"Burdan bir atlı keçdi"
BU EL
DEYİMİNƏ MUSTAFA ÇƏMƏNLİ MÖHÜR
VURDU
Öncədən onu deyim ki, Mustafa Çəmənli
imzası mənə
70-ci illərdən tanışdı.
Mən həmin o 70-ci
illərdə artıq
imzasını oxucu yaddaşına yazmış
və bir-birindən maraqlı fikirləri ilə diqqəti çəkmiş Mustafa müəllimi
həm də bir qarabağlı kimi Qarabağda, bütövlükdə Azərbaycanda
yaxşı tanınan
Çəmənli kəndinin
övladı kimi özümə daha doğma bilmişəm. Çünki bu kəndlə bağlı ədəbiyyatımızda kifayət
qədər bilgilər
və bu kəndin sayılıb-seçilən,
elmə, ədəbiyyata,
mədəniyyətə, tarixə
töhfələr verən
oğulları da yetərincədi. Bax, bu dediyim səbəblərdən
lap erkən yaşlarımda
özümdə daxilən
Çəmənliyə, Çəmənli
imzasına bir marağın, sevginin olduğunu duymuşdum. Sonra Bakı mühiti məni Mustafa müəllimlə görüşdürdü.
Onunla "Yazıçı"
nəşriyyatında qarşılaşdım.
Səhv etmirəmsə,
onda 1978-ci il idi. Bax, həmin
o gündən artıq
mənim Mustafa Çəmənli
imzasına daha böyük, lap sadə şəkildə ifadə
etsəm, ikiqat sevgim yarandı. Adətən, təkcə
imzasını yox, özünü, şəxsiyyətini
tanıdığın qələm
adamlarına hər kəsdə əlavə bir hörmət də, diqqət də olur. Mən
də əlini sıxdığım, çöhrəsini
yaddaşıma köçürdüyüm
bu qarayanız, ucaboy, həm də son dərəcə
diqqətli baxışları
olan Mustafa müəllimi
özüm üçün
doğma olan yazarların sırasına
əlavə etdim, özü də könüllü şəkildə.
Onun "Azərbaycan"
jurnalında oxuduğum
hekayələri, xatirələri,
sonra avtoqrafla mənə bağışladığı
kitabları həmin o
doğmalığın özülü,
bünövrəsi oldu...
Qarabağ savaşı başladı.
Bu savaş qarabağlı
ziyalıların torpaq,
yurd sevgisini də ortaya qoydu. Məhz həmin o gündən əslən Qarabağdan olan söz adamlarının
düşmənə qarşı
qələm müharibəsi,
qələm savaşı
ayağa qalxdı. Hər kəs bacardığı, duyduğu
və bildiyi kimi müharibənin bütün fəsadları
ilə yanaşı, onun tarixi qaynaqlarını
da açıb ortaya qoydu. Şəxsən
zorla cəlb olunduğumuz müharibə
ilə bağlı
Mustafa Çəmənlinin "Xallı gürzə" tarixi romanı, həmçinin "Fred Asif",
"Ruhların üsyanı"
, "Mübariz" kitabları
həmin dediklərimin
gerçək, ədəbi
nümunəsidi. Yəni
bu kitabları, bu əsərləri oxumaqla nələri itirdiyimizi və nələri geri qaytarmağa bir vətəndaş kimi məhkum olduğumuzu anlamaq olar. Düşünürəm
ki, bugünkü problemlərimizin başında
məhz həmin o hamımızın anlaya bilməməyimiz dayanır.
Yaxşı ki, Mustafa
Çəmənli və
digər yazarlarımız
bizim yaddaşımıza
daş atır, bizi oyadır, bizi ayaqda saxlayır
və həm də bizə anladır. Bax, bu mənada mən sözünə
və şəxsiyyətinə sayğı ilə
yanaşdığım Mustafa Çəmənlinin indi sizə
təqdim edəcəyim kitabını
açığını deyim ki, birnəfəsə oxuya
bilmədim. Çünki bunun çox konkret səbəbləri
var idi. Kitab barəsində fikirlərimi yazmamışdan
öncə bildirim ki, bu kitabdakı şəkilləri
gözdən keçirəndə xeyli tanış simalarla
qarşılaşdım. Və həmin o şəkil sahiblərinin
müəyyən söhbətləri yadıma
düşdü. İkincisi, bu kitabın ilk nəşrindən
azacıq məlumatlı idim və ona görə də
düşündüm ki, bəlkə elə vərəqləməklə
həmin o günlərə qayıda bildim. Ancaq vərəqlədikcə
gördüm ki, yox, burdakı hadisələr, fikir
yükü məni öz ağırlığı altında
sıxıb saxlayır, ordan çıxmaq mümkün olmur.
Odur ki, kitabı tələsmədən, necə deyərlər,
bölmə-bölmə oxumağa başladım. Burda onu da
etiraf edim ki, mən o kitabı oxumurdum, elə bil ki, bu kitab mənlə
söhbət edirdi, mənlə danışırdı.
Çünki kitabın adı mənə rəhmətlik
babamın bir deyimini xatırlatmışdı. Babam deyərdi
ki, (keçmişdən, köhnə tarixdən
danışanda - Ə.M.) a bala, yaxşı kişilər
yaxşı atları minib getdilər. İndi meydan gədə-güdəyə,
bir də taytax atlara qalıb...
Bax, elə
bu deyim və kitabın adı artıq məni söhbətə
hazırlamışdı. Ona görə də Mustafa müəllimin
kitabındakı mənim dərk elədiyim kimi əsas obraz
olan baş qəhrəman İsa kişi öz şirin ləhcəsiylə,
astagəl ləngərli söhbətiylə
dayanmışdı gözümün qabağında. Dəfələrlə
məclislərdə dinlədiyim bu kişi indi də Mustafa
Çəmənlinin qələmiylə
danışırdı mənimlə...
Kitabdakı
hər bölümdə konkret bir süjet şərh olunur.
Tutaq ki, söhbət Məhəmməd Ağa Müçdəhitzadədən
gedir. Müəllif bütün Qarabağın ən hörmətli
aydınlarından olan Məhəmməd ağadan
danışdığın zamanda İsa kişi məsələyə
bir ağsaqqal kimi, bir böyük həyat bilgisi olan şəxs
kimi öz yanaşmasını sərgiləyir, onun kimliyini elə
sadə şəkildə söyləyir ki, dərhal Məhəmməd
ağa oxucunun yaddaşına yazılır. Və yaxud
Mirmöhsün Ağa Nəvvab və yaxud Xan qızı Natəvan,
Həmidə xanım, eləcə də lap uzaq tariximizdən
Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah,
Ağa Məhəmməd şah Qacar və digərləri ilə
bağlı çox lokonik bilgilər verilir. Həmin o bilgilərin
mayasında da Qarabağı beş barmağı kimi
tanıyan rəhmətlik İsa kişinin köklü deyimləri
dayanır. O deyimlər ki, onların xalqın
yaddaşından süzülüb zamanında gəlib
çatmışdı. Doğrudu, Sovet ideologiyasına xidmət
edənlər həmin o deyimlərin bir çoxunun istiqamətini
dəyişib qol-qanadını qırmışdılar. Amma
İsa kişi həmin o yaddaş saxlancında
yaşayanları Mustafa Çəmənliylə söhbət
eləmişdi. Mustafa müəllim də məhz xalqın
yaddaşından qaynaqlanan bir əsər ortaya qoymuşdu.
Bu kitabda
bizim müasirlərimiz barəsində də kifayət qədər
bilgilər var. Məsələn, çox sevdiyim, mənim nəzərimcə
Azərbaycan poeziyasında bütöv şəxsiyyəti və
son dərəcə mükəmməl
yaradıcılığı ilə seçilən Şahmar
Əkbərzadə barəsində bu kitabda oxuduqlarım və
Şahmar itkisinə Mustafa Çəmənli
yanğısını duymağım doğrudan-doğruya həm
sevindirici, həm də kədərli oldu. Sevindim ki, Şahmar
Əkbərzadə Mustafa müəllimin diqqətindən kənarda
qalmayıb. Kədərləndim ki, Şahmar müəllimi
çox tez itirdik...
Eləcə
də bu kitabda avtomobil qəzasında həlak olmuş Sokrat
Musayev, dəyərli dostum Şahin Rüstəmovla
bağlı yazılanlar, həmçinin Qarabağın digər
aydınları ilə əlaqəli düşüncələr
ruhumu yerindən oynatdı, məni o yerlərə xəyal
qanadında olsa da apardı və bir də gördüm ki, mən
bu kitabı oxuyub başa çıxmışam. Kitabı
qatlayıb bir kənara qoymaq istəyəndə bir də əlimə
götürdüm, bir də vərəqlədim. Qələm
dostum Tahir Aydınoğlunun şəklinə baxa-baxa onunla
etdiyim söhbətləri də yaddaşımda təzələdim
və son dəfə kitabdakı müqəddəslərin -
Seyid Lazım Ağanın və digər mənim
üçün dəyərli olan insanların şəkillərini
öpüb ürəyinə sağlıq, Mustafa Çəmənli!
- dedim. Öz-özümə də dedim ki, bu kitabda barəsində
bəhs edilən kişilərin hər biri Qarabağın
yaxşı atlarını minib belə Qarabağa gediblər
və bizi orda gözləyirlər.
Əbülfət MƏDƏTOĞLU
525-ci qəzet.- 2015.- 12 fevral.- S7.