"Görüş"lə başlanan uğurlu sənət
yolu
Kino sənətində ilk yaradıcılıq işindən
uğur qazanmaq hər rejissora nəsib olmur. Onun ilk ekran
əsəri olan "Görüş" filmi isə həm də tamaşaçı
auditoriyası ilə uğurlu bir görüş oldu və gənc rejissoru həmin vaxtdan bu sənətə
bağladı. Azərbaycan və
Özbəkistan pambıqçılarının
dostluğundan bəhs
edən filmi kino tariximizdə iki ölkənin aktyorlarının ilk müştərək
ekran işi kimi olduqca qiymətlidir.
Filmin quruluşunu
isə gənc azərbaycanlı rejissor Tofiq Tağızadə vermişdi. Onun debütü çox
uğurlu alınmış
və gənc rejissor bu ilk işindən nəyə qadir olduğunu göstərə bilmişdi.
Şübhəsiz, "Görüş", "Uzaq sahillərdə",
"Yeddi oğul istərəm", "Mən
ki gözəl deyildim" filmlərinə
baxmayan insan az tapılar. Bu filmlərin hər
birinin öz süjeti vardır. Rejissorun mövzulara özünəməxsus
yanaşma tərzi isə milli kinomuza yeni üslub
və nəfəs gətirmişdi.
Fevralın 7-də Azərbaycan kino sənətinin inkişafında
böyük xidmətləri
olan, adı çəkiləndə gözlərimiz
qarşısında sevə-sevə
seyr etdiyimiz bir çox filmlərdən maraqlı
epizodlar canlanan rejissor, Xalq artisti Tofiq Tağızadənin
96 illiyi tamam oldu.
O, 1919-cu ildə Bakı şəhərində dünyaya
gəlib. Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun
Kinorejissorluq fakültəsini
bitirdikdən sonra C.Cabbarlı adına
"Azərbaycanfilm" Kinostudiyasında
fəaliyyətə başlayan
Tofiq Tağızadə
milli kino tarixinin yeni səhifələrini yazıb.
Ömrünün 40 ilə yaxın dövrünü kinoda keçirən Tofiq Tağızadə çəkdiyi
filmlərdə özünü
professional rejissor kimi təsdiq etməyi bacarıb. Onun ekran əsərləri
Azərbaycan kinosunun ən nadir nümunələridir.
Bu filmlərin əksəriyyətinin tarixi
yarım əsrdən
artıq bir dövrü əhatə etsə də, mövzu və ideya baxımından bu gün da
aktuallığını qoruyub
saxlayır.
Görkəmli rejissorun "Görüş"dən
sonra ərsəyə
gətirdiyi "Uzaq sahillərdə", "Əsl
dost", "Mateo Falkone", "Mən rəqs edəcəyəm", "Arşın
mal alan", "Mən
ki, gözəl deyildim", "Yeddi oğul istərəm",
"Qızıl qaz",
"Dədə Qorqud",
"Babamın babasının
babası", "Bağ
mövsümü" və
digər kinofilmləri
onun yaradıcılığında
əsas yeri tutur. Bu filmlərdə
Azərbaycanın tarixi,
mədəniyyəti, məişəti
çox böyük sənətkarlıqla öz
əksini tapıb.
Onun Azərbaycanın kino tarixinə qızıl hərflərlə yazılmış
filmləri bu gün də əsl məktəbdir.
Bu ekran əsərlərindən
çox şey öyrənmək, əxz
etmək mümkündür.
Tofiq Tağızadə
hər birimizin yaddaşımızda zamanın
problemlərini ekrana gətirən və insanları bu aktual məsələlər
ətrafında düşünməyə
sövq edən görkəmli rejissor kimi qalıb. Rejissorun daxili
dünyası onun filmlərində əksini
tapır. Hər bir
filmində onun böyük bir insan və şəxsiyyət
kimi dəyərləri
görünür. O, tamaşaçı
ilə açıq mükaliməyə girir, onun daxili "mən"ini özü ilə üzbəüz qoyur.
Rejissorun
İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkdiyi
məşhur "Uzaq
sahillərdə" filmi
bütün zamanlarda Azərbaycan tamaşaçılarının
sevə-sevə baxdıqları
ekran əsəridir. Bu ekran əsəri
1959-cu ildə Kiyevdə
Ümumittifaq kinofestivalında
diploma layiq görülüb,
dahi bəstəkar Qara Qarayevə isə filmin musiqisinə görə kinofestivalın ikinci mükafatı verilib.
Tofiq Tağızadə
kinorejissor olmaqla yanaşı, bir çox filmlərdə rol alıb, həmçinin uzun illər respublikamızda kino işinin təşkilində və
milli kadrların hazırlanmasında da əvəzsiz xidmət göstərib.
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi
Tofiq Tağızadə
ömrünün son illərində
xüsusi studiya da yaratmışdı. Lakin amansız
əcəl onun işlərini yarımçıq
qoydu. Hazırda onun qızı
- Xalq artisti İranə Tağızadə
böyük sənətkarın
yolunu davam etdirir.
Türkan ABDULLAYEVA,
525-ci qəzet.- 2015.- 10 fevral.- S7.