Paskal Mönye:"2015-ci il Azərbaycan-Fransa münasibətlərinin inkişafı baxımından zəngin il olacaq"

 

Müsahibimiz Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyedir.

 

 

- Cənab səfir, 2014-cü ili Fransa və Azərbaycan əməkdaşlığı baxımından necə qiymətləndirirsiniz?  Bu il iki ölkənin əməkdaşlığına hansı istiqamətlər prioritet olacaq?

 

- Azərbaycan və Fransa arasında əlaqələr əla səviyyədədir. 2014-cü ildə iki ölkənin prezidentləri üç dəfə görüşüblər. Onlardan biri  prezident Fransua Ollandın Bakıya rəsmi səfəri zamanı baş tutub. Bizim münasibətlərimiz bütün sahələrdə inkişaf edir. Məsələn,  iqtisadi sahəyə nəzər salsaq, görərik ki,  ticarət dövriyyəsinin həcmi iki dəfə artıb. Müqayisə üçün deyim ki, əgər  2011-ci ildə ticarət dövriyyəsi  130 milyon avro təşkil edirdisə, 2014-cü ildə bu rəqəm 400 milyon avronu keçib. Digər  sahələrdə də strateji  əməkdaşlığımız inkişaf etməkdədir. Müşahidə  peyki, nəqliyyat, o cümlədən,  metro və başqa sahələri qeyd etmək olar. Mədəni, təhsil sahəsində də əməkdaşlığımız davam edir. Bilirsiniz ki, Fransız təhsili litseydən tutmuş universitetlərə qədər Bakıda təmsil olunur. Burada müxtəlif treninqlər keçirilir. Həmçinin, Fransa  Azərbaycan universitetləri arasında 27 fevral tarixində Parisdə görüş keçiriləcək. Həmin görüşdə 20 fransız və 15 Azərbaycan universiteti təmsil olunacaq. Tərəflər arasında ikili diplomların verilməsi, proqramların yaxınlaşdırılması və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. İncəsənət sahəsində də xüsusi bir struktur yaratmaq istəyirik. Məqsədimiz bu sahədə mübadilənin aparılması, iki ölkənin incəsənət adamlarının  qarşılıqlı olaraq müəyyən müddət ərzində Fransa və Azərbaycanda fəaliyyət göstərmələridir. Hazırda bununla bağlı hər iki tərəfdə razılıq əldə olunub və biz layihənin reallaşmasına başlamaq istəyirik. Hesab edirəm ki, 2015-ci il ikitərəfli münasibətlər baxımından çox zəngin il olacaq. Biz Paris və Bakıda biznes forumlar təşkil etməyi planlaşdırırıq. Mayın 19-da Parisdə Azərbaycan-Fransa biznes forumu keçiriləcək. Biznes forumu "Biznes France" Avropa Azərbaycan Cəmiyyəti ilə (TEAS) birgə təşkil ediləcək. Mayın sonu, iyunun əvvəlində isə Bakıda Fransa-Türkiyə biznes forumunun təşkili nəzərdə tutulub. Bu tədbirin Bakıda keçirilməsi səbəbinə gəlincə, bilirsiniz ki, Azərbaycanla Fransa arasında ticarət mübadiləsi inkişaf etməkdədir. Lakin Azərbaycan Fransaya 1, 5 milyard avro mal ixrac edir, idxal 400-500 milyon avro təşkil edir. Əvvəl bu göstərici daha az idi. Nəqliyyat, metro hər il olan layihələr deyil. Azərbaycanda 2600 türk şirkəti qeydə alınıb, 700-ə yaxın fransız şirkəti isə Türkiyədə fəaliyyət göstərir.

 

Azərbaycanın prioritet sahələrində artıq türklərlə işləməyə öyrəşmiş fransızlar onların vasitəsilə Azərbaycana gələ bilər və malları daha yaxşı qiymətlərlə əldə edə bilərlər. Fransa və Türkiyə hökumətləri isə üçüncü tərəflə işləyən layihələrə dəstək verirlər.Bu tədbirlər iş adamları arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.Bundan başqa, Azərbaycanın kənd təsərrüfatı naziri ikmi həftə sonra Parisə səfər edib, orda sərgidə iştirak edəcək. Ticari əlaqələrə gəldikdə isə neftin qiymətinin düşməsi Azərbaycanda böyük layihələrə qoyulan sərmayələri sorğulamağa vadar edib. Buna görə də Fransanın Azərbaycanda layihələrinin reallaşmasında bir neçə aylıq gecikmə ola bilər. Lakin inanırıq ki, metro, peyk və dəmiryolu sahəsində ikitərəfli nəzərdə tutulan layihələr irəliyə gedəcək. Neftin qiyməti ilk növbədə hansı layihələrin reallaşmasını deyəcək. Hazırda təxirə salınan layihələr yoxdur. Hamısı gözləmə mövqeyindədir.

 

- Bu yaxınlarda Parisdə "Charlie Hebdo" jurnalının ofisində törədilmiş terror hücumunu dinlə əlaqələndirənlər də oldu. Siz bu barədə nə deyə bilərsiniz və bu hadisədən sonra Fransada müsəlmanlara münasibətdə nə kimi dəyişiklik baş verdi?

 

- Bu terror hadisəsi fransızları çox dərin şoka məruz qoydu. Birincisi, bu terror aktı insanları öz barbarlığı ilə şoka saldı. Ona görə ki, ilk dəfə idi fransızları kalaşnikovla belə qəddarlıqla qətlə yetirirdilər. Sonra isə əsasən yəhudilərin getdiyi dükana hücum oldu. Bununla insanlar  yenidən şoka düşdülər. Çünki bu, o demək idi ki, insanlara yəhudi olduqları üçün hücum edilir, digər tərəfdən isə Fransada antisemitizmin baş qaldıra biləcəyi narahatlıq yaradırdı.  Bundan sonra Fransada respublika yürüşü keçirildi, bu həm dəstək xarakterli idi, həm də fransızlar göstərmək istəyirdilər ki,  onlar qorxmurlar.  Yürüşə bir çox ölkələrin liderləri, rəsmiləri qatıldı.  Azərbaycan orda baş nazirin müavini Əli Əhmədov səviyyəsində təmsil olundu. Bizim başqa bir narahatlığımız  ondan ibarət idi ki, insanlar beyinlərində  islam dinini, islam dəyərlərini tamamilə başqa bir fenomen olan terrorizm, radikal islamla səhv salmasınlar, çünki bunlar tamamilə fərqlidirlər. Fransada istifadə edilən şüarlardan biri də bu idi:  "Biz radikal islama qarşı mübarizədəyik". Bu hadisələrdən sonra hökumət təhlükəsizliklə bağlı bir çox tədbirlər həyata keçirdi, məsələn, ictimai binaların, məktəblərin, iman yerlərinin, sinaqoqlar, məscidlərin qorunması gücləndirildi. Hökumətin tədbirlərindən biri də həbsxanalara xüsusi diqqətin ayrılması oldu. Çünki Fransada terror cinayətlərinə görə cəza çəkənlərlə yüngül cəzası olanlar eyni yerdə saxlanılır. Təbii ki, bu zaman həmin insanlar ağır cinayət törədənlərin təsirnə düşür, zəhərlənirlər, ona görə hökumət elə tədbirlər həyata keçirəcək ki, terrorizm cinayətinə görə cəza çəkənlər digərlərindən ayrı olsunlar.

 

Həmçinin təhsillə bağlı da vacib tədbirlər görüləcək. Bunlardan biri də dünyəviliyi insanlara daha yaxşı  təbliğ etməkdən ibarətdir. Təhsil Nazirliyi qərar verib ki, dərsliklərdə dünyəvilik daha çox vurğulansın, dinlərarası fərqi daha yaxşı təqdim olunsun ki, uşaqlar insan həyatına  hörmət edə bilsinlər. İndi uşaqlar internetdə daha çox vaxt keçirirlər və elə mənzərələr izləyirlər ki, artıq ölüm onlar üçün adi bir şeyə çevrilib, insan həyatının dəyəri itib.

 

Bizi narahat edən məsələlərdən biri də budur ki, Azərbaycanda olduğu kimi Fransada da bəzi gənclər cihad qruplarına daxil olmağa çalışırlar. Həmin terror hadisəsini törədən hər üç nəfər  Fransa vətəndaşı idi.  Fransanın bəzi şəhərlərinin kənarlarında müxtəlif məhəllələr var və onlar kifayət qədər təhlükəli hesab olunurlar. Orda çox çətin şəraitində yaşayan insanlar məskunlaşıb, narkotik istifadəçiləri var, yəni təhlükə mənbəyidir. Ona görə hökumət həmin ərazilərə daha çox diqqət ayırmağı düşünür.

 

Ümumiyyətlə, tolerantlıq sahəsində Fransa ilə Azərbaycan birgə təcrübə mübadiləsi apara bilərlər. Fransada 6 milyon müsəlman, həmçinin yəhudilər, katoliklər, protestantlar, atestlər var. Fransa ilə Azərbaycan arasında tolerantlıq sahəsində təcrübə mübadiləsi olub, gələcəkdə bunun davam etməsi zəruridir. Sualın ikinci hissəsinə gəlincə, insanlar var ki, hər zaman nəyisə səhv salır, yaxud kiminsə səhv başa düşəcəyi riskləri həmişə var. Respublika yürüşündə bütün dinlərin nümayəndələri var idi, ən vacibi budur ki, o yürüş bütün inanları birləşdirdi. Ekstremist hər yerdə var, islamofobiya,  antisemittzm hər yerdə mümkündür. Amma Fransada  həmin islamofobiya, yaxud antisemitizm göstərən şəxslər saxlanıb mühakimə olunur.

 

- Cənab səfir, bilirsiniz ki, son günlər Ermənistan-Azərbaycan cəbhəsində və təmas xəttində gərginlik artıb. Ermənistan tərəfindən müəyyən təxribatlar həyata keçirilməkdədir. Siz hazırkı durumu necə dəyərləndirirsiniz və Minsk qrupunun həmsədri olaraq Fransa Qarabağ münaqişəsinin nizamlanmasında hansı əlavə səyləri göstərə bilər?

 

- İstər Azərbaycan, istərsə də Ermənistan tərəfindən olan qurbanlar beynəlxalq ictimaiyyəti narahat edir. Ötən həftə ATƏT-in Minsk qrupunun həmsədrləri Münhendə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdülər və həmin görüşdə tərəfləri ən yüksək səviyyədə dialoqu bərpa etməyə, gərginliyin eskalasiyasına imkan verməməyə, tərəfləri tezliklə sülh sazişi üzərində işə başlamağa  çağırdılar. Üç həmsədr dövlət Fransa, Rusiya, ABŞ ötən il dialoqun bərpası üçün xeyli səy göstəriblər. Dövlət katibi Con Kerri, prezidentlər Vladimir Putin və Fransua Ollandın təşəbbüsü ilə prezidentlər görüşüblər. Biz Minsk qrupuna qarşı xeyli tənqidlər eşidirik. Deyilir ki, 20 ildən artıqdır mövcuddur, amma heç bir irəliləyişə nail olmayıb. Amma onlar həqiqətən də çalışırlar tərəfləri dinləsinlər, fərqli mövqeli tərəflərin fikirlərini yaxınlaşdırsınlar, dialoqa töhfə versinlər. Minsk qrupunun fəaliyyətini izləyən zaman görürük ki, bəzən bu qrup durmadan çalışır, uğur olanda da, olmayanda da. Münhendə onlar Ermənistan və Azərbaycanı bir daha dialoqa çağırdılar və yaxın günlərdə həmsədrlər regiona səfər edəcəklər.

 

- Münhen konfransında Azərbaycanın dövlət başçısı post Sovet ərazisində olan münaqişələrə eyni münasibətin göstərilməli olduğunu vurğuladı. Ukrayna və Azərbaycan məsələsində hər iki ölkənin ərazi bütövlüyü pozulub. Sizcə, beynəlxalq birliyin fərqli yanaşması, ayrı-seçkiliyi nədən irəli gəlir?

 

- Düşünürəm ki, burda vaxt və şərait məsələsinin çox təsiri var. Dağlıq Qarabağ münaqişəsi başlayanda SSRİ-nin dislokasiyası dövrü idi. İnsanlar Qafqazda baş verənləri yaxından izləmirdilər. Hətta indi də həqiqətləri tamamilə çatdırmaq çox çətindir. Bir çox jurnalistlərin də burda rolu böyükdür. Məsələn, fotojurnalist Rza Diqqəti bu böhran barədə sərgilər təşkil edir. Bu da hətta məlumatı çatdırmağa kifayət etmir. İnsanlar o vaxt böhranı yaxşı anlamırdılar, elə bilirdilər ki, etnik münaqişədir, sonra daha dəqiq məlumatlar verildi, beynəlxalq ictimaiyyət səfərbər oldu, Minsk qrupu yaradıldı və atəşkəsin əldə edilməsində də rol oynadı.

 

Ukraynada vəziyyət fərqlidir, çünki böyük bir güc öz qonşusunun ərazi bütövlüyünü, həmçinin Krımla bağlı beynəlxalq öhdəliklərini pozmaqdadır. Sonra Donetskdə münaqişə bir az əhatələndi. Bilirsiniz, 20 il əvvəl baş vermiş münaqişə ilə indikinin fərqi ondan ibarətdir ki, televiziyalar, regonda indi daha çox oturuşub, insanlar dünyada baş verənləri daha çox görürlər. 20 il əvvəl isə insanların belə imkanları yox idi.   Digər faktorlardan biri də ondan ibarətdir ki, Ukrayna Avropa İttifaqının tam sərhədlərində yerləşir, Ukraynaya yaxın olan Pribaltika respublikaları, Polşa özlərini çox hədəfə alınmış, hədələnən kimi hiss etdilər. Hər iki münaqişənin ümumi və fərqli cəhətləri oldu. Ümumi cəhətlər bundan ibarətdir ki, hər ikisində ərazi bütövlüyü pozulub, hər iki münaqişədə dünya liderləri ATƏT-in simasında, yaxud bir neçə üzv ölkə səfərbər oldu. Fərqlər isə dediyim kimi zaman fərqidir, bir münaqişə 20 il əvvəl başlayıb, digəri hazırda davam edir. Həmçinin regional və beynəlxalq vəziyyət.  Sovet İttifaqının  süqutu ərəfəsi. Hazırda da beynəlxalq vəziyyət mürəkkəb olaraq qalır, Orta Şərqdə terrorizm, ABŞ və Rusiya arasında yaranması ehtimal olunan soyuq müharibə.

 

Fransanın hər iki münaqişədə mövqeyi eynidir. Yəni tərəfləri dinləmək, onları sülhə çağırmaq, mövqelərini araşdırmaq, təhlil etmək və bir çıxış yolu tapmağa çalışmaq. Prezident Fransua Olland Bakıya, İrəvana, yaxud Kiyevə, Moskvaya gedəndə eyni mesajı paylaşır. Fransa çalışır ki, çıxış yolu tapsın, tərəfləri dialoqa çağırsın.

 

- İki azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev hazırda erməni  girovluğundadır və qanunsuz olaraq mühakimə ediliblər.  Rəsmi Bakı onların azad edilməsi məsələsini dəfələrlə həmsədrlər qarşısında qaldırıb. Hazırda bununla bağlı nə kimi işi aparılır?

 

- Həmsədrlərin qarşısına qoyulan tələblərlə bağlı istərdim onlar özləri cavab versinlər. Amma onu deyə bilərəm ki, Parisdə olan zaman qeyd edilən məsələlərdən biri də bu idi ki, etimad tədbirlərindən biri kimi itkin düşmüş şəxslər haqqında Beynəlxalq Qırmızı Xaş Komitəsi vasitəsilə məlumat mübadiləsi aparılsın. Girov düşmüş şəxslərə gəlincə isə bilirsiniz ki, beynəlxalq hüquq mövcuddur və Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə onlar haqqında məlumat ailələrinə ötürülməlidir. Düşünürəm ki hər iki ölkə beynəlxalq müqavilələrin şərtlərini yerinə yetirməlidirlər. Ermənistan gec də olsa mühakimə olunan bu iki şəxsin ailələrinə BQK vasitəsilə onların vəziyyəti barədə məlumat verməlidir, həmçinin Azərbaycan da erməni əsirlə bağlı bu məlumatı verməlidir.

 

PƏRVANƏ

525-ci qəzet.- 2015.- 13 fevral.- S5.