NURLU ÜZ

 

Yox, çarpayıdan durub ayağa qalxmaq, bu zirzəmidən çölə çıxmaq lazım idi. Burada heç kəs qapısını açmayacaq, dadına-köməyinə çatmayacaqdı. Bu qərib şəhərdə axı kimi var idi ki? Yaxınları, üz tuta biləcəkləri düşmən tapdağı altındakı torpaqlarda qalmışdı. O isə erməni yağılarının əlindən bir quru canını güclə qurtara bilmişdi və can şirin olsa da, indi buna çox peşman idi.

 

Yox, dünəndən bəri zirzəmidəki yatağında ac-yalavac qaldığı bəs idi. Hərdən qapının cırıltısına diksinib huşdan ayılır, qəribə bir ümidlə qapıya sarı boylanırdı, külək idi, sınıq-salxaq qapını cırıldadırdı...

 

Bəs burdan çıxıb hara gedəcəkdi? Kimə üz tutacaqdı? Ağlına heç nə gətirə bilmirdi. Sanki beyni-başı iflic olmuş, keyləşmişdi. Heç nə, heç nə fikirləşə bilmirdi. Bir yandan da aclıq onu əldən salmışdı. Və əvvəlcə aclığını dəf etməli idi. Aclığını dəf etmək üçünsə, əlbəttə, hər şeydən əvvəl ona pul lazım idi! Pul! Pulu olsaydı, qarnını da doyura bilərdi.

 

Pul əldə etmək üçünsə fikirləşməli, bir yol tapmalı idi, oturub qaldığı yerdə heç kəs gətirib ona pul verməyəcəkdi.

 

Və iş də bunda idi ki, pul haqqında fikirləşəndə yadına rəhmətlik babası düşürdü. Babası yadına düşəndə də əlbəəl o rəhmətliyin danışdığı hekayəti xatırlayırdı. Qəlbinin dərinliklərində burasını da anlayırdı ki, onu yerindən qalxmağa, evi hesab etdiyi bu zirzəmidən çıxmağa, pul ardınca getməyə qoymayan da elə bu nağıldı... Sağ qıçı dibindən kəsilmişdi, minaya düşmüşdü. Bir qıçın gücünə ayaq üstdə necə pul qazanaydı?!

 

Pul haqqında fikirləşəndə canına qorxu düşürdü, onu tər basırdı. Bir yandan da babasının bir vaxt danışdığı o nağıl, o hekayət! Babası köhnə kişilərdən idi, bəy olmuşdu, sonralar vardan-dövlətdən qalsa da, bəyliyindən, ağayanalığından qalmamışdı.

 

...Hə, bir gün təkcə insanların de

 

yil, cəmi canlı məxluqatın hökmdarı olan Süleyman peyğəmbər taxtına əyləşmişdi, hökmranlığı altında olanların hamısını hüzuruna toplayıb haqq-ədalət divanı qurmuşdu. Hökmdar-peyğəmbər şikayətə, ərzi-hala gələnləri bir-bir dinləyib yerindəcə fərman verir, hökm çıxarırdı.

 

Beləcə növbə qoca bir şahmar ilana çatdı. İlan, peyğəmbərin hüzurunda kamali-ədəblə dilə gəldi ki, ey Allahın elçisi, bəs filankəs neçə il bundan qabaq qardaşımı vurub öldürüb, indi gəlmişəm ki, qisasımı alasan.

 

Süleyman peyğəmbər ilanın soraq verdiyi şəxsi hüzuruna çağırdı, gördülər üz-gözündən işıq, nur yağan pirani bir kişidir. Peyğəmbər sual etdi ki, ilan deyənlər düzdümü? Nurlu kişi də ehtiramla cavab verdi ki, bəli, ya peyğəmbər, ilan öz iddiasında haqlıdır ki, var. İzdihamdan bir şivən qopdu, heç kəs üz-gözündən nur yağan belə bir şəxsin cəzalanacağını istəmirdi. Adil hökmdar üzünü şikayətçiyə tutdu: - İndi sən öz qardaşının qan bahası yerinə bu şəxsdən nə istərdin? - deyə xəbər aldı.

 

Süleyman peyğəmbərdən belə bir sual eşidən şahmar tələm-tələsik: - Ey adil şah, - dedi, - iddiam bir elə böyük də deyil. Qoy qardaşımın bu qanlısı gedib yeddi qapıda əl açıb dilənsin, yığdıqlarını gətirib mənə versə, bəsimdir...

 

İlandan belə bir şərt eşidən kişi dərhal peyğəmbərin ayaqlarına düşüb yalvar-yaxar etdi ki, ya peyğəmbər, məndə o üz yoxdur, bircə qapıya da olsa, gedib ağız açım! Yaxşısı budur ki, qoy ilan məni sancıb qardaşının hayıfını alsın...

 

Meydana yığılanlar yer-yerdən onun üstünə düşdülər ki, əşi, yeddi qapıya gedib dilənmək nə ağır, nə çətin işdir, indi bundan ötrü şirin canına qıyırsan... Nurlu insan isə dediyindən dönmədi ki, dönmədi.

 

Belədə qoca şahmar yenidən irəli çıxaraq kişinin ayaqlarına sarıldı, dilə gəlib: - Mən öz intiqamımı çoxdan bu şəxsdən elə özüm alardım,- dedi,- dəfələrlə bu qəsdlə onun ardınca düşüb güdmüşəm, onu sancmağa girəvə də olub. Ancaq hər dəfə onu çalmaq istəyəndə  sifətindəki, gözündəki nur məni öz niyyətimdən saxlayıb. Onu yeddi qapıya dilənməyə göndərməkdə məqsədim var idi, əgər ki, o, yeddi qapıya gedib əl açıb dilənsəydi, ondakı bu nur da çəkilib gedəcək, mən də "uf" demədən onu sancıb həlak edəcəkdim.

 

...Hə, belə-belə işlər... Əgər bir qılça ilə ac qarnını doydurmağa gücü-taqəti çatmırsa, indi acından gəbərsinmi?

 

Neçə gün dalbadal "fəhlə bazarı"na getmişdi. Canlı-cüssəli, boylu-buxunlu oğlanlar, demə, neçə gündən bəri boş-bekar durub müştəri gözləyirdilər, qıçının biri yerli-dibli olmayan bir şikəstə kim idi üz tutub iş buyuran?!

 

Yekəpər bir oğlan ona canıyananlıq etmişdi: - Qardaş, xətrinə dəyməsin, - demişdi, - vallah, sənə paxıllığım tutur!.. İncimə, ürək sözümdü, əşi, get dur adamların gur olduğu bir küçədə, bircə saat əlini uzadıb durmağın bir günlük yeyib-içməyinə bəsindir...

 

Elə həmin gündən sonra oradan ayağını kəsmişdi. Həmin yekəpər oğlanla bir də üz-üzə gəlməkdən çəkinirdi. Qorxurdu ki, oğlan bu dəfə ona lap möhkəm təpinər ki, əşi, biz də bura iş tapmağa gələk, sən də?! Sən dilənçilik edə bilərsən, biz əli-ayağı yerində olan adamlarıq, bəs bizə nə deyərlər?!

 

Söykənib yeridiyi qoltuq ağacı asfalta səs salmışdı: taq-tuq, taq-tuq, taq-tuq... Ancaq elə bil o ağac səkiyə deyil, başına dəyib beynini döyəcləyir, yaddaşını tərpədirdi... Babasının danışdığı o nağılı təkrar-təkrar yenidən ona nəql edirdi.

 

Yox, o nağılı unutmalı idi, unutmasa bu gün də ac qalacaqdı. Neçə saat idi ki, adam-insanın görünmədiyi sakit bir küçədə iri daş bir binanın tininə söykənib durmuşdu. Sanki kimi isə gözləyən bir adam idi. Ağacı yenə küçəyə səs salmışdı: taq-tuq, taq-tuq, taq-tuq.

 

...Bir gün Süleyman peyğəmbər canlı məxluqatı hüzuruna toplamışdı. Bəs o yekəpər oğlanın canıyananlıqla, sidq ürəklə verdiyi o məsləhət?!

 

Birdən qoltuq ağacı çiynindən sürüşdü, o, taqətsiz halda yerə çökdü. Əlində qatıq, süd bankaları olan bir alverçi qadın güclə özünü ona çatdırdı. Bu qadın zənbilindəki məhsulları satmaq üçün həyətə keçəndə də onu görmüşdü. Əvvəlcə dilənçi hesab etsə də, yanından gəlib keçənlərin heç üzlərinə də baxmadığını, eləcə lal-dinməz dayanıb durduğunu görəndə fikirləşmişdi ki, yəqin kimisə gözləyir.

 

Yaşlı qadın onun huşunu itirdiyini görüb karıxdı, əl-ayağa düşüb haray qopartdı: - Ayıl, a bala, ayıl! Ay camaat, buna nə oldu?!.

 

Sonra da zənbilindəki yarımlitrlik süd bankasını cəld çıxarıb oğlanın dodaqlarına tərəf uzatdı.

 

Süd oğlanın çənəsindən axdı. O, bir anlığa gözlərini açdı, elə bildi ki, çağadır, anası başı üstündə durub ona süd içirdir. Sanki gördüklərini itirəcəyindən qorxurmuş kimi, gözlərini yumdu.

 

Yaşlı qadın oğlanın çöhrəsinə baxa-baxa məəttəl qalmışdı. İlahi, insanın da üz-gözündə bu qədər nur olarmı?! Bəlkə bu biçarə ölür?..

 

QORXU

 

"Pərvərdigara! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, doğrudan da, bəxşiş verənsən!"

 

("Ali-İmran" surəsi, ayə 8.)

 

Ulu peyğəmbərimiz Həzrət Məhəmməd (ə) öz mübarək hədislərinin birində belə buyurub: "Allah iki şeyi sizin nəzərinizdə saxlayıb: onlarla bağlı olduğunuz vaxt heç zaman yolunuzu azmayacaqsınız. Onlardan biri Allahın kitabı - Qurandır, digəri Allahın peyğəmbərinə qohum-əqraba olanlardır". Allahın Rəsuluna qohum-əqrəba hesab olunan seyidlərdən biri də Şabran bölgəsində neçə-neçə insanın cəddinə inanıb hörmət etdikləri, dar ayaqda, çətin məqamda üz tutduqları, 68 il pak ömür sürmüş Mir Ələm ağa Möhsümov idi...

 

Ömrünün son illərində Mir Ələm ağa çox zəifləmişdi. Lakin yenə də oruc tutur, namazından qalmırdı, tez-tez xatırladırdı ki, namaz hər bir müsəlmanın, bəndənin Allah ilə əlaqə yoludur. Ağanın oğlu - axund Mir Salehdən eşitdiyim bir xatirə yarpağıdır bu: "Atam tez-tez xəstələndiyindən üzülmüşdü. Namaz qılan vaxtlar yıxılmamaq üçün az qala çarpayısının dəmirinə söykənirdi. Deyirdim ki, ay ağa, taqətin yoxdursa, axı namazını oturan vəziyyətdə də qıla bilərsən..."

 

Şəriət qanunlarına məndən də mükəmməl bələd olan ağam dinməyib fikrə gedər, haçandan-haçana üzünü mənə tutub hər dəfə də yeni bir qətiyyətlə:

 

- Yox, yox, ay oğul, - deyərdi, - rəhminə, mərhəmətinə nə qədər sığınsam da, Allahımdan o qədər qorxuram ki, qıçlarımda necə ki, taqət, güc var, hüzurunda ayaq üstdə durub ibadətimi edəcəyəm...

 

BORC

 

...Varlı-karlı bir tacir olan Hacı Əliheydər kişinin Qubada bir neçə dükanı var idi. Yeddi dəfə müqəddəs Həcc ziyarətində olmuş Allahın bu mömin bəndəsi burasını da yaxşı bilirdi ki, ulu peyğəmbərimiz Həzrət Məhəmmədin (ə) mübarək hədislərindən birində deyildiyi kimi, "Xaliqini sevirsənsə, birinci növbədə bəndələrini sevməlisən". Hacı Əliheydər də kasıb-küsuba əl tutan, dükanına pulsuz-parasız gələn müştərilərini boş qaytarmazdı. Evində ailəsindən, övladlarından gizlin qalın bir dəftər saxlayırdı. Bu dəftərin yerini evdə özündən başqa kimsə bilməzdi. Hacı bu dəftərdə dükanlarından nisyə mal alan müştərilərinin adlarını, borclarının məbləğini yazmışdı. 1918-ci ilin aprelində Bakı və Şamaxıda soydaşlarımıza qarşı qırğınlar törədən erməni daşnaklar qaniçən Amazaspın rəhbərliyi ilə Qubaya da hücum edirlər. Belə qorxulu və təhlükəli bir vaxtda Hacı Əliheydər təkcə öz ailəsinin taleyini düşünmür, malının-mülkünün hayına qalmır. Hacı Qubadan çıxıb qaçmır, qız-gəlinin namusunu erməni yırtıcılardan qorumaq üçün onları öz imarətinə toplayıb gizlədir. Hacının bu hərəkətini daşnaklara çatdırırlar. Erməni quldurlar süngü ilə Hacını vurub ağır yaralayırlar, bu yaradan bir ay yatır. Yara sağalmaq bilmir. Hacı Əliheydər axirət dünyasına köç etməyinin yaxınlaşdığını duyub oğul-uşağını yanına çağırır, gizlətdiyi dəftərin yerini nişan verib gətirdir. Sonra da bir teşt, neft və kibrit istəyir.

 

Dəftərə neft hopdurub kibrit çəkir, bir azdan teştin içindəki dəftərin ancaq külü qalır...

 

Can üstə olan Hacı Əliheydərin bu hərəkəti evdəkiləri mat qoyur. Hacı isə xeyli yüngülləşmiş kimi, rahatca üzünü oğul-uşağına tutub deyir:

 

- Bu dünyada Tanrıdan başqa kimsəyə borcum yoxdur. - dedi. - Bu dəftərə isə mənə borclu olanların adları yazılmışdı. Qorxdum ki, məndən sonra korluq çəkərsiniz, əliniz aşağı düşər, ehtiyacınız olar, səbirsizlik edib həmin borcluları qısnayarsınız... İndi mən bu sirri özümlə aparıram.

 

 

Aydın Tağıyev

525-ci qəzet.- 2015.- 11 fevral.- S.7.