Alın yazısı

 

 

Həmişə alın yazısına inanmışam.Bu dünyada heç nəyin təsadüfən baş vermədiyinə əminəm. Günəşin çıxması, yağışın yağması,küləyin əsməsi təsadüfü deyil. Deməli, dünyadakı bütün varlıqlar idarə olunur. Baş verən hər bir hadisə ulu yaradanın iradəsindən o yana deyil. Qismət, alın yazısı kimi başa düşdüyümüz bu incə məqam da, insanlara ərməğan olunan ilahi payıdır. Tanrının bəxş etdiyi ömrü hərə bir cür yaşayır. O isə tamam başqa cür ömür sürdü,başqa cür yaşadı.

 

Onda biz hələ uşaq idik. Ağlımız da təzə-təzə kəsirdi. Müəllimlərimiz, valideynlərimiz ona oxşamağımızı məsləhət görürdülər. İstedadına güvənən, biliyinə arxalanan bu gənc çoxumuzun kumirinə çevrilirdi. Bəlkə ona görə idi ki, Qovuşuq məktəbindəki şagirdlərin çoxu ona oxşamağa çalışsa da bu,çoxlarımız üçün elə arzu olaraq qalırdı.O,gözümüzün qabağında beləcə böyüdü. 

 

Elə Dərələyəzin Qovuşuq kəndindən Bakıya da elə beləcə getdi. Bakıda da kəndimizdə hamının tanıdığı kimi oldu. Bunu isə Nazir Əsədovla bağlı Bakıdan gələn, sürətlə kəndə yayılan xəbərlər deyirdi. Onunla  aramızda xeyli yaş fərqi olduğundan təmaslarımız olmurdu. Amma hər il yay vaxtı şəhərdən yurda dönənlər arasında Nazir müəllimin xüsusi yeri olduğunu hamı kimi mən görürdüm.Və onu da bilirdim ki, Nazir müəllim artıq Lenin adına Pedaqoji İnstitutun müəllimidir. O isə ancaq ona məxsus ola biləcək sadəliyi ilə ali məktəb müəllimi adının doğurduğu görüntünü arxa plana keçirirdi. Bir sözlə,doğmalarının arasında,ata yurdunda anası Əsli bibimlə birgə olanda şəhərin qaynar, gur-gur guruldayan həyatını unutmağa çalışırdı... 

 

İnsan yolda dar gündə daha yaxşı tanınır. Dar gündə rastlaşmasaq da, Nazir müəllimlə xeyli yol yoldaşlığımız olub. Azərbaycanın təbiətini qarış-qarış gəzmişdik. İş elə gətirmişdi ki,xeyli vaxtdan bəri görüşmürdük. "Görən niyə zəng etmir,bəlkə vaxtı yoxdur,bəlkə özüm zəng edim" - deyə nömrəsini yığdım. Özünəməxsus şəkildə "" -dedi.

 

-Hardan bildin sənə zəng edəcəyimi? İnşallah, gələn 6-cı gün orda - Xızıdayıq". "Elə mən onun üçün zəng etmişdim" - dedim. Gəlin,gözləyirəm". 

 

Kefim elə açılmışdı ki... Nazir müəllimlə danışmışam o bizə qonaq  gəlir... Neçə gün idi başının dəstəsi ilə gələcəyi günə hazırlıq görürdüm. Onlarla gedəcəyim bulaq başını da bələdləmişdim. "Kaş bir az tez gələydilər"... Doyunca söhbət edib dərdləşərdik. Vallah onunla hər söhbətdən zövq alırdım. Duzlu, məzəli söhbətlərindən doymaqmı olurdu&                                                                         

 

Amma sən saydığını say...Gələn O deyildi. Özünü çatdıran, qəlbləri parçalayan onun ölüm xəbəri idi. "Naziri itirdik,infarktdan dünyasını dəyişdi". Səhər tezdən telefonda acı xəbəri belə verdilər. Bəlkə dostlarının uydurmasıdır. Bəlkə qonaq gələcəyi evin bir addımlığında özünün uydurduğu nağıldır. Hər halda saniyənin mində birində ağlımdan keçirdiyim təsəlli dolu fikirlər heyif onun zarafatı, dostlarının uydurması idi. Nazir müəllim doğurdan da bizi həmişəlik tərk etmişdi.

 

Dahi şotland tarixçisi Tomas Karleyin ölüm qabağı- " ölüm bu imiş sən demə" pıçıldayaraq gözlərini əbədi yumması yadıma düşdü. Arzu eləmədiyimiz, amma hər birimizi addım-addım izləyən ölüm Allahla insanlar arasında ilahi ünsiyyətdir. Bu ünsiyyətə daha çox kim hazırdırsa ulu yaradanın məsləhəti ilə bu dünyaya əlvida deyir. Nazir müəllim ,bu yolu seçib,haqqa qovuşmuşdu.

 

Zəngin dünyagörüş, hadisələrə vaxtında qiymət vermək qabiliyyəti,insanları düzgün qiymətləndirmə bacarığı... Bunlar idi Nazir Əsədovun vacib keyfiyyətləri. vaxtsa onun haqqında keçmiş zamanda yazacağımı ağlıma belə gətirməmişdim. Saatlarla maraqlı  mövzulardan söhbət etməkdən yorulmazdı. Həddindən artıq diqqətcilliyi Nazir müəllimi başqalarından fərqləndirən cəhət idi. Tələbkarlığı məsuliyyətdən irəli gəlirdi. Alicənablığı kamilliyindən xəbər verirdi.

 

O, Azərbaycanı sevirdi   harada olurd uqsa Nazir Əsədov həmin bölgənin tarixi keçmişindən elə maraq, məhəbbətlə danışırdı ki, elə bilirdin burda doğulub böyüyüb. Tarixi faktlara söykənən elmi izahlar, yurdun hər qarışı haqqında geniş informasiya bu elm fədaisinin öz işinə peşəkar yanaşmasıydı.

 

Tarix elimləri üzrə fəlsəfə doktoru- elmi adını, elə-belə almamışdı ki... Bütün bunlar uzun illərdən bəri çəkilən zəhmətin bəhrəsiydi. Lahıcdan Xınalığa, Şahdağdan Gədəbəyə, Şəmkirə, Şəkidən Şamaxıya, İsmayıllıya, Qəbələyə, Oğuza hər səfərində doğma yurdu Dərələyəzdən bir oxşarlıq axtarırdı. Hərdən tapırdı. Hərdən isə sadəcə özünü ovundururdu. Doğulub boya-başa çatdığı Qovuşuğun bütün çalarlarını,yurdun gözəlliyini qəlbində yaşada-yaşada Azərbaycanın təbiətini sevə-sevə gəzirdi. Növbəti səfərlərimizin biri Gədəbəyə idi. Cəmi dörd nəfər idik. Həmkarı Habil müəllim, dayısı oğlu Nurəddin və mən. Əvvəl getməyə tərəddüt etsə də, Gədəbəyə çatandan sonra Nazir müəllimi tanımaq olmurdu. Tamam dəyişmişdi. Gədəbəy dağları sanki onu ofsunlamışdı. Nazir müəllim özündə deyildi.

 

-İlahi insan necə təbiət aşiqi olar? - deyə fikirləşirdim. Amma Nazir Əsədovu haldan-hala salan Kiçik Qafqazın o üzündən-doğma Dərələyəzdən əsən mehin sehirli əsintisi idi. Məhz axtardığını burda-min bir əzab-əziyyətlə gəlib çıxdığımız ucqar dağ kəndində tapmışdı. Gurultulu çay, sıldırım qayalar, keçilməz aşırımlar, zümzümə vuran bulaqlar, bülbüllərin cəh-cəhi, göz oxşayan şəlalələr idi onun tapdıqları. Bir-birini tamamlayan bu təbiət hadisələri eynən Dərələyəzdə-Qovuşuqdakı kimi idi. Bunu bizə elə göstərirdi elə bil təbiət bu halına  bir daha qayıtmayacaq. Elə bil Nazir müəllimin ruhu uşaqlığının keçirdiyi Qovuşuqda, onun çöllərində, meşələrində idi. Biz hamımız susurduq.

 

Nazir müəllim kiməsə isinişəndə ona doğması, əzizi kimi yanaşırdı. O ki qaldı ömrü boyu üzünü görmədiyi qohumlarını tapaydı...2013-cü ilin oktyabrında ötən əsrin əvvəllərində Dərələyəzdən Şəmkirə köçüb gedən qohumlardan birinin nəvəsinin toyuna dəvətli idik. Evin xanımı atamın və Nazir Əsədovun anasının bibisi qızı idi. Məsələ burasındaydı ki, qohumlar heç vaxt biri-birilərini görməmişdilər. Sadəcə bu qarmaqarışıq dünyada kələfin ucu tapılanda çox mətləblərə aydınlıq gəlir. Qohumların varlıqlarını bizə unutduran amansız illər həmçinin çox məqamları ayrı salır. Nazir müəllim yenicə üzlərini gördüyü qohumlarını başına yığıb-"bu  filankəsə,bu isə behmankəsə oxşayır" -deyirdi. Təqdimatında zərrə qədər yanılmırdı. Bu isə onun antropologiya elminə yaxından bələd olmasını göstərirdi. Zəngin dünyagörüş, dəqiq mühakimə yürütmək qabiliyyəti, illər uzunu qazanılan  təcrübəsinə əsaslanırdı.

 

Bir vaxtlar Leonardo Da Vinçi deyirdi ki, "Yaxşı keçən bir gün necə xoşbəxt bir yuxu gətirsə, yaxşı keçən bir ömür də xoşbəxt bir ölüm gətirər". Bilmirəm bu kəlamı Nazir Əsədova nə dərəcə şamil etmək olar. Ancaq bildiyim odur ki,Nazir müəllim həqiqətən mənalı və xoşbəxt ömür yaşadı.Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakultəsinin dekan müavini,tarix elmləri üzrə fəlsəfə doktoru idi. Həmzə və Nəbi adlı iki oğul böyütmüşdü.

Qəribədir, onun haqqında keçmiş zamanda danışa bilmirəm.Yox,bu hansısa mistika ilə bağlı deyil. Onunla da bağlı deyil ki, Nazir müəllim uşaqlığımızın,yeniyetməliyimizin və gəncliyimizin kumiri olub. Bəlkə onunla bağlıdır ki, hər birimiz, ona oxşamaq istəyən uşaqlar - indiki bığlı-saqqallı kişilər onunla məsləhətləşə bilməsək də bir sualın cavabını tapmağa çalışırıq:

 

- Nazir müəllim nə cür edərdi?

 

Şəxsən mənim tapdığım cavablar bir daha onu minnətdarlıqla xatırladır.                         

 

Vəli HƏSƏNOV

525-ci qəzet.- 2015.- 10 fevral.- S.8.