"Lokallıqdan, məhdudluqdan
mümkün qədər
qaçın..."
TANINMIŞ
DRAMATURQ FİRUZ MUSTAFA GƏNC ƏDİBLƏR
MƏKTƏBİNİN QONAĞI OLUB
Fevralın 11-də Azərbaycan Yazıçılar
Birliyinin (AYB) "Natəvan"
klubunda Gənc Ədiblər Məktəbinin
(GƏM) növbəti toplantısı
keçirilib. Budəfəki toplantının qonağı yazıçı-dramaturq
Firuz Mustafa olub.
Tədbiri giriş sözü
ilə açan AYB katibi, GƏM-in rəhbəri
Rəşad Məcid əvvəlcə gənc ədibləri qonağa təqdim edib, sonra F.Mustafanın yaradıcılıq yolu, əsərləri barədə
danışıb: "Firuz
Mustafa çox maraqlı
və istedad sahibi olan adamdır.
Mən onun hekayələrini, romanlarını həmişə
maraqla oxuyuram. Vaxtaşırı "525-ci qəzet"də çap olunur. Yadımdadır, təxminən
15 il əvvəl
Firuz müəllimin
"Teatr" romanını
qəzetimizdə bir neçə nömrədə
çap etdik. Oxucular tərəfindən də
maraqla qarşılandı.
Azərbaycan-Ermənistan münasibətlərindən bəhs edən bir əsər idi, çox böyük zövqlə oxumuşdum. Bundan başqa
Firuz Mustafanın fəlsəfi əsərləri,
dramları onun yaradıcılığında mühüm yer tutur".
GƏM-in koordinatoru Emin
Piri dramaturqun yaradıcılığında diqqəti cəlb edən məqamlardan söz açıb. F.Mustafanın hekayə, dram və məqalələrinin başqa
dillərə tərcümə
olunduğunu və xaricdə də maraqla qarşılandığını
dilə gətirib.
Gənc ədiblərin Firuz Mustafadan çox şey əxz edə biləcəklərini
vurğulayan koordinator
sözü qonağa verib.
GƏM kimi bir qurumun
yaradılmasının sevindirici
olduğunu bildirən
dramaturq deyib: "Gənc Ədiblər Məktəbi sözün
həqiqi mənasında
ədəbi hadisədir.
Hər adamın bir vətəni olur, biz qələm adamlarının
da ən böyük vətəni ədəbiyyatdır. Rəşad Məcidin
də sizə ən böyük töhfəsi bu vətəndə sizi bir araya gətirməkdir.
Gənclərə özlərini ifadə
üçün imkan
yaradır, onların qayğısına qalır.
Bununçün ona böyük
təşəkkür düşür.
Ədəbiyyatda əsas şərtlərdən
biri müstəqil, şəxsi mövqe sahibi olmaqdır. Çalışın ki, öz fikirləriniz, mövqeyiniz,
ideya və məqsədiniz olsun.
Ədəbiyyat məfhumu altında
birləşin, qalan məsələlərdə fikir
ayrılığının olması isə rəqabətə və inkişafa aparacaq".
F.Mustafanın fikrincə, "Ədəbiyyat
nədir?" sualı
çox böyük mübahisələrə yol
açıb: "Bu haqda
müxtəlif yazıçılar
fərqli fikirlər söyləyiblər. Elə buna
görə də ədəbiyyatçılar bir
araya gələndə
həmişə mübahisələr,
polemikalar yaranır.
Ona görə ki, ədəbiyyatda dəqiqlik
yoxdur. Hər şey obrazlı
şəkildə inkişaf
edir. Amma dəqiq elmlərlə
məşğul olan adamlarda bu olmur,
çünki hər şey aksiomlar, düsturlarla sübut olunub. Altmışıncı illərdən etibarən
isə ədəbiyyatda
maraqlı bir tendensiya inkişaf etməyə başladı.
Ədəbiyyatda elmilik, dəqiqlik
rəvac tapdı.
Əlbəttə, həddən artıq
rasionallıq, elmilik bədii ədəbiyyata xələl gətirir, amma ölçüləri
gözləməklə etdikdə
bu, fikrimcə, çox yaxşı tendensiyadır. Xüsusilə, dramaturgiya dəqiq elmlərə, riyaziyyata yaxındır. Sinkretiklik özünü
daha çox büruzə verir. Hadisələr bəlli bir
zaman və məkan çərçivəsində
inkişaf edir. Dramaturq zaman və məkan
anlayışını balanslaşdıra
bilirsə, deməli, istədiyini edə bilib. Amma nə qədər
hər şey yerli-yerində olsa da, bütün qanunauyğunluqlara əməl
edilsə də, birinci yerdə mətn dayanır. Mətn güclü olmasa, başqa keyfiyyətlərin
mənası qalmayacaq.
Ona görə də eqoizmdən tamamilə əl çəkmək, özünü yaradıcılığa
bağlamaq lazımdır.
Hərdən rast gəlirəm, gənc müəlliflər az qala rejissorla
dalaşırlar ki, mən yaxşı yazıram, istedadlıyam. Əgər mətn yaxşıdırsa,
dram əsəri güclüdürsə,
sizin dalaşmağınıza
heç bir ehtiyac qalmayacaq. Sizin əvəzinizə mətniniz,
əsəriniz vuruşacaq.
İstedadın qarşısını almaq olmaz. Lokallıqdan,
məhdudluqdan mümkün
qədər qaçın.
Bizə elə gəlir ki, bizim ədəbiyyat
məkanımız çox
genişdir. Qətiyyən elə deyil, Azərbaycan kiçik bir yerdir. Ona görə də mütləq xarici dillərə tərcümə
olunmaq, dünya arealında oxucularla təmasa girməliyik.
Hər hansı areal üçün
yox, dünya üçün, dünya
oxucusu üçün
yazmaq lazımdır.
Nə qədər fərqli ölkələr, dillər
olsa da, bütün oxucuların, bütün yaxşı əsərlərin dili eynidir. Ona görə də
oxucuya təsir edəcək, onu silkələyəcək tərzdə
yazmağa çalışmalıyıq".
Ədibin qənaətinə görə, xüsusən dramaturgiya daha da əhatəli olmağı tələb edir: "Bu, həm riyaziyyat, həm musiqi, həm heykəltəraşlıqdır, çünki sən bəlli zaman və məkan çərçivəsində hadisələri, surətləri oxucuya, tamaşaçıya göstərməlisən, əsəri görən, oxuyan adam surətlərin nəfəs aldığını, canlı olduğunu hiss etməlidir. Nasir olmaq istəyirsinizsə, ədəbiyyatın əlifbasını yaradanları tanımalı, onları diqqətlə mütaliə etməlisiniz.
Mən ədəbi dərgiləri diqqətlə izləyirəm, xüsusən gəncləri oxumağa çalışıram. Təbii ki, istedadlılar çoxdur, amma çox təəssüflə qeyd etməliyəm ki, fenomenlər yoxdur. Çünki mütaliə zəifdir, gənc yazarların çoxu özünü əziyyətə salmaq istəmir. Yazanların çoxu məşhur olmaq, tanınmaq üçün yazır. Yazıçı, şair, yaxud dramaturq tanınmaq üçün yox, ədəbiyyat üçün yazmalıdır. Məsələn, məşhur amerikalı yazıçı Uilyam Folkner 1949-cu ildə "Nobel" mükafatı alanda onu çox adam tanımırdı. Demək olar ki, Amerikanın özündə də belə bir yazıçının varlığından əksəriyyətin xəbəri yox idi. Amma Folkner öz əzmi, istedadı ilə nəyə qadir olduğunu dünyaya göstərdi.
Dramaturq olmaq istəyən kəs mütləq poeziyanı da bilməlidir. Çünki hissləri, həyəcanı qabartmaq üçün poeziya çox gözəl vasitədir. Dramaturgiyada mütləq poetik parçalar, rəqslər, səslər olmalıdır. Ona görə də yazıçı özünü püxtələşdirmək üçün dramaturgiya ilə də məşğul olmalıdır. Ədəbiyyata hobbi kimi yanaşanlar da var. Amma ədəbiyyat çox ciddi məsələdir. Bütün həyatını, enerjini, bacarığını ortaya qoymalısan. Eyni zamanda insan öz istedadının sərhədlərini təxmini də olsa dərk etməlidir. Ədəbiyyat tarixində kifayət qədər misallar var: bütün həyatını, enerjisini bu yolda qoyan adamlar gəncliyini əldən verdikdən, ömrünü puç etdikdən sonra görüb ki, nə enerji var, nə də ortaya qoyduğu sanballı iş. Bunların hamısını sizə açıq şəkildə deyirəm, çünki bütün bunları gözə almaq lazım gəlir. Hər üç-beş yazısı çıxan adam ədəbiyyatçı olmur. Böyük ədəbiyyata böyük də nəfəs lazımdır. Eybi yox, ortaya çıxardığınız iş az olsun, amma tutarlı olması vacibdir. Bu dediklərimi sizi ruhdan salmaq üçün yox, ədəbiyyatın, yazmağın necə çətin və məsuliyyətli bir iş olduğunu anlatmaq üçün deyirəm".
Firuz Mustafa hesab edir ki, ədəbiyyat təkcə yazmaq, yaratmaq deyil, həm də nəhəng bir elm sahəsidir: "Ona görə də yalnız yazmaqla deyil, ədəbiyyatşünaslıqla, ədəbi tədqiqatla məşğul olun. Çünki öyrəndikcə, araşdırdıqca daha çox zövq alacaq, daha tutarlı əsərlər ortaya qoyacaqsız. Bəzən olur, ədəbiyyata qətiyyən dəxli olmayan adamlar gündəm yaratmaq istəyir, kütləyə hesablanmış yazılar tirajlamaqla ədəbiyyatla alver etməyə çalışır. Əlbəttə, belələri müəyyən zaman keçəndən sonra iz qoymadan yox olur. Ona görə də çalışın ki, yazdığınız sözün, əsərin çəkisi olsun. Ədəbiyyatdan, sözdən məşhur olmaq, pul qazanmaq üçün istifadə etməyin".
Dünya dramaturgiyasının tarixinə nəzər salan, onun qədimliyindən söz açan F.Mustafa deyib: "Bəs bizdə dramaturgiya nə vaxt yaranıb? 150 il əvvəl. Eyni zamanda bizim necə gözəl dram nümunələrimiz, dramaturqlarımız var, Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Cəfər Cabbarlı. Dramaturgiya ədəbiyyatda bir növ minatəmizləyən rolunu oynayır. Onun açdığı yolla poeziya və nəsr irəliləyir. Bu baxımdan, mənim fikrimcə, dramaturgiya nəsr və ya poeziyadan bir addım öndədir".
Sonra F.Mustafa gənc ədiblərin suallarını cavablandırıb, onların yaradıcılığından nümunələr dinləyərək, fikirlərini bölüşüb.
Cavid QƏDİR
525-ci qəzet.-
2015.- 13 fevral.- S.8.