...Vəssalam
Gəldi
çatdı altmış
ilin hesabı -
Qazanc nədir? Xoşəhvalam, vəssalam.
Xoş əhval da aşan
dağı dikəltmir,
Çökür qəsrim, uçur qalam, vəssalam.
Ulduz yanında hilalam, haləli
Möminə əl uzatdım, piyaləli.
Dərdsiz üçün ney səsiyəm, naləli,
Dərdli üçün tar-qavalam,
vəssalam.
Ətrafımda görən yoxdu
tüstümü,
Hər baharda xəzan örtdü üstümü.
Duzlu kabab məst edəndə dostumu
Mən gəzirdim
duzlu kəlam, vəssalam.
Əl atıram, dərya olur bir qaşıq,
Qollarımda qandalımdır sarmaşıq.
Yollarımda kimsə yandırır
işıq,
Qoymayır ki, darda qalam. Vəssalam!
Fevral,
2013-cü il.
Bağışla İlahi...
Bulaq aradım, İlahi,
Neynirəm seli?.. Bağışla.
Yarı
məndən gizlədirsə,
Sevmirəm teli, bağışla.
Qan yaradan söz özüməm,
Suçlu dərə, düz özüməm.
Ocaq çatdım, köz özüməm -
Söndümsə, külü bağışla.
Yazma dövlət-varı mənə,
Bəsdi bircə darı mənə.
Kim yazdı ah-zarı
mənə?
Tanrım, o əli bağışla.
1987-ci il, Qutqaşen.
Kim oxudu Hisarı?
Hardan doğdu
həsrət dolu bu nəğmə?
Hardan gəldi
qulağıma sızıltı?
Kim dağıtdı sinəmdəki
baharı,
Kim qəsd etdi çiçəklərə,
Kim oxudu Hisarı?
Dərdli kaman niyə mağmın, fağırdı?
Tar inləyib kimi dada çağırdı?
Yanan gördüm nə kamanı, nə tarı,
Özüm yandım!
Kim oxudu Hisarı?
Yazıq
ana qız böyütdü - aypara,
Demədi ki, Arpaçayı apara.
Üzün tutub daşqın
sarı, sel sarı,
Kim ağladı, kim
qarğadı,
Kim oxudu Hisarı?
Yanıq
Kərəm yandı getdi ahıyla,
Xan Əsli cəng etmədi Allahıyla .
Belə
yanıq sayalanmaz, sağalmaz,
Ha məlhəm qoy, ha dərman et, ha sarı,
Kim düşündü, kim yaratdı,
Kim oxudu Hisarı?
Kim kəsdirdi qollarını
Babəkin?
Nəsimini soyduranın babası.
Qaranlığı kim gətirdi yurduma -
"Ocaq" yazan
ocaqsızın "sobası".
Dur Babəkim, qalx Koroğlum,
Viran oldu elin bəndi,
hasarı,
Kim oxudu, kim
oxudu, kim oxudu Hisarı?
Bakı,
1988-ci il
Dünya
bazar meydanıdır
Dünya
bazar meydanıdır,
Mən də itmiş bir uşaq.
Gözümdə dünya boydadır,
Səksəndiyim künc-bucaq.
Soruşurlar, adım nədir,
Haralıyam?
Danışmıram.
Heyrət
yüklü gözlərimdən
Yaş da çıxmır bircə
qram.
Danışmıram.
Adamlardan
-
məni dəli biləni var.
Geyindiyim
təlaşımı
Qorxu bilib güləni var.
Danışmıram.
Danışmasam -
Kim biləcək səsim
nədir?
Kim biləcək marağım
nə,
Bazarda həvəsim
nədir?
Danışmıram.
Bu bazarda -
Yoxdu bir nəfər tanışım.
Haray çəkir alverçilər,
Mən necə
dinim, danışım?
1996-cı
il.
Dəhlizdə əkilmiş bir
ağaca
Köhnə iş yerimizdə
tavana qədər uzanmış limon
ağacı var idi. Hər bahar çiçəkləsə
də, səkkiz ildə ondan bar görən olmadı.
Sənin
kimi yaşamağa nə varmış,
Sinən külək, üzün çovğun görməyib.
Su həsrəti çəkməmisən
bircə yol,
Aclıq dərdi başağrısı
verməyib.
Arxayınsan, ərköyünsən, əzizsən,
Dayanmısan dəhlizdə qorxubilməz.
Mənim
cavan budağımı
kəsirlər,
Sənin bircə yarpağın da üzülməz.
Barın
yoxdu, barı
kölgən olaydı
-
Bu dəhlizdə kölgə
kimə gərəkdi?
Qayğısızlar daş-qayada bitirlər,
"Qayğı" səni "taxta yeşikdə" əkdi.
Sənin
kimi yaşamağa nə varmış,
Sinən külək, başın çovğun görməyib.
Sənin kimi yaşamaq kimə lazım?
Hələ səndən heç kəs nübar dərməyib.
1996-cı
il.
lll
Getmirəm...
Aparmayın məni.
Davalı kinolara baxa bilmirəm.
O kinolar mənlik deyil -
Hər pərdədə bir atəşə, oda düşüb
Yanmadan çıxa
bilmirəm.
Göstərməyin, tanıtmayın
mənə
Reyxstaqa
girmiş,
Berlini dağıtmış
oğulları.
Dünyaya gəldiyim gündən
Gözlərimin önündədir
Atamın
müharibə yazılmış
Yanıq qolları.
1976.
O yan, bu yan
dünyadı bu
Səxavət Məmmədovun könül
oyan
"Segah"ından sonra
Çox
da oyma könlümüzü,
Könül oyan dünyadı bu.
Namərdləri bəzəndirib,
mərdi soyan dünyadı bu.
İl tozudur, ay qalığı,
Həftələr də ustalığı.
Dəryadan çıxan balığı
Arxda yuyan dünyadı bu.
Çox
da uyma daş-divara,
Xidmət eylə dosta-yara.
Gör nə qədər sənətkara
ölüm qıyan
dünyadı bu.
İttifaqam, gözüm dolub,
Ürəyimdə sözüm dolub.
Qardaşına hiylə olub
Dosta uyan dünyadı bu,
O yan, bu yan
dünyadı bu.
1988-ci il.
Mən də sevdim o gözəli...
Qırğızıstanlı jurnalist,
səfər yoldaşımız
Şirin
xanıma
Sanki Manas nəğməsidi,
Sözdü, görünür qız kimi.
Gözlərim oğruluq etdi,
Arsız kimi, xırsız kimi.
Sözlərini avaz edir,
Xəzan ömrümü yaz edir.
Hər teli bir cür
naz edir,
Ətrafında qırx qız kimi.
Dumduru bir türk soyudur,
Danışdırsan, dərd soyudur.
Boyu qərənfil boyudur,
Barmaqları yarpız kimi.
Belə
güllər sola bilməz,
Xara, sara qala
bilməz.
Pamir dağı ola
bilməz
Bizim Murov, Qırxqız kimi.
Gözlər andırır qəzəli,
Baxanda ruhlar təzəli.
Mən də sevdim o gözəli,
Qız kimi yox, qırğız kimi.
Dekabr, 2013-cü il, Ər- Riyad.
İttifaq MİRZƏBƏYLİ
525-ci qəzet.- 2015.- 10 fevral.- S.7.