Təhsil islahatı: miflər və
reallıq
Açar sözlər: təhsil islahatı, dövlət strategiyası, islahatın sabitliyi və səmərəliliyi,kompetensiya yanaşması, innovasiyalar, fəal(interaktiv) təlim
Təhsil islahatı ən çətin islahatlardan biridir, çünki o həm ölkənin milyonlarla vətəndaşının həyat və maraqlarını əhatə edir, həm də bu islahat ən çətin maneələrdən biri olan - insan təfəkkürünün yeniliklərə uğunlaşma prosesinin ləng getməsi, ziddiyyətlərlə dolu, mifik, artıq özünə yer almış çox zaman yalan fikirlər kimi mövcud stereotiplər və quraşdırılması, çətinliklərin öhdəsindən gəlməlidir. İslahat haqqındakı məqalədə ifadə olunan fikirlər çoxillik fərdi innovasiyaların həyata keçirilmə təcrübəsindən irəli gəlir; həm Bakı Avropa Liseyi çərçivəsində ( istedadlı uşaqlar üçün innovativ məktəb) , həm də Azərbaycanda və başqa ölkələrdə olan təhsil islahatı səviyyəsində. Bölüşmək istədiyim fikirlər sizə mübahisəli görünə bilər, bu, daha yaxşıdır, ona görə ki müzakirələrə və yenidən düşünməyə zəmin yarada bilər.
Təhsil islahatları lazımdırmı? Yəqin ki,əhalinin əksəriyyəti belə cavab verəcək: Bəli. Biz hamımız anlayırıq ki, yaşamaq üçün müxtəlif qanun və qaydaların qüvvədə olduğu, daim dəyişən, dinamik, qlobal qarışılıqlı əlaqədə olan bir dünyada yaşayırıq. Biz istəyirik ki, bizim övladlarımız bu dünyada yaşaya bilsin, arzu edirik ki, onlar uğurlar qazansınlar, xoşbəxt olsunlar. Hətta heç vaxt təhsilin yeni ənənələri haqqında eşitməyən, cahil adam belə başa düşür ki, rəqabət nədir və uşağa gələcəkdə həm öz ölkəsində, həm də xarici əmək bazarında işlə təmin olunmaq üçün hər şey verə biləcək yenilənmiş təhsil lazımdır. Biz (həm dövlət, həm də onun vətəndaşları) istəyirik ki, uşaqlarımız təlim prosesinin bütün iştirakçılarına maraqlı olan, psixoloji iqlimi yararlı olan, müasir, abadlaşmış məktəbdə təhsil alsınlar. Biz istəyirik ki, təhsil gənclərə cəmiyyətin layiqli nümayəndəsi, ailənin nümunəvi üzvü və peşəkar insan olmaq üçün imkanlar yaratsın.
Biz çox şey istəyirik və istəyirik ki, bunlar dərhal və çətinlik çəkmədən həyata keçsin. Amma bu yalnız nağıllarda olur. Həqiqətdə isə fərd olaraq götürülən hər bir insanın təhsil dövrü onilliklərlə uzadılır.
Hamı islahatın mahiyyətini başa
düşürmü? Yəqin
ki , cavab “ xeyr” olacaq. Gəlin
araşdıraq, niyə?
Güman
etmirəm ki, kimsə təhsil islahatının mütləq
olması ilə razılaşmasın. Bu, kiminsə istəyi
deyil, bu, sosial sifarişdir, zamanın tələbidir. Məlumat
partlayışına gətirib çıxaran elmi-texniki tərəqqi və kommunikasiya
texnologiyalarının
inkişafı nəinki istifadə olunan məlumatların
həcmini on dəfə böyüdür,eləcə də bilik və məlumatların tez kohnəlməsinə və yenilənməsinə gətirib
çıxarır. Müstəqil həyata qədəm qoyan
gənclər, həmçinin onların valideynləri bilməlidirlər
ki, hər 5-7 ildən bir mövcud olan peşələrin
siyahısının yarıdan çoxu yenilənir və
müasir insan bütün həyatı
boyu orta hesabla 3-5 dəfə ixtisasartırma
keçməlidir və həyatda
uğur qazanmaq üçün
o, bunlardan əlavə, “ XXI əsrin bacarıqları” na yiyələnməlidir;
məlumat axarında düzgün seçim etmək və məlumatla
işləmək ( axtarış, təhlil, istifadə, qiymətləndirmə)
bacarıqları, kommunikasiya və
problemlərin həlli bacarıqları. Bundan əlavə,
öz məqsədlərinə çatmaq üçün
ona xüsusilə bu kimi şəxsi keyfiyyətlər vacibdir: təşəbbüskarlıq
və işgüzarlıq, sərbəstlik və məsuliyyətlilik,
çeviklik və yaradıcılıq, ömür boyu oxumaq
və öyrənmək bacarığı. Bunların
hamısını köhnə məktəb öyrədirmi?
Bizə, həmçinin bəndəniz daxil olmaqla, tərbiyə vermiş o məktəbə bütün
ehtiramımıza baxmayaraq, əlbəttə, yox.
Çox
şey bizdən- müəllimlər və məktəb rəhbərlərindən
asılıdır. Lakin biz bunun
üzərində nə qədər çalışsaq da,
(hərə öz məktəbində) bu məqsədə
çatmaq üçün əsas vasitə düzgün təhsil
siyasətidir. Başqa sözlə, dövlətin və
hökumətin və onun əsas nümayəndəsinin - Təhsil
Nazirliyinin fəaliyətidir.
Yeni təhsil
siyasətinin keyfiyyəti
stereotiplərin dağıdılmasından,əksər
iştirakçıların təhsil prosesindəki qorxu
və fəaliyyətdə
inersiyanın dəf etməsindən asılıdır.
Hamı təhsil islahatını istəyir, amma onun həyata keçirilməsi
üçün qarşılığın özlərinin dəyər və
psixoloji yönəlişlərinin, adət halını
almış hərəkət və
təsəvvürlərin, həyat tərzinin dəyişdirilməsi
ilə ödənilməsinə hazır deyil.
Bizdə
islahat necə gedir?
Dünyada
elə bir ölkə yoxdur ki, hal-hazırda orada təhsil
islahatının həyata keçirilməsi prosesi getməsin.
İş burasındadır ki, başqa ölkələrdə
bu islahatlar nə birinci, nə də sonuncudur. İslahat - daimi
prosesdir.
Nəzərə
almaq lazımdır ki, nisbətən inkişaf etmiş və keçid dövrünü
yaşayan ölkələrdəki
islahatlar bir-birindən fərqlidir.
Son halda olan islahat diktə olunmuş, cəmiyyətin
kökündən dəyişdirilməsi , dövlətin
inkişafı və rəqabət bacarığını təmin
etmək məqsədilə böyük bir struktur və funksional dəyişiklikləri
kompleks halında əks etdirir. Bütün müasir
islahatların ümumi cəhəti “bilik iqtisadiyyatı”
anlayışı ilə bağlı olan müasir inkişaf
ideologiyasına malik olmasıdır. Bilik iqtisadiyyatı o
iqtisadiyyatdır ki, orada inkişafın əsas amili insan biliyi və insan
kapitalıdır. Bu iqtisadiyyatın inkişaf prosesi insan
kapitalının keyfiyyətinin artması, yaşayış tərzinin
yüksəldilməsi, yüksək texnologiyalara aid biliklərin əldə olunması,
innovasiya , yüksək keyfiyyətli xidmətlə
bağlıdır. Bilik iqtisadiyyatı ideyası Azərbaycan
təhsil islahatlarının yeni strategiyasının əsasını təşkil edir.
Təəccüblü
olsa da, xarici ekspertlərin qiymətləndirməsinə
görə, keçmiş postsovet məkanında sabitlik və
dinamiklik nöqteyi-nəzərindən Azərbaycanda olan təhsil
islahatı ən uğurlu
islahatlardan biri kimi sayılır. Bu islahat aramsız olaraq 18
ildir ki, həyata keçirilir. Ancaq yaxın günlərə
qədər bu islahatın daha əhatəli , sistemli və
keyfiyyətli olmasını istəyirdik.
Ölkənin Təhsil Nazirliyinin rəhbərinin dəyişdirilməsinə
qədər islahatların
birinci,daha mürəkkəb ,əzablı və əsas
dövrü başa
çatmışdı.
Məktəb
təhsilinin islahatlarının birinci ilindən bu işdə
iştirak etmiş insan kimi islahatların I mərhələsinin
mürəkkəbliyini qeyd etmək istəyirəm. İlk illər
biz islahat prosesini necə həyata
keçirməyi öyrənirdik,
məhdud məqsədlər və
iştirakçılarla pilot layihələri formasında birinci addımlar
atılırdı. Daha sonra 2007 –ci ildən etibarən islahatların daha böyük miqyaslı mərhələsi başlandı. O, təhsilin yeni
aspektləri ilə yanaşı, (nəinki orta məktəblərdə,
dərsliklərin islahatı, peşəkar müəllim
hazırlığı,İKT-nin tətbiqi) bütün
ölkə üçün
islahatın yeni istiqamətlərini
müəyyənləşdirdi.
Kurikulum islahatının ilkin mərhələsində
Milli Kurikulum, qiymətləndirmə
və ibtidai təhsilin fənn
kurikulumunun məzmun standartlarını, təlimin metodologiyasını, şagirdlərin
nailiyyət göstəricilərini əks etdirən konsepsiya
hazırlanmışdır. Bu, çox vacib addım idi,
yalnız onun
reallaşdırılmasına kifayət qədər
hazırlığı olmamışdır , çünki
didaktik və öyrədici
materialların, tətbiqetmə prosesinin, yeni kurikulumun
reallaşdırılması
üçün ən
vacib sənədlərin yoxlanılmasının pilot mərhələsi
keçirilməmişdir.
Hazırkı mərhələnin bütün materialları təhsilin qabaqcıl nəzəriyyələri üzərində qurulurdu: Blumun təlim məqsədləri, fəal/interaktiv təlimin metodologiyası və formativ qiymətləndirmə və s.. Bu nəzəriyyələr və metodologiyalar bir neçə dəfə qabaqcıl beynəlxalq təcrübələrdə yoxlanılmışdır, ancaq Azərbaycanda reallaşdırılması üçün əlavə təcrübənin öyrənilməsi və adaptasiyası lazım idi. Buna baxmayaraq, reallaşma prosesi başlandı və heç bir çətinliyə baxmayaraq, sabit şəkildə davam edirdi.
Hazırkı prosesin uğuruna UNICEF və Dünya Bankı kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Azərbaycanın təhsil sahəsindəki mütəxəssislərinin və təcrübəli müəllimlərinin köməyi təsir etmişdir.
Heç bir islahat səhvsiz və uğursuz keçmir. Bunun bir çox səbəbləri vardır, bunlardan biri də islahatın ideyalarını düzgün şəkildə təcrübə üçün işləyən və yerinə yetirən ixtisaslaşmış mütəxəssislərin olmaması idi. Elə buna görə də I mərhələdə yaradılmış standartlar və dərsliklər valideynlər və müəllimlər tərəfindən bu qədər iradlara məruz qalmışdır. Xüsusilə, yeni kurikulumun reallaşdırılması prosesində:
· dərsliklərin məzmunu və standartların uzlaşmaması;
· dərsliklərdə təlim bacarıqlarını formalaşdıran elmi prinsiplərin pozulması (bu xüsusilə riyazi təfəkkür bacarıqlarına aiddir );
· verilən bilik və bacarıqların möhkəmləndirilməsinə imkan verməyən, həmçinin həddən artıq materialın verilməsi və dərsliklərin yüklənməsi kimi problemlər ortaya çıxırdı. ( Hal-hazırda müəllimlərin əsas şikayəti hər dərs yeni mövzunun keçilməsi,verilmiş biliklərin möhkəmləndirilməməsidir.)
Kurikulumun reallaşması prosesində sənədlər , resuslar, anlayış bazası, metodologiyası yenidən işlənir, kurikulumu reallaşdıran müəllimlərin ilkin hazırlıq mərhələsi həyata keçirilirdi.
Qeyd etmək lazımdır ki, müəllimlər üçün lazımi qədər yüksək səviyyəli treninqlərin keçirilməməsi, əsas anlayış və yanaşmaların çatdırılmasının üst-üstə düşməməsi , mütəxəssis hazırlığı üçün ayrılmış vaxtın azlığı sonuncu prosesin ən ağrılı cəhətləri idi. 10 gün müddətində müəllimləri onlar üçün inqilabi dəyişiklikləri həyata keçirməyə hazırlamaq ən yüksək ixtisaslı təlimçinin belə imkanı xaricindədir. Keçirilmiş təlimlərdən arzuolunan nəticəni əldə etmək üçün müəllimlərin sistematik və uzunmüddətli hazırlıq proqramı olmalıdır. Habelə müəllimlərin mütamadi olaraq peşəkarlıq səviyyəsini qaldırmasını təmin etmək məqsədi ilə qısamüddətli seminarlar, treninqlər, distant təlim və onların peşəkar fəaliyyətinin monitorinqini, yerlərdə məsləhətlər (“təcili yardım”) keçirmək olar. Bundan əlavə, bütün müəllimlər üçün əldə olan metodiki vəsaitlərlə , resurslarla (eləcə də onlayn) təmin olunmaq imkanları yaradılmalı, həmçinin onların tələbatlarına cavab verən yeni resurslar işlənib hazırlanmalıdır.
İş yerindən ayrılmadan müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması sistemi bu mənada daha səmərəlidir. Habelə məktəb müəllimlərin motivasiyası və rəqabəti üçün xüsusi iqlim yaratmalıdır.
Məktəb təhsilinin islahatında bizi nə qorxudur?
“Kurikulum”- bu söz insanları islahatın özündən daha çox qorxudur.Kurikulum sözünü pisləmək artıq adət halını alıb. Bunun səbəbi həm müəllimlərin , həm də ictimaiyyətin bu məsələ haqqında az məlumatlandırılmasıdır.
“Kurikulum” nə deməkdir? Kurikulum - yeni məqsədlərlə, yeni məzmun, təlim üsulları və qiymətləndirmə əsasında təlim prosesinin qurulmasına müasir yanaşmadır. Başa düşmək lazımdır ki, məktəb kurikulumundakı quruluş və məzmun sahəsindəki aparılan dəyişiklikləri (yəni, məzmununda, təlimin metodikası və şagird nailiyyətlərinin qiymətləndirilməsində) islahatın digər tərkib hissələri üçün aparıcı qüvvə kimi qəbul etmək lazımdır. Konseptual planda kurikulum islahatı milli təhsil sisteminin islahatının əsas tərkib hissəsi və eyni zamanda onun müvəffəqiyyətinə zəmanət verən amil kimi çıxış edir.
Yeni kurikulumun tətbiqi bütün ölkədə bu yeniliyin müzakirə dalğasını yaratdı. İnsanlara hər şey xoş gəlmirdi və aydın deyildi: həm kurikulumun adı, həm də onun tətbiqi. İlk növbədə hamının diqqətini nə cəlb etdi? Hamının diqqətini keyfiyyətcə o qədər də qənaətbəxş olmayan yeni dərsliklərin çap olunması, müəllimlərin yeni, fəal(interaktiv) təlim üsulları ilə tədris etməyə başlaması cəlb etdi. Belə ki, bu üsullar nəinki valideynlərə , hətta bəzi müəllimlərə də tam aydın deyildi. Bu metodologiyanın əvvəldən (hal-hazırda da) peşəkarcasına tətbiq edilməməsi və valideynlərin maarifləndirilməsi işinin düzgün aparılmaması səbəbindən, o çoxlu tənqidə məruz qaldı və bu, indi də davam edir.
Müasir təhsilin ən vacib ideyası olan fəal (interaktiv) təlimin eybəcərləşdirilməsinə aid bir nümunə göstərəcəyəm. Bu müasir təlim metodologiyasının Azərbaycanda tətbiqinin ilk illərində bir çox müəllimlər, xüsusən də direktorlar , yeniliyi müvəffəqiyyətlə həyata keçirdiklərini nümayiş etdirmək üçün birinci sinifləri qrup işi üçün birləşmiş şəkildə düzülmüş partaların arxasında oturdurdular. Uşaqlar isə fəaliyyətlərindən asılı olmayaraq, bütün dərslərdə belə oturmağa məcbur idilər. Bəlkə də, indi də belə hallara rast gəlmək olar… Mən bu vəziyyətlə bir sıra məktəblərdə kurikulumun tətbiqinin monitorinqi zamanı rastlaşdım. Müəllimlərdən bunu nə üçün etdiklərini soruşanda fəxrlə aydınlaşdırırdılar ki, fəal təlim üsullarını tətbiq edirlər.
Belə kəsişmələrdə islahatın əsas effektiv ideyaları öz mənasını və əhəmiyyətini itirir. Nəzərə alsaq ki, bu islahatlardan daha çox valideynlər narazıdırlar, onlar arasında maariflənmə işi aparmaq lazımdır. Valideylnlərin nöqteyi nəzərindən uşaqların məntiqi məsələlərlə həddən artıq yükləndirilməsi, yeni qiymətləndirmə üsullarının səmərəsizliyi, dərsliklərdəki səhvlərinin əsl səbəblərinin aydınlaşdırması lazımdır. Məsələn, şagirdlərin ev tapşırıqları ilə yüklənməsi ondan irəli gəlir ki, müəllim təlim proqramını yeni metodlarla həyata keçirməyi hələ ki tam mənimsəməyib və tez-tez dərsdə çatdırılmayan işləri ev tapşırıqlarına əlavə edir. Təəssüf ki, formativ qiymətləndirmə sistemi də valideynlər tərəfindən neqativ qarşılanır. Halbuki belə qiymətləndirmə şagirddə qiymət sarıdan stresi azaldır, öz tempində və istiqamətində inkişaf etməsinə şərait yaradır, vaxtında əks - əlaqə almağa, səhvlərdən və uğursuzluqlardan qorxmamağa kömək edir, təlimdə yaranan problemləri dəf etmək səyini formalaşdırır. Səbəb bundadır ki, ya valideynlər özləri bu məsələdə çox maariflənməmişlər, ya onlar üçün qiymət şəklində əks - əlaqə daha münasibdir, ya da ki qiymətləndirmə lazımi şəkildə aparılmır.
Beləliklə, biz görürük ki, islahatın gedişində yeni-yeni suallar ortaya çıxır. Bu suallar kurikulum islahatını həyata keçirən mütəxəssislərin və icra alətlərinin daha yüksək səviyyəli olmasını tələb edir. Xüsusilə, artıq indi kompetensiya yanaşması əsasında kurikulum islahatının konseptual-terminoloji bazasında dəyişikliklərə kəskin zərurət yaranıb. Bu zərurət 2020-ci ilə qədər Azərbaycanın təhsil strategiyasının birinci (təhsil məzmunun inkişafı) və ikinci (müəllimlərin peşəkarlıq səviyyəsinin inkişafı) istiqamətlərində əks olunub. Bu yanaşmanın əsasında kompetensiya (səriştə) anlayışı durur. Bu anlayış özündə təkcə həyati tələbat və məsələləri uğurla realizə olunmasına təsir göstərən bilik,bacarıq və vərdişləri əks etdirmir, eyni zamanda, dəyərləri və şəxsi keyfiyyətləri də təcəssüm etdirir. İslahatda XXI əsr bacarıqlarının inkişafına xüsusi fikir verilməlidir. Kompetensiyaların inkişafı həm şagird, həm də müəllimdə baş verməlidir. Ona görə də kompetensiya yanaşması əsasında orta təhsilin məzmununda yeni standartların işlənməsi, müəllimlərin peşəkar hazırlıq standartlarının yaradılması, və onlara nail olması üçün kompleks xarakter daşıyan mexanizmin yaradılması zəruridir. Bu ,məktəb təhsili islahatında əsaslı inkişafı təmin etməyə imkan verəcək.
Yuxarıda adı çəkilən qiymətləndirmə sistemində də böyük iş görülməlidir. Baxmayaraq ki, şagird nailiyyətlərinin qiymətləndirməsi üzrə çox vacib konseptual sənəd mövcuddur, indiyə qədər formativ qiymətləndirməni həyata keçirən konkret mexanizmlər işlənməmişdir. Bal ilə qiymətləndirmə sistemi də təcili islahatlar tələb edir. Bu qiymətləndirmə sistemi daha differensial, obyektiv və uşağın gələcək həyat üçün zəruri olan kompetensiyaların inkişafı tələbatına həssas olmalıdır.
Nəticə çıxaraq: biz nəyə doğru və bu yolda necə hərəkət edirik?
Beləliklə, 1997-ci ildə ölkəmizin təhsili islahat marşrutu üzrə uzun səyahətə çıxdı. Bu yolda biz çoxlu maneələrlə rastlaşacayıq. Bu maneələr nədən ibarətdir? Əvvəla, cəmiyyətin bir hissəsinin müəyyən dəyişikliklərə etirazı, dəyişikliklərin mahiyyəti haqqında məlumat çatışmazlığı üzündən yaranmış qeyri-müəyyənlik qarşısındakı qorxu hissindən yaranan maneələr. İkincisi, bu islahatın yerlərdə qeyri- peşəkar və qeyri-adekvat tətbiqi nəticədə üçüncü maneəyə-islahatın səhv başa düşülməsi və ya sərhi, bəzəndə islahatın qəbul olunmamasına gətirib çıxarır. Əlbəttə, səyahətin uğuru kapitandan çox asılıdır: o, bütün bu maneələri dəf edərək gəmini təhlükəsiz sulara çıxara bilərmi? Ən əsası odur ki, biz hara getdiyimizi bilirik və yolun (inkişafın) istiqaməti ölkə başçısının ötən ilin oktyabrında qəbul etdiyi 2020-ci ilə qədər Azərbaycanda təhsilin inkişaf strategiyasında verilib. Strategiya bizim yol xəritəmizdir və onun əsasında bizə yol göstərən yeni təhsil nazirimiz M. Cabbarov olacaqdır.
İndiki mərhələdə hansı müsbət dəyişikliklər əldə etmişik? Hal-hazırki vəziyyətdə nəyi nəzərdən qaçırmamalıyıq?
Biz artıq uğurlara malikik.... Bununla yanaşı, ciddi problemlər hələ də qalmaqdadır...
1. Fasiləsiz və mərhələli xarakter daşıyan təhsil islahatı başladı.
Lakin ötən illərin nəticələri göstərir ki, hələ də islahatın sistemli və keyfiyyətli olmasının təmin edilməsi xüsusi diqqət tələb edir.
2. Təhsil prosesi iştirakçilarının peşəkar səviyyəsinin bəzi sahələrində müəyyən artım baş verib: Müəllimlərdə kurikulum və standartlar, şəxsiyyətyönümlü təlim, fəal (interaktiv) təlim, formativ qiymətləndirmə və müasir məktəbin digər reallıqları haqqında ilkin anlayışlar formalaşıb.
Ancaq bütövlükdə yeni yanaşmaların peşəkar tətbiqi qənaətbəxş deyildir. Bunun səbəbləri : müəllimlərin islahat sahəsində təlimlərinin, təcrübənin kifayət qədər olmaması, həyata keçirilən dəyişikliklərin dərindən başa düşülməməsi, zəruri metodiki və didaktik materialların, ixtisaslı metodiki köməyin çatışmazlığı, bir sıra aspektlərin (məs.formativ qiymətləndirmə) tətbiqi mexanizmlərin tam işlənib-hazırlanmamasıdır.
3. Təhsilin institusional strukturunun, onun fəaliyyət mexanizminin yenidən formalaşdırılması başlandı.
Bununla bərabər,bu sahədə aparılan işlərin fraqmentarlığı və innovativ dəyişikliklərin tətbiqi üçün şərait yaratmağa təkan verən əsaslı yeniliklərin olmaması arzuolunan effekti vermədi.
4. Məktəblərin yenidən qurulmasında ilk addım atıldı:
· İnfrastruktur və məktəblərin öyrədici mühiti. Bizim uşaqlarımız normal işıqlanma, istilik sistemi və suyu olan təmirli məktəblərə gedirlər. Onlar normal məktəb mebelli sinif otaqlarında otururlar. Onların müasir texnikadan və hətta İnternetdən istifadə etmək imkanı var.
· Təlimin məqsədləri,məzmunu və təlim prosesi. Təlim prosesi şəxsiyyətin formalaşması və həyat vərdişlərinin formaladırılmasına xidmət edən yeni təlim məqsədlərinə yönəldildi. Təlimin məzmunu və metodologiyası dəyişdirdi. Müəllimlər başa düşdülər ki,məktəb təlimi şagirdə,təlim nəticələrinə yönəlməlidir, şagirdləri təkcə yaddaşa yox, ilk növbədə təfəkkürün inkişafına əsaslanaraq öyrətmək lazımdır. Şagirdlərin tədrisində fəal (interaktiv) təlim üsullarından, uşaqlarla dialoq və əks-əlaqəni yaradan formativ qiymətləndirmə metodlarından istifadə etməyə başladılar. Bununla yanaşı, bütün əsas yeniliklər əksəriyyət halda müəllimlərin nəzəri bilikləri səviyyəsində qalır, ancaq qismən həyata keçirilir.
· Müəllimlərin peşəkar təcrübəsi və motivasiyası. Müəllimlərin tədris üsulları üzrə təsəvvürlər dəyişir. Bir çox müəllimlər özləri üçün yeni təhsil məqsədlərin mahiyyətini kəşv etdilər: məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişafının zəruriliyi, məlumatı əldə etmək, sistemləşdirmək, analiz və istifadə etmək, komandada işlərkən əməkdaşlıq etmək və bir-birini dinləməyi bacarmaq kimi vacib olan XXI əsrin kompetensiyalarını formalaşdırmaq. Bir sıra müəllimlər müasir təlim metodologiya və texnologiyalarından istifadə etməyə çalışır, öz tədris resurslarını hazırlayır, peşəkarlıq səviyyəsini yüksəltməyə yollar axtarırlar. Ancaq heç də bütün müəllimlər yeni təlim metodlarını həyata keçirmək üçün real motivasiya və bu sahədə metodiki dəstəyə malik deyillər. Onların çox az hissəsi bunun üçün peşəkar bacarıqlara qadirdirlər.
· Yeni dərsliklər və müəllimlər üçün metodiki vəsait. Müasir yanaşma əsasında qurulan yeni dərsliklər, didaktik və metodiki vəsaitlər meydana çıxdı. Müəllimə daha rəngarəng metodlar və məlumat mənbələrindən istifadə etmək şəraiti yaradıldı. Yeni növ dərsliklər yarandı. Bununla yanaşı, yeni formaya malik və müasir yanaşmalar əsasında yaradılan dərsliklər çox vaxt həm müəlliflərin , həm də ekspertlərin yüksək ixtisasa malik olmaması ucbatından yeni məzmun keyfiyyətinə malik olması təəssüratını bağışlamır. Bir çox hallarda (məs. riyaziyyat dərsliklərində olduğu kimi) fənnin tədrisində didaktik prinsiplər ortadan qalxır.
· İnformasiya-kommunikasiya texnologiyalarından istifadə.Bütün ölkə üzrə tədris prosesi zamanı İKT və İKT-yə əsaslanan metodikalardan istifadənin infrastrukturunun irimiqyaslı tətbiqi həyata keçirilir. Demək olar ki, ölkənin bütün məktəblərində kompüterlər var. Bütün məktəblərin İnternetlə təchizatı işi başa çatır.”Elektron məktəb”, “Bir şagird- bir kompüter” təhsil modelləri həyata keçirilir.Bununla bərabər hamının bu prosesin vacibliyini və şagirdlərin yeni texnologiyalara olan tələbatını başa düşməsinə baxmayaraq, müəllim heyəti hələ də onların sistematik istifadəsinə hazır deyil. Həm də texnika tez köhnəlir, yeni İKT alətləri isə tez-tez təzələnir.Ona görə də təxirəsalınmaz və kompleks həllini tələb edən problemlər mövcuddur, o cümlədən müəllimlərin İKT savadının sistematik yüksəldilməsi, İKT bazası əsasında yeni təlim metodikasını tətbiq etməyin öyrədilməsi,resurslar bazasının yaradılması, təlim prosesində İKT-nin effektiv tətbiqi üçün məktəb rəhbərlərinin və müəllimlərin motivasiyasının artırılması.
Hal-hazırda nə baş verir?
İndi bizim yeni nazirimiz var, o təhsil islahatın mahiyyətini tam dərk edir. Onun hal-hazırda və gələcəkdə çox işi var. Cünki, biz islahatın inkişaf spiralının ilk böhran nöqtəsinə gəlib çatdığımıza görə yığılmış problemləri həll etmək zəruridir.
Fəaliyyətinin elə ilk aylarında yeni nazirin öhdəsinə ölkənin təhsil sistemində ən ağrılı nöqtələri aşkar edib ilk olaraq neytrallaşdırmaq, və nəticədə sağlam mühit formalaşdırmaq kimi vəzifələr düşdü.
M.Cabbarovun düzgün qeyd etdiyi kimi hal-hazırda ölkəmizdəki təhsilin əsas ağrılı nöqtələri aşağıdakılardır:
· Rüşvətxorluq
· Kurikulum və dərsliklərin əvvəlcədən sınaqdan keçirilməyərək tətbiqi.
· Müəllimlərin peşəkarlıq səviyyəsinin aşağı olması. Bu, kurikulumun əsas ideyalarının həyata keçirilməsinə mane olur.
· Yeni nəsil dərsliklərinin yaranması və tətbiqi üçün mexanizm, təcrübə və kadrların çatışmazlığı
· Dərslik və metodiki vəsaitlərin yenidən ciddi şəkildə işlənib- hazırlanma zərurəti.
· Müəllim fəaliyyətinin keyfiyyətini stimullaşdıran mexanizmlərin və onun rasional monitorinq sisteminin olmaması.
· Təhsil infrastrukturunun idarəetmə və maliyyələşdirmə mexanizmlərinin qeyri-rasionallığı və keyfiyyətsizliyi.
Bu məqsədlə qısa müddətdə bir neçə vacib addım atıldı.
1. Rüşvətxorluğa şərait yaradan yolların (kanalların) bağlanması.
· Respublika məktəblərinin bütün məzunlarına attestatların və şəhadətnamələrin verilməsi. Belə qərar həm vətəndaşların konstitusiya hüquqlarını bərpa etdi, həm də obyektivlik prinsiplərini həyata keçirdi.
· Rüşvətxorluğa və hər hansı neqativ hallara qarşı mübarizədə “Qaynar xət”dən fəal istifadə və ictimaiyyətin bu mübarizəyə cəlb olunması.
· Təmir adı ilə məktəblərdə vəsait yığılmasının,müxtəlif fondların təşkili, dövri mətbuat üçün üzvlük haqlarının toplanmasının qarşısının alınması.
· Məktəblərin zəruri maddi-texniki vəsaitlərlə mərkəzləşdirilmiş təchizatının asanlaşdırılmış mexanizminin tətbiqi, direktorlar tərəfindən büdcə pullarının məktəbin təxirəsalınmaz maddi-texniki problemlərinin həlli üçün istifadəsi və pul vəsaitlərinin sərf edilməsində məsuliyyətin artırılması.
· Bu sirr deyil ki, bizim təhsilimizdə hələ çox dəyişikliklər aparmaq lazımdır; həll edə bilməsək də, bu halları minimuma endirməliyik.
2. Ümumtəhsil məktəblərində tədris prosesinin daha əlverişli təşkili üçün tədris həftələrinin sayının çoxaldılması: Respublikada tədris ili iki həftə - 14 iyuna qədər uzadılmışdır. Bir məktəb direktoru olaraq bütün məsuliyyətimlə təsdiq edirəm ki, bu, doğru addımdır. Bu lazımi dərs materialının keçirilməsini (tələsmədən) asanlaşdırmaqla bərabər əldə edilmiş bilik, bacarıq və vərdişlərin möhkəmlənməsinə zaman ayırmağa da kömək edəcəkdir.
3. Dərsliklərin hazırlanmasının optimallaşdırılması. Dərsliklərin yazılması prosesinə ixtisaslaşdırılmış kadrların cəlb edilməsi və dərslik müəlliflərinin həvəsləndirilməsi sisteminin yaradılması. İndi müəllif bu dərslikdən istifadə müddəti dövründə maddi cəhətdən həvəsləndiriləcəkdir. Dərsliyin təkrar nəşrindən də xüsusi qonorar əldə edəcəkdir. Bu istiqamətdə bir vacib məsələni də qeyd etmək yerinə düşərdi – dərsliklərin sınaqdan keçirilməsinin planlaşdırılması və zamanla (təhsilin yeni strategiyasında nəzərdə tutulduğu kimi) müəllimlər və məktəblər tərəfindən dərsliklərin alternativ seçiminin mümkünlüyü.
4. Məktəb infrastrukturunun təkmilləşdirilməsi (rasionallaşması) və təchizatı həyata keçirilir. Belə dəyişikliklər təhsil müəssisələrinə təkcə infrastruktur problemlərinin həlli üçün deyil, bütün qüvvəni təhsil prosesində birləşdirmək üçün də təkan verəcəkdir.
5. Nazirliyin ictimaiyyətlə sistemli və mərkəzləşdirilmiş əməkdaşlığı qurulub. Unutmamalıyıq ki, təhsilin vəziyyəti ölkə əhalisinin çox hissəsini birbaşa maraqlandırır. Buna görə də bu səylər birincidərəcəli məna kəsb edir. Qarşıda böyük maarifləndirmə və izahat işi, əks əlaqənin əldə edilməsi, islahatın mühüm məsələlərinin həm təhsil prosesinin əsas iştirakçıları, həm də bütövlükdə ictimaiyyətlə birlikdə müzakirəsi durur.
6. Kurikulum üzrə təhsil siyasətinin işlənib hazırlanması və tətbiqinın təkmilləşdirilməsi üzərində iş davam edir, kurikuluma müasir kompetensiya yanaşmasının tətbiq edilməsi və yeni nəsil təhsil standartlarının işlənib hazırlanması planlaşdırılır.
7. Təhsilin institusional quruluşu sahəsində, onun fəaliyyət mexanizmində kompleks şəkildə islahatlar həyata keçirilməyə başlanmışdır.
8. Çoxdan gözlənilən peşə-texniki təhsilin infrastrukturunun yaradılması, həmçinin təhsil sistemi üçün kadr hazırlığı istiqamətində işlər görülməyə başlanmışdır.
9. Məktəbə işə götürmə, həmçinin bir məktəbdən digərinə köçürülmədə şəffaflıq təmin olunmuşdur.
Nazir M. Cabbarov təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas amili kimi pedaqoqların və idarə heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına xüsusi diqqət ayırır. Nazirin fikrinə görə, islahatların uğurlu şəkildə aparıldığı ölkələrdə müəllimlərin peşəkar inkişafı və onların hazırlığının təkmilləşdirilməsi üçün stimulun yaradılmasına xüsusi diqqət yetirilir. Müsahibələrin birində o, belə qeyd etmişdir: “Biz bilirik ki, infrastruktur, vasitələr, maddi imkanlar olsa da, ixtisaslaşmış müəllimlər olmadan təhsili inkişaf etdirə bilmərik. Savadlı şəxsiyyətlərin formalaşması müəllimin akademik bacarıqları, təcrübəsi, peşəkarlıq səviyyəsi ilə birbaşa əlaqəlidir”.
Buna görə də müəllimlərin əlavə təhsili strukturların yaradılmasının stimullaşdırılması və digər məqamlar nəzərə alınmalıdır. Bu istiqamətdə də həmçinin müəllimlərin fəaliyyətinə və karyera inkişafına təkan verən yeni sistemin, əmək bazarında rəqabətə əsaslanan əmək haqqı sisteminin, pedaqoji kadrların (həm müəllimlərin, həm də idarə heyətinin) peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin edən sistemin yaradılması məsələləri üzərində iş aparılır.
Bu məqsədlə:
a.Müəllim fəaliyyətinin yeni standartların və müəllimlərin qiymətləndirilməsi sisteminin hazırlanması işi başlanmışdır.
b. Vakant müəllim vəzifəsinə təyin edilmənin mərkəzləşdirilmiş müsabiqə sistemi təkmilləşmişdir.
c. Müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması və əmək haqlarının qaldırılmasının səmərəli mexanizmi işlənməkdədir.
d. İdarə heyətinin təhsildə karyera və onların fəaliyyətin keyfiyyətinın yüksəlişi əsaslarının təməli qoyulur.
e. Gənc müəllimlərin peşəyə gəlməsinin optimallaşdırılması və onların həvəsləndirilməsi üzərində iş gedir.
Biz islahatların həyata keçirilməsinə öz töhfəmizi verə bilərikmi?
Mənim fikrimcə, hər bir vətəndaşın islahata ilkin töhvəsi ondan ibarət ola bilər ki, o, öz övladında və ya nəvəsində olan dəyişikliklərə laqeyd qalmasın. Çoxlarına elə gəlir ki, bu islahatı həyata keçirəni tənqid etmək daha yaxşıdır.
Bu təhsildə fəal və birbaşa iştirak etmək daha məqsədəuyğun deyildirmi?
Öz töhfəni vermək üçün siz aşağıdakı hallara belə münasibət göstərə bilərsiz:
· Müəllimin və ya direktorun öz vəzifə borcuna səhlənkar yanaşmasını gördükdə - övladınıza təhsil verilməsini tələb edin;
· Rüşvətxorluq gördükdə - onunla mübarizə aparın;
· Keyfiyyətli təhsilin həyata keçirilməsində çətinlikliklərlə üzləşdikdə - bacardığınız qədər kömək edin;
· Ədalətsizlik gördükdə - zərərçəkəni dəstəkləyin.
Bakı Avropa Liseyi modelinin elmi rəhbəri və sonra isə direktoru vəzifəsində çalışdığım 20 illik fəaliyyətim müddətində mən bu fenomenlə dəfələrlə rastlaşmışam. Bu innovasiya məktəbinin demokratik mühitində hər bir valideynin (həm də şagirdin) söz hüququnun olması, müəllimə və məktəb direktoruna öz fikrini, iradını açıq şəkildə bildirməsi alqışlanan haldır. Belə təcrübə bizim valideynlər üçün normadır. Lakin müəyyən şəraitlə bağlı olaraq şagird başqa məktəbə keçdikdə həmin fəal valideyn həmin məktəbdən heç nə tələb etmir. Baxmayaraq ki, özü də etiraf etdiyi kimi, onun həmin məktəbdə qarşılaşdığı problemlər Avropa liseyində qarşılaşdığı problərdən qat-qat çoxdur. Valideynin sosial möqeyi ilə bağlı nə baş verir? Tənqid hara yoxa çıxır? Yəqin ki, İnternet-forumların səhifələrinə gedir.
Şübhəsizdir ki, elə buna görə də, ictimaiyyətin dəstəyi hazırda passivdir və konstruktiv deyildir. Belə ki, yalnız tənqidlə heç bir şeyi dəyişdirmək olmaz. Yalnız təhsilə cəlb edilmiş və təhsildə maraqlı hər bir vətəndaşın yerlərdə fəal sosial mövqe nümayiş etdirməsi ümumilikdə təhsil islahatının nizama salınmasına və dəstəklənməsinə gətirib çıxara bilər. Mən bu işdə öz töhfəmizi görürəm. Təhsildə bütün peşəkar heyətin fəal mövqeyi çox vacibdir. Onlar öz təkəbbürlərini yerə qoymalı, islahat prosesinə fəal qoşulmalı, son dövrün doğru qərarlarını dəstəkləməlidirlər.
Biz sonda belə nəticəyə gəldik ki, islahat aşağıdakıları tələb edir:
· Bütün cəmiyyətin fəal iştirakını;
· Islahatın məqsəd və vəzifələrin, işimizin nəticələrini ən azı 10 ildən sonra görə biləcəyimiz faktının tam başa düşülməsi;
· Bütün əngəllərin aradan qaldırılmasında səbr etmək və təşəbbüs göstərmək.
· Çeviklik göstərmək, səhvlərimizi qəbul etməyə hazır olmaq və neqativ nəticəli dərsləri nəzərə almaq;
· Bütün maraqlı şəxslərlə daimi əks əlaqəni qurmaq;
· Ən innovativ fikirlərin həyata keçirilməsi üçün şəraiti əsaslı hazırlamaq;
· İslahat iştirakçılarının ehtiyaclarının müxtəlifliyinin nəzərə almaq və reallaşdırmanın müxtəlif mexanizm və texnologiyalarından çevik istifadə etmək.
Sözsüz ki, islahatların həyata keçirilməsində ehtiyatlı davranma, mərhələli və hissəli tətbiq edilmə vacibdir. Əgər islahat təhsili “sağaltmaq”, onun keyfiyyətini artırmaq üçün dərman rolu oynayırsa, bunu da unutmamamalıyıq ki, dərman, dozası normadan çoxdursa, həm də öldürücü zəhərdir.
Qarşıda nə dayanır?
Uğuru proqnozlaşdırmaq, müvəffəqiyyətsizliyi proqnozlaşdırmaqdan çətindir. Lakin mən, əsl optimist kimi bizim təhsil islahatının uğurlu olacağını düşünürəm. Mən başa düşürəm ki, bu belə tez baş verməyəcəkdir, yalnız gələcək nəsil həqiqi nəticələri tam olaraq görə biləcəkdir. Lakin yaddan çıxartmaq lazım deyil ki, bizim gücümüz bizim ümumi məqsədimizdə və birgə fəaliyətimizdədir. Biz indi nə ediriksə, edək və bu nə qədər çətin olsa da, biz bunu uşaqlarımızın gələcəyi üçün edirik. İndi necə düşünürsünüz, biz hamımız bu gələcəyin yaradılmasında fəal olacağıqmı?
Zülfiyyə
Veysova
Bakı Avropa
Liseyinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2015.- 10 fevral.- S5-6.