Qayğıkeş dost,
örnək ziyalı
Dostum Akif Qəhrəmanlının
73 yaşına
1974-cü ilin sentyabrında
Azərbaycan Dövlət
Universitetinin (indi BDU) Jurnalistika fakültəsində
(o zaman 3 -cü kursda oxuyurdum) ixtisas bölgüsü aparılarkən mən o dövrdə çox perspektivli və hörmətli sahə sayılan tərcüməçiliyi
seçmişdim və
əlli nəfərlik
kursumuzdan rus dilini bilən 4 nəfər həmin qrupda məşğul olurduq. Həftədə bir
neçə dəfə
Azərinforma (indiki AzərTAc) təcrübə keçməyə
gedirdik. Orada bizimlə çox
ciddi və səriştəli mütəxəssislər
məşğul olurdular.
Rəhbərimiz rəhmətlik İbrahim
Novruzov idi. Əksəriyyəti böyük həyat
yolu keçmiş yaşlı tərcüməçilərlə
yanaşı redaksiyada
Akif Qəhrəmanov (Akif Qəhrəmanlı) adlı bir nəfər
də bizə yol göstərmək istəyirdi. Düşünürdük
ki, təcrübəli
mütəxəssislərdən nə isə öyrənmək olar,görəsən bu cavan adam bizə
nə öyrədə
bilər? Üstəlik,
Akif müəllim bizdə, şəxsən
məndə çox qaraqabaq adam
təəssüratı yaratmışdı.
Doğru deyiblər ki, ilk təəssürat əksər hallarda yanlış
olur. Çox keçmədən biz onunla dostlaşdıq. Təmiz ürəyi, səmimi davranışı, xoş
rəftarı, əsasən
də geniş və hərtərəfli biliyini başqaları ilə, xüsusən də gənclərlə bölüşmək
həvəsi onu kollektivin üzvlərinə
olduğu kimi bizə - təcrübə
toplamaq üçün
gəlmiş tələbələrə
də sevdirmişdi. Mənimlə
başlanan dostluğu
isə bu gün də, hər ikimizin pensiyaçı olduğumuz
dövrdə də davam etməkdədir.
Hələ o vaxt kollektivin
əməkdaşları öz
aralarında onu "canlı ensiklopediya" adlandırırdılar (Bəlkə bundan özünün heç indi də xəbəri
yoxdur). Çünki
o, tərcümə peşəsində
çox vacib olan fenomen yaddaşa
və ensiklopedik biliyə malikdir. Yeri gəlmişkən qeyd edim ki,
cavanlığındakı yaddaş
ona bu gün
də naxələf çıxmayıb. Dəfələrlə
şahidi olmuşam, tərcümə şöbəsinin
bir çox əməkdaşı, bəzi
sözləri və söz birləşmələrini,
ifadələri cümlənin
müxtəlif yerlərində
necə işlətmək, ifadənin
yerinə düşüb-düşmədiyini,
sinonimin düzgün seçilib-seçilmədiyini dəqiqləşdirmək üçün
onunla məsləhətləşirdilər.
Akif müəllim suallara
düzgün cavab verməklə kifayətlənmir,
nə üçün
məhz belə yazılmalı olduğunu
da izah edirdi. Düzünü deyim ki, bu
bacarığına görə
onun paxıllığını
çəkənlər çox
olub.
Akif müəllimə
bu xüsusiyyət yəqin ki, atasından irsən keçib. Eşitdiyimə
görə, orta məktəbdə Azərbaycan
dilindən dərs
deyən atası da müraciət edən hər kəsə hər sözün, ifadənin mənasını ətraflı,
hərtərəfli izah
etməsəydi, rahatlıq
tapmazdı. Məhz doğulduğu ailədə
hökm sürmüş
tələbkar mühit,
keçdiyi həyat yolu və əmək
fəaliyyəti, əldə
etdiyi təcrübə,
geniş mütaliə
nəticəsində topladığı
bilik, savad, bacarıq onun həyatda belə bir mövqe tutmasına gətirib çıxaran amillərdir.
Akif Əvəz oğlu Qəhrəmanlının həyat yolu çox da asan
olmayıb. Oğuz rayonundan ali
təhsil almaq üçün Bakıya
gələndə fikirləşirmiş
ki, savadlı olduğu üçün
bütün işləri
əla gedəcək.
İlk cəhddən ali məktəbə
daxil ola bilməyəndə isə
anladı ki, həyat onun təsəvvür etdiyindən
daha mürəkkəbdir.
Bakıda qalıb işləmək,
müstəqil yaşamağı
öyrənmək qərarına
gəldi. Ali təhsil
alacağına qəti
əmin idi. Lakin bu arzusuna
qovuşanadək o, zavod və fabriklərdə, Metropolitendə fəhləlik
etdi, hərbi xidmətə çağrıldı
və yalnız ordudan buraxıldıqdan sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin
axşam şöbəsində
təhsil aldı. Elə təhsil aldığı
illərdə tərcüməçiliyə
başladı, 1968-ci ildən
1984-cü ilədək Azərinformda
tərcüməçi-redaktor,
1984-cü ildən 1986-cı ilədək Azərbaycan Dövlət Nəşriyyatında
elmi redaktor, sonra şöbə müdiri, 1986-90-cı illərdə
"Kommunist" qəzetində
Beynəlxalq həyat və tərcümə şöbəsinin müdiri
vəzifələrində çalışdı.
1991-ci ildən ta 2005-ci ilə qədər, yəni pensiyaya çıxanadək
Prezident Aparatında sektor müdiri vəzifəsində işlədi.
İndi Akif müəllim ömrünün 74-cü baharını
qarşılamağa hazırlaşır. Bəs bu illər ərzində onun qazandığı nə olub, itirdiyi
nə? Təbii ki, Akif müəllim
kimi insanların qazandıqları çox
olmalıdır. Qazandıqlarının
bəzilərini mən
də bilirəm: gözəl ailəsi, sədaqətli və işgüzar həyat yoldaşı, bir qızı, iki oğlu, altı nəvəsi, çoxlu sədaqətli dostu var. Akif müəllim 35 kitabın
ruscadan Azərbaycan dilinə tərcüməsində
iştirak edib, 15 kitabın şəriksiz tərcüməçisidir, yəni
mükəmməl tərcüməçi
kimi tanınır. Kütləvi informasiya vasitələrində
vaxtaşırı məqalələrlə
çıxış edir,
bir vaxtlar radioda və televiziyada aktual beynəlxalq mövzularda etdiyi çıxışlarla
çox adamın yadında qalıb. Ayrıca qeyd etmək istəyirəm ki, Akif müəllimin
bütün əmək
fəaliyyəti ali dövlət qurumlarının işi ilə bağlı olub, dövlətin və dövlətçiliyin
möhkəmləndirilməsi üçün ən müxtəlif direktiv sənədlərin hazırlanmasında
iştirak edib. Amma sadaladıqlarım Akif müəllimin qazandıqlarının
bir hissəsidir.
Məncə, onun həyatda
ən böyük qazancı dostları arasında, bütövlükdə
cəmiyyətdə hörmət
yiyəsi olmasıdır.
Ünsiyyətdə olduğu
hər adam
ondan nə isə öyrənir, onun maraqlı söhbətlərindən həzz
alır. Bəs itirdikləri nə
olub? Mənə elə gəlir
ki, əslində o, heç nə itirməyib. İlk dəfə onu görəndə az qala həsəd
apardığım şəvə
kimi qara saçları indi ağappaq ağarıb, yaşına uyğun olaraq hərəkətlərində
azacıq lənglik yaranıb, vəssalam. Amma gəncliyindəki kimi şən və gümrahdır. Dostlarını başına yığıb
məclis qurmağı,
müxtəlif elmi və həyati mövzuları müzakirə
etməyi xoşlayır.
Adamlar ona elə bağlanırlar
ki, bir-iki gün görməyəndə
darıxırlar. Bir sözlə, Akif
müəllimin varlığı
istər ailəsi, istərsə də dost-tanışları üçün
böyük ruhlandırıcı
amildir. Üstəlik, Akif müəllimin
Azərbaycan dili, tərcümə sahəsindəki
məsləhətlərindən faydalanan adamların sayı bu gün
də kifayət qədər çoxdur.
Özü də sorğulara
cavab verməkdən heç vaxt bezmir, hətta, deyəsən, zövq alır. Mən çoxdan bəri
bu qənaətə gəlmişəm ki, tərcüməçilər yazı-pozu
adamlarına kömək
göstərməkdən məmnunluq
duyurlar. Yəqin ki,
sənətin xüsusiyyəti
ilə bağlıdır.
Bu cəhətdən Akif müəllim əsl örnəkdir.
Yuxarıda dediklərimlə əlaqədar
bir məsələ məni həmişə düşündürür: Ömrü
boyu ölkənin ali idarəetmə
orqanları ilə əməkdaşlıq etmiş
Akif Qəhrəmanlının
bu qədər gərgin və səmərəli əmək
fəaliyyəti indiyədək
nə üçün
layiqincə qiymətləndirilməyib?
1981-ci ildə aldığı Azərbaycan SSR
Ali Sovetinin Fəxri Fərmanından başqa onun heç bir təltifi
və fəxri adı yoxdur. Özü ilə
bu barədə danışanda həmişə zarafata
salıb deyir ki, canınız sağ olsun, mənim
mükafatım dostlarımın sevgisi və hörmətidir.
Bəlkə də doğru deyir, çünki hansı məclisdə,
hansı tədbirdə, hansı yığıncaqda olur-olsun,
hər yerdə - küçədə, avtobusda, metro
qatarında onunla rastlaşan hər kəs Akif müəllimin
savadından, işgüzarlığından, səmimiyyətindən,
səriştəliliyindən, geniş
dünyagörüşündən və qüsursuz işindən
iftixarla danışır.
Gəlin, tezliklə 73 yaşı tamam olacaq Akif müəllimi ad günü münasibətilə təbrik edək, ona uzun ömür, cansağlığı arzulayaq. Mən isə Akif müəllimə bütün dostların bir tapşırığını çatdırıram: Var olun, Akif müəllim! Siz hələ bizə çox lazımsınız.
Teymur XASPOLADOV
525-ci qəzet.- 2015.- 12 fevral.- S8.