"Kitabi-Dədə Qorqud"un ərəbcəyə tərcüməsinə müqəddimə

 

Məlumdur ki, epik yaddaşımız, düşüncə qaynağımız, yazılı və şifahi ədəbiyyatımızın başlanğıcı "Kitabi-Dədə Qorqud" elm aləminə 1815-ci ildən bəlli olub. Həmin ildə alman alimi Fridrix fon Dits "Dədə Qorqud" dastanını aşkara çıxarıb və "Basatın Təpəgözü öldürdüyü boy"u alman dilinə çevirərək çap etdirib.

 

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Kitabi-Dədə Qurqud" və “Fridrix fon Dits - 200" beynəlxalq kollokviumu keçirilib. Azərbaycan alimləri ilə bərabər, Türkiyə, Qazaxıstan, Rusiya, İtaliya, Gürcüstan, Latviya və Almaniyadan məşhur qorqudşünasların, türkoloqların, nəşriyyat rəhbərlərinin iştirak etdiyi tədbirə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev rəhbərlik edib.

 

Tədbirdə "Kitabi-Dədə Qorqud"un yayılma arealı, xarici dillərə tərcüməsi məsələlərinə xüsusi diqqət yetirilib.

 

İki yüz ildir ki, dünya alimlərinin diqqət mərkəzində olan "Kitabi-Dədə Qorqud" bir çox dillərə tərcümə olunub, tarixçilərin, etnoqrafların, filosofların, folklorşünasların, xüsusən də dilçilərin tədqiqat obyektinə çevrilib. Bu ölməz abidəyə İraqda da böyük maraq vardır. Əsər ərəb dilinə tərcümə edilərək "Hekayət Dədə Qorqud" adı altında çap olunub (Bağdad, 2007, 264 s.). Kitaba ön sözü ədəbiyyatımızın böyük dostu doktor Əbdüllətif Bəndəroğlu yazıb. Əsəri ərəb dilinə İraqda və Türkiyədə tərcüməçi, tədqiqatçı, eləcə də yazıçı kimi tanınan Cəlal Polad çevirib, ona çox maraqlı və geniş giriş məqaləsi yazıb, indiyə qədər aparılmış tədqiqatlardan və abidənin dünya şöhrətindən söz açıb.

 

Cəlal Polada şükranlıqla, onun həmin məqaləsini oxucu və tədqiqatçılara təqdim edirəm.

 

Qəzənfər PAŞAYEV

Filologiya üzrə elmlər doktoru, professor

 

Dədə Qorqud dastanları ilk dəfə olaraq XIX əsrin əvvəllərində, dastanın sonradan Drezden nüsxəsi kimi tanınan ilk əlyazma nüsxəsinin aşkar edilməsi ilə elm aləminə məlum olub. Bir çox şərqşünaslar və tədqiqatçılar Oğuz tayfalarının həyatını, onların qonşu qövmlər və xanlıqlarla mübarizələrini təsvir edən bu qəhrəmanlıq dastanlarının araşdırılmasına böyük səy göstərib, bu sahədə cidd-cəhdlə çalışıblar. Hal-hazırda da Dədə Qorqud dastanları bir çox araşdırma və tədqiqatların əsas mövzu və qaynağına çevrilməkdədir. Dastanın mövzusu ətrafında bir tərəfdən zərurət qarşısında, digər tərəfdən isə mövzu ilə bağlı tədqiqatlarda keçmiş araşdırmaların kifayət etməməsi səbəbindən  yeni tədqiqatlar davamlı olaraq bir-birini əvəz edib.

 

Dədə Qorqud dastanları türk dilinin araşdırılmasında bitib-tükənməz bir mənbə sayıldığı kimi, türk ədəbiyyatı xəzinəsində də ən yaxşı və nəzəri daha çox cəlb edən əsərlərdən olması ilə yanaşı, dastanın yarandığı müəyyən tarixi mərhələ ilə bağlı dəyərli tədqiqatların meydana gəlməsinə də səbəb olub. Araşdırmaların məlum məqsədi dastanın yaranma tarixini və dastanın müəllifi olan Dədə Qorqudun həyatı ilə bağlı olan məqamları müəyyən etmək olub.

 

"Kitabi-Dədə Qorqud" ilk dəfə 1916-cı ildə Türkiyədə türkiyəli tədqiqatçı Kilisli Rifat tərəfindən həmin dövrdə istifadə olunan ərəb əlifbası ilə nəşr olunub. 1938-ci ildə türkiyəli tədqiqatçı Orxan Şaiq Gökyay dastanı ikinci dəfə nəşr etdirib. Qeyd etmək lazımdır ki, hər iki kitabın nəşri dastanın orijinal əlyazma nüsxəsinə deyil, üzü köçürülmüş orijinal mətn nüsxəsinə əsaslanıb.

 

Dədə Qorqud dastanlarının iki əlyazma nüsxəsi mövcuddur. Birinci əlyazma Drezden nüsxəsidir, ikinci isə Vatikan əlyazma nüsxəsidir. Vatikan nüsxəsi son dövrlərdə aşkar edilib və 1950-ci ildən sonra elm aləminə məlum olub. Vatikan nüsxəsinin zəif olması və əlyazmanın naqis olması ətrafında formalaşan fikir birliyi səbəbindən türk dünyasında aparılan araşdırmaların əksəriyyəti Drezden əlyazma nüsxəsinin əsas nüsxə olması fikrinə əsaslanıb. 

 

Dədə Qorqud dastanlarının bir əlyazma nüsxəsi Drezdendə Kral kitabxanasında alman tədqiqatçısı Fleytşer tərəfindən aşkar edilib. Lakin onun həmvətəni tədqiqatçı Fon Dits əlyazmadan birinci olaraq istifadə edib və 1811-1815-ci illərdə Berlində kitabı ilk dəfə olaraq nəşr etdirib. Dits atalar sözlərini araşdırıb və öz tədqiqatını Dədə Qorqudun yaşadığı tarixi dövrün araşdırılmasına həsr edib. Sonra o, dastanı axtarıb tapıb və Dədə Qorqudun şəxsiyyətini diqqətlə işıqlandırıb, "Təpəgöz" dastanını alman dilinə tərcümə edərək nəşr etdirib. Dits Təpəgözlə Homerin "Odisseya" dastanındakı nəhəng Bolefmonun şəxsiyyəti arasında müqayisələr aparıb. O, Dədə Qorqud dastanının həcminin böyüklüyünə və geniş təfsilatına əsaslanaraq nəticədə belə bir qərara gəlib ki, bu dastanın mövzusu Şərqdən götürülüb və mənşəcə türk olub. Həmin dövrdə Dits tamamilə Drezden nüsxəsinə uyğun olan nüsxənin nəşrinə və Berlin kitabxanasında 203 saylı kataloq əsasında dəyişikliklərlə əlavələr etməyə səy göstərib. XIX əsrin ikinci yarısında Teodor Noldeke Drezden əlyazma nüsxəsini araşdırmağı qərara alıb və əlyazmanın üzünü köçürməyə başlayıb. Lakin onun əlyazmada bəzi mühüm məqamları başa düşməməsi səbəbindən nəşr təxirə salınıb. Buna görə də rus şərqşünası Bartold Dədə Qorqud dastanları haqqında ilk əhəmiyyətli bir məqalə yazan şəxs hesab olunur. Bartold həmçinin "Dəli Domrul" dastanını rus dilinə tərcümə edib. Bartold bütün bunlarla kifayətlənməyib, əksinə Noldekin tamamlanmamış araşdırması ilə bağlı informasiya verərək onu şərh edib, A. Tumanskiyə istinadən həmin dövrdə türkmanlar və qafqazlılar arasında Dədə Qorqud haqqında danışılan dastanlarla bağlı dövri şəkildə yazıb.

 

Tumanski, öz növbəsində Dədə Qorqudun şəxsiyyəti ilə bağlı bir məqalə nəşr etdirib və Əbul-Qazi Bahadur Xanın "Şəcəreyi-tərakimə" kitabında qeyd olunan məlumatlardan faydalanıb. K. İnostrantsev isə, Dədə Qorqudun şəxsiyyətini araşdırıb, onun həqiqi, yaxud xəyali şəxsiyyət olduğuna işıq tutub. O, belə bir qənaətə gəlib ki, ola bilər, Dədə Qorqud miladi XII əsrin ortalarında Boz Oq tayfalarının əmiri olmuş Qorqud ibn Əbdülhəmidin özüdür.

 

Türkiyədə Dədə Qorqud dastanları ilə bağlı araşdırma və məqalələrin sayı artmağa başlayıb.

Xüsusilə 1916-cı ildə, Türkiyədə kitabın ilk nəşrindən sonra bu tədqiqatların əksəriyyəti Ditsin nəşr etdirdiyi nüsxəyə əsaslanıb. Orxan Şaiq Gökyayın və ondan sonra Əbdülqadir İnanın təqdim etdikləri tədqiqatlar isə əlyazma nüsxəsi və Dədə Qorqud şəxsiyyəti haqqında zəngin məlumat verir.

 

Orxan Şaiq Gökyay bir kitab nəşr etdirib və kitabın müqəddiməsində Dədə Qorqud və onun dastanları haqqında kifayət qədər yazıldığına və araşdırmalar aparıldığına işarə edib. Kitaba yazılmış giriş 50-ci illərin əvvəllərində bu mövzu ilə bağlı əhatə etdiyi məlumat zənginliyi ilə fərqlənir. Bundan sonra doktor Məhərrəm Erkinin daha çox akademik səviyyədə araşdırması diqqəti cəlb edir. O, bu araşdırma ilə doktorluq dərəcəsinə nail olub. Bu araşdırmada əlyazma və Dədə Qorqudun kimliyi ilə bağlı kifayət qədər tarixi mənbələrə müraciət olunmuş, bundan əlavə hər iki nüsxə nəşr olunmuş və onlar arasında müqayisələr aparılıb, əlyazmada istifadə olunmuş dil qrammatik baxımdan araşdırılıb, onun tədqiqatı Dədə Qorqud dastanlarında istifadə olunmuş ayrı-ayrı sözlərdən ibarət xüsusi lüğətin hazırlanması ilə başa çatıb.

 

1950-ci ildə Vatikan kitabxanasında qədim türk əlyazmaları arasında "Dədə Qorqud" kitabının başqa bir əlyazma nüsxəsi təsadüfən aşkar edilib. Bu əlyazma nüsxəsi cəmi altı dastanı əhatə etməsi baxımından naqis hesab olunub. Drezden əlyazma nüsxəsi isə 12 dastandan ibarətdir. Bu əlyazma nüsxəsini italiyalı tədqiqatçı Ettori Rossi aşkarlayıb və həmin dövrdə orijinal məlumatları əhatə edən bir məqalə ilə çıxış edərək əlyazmanı tanıdıb. Sonra o, Vatikan əlyazma nüsxəsi ilə Drezden əlyazma nüsxəsi arasında müqayisələr aparıb, hər iki əlyazma nüsxəsinin tərcüməsini 364 səhifəlik bir kitab halında nəşr etdirib, həmin kitabın 95 səhifəsi müqəddiməni əhatə edib.

 

Dədə Qorqud haqqında məlumat verən ən qədim tarixi mənbə Elxani vəziri təbib Rəşidəddin əl-Həmədaninin müəllifi olduğu "Cami-ət-təvarix" kitabıdır. Kitabın "Oğuz türklərin tarixi və cahangirlik dastanları" (Tarixi-oğuzi-turkan və hekayəti-cəhangiri) adlı ayrıca fəsildə Qorqud haqqında mühüm məlumat verilib və onun dörd Oğuz əmirindən biri olduğu qeyd edilib. Miladi XIV əsrin əvvəllərində farsca yazılıb həmin Oğuznamədə Oğuz xanlarının onuncu hakimi olan Qayı İnal xan zamanında Qorqudun ulduzunun parladığı bir dövr olduğu əsaslandırılır. O, həmin dövrdə müşavir işləyib. Qeyd etmək lazımdır ki, Qorqud həqiqətən də Qayi İnal xanın atası İnal Sər Yavkuy xanın dövründə hökm meydanında görünüb. Və o, oğlunun taxta çıxması üçün atasına hiylə gəlmişdi. O, onuncu hakimdən başlamış on dördüncü hakimədək dörd hakim dövründə yaşayıb, xanın müşaviri postunu tutub. Qara Xoca oğlu olan Dədə Qorqud Bayat qəbiləsinə mənsubdur. Bu qəbilə Oğuzların bir qrupudur. Rəşidəddin öz kitabında yazır: "Bu məlumatın söyləndiyi şəxs təsdiq edir ki, Qorqud gözəl nizamda və güclü məntiqdə tayı-bərabəri olmayan bir hakim idi. Bundan əlavə o, səxavətli bir vali olmuş, onun çoxlu dastanları vardır".  Rəşidəddin öz kitabında onun dastanları haqqında geniş məlumatlar verməyi gərəkli hesab etsə də, təəssüf ki, bunu etmir. Bu hakimin oğluna ad seçən Qorqud onu Tuman adlandırır və o, Kul Erkini Tumana naib seçir. Sonra Kul Erkinin qızı ilə evlənir. Onlar yeni doğulan oğlanlarına Qanlı Yavkuy adını qoyurlar. Oğuz əmirlərinin fikir birliyi ilə o, Tumanın hakimiyyətdən uzaqlaşdırılmasında iştirak edir, oğlu Qanlı Yavkuy atasına varis təyin edilir. Həmədani təsdiq edir ki, Qorqud Qayı İnal xan dövründə müşavir mənsəbini tutduğu zaman Məhəmməd Peyğəmbərlə (s) görüşmüş, Qayi İnal xan İslamı qəbul edib. Bütün bu hadisələrin cərəyan etdiyi coğrafi ərazi İssık gölünün qərbi və Sırdərya çayının şimalında yerləşirdi.

 

Qeyd etmək lazımdır ki, fars dilində yazılmış bu Oğuznamədə Dədə Qorqudun şəxsiyyəti haqqında göstərilən xüsusiyyətlər (Hakim olub, çox xeyirli işlər görüb, Oğuz xanlarının yanında müşavir olub, Məhəmməd Peyğəmbərin (s) zamanında yaşayıb, Bayat qəbiləsinə mənsub olub, yeni doğulan uşaqlara ad verib, gözəl kəlamlar qoşub) "Dədə Qorqud" dastanının əlyazmasında onun haqqında göstərilən keyfiyyətlərin eynidir.

 

Misirli müəllif Əbu Bəkr ibn Aybək əd-Dəvadari Şah Nasir Məhəmməd ibn Qılavuna hədiyyə etdiyi və miladi 1310-cu ildə baş vermiş tarixi hadisələrə həsr olunmuş "Durəru-t-ticən" (Tacların inciləri) kitabında 1229-cu ilin mənzərəsinə də toxunur və kitabın müqəddiməsində Çingiz xandan söhbət açır, "Oğuznamə"yə gedib çıxır və "Təpəgöz" dastanının əhəmiyyəti ilə bağlı məlumatlar verir.

 

İbn Aybək yazır ki, bu kitab Oğuzların meydana gəlməsini və həyatlarının ilk dövrünü özündə əks etdirir. Buradakı məlumatlar Elxan əl-Azımın (Beytəcki) kitabından iqtibas olunub). Bu, moğol və qıpçaqlardan ibarət ən qədim türklərdən fəxarətlə danışan bir kitabdır. Oğuzlarda mövcud olan Oğuznamə əldən-ələ keçmiş və onların meydana gəlməsinin ilk dövrünü əhatə edir. Burada ilk xanların adları qeyd olunub, onların ilk babasının Oğuz olduğu göstərilib. Burada nəhəng bir varlıq olan Təpəgözün adı çəkilir və deyilir ki, bu, çox bədheybət bir məxluq olub alnının ortasında yalnız bir gözü vardır. Onun anası su pərisidir, onun bədəninə qılınc və ox batmır.  Onun büründüyü xirqə on üç qoyun dərisindən hazırlanıb. Sonrakı nəsillər bu məşhur dastanı müxtəlif formalarda danışırlar, müdrik bəsirət sahibləri bu dastanı yadında saxlayır, rəvayət edir, sazla onu ifa edirlər. Oğuz yurdunda peyda olan bu nəhəng onların yurdunu viran qoyur, bir çox igidləri şəhid edir. Nəhayət, türklər arasında at çapması, qılınc oynatması, ox atması ilə şücaət göstərən Basat Aruz oğlu adlı bir igid həmin nəhəng məxluqu öldürür.. O, son söz olaraq deyir: Bu müqəddiməni xüsusi olaraq türkün vəziyyəti ilə tanış olan hər kəsin oxuması üçün yazdım.

 

İbn Aybək həmin dövrdə Oğuznamənin bir nüsxəsi haqqında məlumat verib. Belə ki, kitabda kiçik bir ziddiyyətlə haqqında danışılan "Təpəgöz" dastanı ilə bağlı olaraq ola bilər ki, kitab Basat ilə Beyrək yaxud Qanturalının kimliyi arasında qarışıqlığa yol verib.

 

Dədə Qorqud, Bayandur xan, Salur Qazanın adlarının qeyd olunduğu və dastanda cərəyan edən bəzi hadisələrdən söhbət açılan üçüncü mənbə miladi XIV əsrdə Əmir Süleyman ibn Sultan Osmanlı Bayazid dövründə yazılmış "Səlcuqnamə" kitabıdır. Kitabın sonrakı fəslində "Kitabi-Dədə Qorqud"un müqəddiməsində mövcud olan hikmətli kəlamlara bənzər bəzi atalar sözləri və hikmətli kəlamlar verilmişdir. Bu da nəzəri cəlb edir ki, bu kitabda qeyd olunan adlar "Kitabi-Dədə Qorqud"da mövcud deyil. Buradan da belə bir fikir yaranır ki, "Səlcuqnamə" müəllifi ola bilər, "Kitabi-Dədə Qorqud"un daha geniş və əhatəli nüsxəsi haqqında məlumat verib və bu əlyazma nüsxələri də bizim əlimizə gəlib çatıb (Drezden və Vatikan əlyazma nüsxələri).

 

Berlin Dövlət kitabxanasında "Bu risalə məşhur Oğuznamənin kəlamlarından olan atalar sözüdür" adlı bir kitab əlyazması vardır və qədim atalar sözlərinin qeyd olunduğu bu kitabda Dədə Qorqud dastanları ilə əlaqəsi olan adlar vardır. Bu kitabın tərtibat tarixi miladi XIV əsrə,  Osmanlı dövrünə aiddir. Çox ehtimal ki, bu kitabda tərtib olunmuş məlumatlar Oğuznamə kitabının başqa bir nüsxəsi haqqında danışılanlardır.

 

Əli Yazıçıoğlu XIV əsrdə yazıb Sultan II Murada hədiyyə etdiyi "Tərixi əli-Səlcuq" adlı kitabı Dədə Qorqud haqqında xəbər verir. Eyni məlumatlar yaxud buna bənzər məlumatlar "Kitabi-Dədə Qorqud"un müqəddiməsində vardır və gizli deyildir ki, müəllif dastanın bir nüsxəsindən xəbərdar olub. 

 

Dədə Qorqud haqqında məlumat verən başqa bir mənbə "Cami-cəm" kitabıdır. Bu kitabı Osmanlı silsiləsindən olan Həsən ibn Mahmud Bəyati ət-Təbrizi yazıb. O, Sultan Cəmin istəyi ilə onu Həc səfərində müşayiət edib. "Oğuznamə"nin bir nüsxəsinə istinadən müəllif iddia edir ki, o, Oğuz xanları, xüsusilə də on səkkizinci hakim olmuş Qara xan haqqında kitablar saxlayıb. Müəllif yazır: "Bu əmir İslam dinini qəbul edib. O, taxta çıxanda Dədə Qorqudu Mədinə şəhərinə göndərmişdir". Müəllif əlində olan "Oğuznamə" haqqında danışaraq bizə xəbər verir ki, Dədə Qorqud Mədinədən qayıtmadan öncə Səlman Farsi ilə söhbət etmiş, Səlman Farsi ona Oğuz tayfaları arasında İslam dininin qayda-qanununu yaymağı tapşırmışdı. Bundan sonra müəllif Ay Qutluq haqqında danışır, onun tərbiyəçisi Qorqut ata oğlu Urkuc Dədədən söhbət açır və deyir ki, o, Xəlifə Osman ibn Affanın (Allah ondan razı olsun) xidmətində olmaq üçün göndərilmişdi. Lakin o, Kufəyə çatanda xəlifənin qətli ilə bağlı xəbərlərdən tərəddüd edir. Kəbəyə çatıb qayıtmaqda fayda görür. O, qayıtdığı yolda İmam Əli (ə) ilə Müaviyə arasında gedən döyüşün şahidi olur və Əliyə sadiq olduğunu bildirib öz vətəninə qayıdır.

 

Əlişir Nəvai isə "Nəsəimu-l-muhabbəti" (Sevginin həzin mehi) kitabında və tərcümə əsəri olan "Cami" kitabının "Naqahatu-l-unsi" (İnsanların sağlamlığı) fəslində Dədə Qorqud haqqında xəbər verib. O, yazır: "Dədə Qorqud türklər arasında məşhur və şöhrəti yayılmış bir şəxsdir. O, insanlara dünyada baş vermiş və gələcəkdə baş verəcək hadisələrdən danışır. Onun sifətlərindən biri də budur ki, o, bəlağətli, mənalı, hikmətli kəlamlar deyir". Bu xüsusiyyətlər "Dədə Qorqud" dastanının əlyazmasının müqəddiməsində verilən məlumatlarla tam uyğunluq təşkil edir.

 

Osman Bayburdlu III Sultan Murad dövründə (1574-1595) yazdığı "Tərixi cədidi mirati cəhan" (Dünya güzgüsünün yeni tarixi) kitabında və Bayandur xan fəslində "Dədə Qorqud" kitabı və Dədə Qorqudun şəxsiyyəti ilə bağlı oxşar adlar haqqında mühüm məlumatlar verib. O, bütün bunları "Bəhrul-ənsəb" (Əsil-nəsəb dənizi) adlı kitabdan götürdüyünü yazıb və bu, Dədə Qorqud tərəfindən yazılmış qədim "Oğuznamə"dən olan bu xəbərlərin saxlandığı sonuncu kitabdır.

 

Bayandur xanın xüsusiyyətləri haqqında:

 

"Bəhrul-ənsəb"də deyildiyinə görə, Gök Alp xan öz əcəli ilə vəfat etdikdə Qaydur xan və Turmuş xan səltənəti iki yerə böldülər və onların hər biri öz məmləkətinin xanı oldu. Sonra onlar qardaşları Bayandur xanla birlikdə Xorasandan Ani-Qarsa gəldilər, kafir gürcülərlə müharibə edib Tiflisi tutdular. Sonra Dərbənd qapısına yetişdilər Kustask xanını mühasirəyə aldılar. Onu öldürdülər, sonra isə başını kəsdilər. Dərbənd üzərində nüfuzlarını möhkəmləndirdilər. Həmin tarixdə İsa (a) peyğəmbər zühur edib. Burada bizim peyğəmbərimizin zühuru ilə bağlı heç bir işarə yoxdur. Onlar İslam dini və dini məzhəblər haqqında heç nə bilmirdilər. Lakin onlar Allahın birliyinə inanırdılar. Sonra müəllif əmirlər və onların qəhrəmanlıq şücaətləri haqqında yazır. Onların apardığı döyüşçülərin sayı 90 min olub. Onların ruhi mürşidi Dədə Qorqud idi. Oğuzlar kafir gürcülərlə müharibə vəziyyətində idilər və bu, qırx il davam edib. Onların əmirlərindən xərac alınmışdı. Məhəmməd (s) Peyğəmbər Məkkədə zühur edəndə, deyilənə görə, Bayandur xan Onu yuxuda görür və Ona iman gətirir. İslamın Oğuzlar arasında yayılması üçün o, Qazan xanı və Dündar bəyi Onun yanına göndərir. Qazan xan yanındakı şəxslə peyğəmbərin qarşısına gəlir. Peyğəmbər məsciddə oturmuşdu. Onlar ucaboylu idilər, saçları qısa deyildi, dırnaqları da uzun idi. Peyğəmbər onları görəndə özünü narahat hiss etdi, divara söykəndi.

 

Deyilənə görə, divarda mehrab yeri göründü  həmin gündən etibarən mehrab məlum oldu. Sonra Peyğəmbər onlara İslamı təqdim etdi və onlar iman gətirdilər. Sonra O, Səlman Farsini onlarla birlikdə Dərbənd qapısınadək göndərdi. Səlman Farsi onlara namazı və orucu öyrətdi. Bundan sonra Səlman Farsi onların şeyxi olan Dədə Qorqudu tərk edir. Uzun Həsən (Bayandur xanın oğlanlarından biri) Əcəmə şah göndəriləndə də İslamı bu diyarda yayıb.

 

Osman Bayburdlu bu məlumatları "Kitabi-Dədə Qorqud"un bir nüsxəsinə istinadən tərtib edib. Bu, hazırda tanınan hər iki əlyazmanı daha çox əhatə edir. Lakin o, Uzun Həsən və Elxani əmiri Qazan xanın adları arasında şübhə edib.  XVII əsrin əvvəlində osmanlı tarixçisi Ruhi Ədirnəvinin tərtib etdiyi kitabda Dədə Qorqudun səltənətin Qayi qəbiləsinə qayıdacağını xəbər verdiyi qeyd olunur. Bu xəbəri tarixçi Münəccimbaşı Ruhi Ədirnəvidən sonra çatdırıb. Lakin bununla bağlı diqqəti cəlb edən digər bir cəhət də Dədə Qorqudun xüsusiyyətlərindən biri olan peyğəmbərlik xüsusiyyətidir. Həqiqətən bu, Oğuz xanın vəsiyyətlərindən biri idi və bu barədə artıq "Səlcuqnamə" kitabında da qeyd olunub.

 

1659-1660-cı illər arasında Əbu-l-Qazi Bahadur xanın yazdığı "Şəcəreyi-tərakimə" kitabında da müəllif Qorqud Ata ilə bağlı geniş məlumatlar verib. Onun fars dilində yazılmış "Oğuznamə"də türkman nağıl söyləyicisi, qüdrətli dövlət adamı, böyük bir müşavir olduğu qeyd olunur. əl-Həmədaninin "Cami ət-təvarix" və bundan başqa bəzi təfsirlərdə, dastanlarda mövcud olan şəxsiyyətlər haqqında, Salur Qazanın xan Beycənə Toymaduqla apardığı mübarizə yer alıb. Bu xan şah Qazanın anasını əsir almışdı.

 

Lakin üç aydan sonra onu geri qaytarıb və o, hamilə olduğu üçün öldürülüb. Burada qadınlar haqqında, Qazanın arvadı Burla xatunun bəzi xüsusiyyətləri haqqında müəyyən məlumatlar vardır. Həmçinin "Kitabi-Dədə Qorqud"un əlyazma nüsxəsində olduğu kimi, burada da Əkrək və Səkrək kimi adlar da qeyd olunub.

 

Əbu-l-Qazi Bahadur xanın əsaslandığı nüsxə hazırda mövcud olan əlyazma nüsxəsinə aid fərqli bir nüsxədir, həmçinin özündən əvvəlki və sonrakı nüsxələrdən də çox fərqlənir.

 

"Tarixi dost Sultan" adlı kitabda da Dədə Qorqud, onun müdrik hakimlərdən biri, tanınmış ozanlardan sayılması haqqında məlumatlar vardır. Baxşılar (ozanlar) onu müqəddəs peyğəmbər hesab etmişlər. Kitab İslam dininin möminlərindən olan Özbək xan haqqında və müsəlman alimləri arasında yayılmış bir əfsanəyə bənzər rəvayət danışır. Bu beytlər təsvir olunur:

 

Hakim Elxan onlardan tələb etdi ki, Dədə Qorqudun yolu ilə getsinlər

 

Kahinlər onun kəramətini öz gözləri ilə gördülər

 

Onlar başlarını qoltuqları ilə sıxmalı ə ona baş əyməlidirlər

 

Osmanlı tarixçisi Övliya Çələbi özünün məşhur "Səyahətnamə" kitabında Dədə Qorqudun həyatına toxunub və burada yalnız Dədə Qorquda mənsub edilən məzarla bağlı müəyyən məlumat verib. Övliya Çələbi 1647-ci ildə Dərbənd bölgəsində Qorqudun qəbri ilə bağlı gördüyü belə bir hadisəni danışır: "Onun qəbri qırx dağın, yəni qırx qeyb olmuş şəxsin arasındadır. Burada insanlar tərəfindən ziyarət olunan qırx mötəbər məzar vardır. Böyük sultan Dədə Xorxutun qəbri də onların arasındadır. Şirvanlılar da onun əzəmətinə etiqad edirlər". 1655-ci ildə Övliya Çələbi Əxlət bölgəsində həmin dövrdə mövcud olan qədim qəbirləri ziyarət edib və öz kitabında belə yazıb:

 

"Əxlətdə son mənzilində yatanlar arasında osmanlıların qədim əcdadlarından sayılan Qorqud xan da vardır".

 

Burada istərdik ki, yuxarıda qeyd edilən məlumatla birbaşa əlaqəsi təsdiq olunan Qərb mənbələrindəki mühüm tarixi məlumatı əlavə edək. Leypsiqdən olan professor Adam Olearis 1638-ci ildə Almaniya hökumətinin Rusiya və İrana göndərdiyi diplomatik missiyanın tərkibində iştirak edib. O, Dərbənd şəhərindən keçərkən şəhərdən kənarda düzülmüş və insanların ətrafına toplaşmış olduğu qəbirləri müşahidə edir.

 

Yerli sakinlər Olearisə bu qəbirlər haqqında danışırlar ki, uzun əsrlər bundan öncə, peyğəmbərin vəfatından sonrakı dövrdə  "oğuz" qəbiləsinə mənsub olan Qassan ləzgilərə qarşı amansız müharibələrə başlaıb. Qassan öz əcəli ilə vəfat edib və Acı çay sahilində dəfn olunub. Onun arvadı Burla isə Urmi qalasında yəni Urmiyada dəfn olunub. O, imam "Kurchud"un qəbrini görür və ona danışırlar ki, bu, müsəlman övliyalarından biri olub. O, əshabələrdən biridir. O, Peyğəmbərin vəfatından sonra üç yüz il yaşayıb. Bu Qorxudun Qassanla sıx əlaqəsi olub. Onun məclislərində iştirak edib, saz çalıb, dastanlar deyərək söz qoşub, onu bütpərəst ləzgiləri öldürməyə təhrik edib, İslamın çağırışı ilə ləzgilərdən bir qrupu onların arasına qatıla bilib, qalanları öldürülüb.

 

Burada Dədə Qorqud haqqında dastanların yaxud Dədə Qorqud dastanları haqqında mənbələrin bütün türk dünyasının müxtəlif bölgələrində yayıldığının şahidi oluruq. Bu yayılma Şərqi Anadoludan tutmuş, Xəzər gölü ətrafınadək, Qırğızıstana və Asiyada ən uzaq türk topluluqlarınadək olan geniş bir coğrafi ərazini əhatə edir. Nümunə üçün deyə bilərik ki, Dədə Qorqudun adı qırğızların "Manas" dastanında çəkilir, Qazılıq dağının adı dəfələrlə təkrarlanır. X əsrin əvvəllərindən başlayaraq türk xalqlarında - Azərbaycanda, Cənubi Azərbaycanda, İraq türkmanlarında, Türkmənistanda, Özbəkistanda, Qırğızıstanda, Gürcüstanın bəzi bölgələrində, cənub-şərqi Ukraynada və Krım yarımadasında Dədə Qorqud dastanlarından götürülmüş yüzlərlə şifahi xalq nağılları vardır. Türkmanlar arasında və Qafqazda bu gün də Qorqud Ata haqqında rəvayətlər vardır. Əlbəttə ki, onun ölümü yaxud ölümdən uzaq olması haqqında rəvayətlər də vardır. Bu rəvayətlərə əsasən, Dədə Qorqud zamanından çox yaşayıb, öz qaçılmaz əcəlindən qaça bilib. Həqiqətən insanın əcəli yetişəndə bir qəbir tapılıb basdırılır. Nəhayət o, üç yüz il ömür sürüb ölür və belə bir qəbirdə dəfn olunur. Burada bu məsələ ilə bağlı başqa bir rəvayət də vardır. Keçmişdə türkmanlar arasında belə bir xalq deyimi vardı.

 

Deyirdilər ki, Qorqudun qəbrini qazıma. Velyaminov Zernov Sırdərya çayı sahilindəki ərazidə Qorqudun öz qaçılmaz əcəlindən qaçması ilə bağlı qafqazlılardan eşitdiyi bir rəvayəti bizə danışır.

 

Dünya yarananda dünyanın uzaq bir yerində Qorqud adlı müqəddəs bir insan yaşayırdı. Günlərin bir günündə o, yuxuda görür ki, bir dəstə adam qəbir qazır. Onlardan soruşur: "Bu qəbri kimin üçün qazırsınız?" Və bilir ki, bu qəbir onun üçün qazılır. O, səhər yuxudan ayılanda başa düşür ki, ölüm onu haqlayıb. O, qərara alır ki, öz əcəlindən qaçsın.  O, insanlardan qaçaraq dünyanın ən qısa bir yerinə gəlib yetişir. Burada özünü yuxuda görür, hər iki tərəfin arasında orta olan başqa bir yerə köçür.

 

Deyilənə görə, həmin yer (yəni Sırdərya çayının sahəsi) dünyanın mərkəzidir. Burada da onun yuxusu təkrarlandığı üçün o, ömrünün sona çatdığına əmin olur. O, əbasını çıxarır, onu Sırdərya çayının ortasında suyun üzərinə sərir və üstündə oturur. Deyilənə görə, o, suyun üstündə əbasının üzərində oturmuş halda daha yüz il yaşayır. O, vəfat etdikdən sonra camaat toplaşıb onu qəbri olan yerin yaxınlığında dəfn edirlər. Artıq onu qazaxlar tanıyır və bilirlər ki, o, şair və xalqın müdrik ağsaqqalı olmuş, qopuzu və təmburu yaradtıb. Bunlar hər ikisi simli musiqi alətləridir. Qazax kahinləri isə qopuz çalır, Qorqudun əzəmətini şeirdə tərənnüm edir, onu öz şeyxləri hesab edir, ondan kömək diləyirdilər. Burada qazaxlar arasında bəzi məcazlar, məsələn, Dədə Qorqudun yandırdığı qəndillərə bənzər şamlar vardı. "Təpəgöz" dastanına bənzər "Ər Tuştuk" dastanı vardır.  Bu dastanda çayda üzən ruh zühur edir. Hər yer titrəyir, nəhayət bir nəhəng məxluq çıxır.

 

Burada akademik nöqteyi-nəzərdən əhəmiyyətini nəzərə alaraq bəzi mənbələri imkan daxilində qeyd etməyə çalışdıq. Bunlar orijinal olmaq etibarilə fars dilində yazılan və müxtəlif əsrlərdə mövcud olan "Oğuznamə"lərdən əldə olunub. Bundan əlavə, Oğuzların keçmişinə, onların qəhrəmanlıq mübarizələrinə, ağsaqqalları olan Dədə Qorqudun həyatına, doğma ana dillərinə (bu, türkman dilidir - C.Polad) səyahət etdik. Həmin dövrədək rəsmi dil (yəni Osmanlılardan öncə kiçik dövlətlərin rəsmən istifadə etdiyi dil) fars dili olub. Onlar arasında xalqın dili türk yaxud türkman dili olub ki, bu dildə hacı Bektaş Vəli, Yunus İmrə və Dadal oğlu kimi şairlər öz əsərlərini yazmışlar. Qorqudun şəxsiyyətinə aid rəsmi məqamları əhatə edən bu mənbələrin əksəriyyəti onun haqqında ümumi xüsusiyyətləri verib. O, xalq içindən çıxmış müdrik filosof, alim, şair, hakim və saz ifaçısı kimi uzun zaman və müxtəlif əsrlərdə öz millətinin yaddaşında xatırlanıb. Məlumdur ki, Oğuzlar yaxın əsrlərədək köçəri həyat tərzi keçirən qəbilələr olub. Bununla belə, onlar ilk vətənlərində yaşatdıqları mirası qoruyub saxlamışlar. Onlar köç etdikləri Xəzər dənizinin qərbində də, Şərqi Anadoluda da ona sadiq qalmışlar. Türklərin, yunanların və ərəblərin arasında sivilizasiyanın yaranması nəticəsində bu miras üslub və quruluş baxımından daha böyük əhəmiyyət kəsb edib.

Dədə Qorqudun şəxsiyyəti isə xəyal və həqiqət arasında müəyyən məlumatlarla yadda qalıb.

 

Onun müəyyən bir yerdə və tarixin müəyyən bir mərhələsində mövcudluğunu (yaşaması və ölməsi) iddia edən bir çox fikirlərin nəticəsi qəti əminlik yaratmır və bu amil həmin şəxsiyyətə əfsanəvi şəxs xüsusiyyəti verir. Dədə Qorqudun həyatı və ölümü haqqında formalaşan bu fikirlər və bu barədə tarixi faktın olmaması onun şəxsiyyətinin ehtimal olunması ilə bağlı fikirlərə yol açır. Hicri 918-ci ildə (miladi 1512-1513) dastan nüsxəsinin üzünü köçürən Seyid Əhməd bin Həsən Bali bunu babası Qorquda aid etmiş, Dədə Qorqud ilk dastanlarda bəzən nağıl söyləyicisi, bəzən də qəhrəman kimi qeyd olunub. Dastanların təhlili zamanı nüsxənin üzünü köçürəndən və Dədə Qorquddan başqa daha bir nağıl söyləyicisinə rast gəlirik. Əlyazmanın dilini araşdırdıqda deyə bilərik ki, bu dastanlar türkmanca olan ilk əsərdir.  Bu dastanların təsiri ilə bir çox tarixi dövrlərdə çoxlu xalq nağılları, dastanları və hekayələri yaranıb.

 

Altı yüz il bundan öncə yazılmış bu əlyazmanı ilk dəfə ilk ədəbi bir əsər kimi ərəb dilinə tərcümə edib təqdim etməkdən şərəf duyuruq. Ümid edirik ki, hamı ondan yararlanacaq. Allah yardımçınız olsun.

 

Cəlal POLAD

525-ci qəzet.- 2015.- 13 fevral.- S7-8.