növbəsində sakitcə "baxaram" - deyərdi. "Baxaram" - kəlməsi arın-arxayın
deyilsə də, cəmi bir neçə dəqiqədən
sonra təngnəfəs, ya da Xızr İlyas kimi peyda
olardı.
Sakitcə ya kitabı, ya da hansısa bir yazı varsa, onu
verərdim. O
da elə ayaqüstəcə vərəqlərdi, oxuyar, sonra
kostyumunun qoyun cibinə basardı, əli ilə də
üstündən bərk-bərk tutar və tamam bir
mövzuda söhbət edər, hal-əhval tutardı.
Bu 20
Yanvarda onu aradım, - Ülvinin 2 kitabını nəşr
etdirmişdim: "Qəhərlənmiş könlüm"
və "Əfqanıstan ağrıları", - onları
verəcəkdim. Qeyri-ixtiyarı telefon etdim, cavab almayınca bir anlıq
çaşdım, nə etdiyimin fərqini anladım. Öz-özümə nə dediyimi də
anlamadım. Masazır qəbiristanlığına
getdim. Ona ayırdığım 2 kitabı qəbrinin
üstündəki -
Gün gələcək
güləcəyəm,
Göz
yaşımı siləcəyəm,
Mənzilinə
gələcəyəm,
Tez-tez boylan yola, yola.
Gözlə hər gün, əziz bala.
- sözləri yazılmış daş vərəqin
arasına qoydum . Şəhərə
çatmamış güclü leysan yağış
yağdı. Yəqin kitabın səhifələrini
külək vərəqlədikcə, göydən də
Yusifin göz yaşları ələnir, - deyə
düşündüm.
Amma onun
ildönümünə xatirə olaraq düz 9 il
əvvəl mənim yazılarımın arasına sakitcə
qoyub getdiyi bu yazını dərc etdirmək istədim,
nöqtəsinə-vergülünə toxunmadan.
Səmimi
ürək sözlərin, duyğuların üçün
çox sağ ol, qardaşım Yusif!
Səni
heç vaxt unutmayan, dərdinə ölüncə şərik
əziz bacın
Almaz
ÜLVİ,
filologiya
elmləri doktoru
Əzizim
Almaz!
Sənin
təzəcə çapdan çıxmış
"Müharibə ağrılarım (sənədli
publisistik qeydlər, ədəbi düşüncələr"
// Bakı, "Nurlan", 2005, 346 s.) I kitabını iyul
ayının 23-də saat 16:30-da aldım (Həqiqət verdi ki, Almaz sənin üçün nəzərdə
tutub. Avtoqrafsız). Saat 8-ə
kimi ara-sıra oxumağa başladım. Ancaq
kitab məni elə tutdu ki, qatlayıb örtdüm və
kiçik fasilədən sonra onu 1-ci səhifədən
başladım oxumağa. Gecə saat 05:30-da kitabın
546-cı səhifəsinə çatdım. Kitabı
örtüb yatmağa getdim. Yuxuya isə
Könül sübh namazına duranda getdim. Bu niyə belə oldu?
Kitabda toplanan materialların təqribən 60-70%-i mənə
tanışdır. Yarısını adi qəzet materialı
kimi, yarısını da bilavasitə mənim izzəti-nəfsimlə
bağlı olduğu üçün əvvəllər
oxumuşam.
Mən isə oxumadığım yazılardan
başladım. Konkret olaraq "Atilla"nı
oxumağa girişdim. Bir az oxuyandan sonra
düşündüm ki, bu yazının mətləbə nə
dəxli var. Yarımçıq qoyub "Füzuli: “Torpaq
sevgisi - həyatdır" yazısını oxumağa
başladım (iş yoldaşım Füzulidən olduğu
üçün). Daha sonra dramaturq Hidayət
haqqında, İrəvan Teatrı haqqında olan yazılara
baxdım (Hidayətə olan hörmətimə görə).
Unudulmaz Qəşəm müəllimin
oğlanlarına verdiyi xasiyyətnamələrə xeyli
güldüm. Ancaq hiss edirdim ki, bu
yazılar arasında nə isə bir əlaqə
olmalıdır və o əlaqə hökmən var. Bu əlaqəni
tapmaq üçün qayıtdım kitabın lap əvvəlinə
yəni, "Azərbaycan eşqi - Azərbaycan
ağrısı (ön söz əvəzi)"
yazısına və axtardığını elə burada
tapdım. Bu yazıdakı yüksək
xoş hisslərə, sonsuz səmimiyyətə o qədər
bağlandım ki, kitabdakı yazıların hamısı mənə
təzə libasda görünməyə başladı və
mən kitabı başdan ayağacan təzədən oxudum və
yuxarıda dediyim kimi gecə saat 6-nın yarısında
başa çıxdım. İlk təəssüratımı
zəng vurub sənə bildirmək istədim. Sözləri ürəyimdə götür-qoy etdim
gördüm ki, fıkrimi bir neçə dəqiqəyə
deyib qurtara bilməyəcəm, yarısı ürəyimdə
qalacaq. Həm də kitab haqqında müsbət
fıkrimi bildirəndə düşündüm ki,
sözümü yarıda kəsib deyəcəksən ki,
burada tərifli nə var ki ... Yazıdı yazmışam da .... Mən isə bu tərifı
demək istəyirəm. Məşhur bir
tamaşada deyildiyi kimi, heç bir etiraza yol verilmədən.
İlk olaraq, kitabın yazılış forması
haqqında.
Bu kitabı oxuyanda nədənsə yadıma R. Həmzətovun
"Mənim Dağıstanım" kitabı
düşdü. R.Həmzətov hər fəsildən əvvəl
öz aləmində müdrikləşdirdiyi bir şairin -
Abutalıbın bir misrasını və ya xalq məsəllərindən
birini uğurlu epiqraf seçərək öz
Dağıstanını oxuculara elə məhəbbətlə
tərənnüm edir ki, sanki əsasən dağdan və dərədən
ibarət olan bu diyar dünyanın ən dilbər guşəsidir,
ikincisi yoxdur.
Sənin kitabın da belədir.
Göycəni coğrafı məkan seçib səyahətə
başlayırsan. Tezliklə aydın olur ki, Göycə
yalnız coğrafi məkan yox, həm də Oğuz elinin qədim
bir parçası, türk xalqının bu günə gəlib
çatmış canlı tarixidir. Bu yerdə
Atilla haqqında olan yazı lap yerinə düşür.
Sonra .... sonra isə
Atillanın mənəvi övladlarından biri olan sənin
ÜLVİ hekayətin başlayır.
Almaz, kitabın bu hissəsindən sükutla keçirəm. Ona görə
ki, bu yazıları dönə-dönə oxumuşam. Onların dəyərini də yaxşı bilirəm.
O yazıların mənim varlığımda
oyatdığı xoş işgəncələrinə,
möhtəşəm acılarıma yaxşı bələdəm.
Yeri gəlmişkən, bir məsələni
bildirmək istəyirəm ki, yalnız ÜLVİ haqqında
olan yazılarının yox, ümumiyyətlə, kitabdakı
bütün yazılarının bədii dəyəri
haqqında heç bir söz deməyəcəm (kiçik
istisna olmaqla). Çünki bu yazılar
müxtəlif mətbu orqanlarında çap olunub və o
yazılar peşəkar ədəbiyyatçıların,
jurnalistlərin və digər peşəkarların süzgəcindən
keçib çap olunub.
Fəxrəddin Balayev bəlkə də yeganə
adamdır ki, Əzrayıl və Əzrayılın azərbaycanlı
təmsilçisi Ə.Vəzirovla üzbəüz vuruşub
və onlara qalib gəlib. Onun az qala 5
kilometr hündürlükdə uçan təyyarədən
yerə düşüb sağ qalmasını sən təsdiq
etməsəydin, yəqin ki, heç vaxt inanmayacaqdım.
Kitabın sonrakı səhifə və fəsillərində
bizim Azərbaycanın müxtəlif rayonlarında gedən
vuruşmaların, erməni erməniliyinin, əsgərlərimizin
taleyinin təsvirlərini vermisən. Bu yazılar ona görə
qiymətlidir ki, onlar hətta kişilərin belə cəsarət
edib gedə bilmədiyi döyüş meydanlarında, səngərlərində
yazılmışdır. Səsi vahimə
doğuran BTR-lərdə, tanklarda həmin yazıların
nöqtələri qoyulub. İşimlə
əlaqədar olaraq sənin getdiyin rayon və
yaşayış məntəqələrinə mən də
getmişəm. Goranboy, Beyləqan - Örənqala, Xanlar
- Çaykənd (ancaq Ağdama, Füzuliyə, Qazağa getməmişəm)
və s. Ancaq etiraf edirəm ki, hətta mənim görməyə
borclu olduğum hadisələri, anları görə bilməmişəm.
Görünür onları görməyə adi
göz kifayət etmirmiş.
Almaz!
Əziz bacı! Kitabda dünyasını dəyişmiş qəhrəman
döyüşçülərimizin - Rüstəm
Əliyev, Çingiz Mustafayev, Vaqif Tahirov, Daşaltı
döyüşçüləri, qohumumuz Çayları,
dövlət xadimlərinin (Qəşəm Aslanov), şairlərin
- Ümmügülsüm, Məmməd Araz, Xəlil Rza
Ulutürk, Nizami Aydın, Bayram Əhmədov, partizan
İbrahim Bayramov, fılosof Heydər Hüseynov və
başqalarının həyatından və
yaradıcılığından bəhs edən
yazılarını oxuduqca haldan-hala düşüb sanki
onlarla bərabər mən də dünyanı dəyişmişəm.
Hal -
hazırda yaşayıb-yaradan, fəaliyyət göstərən,
işləyən görkəmli xadimlərin, adi vətəndaşların
- Hidayətin, Nəriman Həsənzadənin, Eldar
İsmayılın, Söhrab Tahirin, Narınc Xatunun və onun
rəhbərlik etdiyi "Aşıq Pəri" məclisinin
üzvlərinin, İslam Ələsgərovun, Flora Xəlilzadənin,
həkim Telman Rzayevin, xalça ustası Mahirə
İsmayılovanın, professor Vaqif Arzumanlının və
başqalarının haqqında müxtəlif illərdə
yazdıqların və respublikanın tanınmış nəşr
orqanlarında - "Ədəbiyyat və incəsənət",
"Xalq qəzeti", "Respublika", "Yeni Azərbaycan",
"Millət", "Panorama", "Şəhriyar" və
digər qəzetlərdə çap etdirdiyin yazıları
da buraya əlavə etsəm, cəsarətlə deyə bilərəm
ki, sən Azərbaycan adlı bir məmləkətin həm mədəni,
həm də mənəvi tarixinin bir hissəsini yaratmısan.
Özü də başqa tarixçilərdən
fərqli olaraq gözünlə görüb yaratmısan.
Bundan ötrü sənə min alqış!
Almaz!
"Fənar" elegiyanı
hıçqıra-hıçqıra oxumuşam. Fənar
dünyasını dəyişəndə heç belə
ağlamamışdım. Çox
"insafsız və qəddar" bacısanmış.
İkinci yazındı ki, mənə
özümü unutdurur. Birinci
yazının hansı olduğunu bir dəfə sənə
demişəm.
Sənin bu kitabın mənim yatan duyğularımı
silkələyib oyatdı.
Bu kitabın ibrət dərsi isə Atillanın AKM-i sinəsinə
sıxıb mənalı-mənalı Şəhidlər
Xiyabanına baxmasıdır.
Allah axırını xeyir eləsin.
Sağ
ol.
27.07.2005-ci
il
P.S. Almaz, bu kitabın II hissəsini görməyi
arzulayıram.
Mənə bəllidir ki, sən namizədlik
dissertasiyası kimi ilk dəfə repressiya qurbanı olmuş
şair Hacıkərim Sanılının
yaradıcılığını tədqiq etmisən. Bundan əlavə sən Xalq şairi N.Xəzrinin
biblioqrafiyasını işləmisən. Səhv
etmirəmsə, 5 kitab müəllifisən. Bunlardan əlavə
sən "ÜLVİ muzeyi"nin fəxri
direktorusan. Hal-hazırda "Xalq qəzeti"ndə
fəaliyyətini davam etdirirsən, fılologiya elmləri
namizədisən. Müdafiə zamanı sənin
opponentlərinə cavabın çox ibrətamiz oldu. Yəqin bütün bunlar sənin kitabının II
hissəsində öz əksini tapacaq.
Sənə uğurlar arzu edirəm.
Yusif KƏSƏMƏNLİ
525-ci qəzet.-
2015.- 10 fevral.- S.8.