Əhməd Sami Elaydi: "Azərbaycan tolerant
və təhlükəsiz ölkədir"
"ƏSAS
HƏDƏFİMİZ İKİ ÖLKƏ ARASINDA
MƏDƏNİ ƏLAQƏLƏRİ İNKİŞAF
ETDİRMƏKDİR"
Misirlə Azərbaycan arasında mədəni əlaqələrin
zəngin tarixi var. Bu gün də hər iki tərəf
bu sahədə münasibətlərin genişlənməsinə
xüsusi önəm verir. Misir Ərəb Respublikası
Bakıdakı səfirliyinin
Mədəniyyət Mərkəzi
də bunun göstəricisidir. Müsahibimiz
Mərkəzin rəhbəri,
eyni zamanda Misirin ilk azərbaycanşünas
alimi, Bakıda aspirantura təhsili almış Dr. Əhməd
Sami Elaydidir.
- Siz bir müddətdir
ki, Azərbaycanda çalışırsınız və bildiyimə görə, ölkəmizə
xüsusi rəğbətiniz
və sevginiz var. Maraqlıdır, sizdə Azərbaycan
sevgisi necə yarandı?
- Mən Misirin Ayn-Şəms Universitetinin
Ədəbiyyat fakültəsinin
məzunuyam və orada da dərs
demişəm. Universitetdə Türk dili
və ədəbiyyatı
kafedrasında çalışırdım.
1998-ci ildən etibarən belə qərara alındı ki, həmin kafedranın nəzdində
keçmiş SSRİ-nin
müstəqil ölkələrinin
dili tədris olunsun. O vaxtdan da Azərbaycan dili tədris olunmağa başlandı və ilk mütəxəssis
olaraq mən bu dili öyrənməyə
başladım. Sonra qərara
aldım ki, dil bilgimi də
təkmilləşdirim. Etiraf edim ki, Azərbaycan
dilini sevə-sevə öyrəndim. Magistraturada "Qaçaq Nəbi" dastanı üzrə dissertasiya yazdım, tədqiqat işi apardım. Hətta dastanı ərəb
dilinə tərcümə
etmişəm. Magistratura təhsilini
başa vurduqdan sonra, 2007-ci ildə dövlət xətti ilə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində
müasir Azərbaycan
ədəbiyyatı kafedrasında
aspirantura təhsili aldım. Dissertasiya mövzum "Müstəqillik
dövründə Azərbaycan
romanı" olub.
Bu müddətdə təxminən 30-35 Azərbaycan
yazıçısının yaradıcılığını tədqiq etdim. Mənə bəlli oldu ki, milli şüurunuzun
yaşadılmasında yazıçılarınızın
tarixi mövzuda romanlarının mühüm
rolu olub. Anar, Əzizə Cəfərzadə,
İsa Hüseynov, Kamal Abdulla və digərlərinin romanları
ilə bağlı tədqiqat aparmışam.
Misirə qayıtdıqdan sonra yenə də Azərbaycan dili və ədəbiyyatından
dərs deməyə başladım. 100-dən çox tələbəm
Azərbaycan dilini öyrəndi.
- Azərbaycanşünas olmağınız
həm Misir Mədəniyyət Mərkəzinə
rəhbərlik, həm
də səfirliyin mədəniyyət attaşesi
vəzifəsini yerinə
yetirmənizə kömək
edirmi?
- Həddindən çox kömək edir. Azərbaycanı ikinci vətənim
hesab edirəm və sevinirəm ki, məhz sevdiyim
bir ölkədə mənə belə bir təyinat veriblər. Azərbaycan
ədəbiyyatı ilə
bağlı 20-dən çox
məqaləm var. Tələbəlik
illərimdə Azərbaycan
yazıçıları ilə
yaxından tanış
olmuşam. Hələ Misirdə olarkən
Azərbaycanda keçirilən
konfranslarda iştirak edirdim. Yerli xalqın dilini,
adət-ənənəsini bilmək öz işimi yerinə yetirməkdə mənə
yardım edir.
- Misir Mədəniyyət
Mərkəzinin Azərbaycanda
əsas prioritetləri
nədən ibarətdir
və mədəniyyətlərimizin
qarşılıqlı tanıdılması
üçün hansı
məqsədləriniz var?
- Bildiyiniz kimi, Misirdə baş verən məlum hadisələrlə bağlı
əlaqələrdə bir
qədər durğunluq
dövrü yaşandı.
Artıq
bu dövr arxada qalıb. Məsələn, ötən
il Azərbaycanda
Misir Mədəniyyəti
Günləri keçirildi.
Bundan əlavə, oktyabr ayında Misirdən iki gənc ifaçı
Bakıda gənclər
arasında beynəlxalq
muğam müsabiqəsində
iştirak etdilər və ikinci, üçüncü yeri
qazandılar. Misirdə Azərbaycanla
bağlı konfranslar
keçirilir. Əlaqələrin intensivləşməsinə də
biz mərkəz olaraq
öz töhfəmizi
veririk. Məsələn, bildiyiniz kimi,
dünyada ən böyük kitab sərgisi Frankfurtda, ikincisi isə Qahirədə keçirilir.
Yanvarın 28-də 46-cı Qahirə beynəlxalq kitab sərgisi işə başlayıb. Azərbaycanı sərgidə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi
təmsil edir. Misir Mədəniyyət Mərkəzi
bu işin əlaqələndirilməsinə öz köməyini göstərib.
Sevindirici haldır ki, tərcümə sahəsində
də böyük işlər görülür. Azərbaycanda Misir ədəbiyyatından
tərcümələr edilir.
Yeri gəlmişkən, mən
özüm də bir neçə kitab və roman tərcümə etmişəm.
Mərkəz olaraq məqsədimiz iki ölkə arasında mədəni əlaqələri inkişaf etdirməkdir. İstəyirik ki, Misir mədəniyyətini Azərbaycanda tanıdaq. Əlbəttə, bu, uzun zaman tələb edir. Əsas hədəflərimizdən biri də bu layihələr vasitəsilə aramızdakı oxşarlığı göstərmək və müştərək işlər görməkdir. Əlaqələrimizi inkişaf etdirə bilən əsas hədəflərdən biri də tələbə mübadiləsidir. Məlumat üçün bildirim ki, gələn ay Azərbaycan və Misir universitetləri arasında müqavilə bağlana bilər. Bundan əlavə, Azərbaycan Milli Kitabxanası ilə Misirin Milli Kitabxanası arasında imzalanan müqavilənin vaxtı bitdiyi üçün onu yeniləməyi planlaşdırırıq. AMEA-nın Əlyazmalar İnstitutu ilə də əlaqələr qururuq. Çünki Azərbaycanla bağlı Misirdə xeyli əlyazma var. Azərbaycanın bir sıra ali məktəblərində tədbirlər keçiririk ki, bu da bir-birimizi daha yaxından tanımağımıza kömək edir. Mərkəzdə güzəştli kurslar da təşkil edirik. Dərsləri misirli müəllimlərlə yanaşı, Misirdə təhsil almış azərbaycanlı müəllimlər tədris edir və sonda məzunlara sertifikatlar verilir.
- Gələcəkdə hansı yeni layihələr nəzərdə tutulub?
- Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə mart ayında yeni sərgi keçirməyi planlaşdırırıq. Misir xalq yaradıcılığı sərgisində milli geyimlər, balıqqulaqları ilə bəzədilmiş lövhələr, gildən və misdən düzəldilmiş qablar, mədəniyyətimizi əks etdirən digər əşyalar nümayiş olunacaq. Misirdən gələn usta tamaşaçılar qarşısında əyani olaraq saxsı qabın hazırlanması prosesini göstərəcək. Xəttatlıq sənəti ilə bağlı mərkəzdə treninqlər də keçirmək niyyətindəyik və bunun üçün Misirdən xəttat dəvət edəcəyik. Bundan başqa, Bakıda "Tannura" rəqsini nümayiş etdirmək istəyirik. Bu rəqsi bir dəfə Xarici Dillər Universitetində təşkil etdiyimiz "Beynəlxalq ərəb dili günü" çərçivəsində göstərdik. Həmin tədbirdə ərəbşünaslar üçün pulsuz treninqlər keçirdik. Bir sözlə, gələcəkdə daha genişmiqyaslı tədbirlər keçirmək niyyətindəyik.
- Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq necə qurulub?
- Nazirlik Misir Mədəniyyət Mərkəzinin layihələrinin həyata keçirilməsinə çox yüksək səviyyədə kömək edir və hər zaman dəstək olur. Məsələn, ötən ilin iyun ayında tədbir keçirdik. Qeyd etdiyim sərgidən əlavə, bu ilin aprelində zərb alətləri ilə əlaqədar festival keçirməyi planlaşdırırıq və nazirliyi də dəvət etmişik. Əlaqələrimiz çox sıx və möhkəmdir.
- Azərbaycana ikinci dəfə gələndə, birinci illə müqayisədə hansı dəyişikliyin şahidi oldunuz?
- Azərbaycan gündən-günə inkişaf edir. Mən də bunun şahidi olmuşam. Xüsusilə son 10 ildə ölkə həddindən artıq dəyişib, inkişaf edib. Məsələn, 2012-ci ildə 24 nəfərlik tələbə heyətimizlə Gənclər və İdman Nazirliyinin dəvəti ilə Bakıya gəlmişdik. Hələ hava limanında tələbələr deyirdi ki, biz Avropa ölkəsinə gəlmişik. Azərbaycan tolerant və təhlükəsiz ölkədir.
Pərvanə
525-ci qəzet.-
2015.- 12 fevral.- S.4.