"Bölgələrdən paytaxta" layihəsi təqdim edilib
Dövlət Musiqili Teatrında Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə "Bölgələrdən paytaxta"
adlı yeni layihənin təqdimatı
olub.
Layihə çərçivəsində Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsi və Masallı rayon mədəniyyət və
turizm şöbəsinin
təşkilatçılığı ilə ilk tədbir Masallıya həsr edilib.
Əvvəlcə tədbir iştirakçıları
Masallı rayonunun sosial-iqtisadi inkişafını,
zəngin mədəniyyətini,
adət-ənənələrini, mətbəx nümunələrini,
dekorativ tətbiqi sənət ustalarının
əl işlərini,
bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə yaxından tanış olublar.
Tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev çıxış edərək
bildirib ki, son illərdə Azərbaycanda
mədəniyyət və
turizm sahəsinin inkişafı istiqamətində
görülən ardıcıl
tədbirlər regionlara
da öz müsbət təsirini göstərib: "Dövlət
başçısı tərəfindən
qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına təkan verən Dövlət proqramlarının icrası
nəticəsində bölgələrdə
çoxlu sayda yeni muzey, kitabxana,
musiqi məktəbi, mədəniyyət mərkəzləri
istifadəyə verilib,
tarixi abidələrin
bərpası istiqamətində
mühüm işlər
görülüb. Əlamətdar haldır ki, regionlarda respublika səviyyəli tədbirlərlə
yanaşı beynəlxalq
tədbirlərin təşkili
ənənə halını
alıb".
Nazir vurğulayıb ki, Azərbaycanın qədim
və zəngin mədəniyyətinin geniş
təbliğ edilməsi,
regionlararası mübadilənin
gücləndirilməsi, bölgələrin
mədəni və turizm potensialının nümayiş etdirilməsi
məqsədilə cari
il ərzində Bakı şəhərində
respublikanın şəhər
və rayonlarının
incəsənət ustalarının
"Bölgələrdən paytaxta" adlı mədəni tədbirləri
təşkil olunacaq.
Bu yeni layihədir və bu gün
onun icrasına start verilir. Layihə çərçivəsində
Qəbələ, Quba,
Şəki, Gədəbəy,
Abşeron, Gəncə
və İsmayıllı
rayonlarının Bakı
şəhərində mütəmadi
tədbirləri keçiriləcək.
Bu təqdimatlar hər bir regionun
qədim tarixini, ənənələrini, incəsənət
nümunələrini daha
geniş formada tanıtmağa, nümayiş
etdirməyə imkan verəcək.
Bildirilib ki, bu layihə
yeni-yeni istedadlı gənclərin üzə
çıxmasına, tanınmasına
və gələcəkdə
Azərbaycan mədəniyyətinə
böyük töhfələr
verməsinə səbəb
olacaq.
Sonra tədbir
"Masallı incəsənət
ustaları" adlı
konsert proqramı ilə davam edib. Rayonda fəaliyyət göstərən
musiqi kollektivlərinin
və incəsənət
ustalarının çıxışları
alqışlarla qarşılanıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 12 fevral.- S.7.