Rəsul Rza
yaradıcılığında Azərbaycan dili məsələləri
(Əvvəli ötən
sayımızda)
Rəsul
Rza söz yaradıcılığı və onun prinsiplərinə
mütəxəssis kimi yanaşır, "niyə, nə
üçün belə olmalıdır" sualına
düzgün cavab axtarırdı. Ən başlıcası
sözyaradıcılığına yaradıcı şəkildə
yanaşmaqla dilin öz dühasına və imkanlarına
üstünlük verirdi. Nə üçün anmaq demək
olar, anımlı demək olmaz, duymaq demək olar, duyum demək
olmaz? Onun fikrincə, deyə bilmədiklərimizi işlətməklə
deməliyik. O ki qaldı hansı məntiqlə bu sözlərin
işlənməsinə, burada dilin öz məntiqinə
söykənməyi əsas götürürdü. Dil
özü nəyin saxlandığını, nəyin
atıldığını özü tənzimləyir. Təsadüfi
deyil ki, Rəsul Rza bu məsələdə Belinskinin belə
bir fikrinə istinad edirdi: "... dilin dühası
yazıçılardan daha ağıllıdır. Nəyi
saxlamaq, nəyi tullamaq lazım olduğunu bilir".
Rəsul
Rza dili məhdud qaydalar çərçivəsində
saxlamağı mümkün hal hesab etməmiş, dilin müəyyən
qaydalarını gözləməyi şərtilik kimi qəbul
etmişdi. Onun fikrincə, formal yanaşsaq, qəzet yazır əvəzinə
qəzetdə yazılmışdır, daha dəqiq dərc
olunmuşdur deməliyik. Həm də onun fikrincə, sözləri
belə işlətməyimiz bizdə bir şübhə,
etiraz, qeyri-təbiilik hissi oyatmır. Yenə də o fikrə
qayıtmaq istəyirik ki, Rəsul Rza dilin müəyyən
qaydalarının gözlənilməsini şərti hesab
edib. O, bu məqamda A.S.Puşkinin məşhur fikrinə
üstünlük verib: "Qrammatik səhvi olmayan rus dilinə
mən dözə bilmirəm".
Rəsul
Rza A.S.Puşkinin bu fikrinə məntiqli bir izah da verir. Qeyd
edir ki, A.S.Puşkinin bu fikri qrammatik qaydalara etinasızlıq
deyil. Bu, dilin canlı bir orqanizm olduğuna işarədir. Dil
canlı bir orqanizm olmaqla zənginləşir, təkmilləşir.
Qrammatik qaydalar isə mövcud dil əsasında yaranır. Yəni
qrammatika mövcud dil materiallarından (sözlərdən,
söz birləşmələrindən, cümlələrdən),
dilin özündən ərsəyə gəlir. Bu mənada
bu gün qrammatik səhvi olan söz, ifadə sabah öz
düzgün varlığını üzə
çıxaracaq və nəticədə mövcud qrammatik səhvi
islah edəcək, bununla da normativ qrammatikaya xidmət göstərəcək.
Rəsul
Rza dil mədəniyyətini anlamağın bir yolunu da
dilimizin tarixini, məhz uzaq tarixini öyrənməkdə
görürdü. Belə hesab edirdi ki, Azərbaycan
dilçiliyində dil tarixi ilə dilçilərimiz az məşğul
olur. Halbuki dilimizin tarixini, eləcə də dilimizin tarixinə
aid olan ayrı-ayrı dil faktlarını tədqiq etməyə
ehtiyac var. Bu istiqamətdə görüləcək işlər
dilimizin tarixi durumu ilə yanaşı, həm də onun
inkişaf yollarını və inkişaf yollarının
problemlərini öyrənməyimizə imkan verəcək. Rəsul
Rza dilimizdə dil tarixinin qalıqları barəsində elə
nümunələr gətirir ki, bunlar dilçiləri
düşündürməyə bilməz, eyni zamanda bu
analogiyaları axtarıb tapmağı unutmaq olmaz. Onun bu
istiqamətdəki mülahizələrinə fikir verək:
"Dilimizdə olan ayrı-ayrı qalıqları dərindən
təhlil edib, dilin inkişaf yolunu aydınlaşdırmaqda
görüləsi işimiz çoxdur. İndoneziyalılar
bir şeyin çoxluğunu bildirmək üçün
sözü təkrar edirlər. Onlar "yoldaş"
sözü yerinə "kavan" sözünü işlədir,
"yoldaşlar" demək lazım gələndə bu
sözü təkrar edir, "kavan-kavan" deyirlər. Eləcə
də "institut-institut" və bu kimi. Mənə elə
gəlir ki, azərbaycanca da belə cəm şəklinin
qalıqları var. Qoşun-qoşun, qat-qat, dönə-dönə,
dəstə-dəstə və bu kimi. Doğrudur, bu söz təkrarında
müəyyən şəkil çaları var. Lakin
"qat-qat artıq" dedikdə çoxluq nəzərdə
tutulur. Dəstə-dəstə,
qoşun-qoşun dedikdə yenə də çoxluq əsas mənadır".
Rəsul
Rza eyni bir modeldə, qəlibdə olan sözlərin
hamısını dilə yatımlı sözlər kimi qəbul
edir, onların hər birinə dilin təbii elementləri kimi
yanaşır. Belə sözlərin dilimizdə işləkliyinə
imkan yaratmağı vacib sayır, eyni zamanda onların
imtiyazlı olmasının tərəfdarı olur. Məsələn,
dilimizdə görüm, baxım, içim, gəlim, verim,
atım (bir atımlıq barıtı var), yeyim, geyim və s.
kimi sözlərin varlığı təsdiq edir ki, belə
bir modeldə olan sözlər artıq özünü təsdiq
edib. Belə olan təqdirdə, Rəsul Rzaya görə,
vaxtilə Yeyinti sənayesi şəklində işlənən
nazirliyin adı Yeyim Nazirliyi adlanmalıdır. Belə bir ad isə
etiraz doğurmamalıdır. Onun fikrincə, yeyinti
sözü mənfi mənada olan sözdür. Odur ki, mənfi
mənalı bu sözün müqabilində yeyim sözü
daha məqbuldur.
Rəsul
Rza çıxışlarında, məruzələrində
dil məsələlərinə təəssübkeşliklə
yanaşıb, onun problem və qayğılarını diqqət
mərkəzinə çəkib. O, dilə bir mədəniyyət
abidəsi kimi yanaşaraq onun bütün cəhətlərini
dərk etməyi vacib sayıb. Dilimizi geniş imkanlara malik
olan bir dil kimi dəyərləndirib. Dilimizin ənənə
üzərində inkişaf etdiyini diqqətə
çatdırıb. Rəsul Rzaya görə, Azərbaycan
dili ata-babalarımızın danışdığı
dildir. Azərbaycan dili klassiklərimizin (Füzulinin, Xətainin,
M.F.Axundovun və digərlərinin)
yazıb-yaratdığı dildir. Azərbaycan dili uzun illər
boyu sürətlə inkişaf etmiş, zənginləşmiş,
saflaşmış dildir. Hətta Sovet hakimiyyəti illərində
də sürətlə inkişaf edib, bu dildə milyonlarla
elmi, bədii, siyasi əsərlər çap olunub. Rəsul
Rza bununla həm də onu anlatmağa çalışıb
ki, hər bir kəs Azərbaycan dilinin dövlət əhəmiyyətini
başa düşsün. Ona görə də Rəsul Rza o
vaxt dövlət vəzifələrində
çalışan məmurlara da öz fikir və mülahizələrini
çəkinmədən söyləmiş, qüsurları
islah etməyi gündəmə gətirmişdi. O,
çıxışlarının birində o vaxtkı səhiyyə
naziri Axundovun Azərbaycan dilində etdiyi məruzəsini
ruscadan tərcümə olunmuş bir məruzə kimi qeyd
etmişdi. Bu barədə o,
çıxışlarının birində deyirdi:
"Axundov yoldaş hər yerdə ruscadan mexaniki tərcümə
olan 100 çarpayılıq xəstəxana, çarpayıların
sayı və s. deyirdi. Biz heç bir zaman xəstəxanada
çarpayınız varmı demirik, biz deyirik: yer varmı. Xəstəxanada
100 yer var, 10 yer var. Biz heç vaxt klubda 500 stul var demirik. Biz
filan qədər yer var deyirik. Axundov yoldaş Azərbaycan
dilini yaxşı bilir, bəs necə olub ki, o, azərbaycanca
edəcəyi məruzəni əvvəlcə rusca
yazmışdır. Mən Axundov yoldaşı
qınamıram. Görünür o, öz şöbə və
müəssisələrindən məruzə
üçün lazımi arayışlar tələb edəndə
ona bu materialları Azərbaycan dilində vermirlər. O da məcbur
olur ki, tərcümə elətdirsin".
Rəsul
Rza Azərbaycan dilinin dövlət əhəmiyyətindən
o zaman bəhs edib ki, onda dilimizə qarşı basqılar və
təzyiqlər çox güclü idi. Həmin dövr XX əsrin
50-ci illəri idi. O illər idi ki, həmin illərdə hələ
repressiyanın dalğaları tam şəkildə
ötüb keçməmişdi. Hələ də
ziyalılarımız xof və qorxu içərisində
yaşayırdılar. Hələ də milli məzmunda olan
fikirlər, mülahizələr o dövrün
ideologiyasını və ideoloqlarını razı
salmırdı. Belə bir şəraitdə 1956-cı ilin 20
avqustunda Rəsul Rzanın sessiyada Azərbaycan dilinin dövlət
əhəmiyyətindən danışması o qədər də
sadə və asan məsələ deyildi. Rəsul Rza o
dövrdə rus dilinin oynadığı rola, eləcə də
nüfuzuna kölgə salmadan doğma Azərbaycan dilinin
böyük rolunu da dərk etmək, onun işlənməsini,
məhz dövlət idarələrində işlənməsini,
hər cür təcavüzdən qorunmasını lazım
bilərək deyirdi: "... Bizim mədəni
inkişafımızda qardaş rus xalqının, onun gözəl
dilinin böyük rolu olmuş və vardır. Rus dili vasitəsilə
bizim bədii, elmi əsərlərimiz geniş beynəlxalq
sahəyə çıxır. Biz bunu böyük bir minnətdarlıq
ilə deməliyik. Lakin elə adamlar vardır ki,
respublikamızda əsas dil olan Azərbaycan dilinin böyük
rolunu lazımınca dərk etmirlər".
Rəsul
Rza XX əsrin 50-ci illərində Azərbaycan dilinin öyrənilməsi,
yazı-pozu işlərinin aparılması, bu dildə təhsil
almaq sahəsində mövcud olan nöqsanları nəzərə
çatdırmaqla dilin arxasında xalqın elmi, ədəbiyyatı,
sənəti, taleyi dayandığını söyləyirdi.
O, 1956-cı ilin 20 avqustunda sessiyadakı
çıxışında üzünü o vaxtkı maarif
naziri M.Məmmədova tutaraq deyirdi ki, ildən-ilə orta məktəblərdə
Azərbaycan dilində təhsil alanların sayı azalır.
Bununla da o, doğma Azərbaycan dilinin təhsil, elm dili kimi
öz layiqli yerini tutmasını təmin etmək
üçün hər cür şəraitin
yaradılmasını inadla tələb edirdi.
Rəsul
Rza hələ XX əsrin 30-cu illərində doğma Azərbaycan
dilinin taleyi ilə bağlı tələbkar
çıxışlar edirdi. Dilin təbliğat vasitəsi
kimi rolunu nəzərə alaraq qəzet və jurnallarda
yerli-yersiz işlənən sözləri qüsur və
nöqsan kimi qəzet, jurnal işçilərinin nəzərinə
çatdırırdı. O, 1939-cu ilin 11 iyulunda Azərbaycan
Ali Sovetinin sessiyasındakı çıxışında
deyirdi: "Öz ana dilini bilməyən insan başqa dilləri
də lazımi dərəcədə mənimsəməyə
qadir deyil... Dil qüdrətli təbliğat vasitəsidir. Təəssüf
ki, bizim qəzet və jurnallarımız, bəzi
yazıçılarımız bunu başa düşmür.
Mən bilmirəm hansı əsasla və nə haqla
"Kommunist" qəzeti özbaşınalıqla dilimizə
finans, promısel, sopka, produkt, stimul, çaşka və bu
kimi sözləri gətirir, halbuki bizim dilimizdə bunların
öz adları var: maliyyə, vətəgə, təpə, məhsul,
həvəs, fincan və s. Niyə traktorçu əvəzinə
traktorist yazılmalıdır".
Rəsul
Rza dilimizin taleyinə çox ciddi yanaşırdı. Onun
fikrincə, bir neçə adam, bir neçə qəzet və
jurnal dilin taleyini həll edə bilməz. Dilin taleyi elə
xalqın taleyidir. Dilin ən böyük qoruyucusu isə elə
xalqdır.
Rəsul
Rza "vahid kommunizm dili" yaratmaq istəyənlərə də
öz sözünü cəsarətlə deyirdi: "Qoy bizim
bəzi nəşriyyat və mətbuat işçiləri gələcəyin
böyük və vahid kommunizm dilini yaratmağa tələsməsinlər.
Necə deyərlər, "çay keçmədən
çırmanmasınlar, yay gəlmədən
qızmasınlar". Cahillik nəticəsində dilimizi
zibilləməsinlər".
Rəsul
Rza ədəbi dil, bədii dil və klassiklərin
yaradıcılığında müəyyən kəlmələrin,
sözlərin yerli-yerində işlənməsi, onların bəzilərinin
olduğu kimi müasir dilimizdə qorunub saxlanması barədə
maraqlı fikirlər söyləyib. Bir sıra kəlmələrin
Nəsimi yaradıcılığında azərbaycancaya
uyğun işlənməsini qeyd edib: bən yox, mən;
şimdi yox, indi; kiprik yox, kirpik; iləri yox, irəli və s.
Rəsul
Rza klassik irsimizin nəşri ilə bağlı problemlərə
də günün vacib məsələsi kimi yanaşıb.
O, ərəb əlifbası ilə çap olunmuş klassiklərimizin
yaradıcılığının müasir əlifba ilə
(o dövrdə kiril əlifbası ilə) çap olunması
ilə bağlı maraqlı fikirlər söyləyirdi: a)
klassiklərimiz - şairlərimiz, alimlərimiz,
yazıçılarımız ərəb - fars sözlərini
çox işlətməklə yanaşı, onların
(sözlərin) məna çalarlarından da bacarıqla
istifadə ediblər. Odur ki, bunlar nəzərə
alınmalıdır; b) ərəb əlifbası ilə
yazılan sözlərin cümlə tərkibində mənaları
fərqləndirilir, bunları bilmək vacibdir; c) ərəb əlifbası
ilə çap olunmuş elmi və bədii əsərlər
sahəsində tədqiqat işləri aparanlar və əsərləri
müasir əlifba ilə (o dövrdə kiril əlifbası
ilə) çap edənlər çətinliklərlə
qarşılaşır; ç) ərəb əlifbası ilə
çap olunmuş əsərlərin tərcüməsində
elmi - transkripsiya yaradılmalıdır ki, ayrı - ayrı
sözlər, onların mənaları dəqiqliklə
çatdırıla bilsin və sair, və ilaxır.
Rəsul
Rza elmi transkripsiya yaradılması məsələsində
görkəmli bir mütəxəssis, dilçi alim kimi
düşünürdü: "Belə transkripsiyadan (elmi
transkripsiyadan - B.X.) yalnız sözün məna fərqlərini
ayırd etmək üçün deyil, həm də
uzadılan və qısa saitləri düzgün oxuya bilmək
üçün məktəb dərsliklərində istifadə
etmək olar.
Hazırda
istifadə olunan dialektoloji transkripsiya kamil deyil və ümumi
elmi transkripsiyanı əvəz edə bilməz".
Rəsul
Rzanın dillə bağlı fikirləri, mülahizələri
təsdiq edir ki, o, böyük təcrübəyə, dərin
zəkaya, düzgün təhlil etmək bacarığına,
ən başlıcası isə təşəbbüskarlığa,
dilimizin, ədəbiyyatımızın, bir sözlə, mədəniyyətimizin
problemlərinə hərtərəfli yanaşmağa qadir
şəxsiyyət olub.
Buludxan XƏLİLOV,
filologiya elmləri doktoru,
professor525-ci qəzet.- 2015.- 10 fevral.- S.6.