“İlahi, qələmdən yetim
qalmayım!”
Əslində bu qəbildən olan materialları 18-20
yaşlı qələm sahibləri üçün
yazırlar. Indi haqqında söz açmaq istədiyimiz
insanın isə artıq 62 yaşı tamam olur. Qətiyyətlə deyə bilərəm ki, gənclik
illərində onun haqqında heç kəsin heç nə
yazmadığına görə birmənalı şəkildə
özü günahkardır. Çünki
heç zaman - "mən də varam" demək istəməyib,
özünü gözə soxmağa
çalışmayıb. Hansısa
redaksiyaya gedərək - "mənim də şeirlərimi
oxuyun, qəzetdə verin" - deməyib. Daha
doğrusu, redaksiyalara gedib, amma şeirləri
üçün yox, publisistik materialları və digər
yazıları üçün. Getməyi
də əbəs olmayıb. Artıq 10
ildir ki, respublikanın Əməkdar jurnalistidir.
Söhbət,
imzası 40 ilə qədər müddət ərzində
ölkə oxucularına tanış olan
İttifaq Mirzəbəylidən gedir. O, görkəmli bəstəkarlar
Şəfiqə Axundova və Tofiq Bakıxanovun bir sıra
mahnılarının sözlərinin müəllifidir. Tofiq
müəllimlə birlikdə yazdıqları bir mahnı
böyük sənətkar Lütfiyar İmanovun ifasında
Bakı, İstanbul, Tehran və Təbrizdə Dövlət
Radiolarının "Qızıl fondu"na
qəbul edilib. Görkəmli alimlərin "Həyatın
bütün çətinliklərini görmüş
yaradıcı insan" adlandırdığı (Qutqaşen
rayonunda kolxozda, Bakıda Bayıl neft mədənlərində,
Respublika "Bilik" Cəmiyyətində,
"Dalğa" qəzetində, Dövlət Radiosunun Xəbərlər
Baş Redaksiyasında və nəhayət, "Xalq qəzeti"
kimi mötəbər mətbuat vasitəsində
çalışmasına işarədir) İttifaq Mirzəbəylinin
tanış olduğumuz bütün şeirlərində məhz
özü və öz həyatı var.
Qəribədir,
onun bir neçə şeirində od,
köz, kösöv, yanğı görünür:
"Zaman,
yandır məni öz ocağında,
İllərin oduna, közünə dönüm.
Bir də
alışmağa qalsın gümanım,
Kül
etmə, kömür et, gözünə
dönüm"
- deyən müəllif bir də nə zamansa od
almaq istəyini və ümidini itirmir. Bunun
üçünsə tonqal kimi alovlanmaq yox, gizlin yanmaq
lazımdır. Deyəsən, o, elə
gizlin yanır. Yoxsa: "Ətrafımda görən
yoxdu tüstümü, hər baharda xəzan örtdü
üstümü" deməzdi. Eləcə də,
"Bağışla, İlahi" şeirindəki "Ocaq
çatdım, köz özüməm, Söndümsə,
külü bağışla"- ifadəsi də bu məqamda
yerinə düşür.
İttifaq Mirzəbəyli üçün şeirə
çevrilməyən heç nə, heç bir hiss yoxdur. Amma seçilmiş məqamlar
var. Məsələn, valideynlərinin kədəri
haqqında yazdığı şeirdəki
Anam
"oxuyurdu" atam öləndə
Səsi divardakı daşı dəlirdi.
Payızı
bərabər haqlamışdılar,
Atamsız
anamın qışı gəlirdi"
- bəndi də, "İstanbuldan Ər-Riyada
uçanda" şeirindəki
Bir az yuxarıda bəyaz buludlar,
Bir az aşağıda gömgöy Egeydir.
Təyyarə
"əyildi", bir söz eşitdim,
Bizə
yer doğmadır, göylər ögeydir
- bəndi də konkret məqamın sətirlərə
köçməsidir. Amma konkret məqamın
deyil, bütöv ömrün bir bəndlik şeirə
çevrilməsi də mümkündür. Hərçənd o, özünü şair
adlandırmaqdan çox-çox uzaqdır. Təxminən
15 il əvvəl Yazıçılar
Birliyinə üzv olmaq istəyəndə də şair kimi
deyil, publisist kimi ərizə vermişdi.
İttifaq
Mirzəbəyli beş il qabaq ürəyi
ilə bağlı ciddi problemlərlə üzləşmişdi.
Dostları danışır ki, üç
gün heç nə yeyə bilməyən İttifaq ondan xəbər
tutmaq üçün gələnlərə zarafatla
deyibmiş ki, çənədən yetim qalmışam.
Sonradan həmin ifadə şeirə
çevrilib. Şeirin son bəndində deyilir:
Dədəmdən,
nənəmdən yetim qalmışam,
Dişimdən, çənəmdən yetim
qalmışam.
Mən
çox kimsənəmdən yetim qalmışam,
İlahi,
qələmdən yetim qalmayım!
Əziz qardaşıma yeni-yeni yaradıcılıq
uğurları və cansağlığı arzulayaraq onun bir
neçə şeirini hörmətli "525-ci qəzet"in
oxucularına təqdim edirəm. İnanıram ki, bu sətirlərin
onun ad günündə - 10 fevralda qəzetdə verilməsi
ona layiqli hədiyyə olacaq.
Gülzar
İBRAHİMQIZI,
filologiya elmləri
namizədi
525-ci qəzet.-
2015.- 10 fevral.- S7.