Ali təhsil, keyfiyyət və əmək
bazarı
Qloballaşan dünyada ölkələr arasında rəqabətin
gündən-günə daha da güclənməsi, sürətli
texnoloji irəliləyiş nəticəsində ixtisas profillərinin
tez-tez dəyişməsi təhsilin keyfiyyətinə tələbi
daha da artırıb. Bu da qabaqcıl beynəlxalq təcrübə
əsasında təhsilin pillələri və səviyyələri
üzrə keyfiyyət standartları və göstəricilərinin
hazırlanması, təhsilin keyfiyyətinin təminatı
üzrə yeni sistemin yaradılması zərurətini
gündəmə gətirib.
Son illərdə
təhsilə dair qəbul olunmuş bütün sənədlərdə
("Təhsil haqqında" Azərbaycan
Respublikasının qanunundan (2009-cu il) tutmuş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"
(2013-cü il) da daxil olmaqla) təhsilin keyfiyyəti
məsələsi prioritet bir məsələ kimi öz əksini
tapıb. Məhz həmin sənədlərdə qeyd olunur ki,
təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul
olunan dövlət təhsil standartları əsasında beynəlxalq
və ümumavropa təhsil sisteminin prinsiplərinə
uyğunlaşdırılaraq təhsil pillələri üzrə
müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil
proqramları, abituriyentlərin hazırlıq səviyyəsi,
maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin
peşəkarlığı və elmi-pedaqoji səviyyəsi,
mütərəqqi tədris texnologiyaları və s.)
uyğun olaraq müəyyənləşir.
Eyni zamanda o da vurğulanır ki, təhsil müəssisəsində
kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların
milli və beynəlxalq əmək bazarında rəqabət
qabiliyyəti, ölkənin sosial və iqtisadi
inkişafında rolu ilə müəyyən edilir.
Təhsilin keyfiyyət səviyyəsi hər
bir tarixi mərhələdə ictimai-siyasi, sosial-iqtisadi, elmi
və mədəni inkişafla bağlı tələblərdən
irəli gəlir və akkreditasiya xidməti tərəfindən
müvafiq qaydada qiymətləndirilir.
Respublikamızın vahid Avropa məkanına
inteqrasiyası bütün sahələrdə olduğu kimi ali təhsil sahəsində də inamla davam
etdirilir. Avropa İttifaqı ilə geniş,
qarşılıqlı əlaqələr, 2005-ci ildən
Boloniya prosesinə qoşulma və digər addımlar onu deməyə
əsas verir ki, atılmış addımlar yaxın gələcəkdə
öz nəticələrini verəcək. Bu da başa düşüləndir.
Qloballaşan dünyada, internet dövründə təcrid olunaraq tək
yaşamaq demək olar ki mümkün deyil. Təcrid
olunaraq yaşamaq həm təcrid olan üçün, həm
də qlobal dünya üçün xeyir gətirmir. Hər iki tərəf (bəlkə də birinci tərəf
daha çox) itirmiş olur.
Birləşmiş
Millətlər Təşkilatı XXI əsri "Təhsil əsri" elan edib. Bu
məhz o zərurətdən irəli gəlib ki, yüksək
intellektə malik insan kapitalının formalaşmasında,
davamlı ingişafa zəmin yaradan güclü
iqtisadiyyatın qurulmasında ali təhsilin
rolu inkaredilməzdir. Bu gün dunyanın ABŞ, Çin,Almaniya, Cənubi
Koreya, Yaponiya kimi ingişaf etmiş ölkələri öz
güclü iqtisadiyyatlarına görə məhz təhsilə,
xüsusilə ali təhsilə borcludurlar. İnkişafa
təsir göstərən amillər içərisində təhsilin
çəkisi təxminən 70 faizi təşkil edir. Burada Ulu öndər Heydər Əliyevin "Təhsil
millətin gələcəyidir!" deyimi də bir daha yerinə
düşür.
Boloniya bəyannaməsının
əsas hədəflərindən biri də hər bir ali məktəbdə təhsilin keyfiyyətinin
təmini və ona nəzarət mexanizminin təşkilidir. Məhz
bu hədəf Vahid Avropa Ali Təhsil Məkanının
yaradılmasında Azərbaycan ali məktəbləri
üçün təhsilin səviyyə və keyfiyyətini
diqqətlə nəzərdən keçirmək
üçün bir əsas olmalıdır. Bu əlbəttə,
çətin bir yol olsa da, dövlətin və Təhsil
Nazirliyinin bu sahədəki strategiyasını yenidən
öyrənməyi və dərk etməyi bizdən tələb
edir. Bu istiqamətdə
atılan addım Azərbaycan reallıqları şəraitində
Qərb sosial texnologiyalarının tətbiqi ilə, onu
öz məzmunu ilə doldurmaqla Azərbaycan ali
təhsilinə Avropa ali təhsil məkanına tam inteqrasiya
imkanı verəcək.
Vahid Avropa Ali Təhsil Məkanına inteqrasiyaya gedən
yol mütləq keyfiyyətin təmin olunmasından, keyfiyyətin
təminatına nəzarət mexanizminin yaradılmasından
keçir. Bu
günə kimi bu sahədə mövcud təcrübələrdən
söhbət düşəndə, ilk növbədə
ABŞ, Böyük Britaniya, Almaniya, Fransa kimi ölkələrin
keyfiyyətin təmin olunmasında istifadə etdikləri
modellər daha çox diqqət çəkir. Böyük
Britaniyada bu sahədə tətbiq olunan model əsasən
akademik göstəricilərin universitetdaxili qiymətləndirilməsinə
əsaslanır. Fransada tətbiq olunan
modeldə isə universitetxarici qiymətləndirmə əsas
kimi götürülür. ABŞ modelində
isə təhsil müəssisəsinin və təhsil
proqramlarının müstəqil akkreditasiya orqanları tərəfindən
qiymətləndirilməsi nəzərdə tutulur.
Heç şübhəsiz ki, bu modellərlə yanaşı
təhsilin keyfiyyətinin idarə olunması sisteminin
yaradılması yeni idarəetmə texnologiyalarının tətbiqini
də mütləq surətdə gündəmə gətirir. Əsas diqqət texnoloji
proses kimi keyfiyyətin idarə olunması sisteminin tətbiqinə
yönəldilir, məqsəd isə universitetin əsas iş
proseslərində keyfiyyətli təhsilin təmin
olunmasına şərait yaradan mexanizmin
yaradılmasıdır.
Keyfiyyətin ümumi idarəedilməsinin fəlsəfəsi
bundan ibarətdir ki, bu yalnız effektli idarəetmə metodu
deyil. Bu eyni zamanda hər şeydən əvvəl dünyagörüşü,
insanlar arasında idarəetmə sistemidir, menecment elmidir.
Burdan da belə qənaətə gəlirik ki, keyfiyyətin təmin
olunması sisteminin tətbiqi yalnız ali
təhsil müəssisəsinin bütün heyətinin bu
prosesi anlamasından sonra öz nəticəsini göstərəcək.
Əlbəttə bu işdə vicdan amilini də
heç şübhəsiz ki, yaddan çıxarmaq olmaz.
Keyfiyyətin təmin olunmasının əsasında
Keyfiyyətin Ümumi İdarəsinin ardıcıl hərəkəti
prinsipi dayanır. Bu "planlaşdır-həyata
keçir-öyrən-qiymətləndir-hərəkət et-
təkmilləşdir" prinsipi deməkdir. Bunları
ümumiləşdirərək keyfiyyətin idarə
olunmasının ümumi prinsiplərini
aşağıdakı kimi müəyyən edə bilərik:
1) Proseslərin
menecmenti
2) Cəmiyyət qarşısında
cavabdehlik, məsuliyyət hissi
3)
İstehlakçı tərəfə meyllilik
4) Nəticə
və məqsədə doğru meyllilik
5)
Professor-müəllim heyətinin cəlb edilməsi,
iştirakı və motivasiyası
6)
Korporativ əməkdaşlığın inkişaf etdirilməsi
7) Heyətin
daimi təlimi, innovasiyaların tətbiqi
8) Qətiyyətli
rəhbərlik-menecment
Fikrimizcə,
bu prinsiplər arasında prioritet olanlar "proseslərin
menecmenti", "korporativ əməkdaşlığın
inkişafı", "savadlı, səviyyəli-kompotent əməkdaşların
cəlb olunması, iştirakı və motivasiyası",
"istehlakçıya meyllilik" prinsiplərini göstərmək
olar. Elə isə keyfiyyətin ümumi idarəsinin
əsas elementlərinə nələri aid etmək olar?
1)
Bütün əməkdaşların prosesə cəlb
olunması
2)
İdarə edən - idarə olunan arasında
qarşılıqlı münasibətin yaranması
3) Səlahiyyətin
ierarxiyası, yuxarıdan aşağıya, güclü bəndən
zəif bəndə ardıcıllıqla ötürülməsi
4)
İşə görə yeni mənəvi və maddi stimulun
verilməsi
5) Yeniliklərin
qəbulu üçün psixoloji baryerlərin aradan
qaldırılması.
Ali məktəb özü konkret olaraq öz işinə
görə istər dövlət, istərsə də cəmiyyət
qarşısında tam məsuliyyət daşıyır. Bu korporativlik
universiteti xaricdən vadar edilən sərt
dağıdıcı fəaliyyətlərdən də
qoruyur. Hər bir ali məktəb
-texniki, pedaqoji və ya klassik anlamda universitet keyfiyyətin
ümumi idarə prinsiplərini öz spesifik şəraitlərinə
və xüsusiyyətlərinə uyğunlaşdırmalıdır.
Bu, tamamilə doğrudur. Qərbdə
yaranan sosial texnologiyaları tətbiq edərkən Azərbaycan
universitetləri hər şeydən əvvəl unikal ənənələri
- onilliklər ərzində yaradılan təkrarolunmaz humanitar
mühit və mənəvi atmosferi saxlamağa
çalışmalıdır.
Təhsildə keyfiyyətin idarə olunması sistemi həmişə
proseslərin strukturunun qurulması və texnologiyaların
yaradılması ilə birbaşa bağlı olan bir prosesdir. Bugün bu işə cəlb
olunan ali məktəblərimizdə
kollektivin sosial-psixoloji mühitində dəyişiklik aparmaqla
yeni sosial texnologiyaların üzə çıxmasını
gözləyə bilərik. Universitetin
intellektual məhsulunun keyfiyyəti birbaşa olaraq onun
buraxılması prosesində iştirak edənlərdən,
universitetin bütün əməkdaşlarından
asılıdır.
Bu gün
ali təhsildə keyfiyyətin idarə
olunması sahəsində mövcud vəziyyəti təhlil
edərkən ali məktəblərimızı təhsildə
keyfiyyətin təmin olunması texnologiyasının tətbiqinə
görə bir neçə qrupa bölmək olar.
1) Keyfiyyət
(bəzən Beynəlxalq Keyfiyyət) sertifikatı alan ali məktəblər
2) Keyfiyyət
sistemini təsdiqləməyə hazırlaşan ali məktəblər
3) Keyfiyyət
sistemini yaradan, lakin onun təsdiqlənməsinə can atmayan ali məktəblər
4) Keyfiyyət
sisteminin ayrı-ayrı elementlərinin tətbiqinə
başlayan ali məktəblər
5) Keyfiyyət
sisteminin tətbiqi prosesinə başlamaq ərəfəsində
olan ali məktəblər
Maraqlıdır
ki, təsdiq edilmiş keyfiyyət sistemlərinin
mövcudluğu həmişə onun ali məktəbdə
doğrudan da fəaliyyət göstərməsini heç də
təsdiq etmir. Bundan başqa, öz keyfiyyət sistemini təsdiq
etmək və ya etməmək isə ali məktəbin
öz işidir.
Təhsilin keyfiyyətindən danışdıqda onu
şərtləndirən dörd əsas faktoru da yaddan
çıxarmamalıyıq.
1) Təhsilə
qoyulan sərmayənin həcmi
2) Müəllimlərin
professional səriştəliliyi -komponentliliyi
3)
Abituriyentlərin hazırlıq səviyyəsi
4) Təhsilin
məzmunu.
Bu sahədə mövcud vəziyyətlə əlaqədar
uzun-uzadı fikir söyləmək, təhlillər aparmaq
olar. Amma bircə məsələ hamımıza gün
kimi aydındır ki, mübahisəziz olaraq deyə bilərik
ki, cəmiyyətin mövcud intellektual və mənəvi
potensialını özündə cəmləşdirən
universitetlər təhsilin keyfiyyətini artırmaqla, keyfiyyəti
təmin etməklə mövcud durumu dəyişdirə bilərlər.
Burada keyfiyyətin idarəsi texnologiyalarından
istifadə etmək çox vacibdir.
Keyfiyyətin
təminatı sisteminin yaradılması istiqamətində
işləyən bütün ali məktəblərin
özünü də
əsasən iki qrupa bölmək olar.
1) Keyfiyyətin
təminatı işinin təşkilinə cəhd göstərən
ali məktəblərdə o qədər
də çox iş görülməyib (bəzilərində
isə heç bir iş görülməyib). Ən
yaxşı halda keyfiyyətin təminatı adlı mərkəz
açıblar, keyfiyyətə nəzarət edən sistemin
özü isə yoxdur.
2) Keyfiyyətin
təmin olunması texnologiyasını real tətbiq edən məktəblər.
Keyfiyyətin Təmini sisteminin
yaradılmasında mövcud olan təcrübədən
çıxış edərək bəzi problemli məqamları
da nəzərə çatdırmaq istərdik:
1)
Yüksək təhsil idarəçilərinin (rektor,
prorektor, dekanlar) Keyfiyyətin Təmin olunması sisteminin tətbiqində
bugünkü reallıqları, rəqabət mühitini nəzərə
almamaları
2) Bu
prosesə düşüncə tərzi fərqli olan (dövrə,
zamana uyğun olan) kadrları cəlb elemək zərurəti.
Bu sistemin mahiyyəti aydın dərk
olunmalıdır. Başa düşülməlidir
ki, bu həm maddi xərc, həm də mənəvi sərf tələb
edir. (Əslində ikinci daha cətindir, çünki bu
eyni zamanda dünyagörüşünün dəyişilməsi
məsələsidir)
3)
İdarəetmə üslubunun dəyişdirilməsi.
Texnologiyaların tətbiqi, eyni zamanda ali məktəbin
idarə üslubunun avtoritar elementlərinin texnoloji elementlərlə
əvəz edilməsi deməkdir. Bir qayda olaraq ali
məktəblərdə prosesi tənzimləmək işini
qabaqcıl idarəetmə texnologiyalarını məninsəyən
insanlar başlayır.
4) Və əsas məqam - bu prosesi başlayanların keyfiyyət ideyasını, mahiyyətini dərk eləyənə qədər keyfiyyət sisteminin tətbiqi ilə məşğul olması məsləhət deyil. Bu ən vacib məsələdir. Keyfiyyətin Təminatı sisteminin tətbiqinin əvvəlində yaxşı ideoloji işin yoxluğu bu proseslərin ali məktəblərdə illərlə zəif effektli olmasının əsas səbəbidir.
Unutmaq olmaz ki, ali təhsil sistemində rəqabətli mübarizəyə hazır ali məktəblərlə digərləri arasında sərhəd zaman-zaman daha aydın görünməkdədir. Bu gün ali təhsil idarəçiləri üçün ali təhsil problemini həll etmək sanki riyaziyyatçı üçün Ferma teoremidir - çətin, lakin həddsiz dərəcədə maraqlı bir iş! Vacib olan isə budur ki, gərək problemin həllinə düzgün yanaşasan, strategiya yaradasan və doğrudan da işlə məşğul olasan. Burda bir məsələ də yaddan çıxmamalıdır ki, ali təhsil haqqında müasir diplom statusunun dəyəri getdikcə düşür. Bu gün işə götürən təcrübəsiz ali təhsil məzununu deyil, iş təcrübəsinə malik olan müətəxəssisi böyük məmnuniyyətlə işə dəvət edir.
Onda bəs necə etməli? Ali təhsildə keyfiyyəti necə qaldırmalı? Hazırda ali təhsil sistemi ilə (təkcə ali təhsil sistemilə yox) əmək bazarı arasında uyğunsuzluq genişlənir. Bu, təkcə Azərbaycanın deyil, eləcə də Avropanın, Amerikanın, hətta Çinin də problemidir. O, inkişaf etmiş təhsil sisteminin də mövcud olduğu və iqtisadiyyatın strukturunun tez-tez dəyişdiyi hər yerdə yaranır. Səbəbi isə ondadır ki, əmək bazarı çox dinamik inkişaf edir, təhsilə nisbətən daha çevikdir, yeni-yeni tələblər yaranır, hətta mütəxəssis anlayışı da dəyişir. Təhsilin təbiətində isə adətən bir mühafizəkarlıq var. Universitetlər, məktəblər öz ənənələrini, uzun illərdən bəri formalaşmış kulturlarını, standartlarını saxlamağa çalışırlar. Demək uyğunsuzluq qaçılmaz olur. Sadəcə onu dramatikləşdirməyə ehtiyac yoxdur. Bu gün ali məktəb məzunlarının çoxunun öz ixtisası üzrə işləməməsi təbii tendensiyadır. Amma bu uyğunsuzluq çox böyükdürsə, onda problemlər başlanır, işə götürən şikayətlənir, təhsilin paralel sistemləri yaradılır - kadrların hazırlanması üçün korporativ proqramlar, hətta korporativ universitetlər yaranır, beləliklə də diplom rəsmiyyətə çevrilir, peşəkar hazırlıqdan daha çox sosial status simvolu olur. Əsas məsələ isə təhsil sistemini əmək bazarının dəyişən şəraitinə yaxınlaşdırmaqdır. Bəlkə də fərdi təhsil trayektoriyasına keçməyin vaxtı artıq çatıbdır! Yəni tələbə ilk günlərdən harada işləyəcəyini (hansı sahədə), nə ilə məşğul olacağını, karyerasını necə quracağını nəzərə alaraq öz "təhsil trayektoriyasını" (təhsil dairəsini) müəyyənləşdirir. O, fənləri, seminarları özü seçir, alacağı biliyə görə özü məsuliyyət daşıyır. Bu əlbəttə ki, ideal vəziyyətdir, buna keçmək üçün isə biz çox yol getməliyik. Boloniya prosesinin aşkar faydasına baxmayaraq, onun tələblərini tam qəbul etmək XX əsrin sonunda ali təhsil sisteminin əsaslandığı ənənələrin demək olar ki əksəriyyətindən əl çəkmək deməkdir. Amma onu da yaddan çıxarmaq lazım deyil ki, Boloniya prosesi qanun deyil, fəaliyyət üçün bələdçidir. Əgər Boloniya prosesinə rəsmi tələblər toplusu kimi baxsaq, belə tələbləri mexaniki olaraq tətbiq etsək, yaxşı heç nə əldə etmək mümkün olmayacaq. Bununla belə, Boloniya prosesi kifayət qədər demokratik bir prosesdir - hər bir ali məktəb özü üçün müəyyənləşdirməlidir ki, bu prosesdə hansı miqyasda və formada iştirak edəcək. Önəmli olan isə başqa məsələdir - XXI əsr təhsili XX əsr təhsilindən köklü surətdə fərqlənəcək!
Əfqan
ABDULLAYEV,
Professor, Təhsil
Nazirliyi Hüquqi Ekspertiza və Lisenziyalaşdırma
Şöbəsinin baş məsləhətçisi, iki dəfə
(1998, 2005) ABŞ-ın Senator Fulbrayt proqramının
mükafatçısı
525-ci qəzet.-
2015.- 12 fevral.- S.5.