Sığorta-pensiya sistemində
aparılan islahatlar
ƏHALİNİN SOSİAL MÜDAFİƏSİNİN GÜCLƏNDİRİLMƏSİNƏ XİDMƏT EDİR
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin uğurla reallaşdırdığı
sürətli inkişaf strategiyası nəticəsində
dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi
artım təmin olunub, respublikamız inkişaf göstəricilərinə
görə dünya ölkələri sırasında
öncül mövqedə qərarlaşıb və beynəlxalq
aləmdə nüfuzu durmadan möhkəmlənən
etibarlı tərəfdaşa çevrilib. Ölkəmizdə
əhalinin rifah halının yüksəldilməsi və
güclü sosial müdafiə sisteminin qurulması sahəsində
əsaslı uğurlar qazanılıb.
Ölkəmizdə uğurla aparılan sosial-iqtisadi siyasət
əvvəlki illərdə olduğu kimi başa vurduğumuz
2014-cü ildə də öz müsbət nəticələrini
verib, sosial-iqtisadi tərəqqi davam edib. Bu əsasda
respublikamızın müasir standartlara cavab verən, vahid
prinsiplər əsasında fəaliyyət göstərən
və bütün işləyən əhalini əhatə edən
sığorta-pensiya sistemi də inkişaf etməkdədir.
Azərbaycanın
pensiya sisemi iqtisadi həyatın pensiyaçıların
sosial müdafiəsi ilə uzlaşdırılmasını təmin
edir
Azərbaycanın
iqtisadi həyatı ilə pensiyaçıların sosial
müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında
əlaqələndirilməsi siyasətinin uğurlu icrası
nəticəsində mövcud maliyyə imkanlarının
ölkə əhalisinin 13,5 faizini təşkil
edən pensiyaçılar arasında ədalətli
bölgüsünə nail olunub və onların yoxsulluq
problemi əsaslı şəkildə öz həllini
tapıb. 2014-cü ilin nəticələrinə görə
yaşa görə əmək pensiyalarının orta
aylıq məbləği 192,3 manatdır və ölkə
üzrə orta aylıq əmək haqqının 43,5 faizini təşkil
edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə
tam cavab verir. Hazırda pensiyaların orta aylıq məbləği
pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyəyir, halbuki
2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə
aşağı məbləğlə ifadə olunurdu.
Ölkəmizdə
iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi
ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə
cavab verən çevik modeli fəaliyyət göstərir ki,
bu əsasda formalaşan Dövlət Sosial Müdafiə
Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın
dinamik inkişafı nəticəsində əldə olunan
potensialın əhəmiyyətli hissəsinin
pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi
mexanizmini ifadə edir. 2014-cü ildə Fondun gəlirləri 2013-cü ilə nisbətən
223,0 mln. manat və ya 8,3 faiz artaraq 2894,3
mln. manata yüksəlib. Məcburi dövlət
sosial sığorta haqları üzrə daxilolmalar 1744,9 mln. manat təşkil edib
ki, bu da 2013-cü ilə nisbətən 10,2 faiz və ya 160,8
mln. manat çoxdur.
Pensiyaların
və fərdi hesablara toplanan sosial sığorta
kapitallarının inflyasiya nəzərə alınmaqla hər
il indeksləşdirilməsi isə sistemin
mənfi fiskal təsirlərdən səmərəli şəkildə
qorunmasını təmin edir. Bu tədbir 2014-cü ildə də
davam etdirilmiş və Azərbaycan Respublikası Prezidentinin
müvafiq sərəncamına əsasən 2014-cü ilin
yanvarın 1-dən bütün növ əmək
pensiyalarının sığorta hissəsinə 2,4 faizlik artım tətbiq olunmuşdur.
Qeyri-büdcə
sahəsindən toplanan sosial sığorta haqlarının
artımı nəticəsində dövlət büdcəsi
transfertinin xüsusi çəkisi azalıb
2014-cü
ildə sosial sığorta haqlarının 64,6
faizi və ya 1126,4 mln. manatı
qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilə
nisbətən 13,5 faiz və ya 134,4 mln. manat
artıqdır. Qeyri-büdcə üzrə
sosial sığorta daxilolmalarında əhəmiyyətli
artım ölkədəki iqtisadi inkişafın birbaşa
göstəricisidir və bunun nəticəsində dövlət
büdcəsindən Fonda ayrılan transfertin xüsusi çəkisi
azalıb.
Hesabat
dövrü ərzində sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslərin və torpaq pay
mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi işləri
də gücləndirilmişdir. Nəticədə, 2013-cü
il ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslərdən daxilolmalar
15,1 faiz,
torpaq pay mülkiyyətçilərindən
daxilolmalar 5,4 faiz artıb.
Büdcədən maliyyələşən təşkilatlardan
daxil olmuş sosial sığorta haqqının məbləği
618,5 mln. manat təşkil
edib. Dövlət büdcəsinin transferti proqnozla nəzərdə
tutulduğu məbləğdə, yəni 1142,0
mln. manat həcmində Fondun hesabına
daxil olub. Fondun sair gəlirlər (sanatoriya-kurort
yollayışlarının qismən dəyərinin ödənilməsi
və s.) üzrə daxilolmaları 7,4 mln.
manat təşkil edib.
Sosial
sığorta sistemində iştirakçıların
aktivliyi artırılır
2014-cü
il ərzində sığortaolunanların
fərdi uçot sisteminin qurulması tədbirləri davam
etdirilib və ilin sonuna sosial sığorta nömrəsi
verilmiş və fərdi hesab açılmış
sığortaolunanların sayı 2 milyon 976 min nəfərə
çatıb. Fərdi uçot sistemində qeydiyyata alınan
sığortaolunanların sayı ilin əvvəlinə nisbətən
285 min nəfərə yaxın artıb ki, bu da ölkədəki
iqtisadi inkişafa uyğun olaraq daimi yeni iş yerlərinin
yaradılmasının, habelə sosial sığorta sistemində
təbliğat işlərinin gücləndirilməsi və
iştirakçıların aktivliyinin
artırılmasının göstəricisidir. Eyni
zamanda, sığortaedənlərdən məcburi dövlət
sosial sığorta haqları üzrə sığortaolunanlar
haqqında məlumatların qəbulu prosesi aparılıb,
Fondun internet saytında fərdi şəxsi hesablarda əks
olunan məcburi dövlət sosial sığorta
haqlarının məbləği barədə
sığortaolunanların məlumatlandırılması xidməti
fəaliyyətini davam etdirib.
2014-cü
il ərzində Fonda daxilolmaların səviyyəsi pensiya və
müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə
imkan verib
2014-cü
il ərzində DSMF-nin xərcləri 2868,8
mln. manat təşkil edib ki, bunun da 2809,1
mln. manatı və yaxud 98 faizi əhaliyə
ödənişlərə yönəldilib. Əmək
pensiyaları ilə bağlı xərclər 2738,5 mln. manat, məcburi dövlət sosial
sığorta haqları hesabına ödənilən
müavinətlər isə 70,6 mln. manat təşkil
edib. Fondun aparatının və yerli orqanlarının
saxlanılması xərcləri 22,5 mln. manat, pensiya və müavinətlərin əhaliyə
çatdırılması, bank əməliyyatlarının
aparılması üzrə xidmət haqqı xərcləri
17,5 mln. manat, sığortaolunanların
sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin
həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən
xərclər 18,6 mln. manat olub.
Əldə
edilmiş maliyyə imkanlarının nəticəsində əhaliyə
pensiya və müavinətlərin ödənişinin hər
ay qrafikdən
əvvəl reallaşdırılması təmin olunub.
Sosial
sığorta sahəsinin avtomatlaşdırılması nəticəsində
Azərbaycan "Doinq Business 2015" hesabatında 32 pillə
irəliləyib
Fond tərəfindən
vətəndaşlara və təşkilatlara göstərilən
xidmətlərin keyfiyyətinin
yaxşılaşdırılması və bu xidmətlərin
təqdim edilmə müddətinin azaldılması məqsədilə
informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi
nəticəsində bütün mövcud proseslərin, yəni
həm məcburi dövlət sosial sığorta haqlarının
toplanması və fərdi uçotunun qurulması, həm
pensiyaların məbləğinin hesablanması, həm də
pensiyaların ödənişinin
avtomatlaşdırılması daha da inkişaf etdirilib.
Hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə
əhalisinin 45 faizə yaxın hissəsini əhatə edir və
Fondun məlumat bazasında 1 milyon 290 min pensiyaçı, 2
milyon 976 min sığortaolunan barədə müvafiq məlumatlar
toplanıb.
Fond tərəfindən əhaliyə göstərilən
elektron xidmətlərin keyfiyyətinin artırılması və
əhatə dairəsinin genişləndirilməsi sahəsində
ardıcıl tədbirlər davam etdirilir. 2014-cü il
ərzində Fondun 6 yeni elektron xidməti aktivləşdirilərək
"Elektron hökumət" portalına inteqrasiya
edilmişdir. Fondun təqdim elədiyi elektron
xidmətlər "Elektron hökümət"
portalının statistikasına əsasən ən çox
istifadə olunan xidmətlər sırasında ilk yerləri
tutur.
2014-cü
il ərzində Fondun öz saytı, "elektron hökumət
portalı" və "elektron ödəniş
portalı" vasitəsilə
ümumilikdə 1 milyon 380 minə yaxın elektron xidmətlərdən
istifadə sayı qeydə alınmışdır.
Nəticədə Dünya Bankının "Doing
Business 2015" hesabatına əsasən, Azərbaycan məcburi
dövlət sosial sığorta haqlarının ödənişi
və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində
32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət
istiqamətləri üzrə ən yüksək göstəricidir.
Pensiyaların
təyini və ödənişinin
avtomatlaşdırılması sistemi daha da genişləndirilib
2014-cü ildə pensiya təyinatının
avtomatlaşdırılmış qaydada vahid mərkəzdən
"Mərkəzi Çağrı Sistemi" ("190-0"
nömrəli telefon məlumat xidməti) vasitəsi ilə həyata
keçirilməsi, habelə "ASAN xidmət" mərkəzlərində
əmək pensiyalarının təyinatı xidmətinin təşkili
işi daha da genişləndirilib. Hesabat ili ərzində
pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində
yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri
davam etdirilib. Hazırda kənd yerlərində yaşayan
pensiyaçıların 99,9 faizinin, şəhərlərdə
yaşayan pensiyaçıların 100 faizinin, ümumilikdə
isə 99,9 faizinin pensiyasının plastik kartlarla ödənilməsi,
bu məqsədlə ümumilikdə 858, o cümlədən,
kənd və qəsəbələrdə 198 bankomatın
istifadəsi təmin olunub.
"Pensiya+"
xidməti nağdsız hesablaşmaların genişləndirilməsi
üçün mühüm tədbirlərdəndir
2014-cü ilin əvvəlindən nağdsız
hesablaşmaların pensiyaçılar arasında təşviqini
nəzərdə tutan "Pensiya+" xidməti istifadəyə
verilmişdir.
Bu xidmət çərçivəsində Azərbaycan
Beynəlxalq Bankına məxsus bütün pensiya
kartlarının sahibləri üçün avtomatik olaraq
aylıq pensiya məbləğində hər ay yenilənən
faizsiz kredit limitindən istifadə imkanı yaradılıb və
pensiyaçılar tərəfindən nağdsız ödəniş
zamanı istifadə edilən bu vəsaitlərə görə
heç bir xidmət haqqı ödənilmir. "Pensiya
+" xidməti fəaliyyətə başladığı
dövrdən hazıradək bu xidmət çərçivəsində
həyata keçirilən nağdsız ödənişlərin
dövriyyəsi 2 dəfə artmışdır.
Elektron
xidmətlərdən istifadənin təşviqi öz
müsbət nəticələrini verməkdədir
DSMF müasir informasiya texnologiyalarından istifadə etməklə
interaktiv və informativ elektron xidmətlər vasitəsilə
əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid
bütün məsələlərə aydınlıq gətirir. Bu sahədəki fəaliyyətin
gücləndirilməsi məqsədilə 2014-cü il ərzində
4 sayda mərkəzi, 15 sayda regional təqdimat keçirilib. Bununla yanaşı "Sığorta-pensiya sistemində
elektron xidmətlər şəffaflığın əsas
vasitəsidir" və "Sığorta-pensiya sistemində aktiv
iştirakınız gələcəyinizin təminatıdır"
mövzularında KİV arasında müsabiqə
keçirilib. Həmçinin elektron xidmətlər
mövzusunda xüsusi reklam çarxı hazırlanaraq
televiziya kanallarında yayımlanıb. Kiçik
ödəniş edən, mühasibatlığı
avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri,
fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul
olan şəxslərin hesabatlarının elektron formada qəbulunu
təmin etmək məqsədilə Fondun bütün yerli
orqanlarında yardım masaları yaradılıb. Vətəndaşların müraciətlərinə
elektron qaydada baxılması üç istiqamət üzrə
- Fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi,
vətəndaşlar tərəfindən Fondun saytında
birbaşa ünvanlanan məktub və 190 nömrəli
"Çağrı Mərkəzi" vasitəsi ilə həyata
keçirilir.
Bu sahədə ardıcıl tədbirlərin icrası
nəticəsində 2014-cü ildə vətəndaşların
şikayət xarakterli müraciətlərinin sayı 35 faiz
azalıb.
Vətəndaşlardan, hüquqi və fiziki şəxslərdən
daxil olan sorğuların, ərizə və şikayətlərin
vaxtında və operativ şəkildə cavablandırılması
işləri davam etdirilib. Hesabat ilində
bilavasitə Fondun sədri tərəfindən aparatda 59,
regionlarda isə 351 vətəndaş qəbul edilərək
onların müraciətlərinə
baxılmışdır.
Azərbaycanın
sığorta-pensiya sistemində aparılan islahatlar Beynəlxalq
Sosial Təminat Assosiasiyasının diqqət mərkəzindədir
2014-cü ildə DSMF Beynəlxalq Sosial Təminat
Assosiasiyasının Avropa Şəbəkəsi Rəhbər
Komitəsinin üzvü kimi fəaliyyətini uğurla davam
etdirib.
2014-cü ilin oktyabr ayında Bakı şəhərində
DSMF-nin ev sahibliyi ilə BSTA-nın
"Sosial müdafiə sahəsində elektron xidmətlər:
keyfiyyət və miqyasın genişləndirilməsi"
mövzusunda beynəlxalq seminarının təşkil
olunması Azərbaycan Respublikasında sığorta-pensiya
sistemində aparılan islahatlar, bu sferada informasiya və kommunikasiya
texnologiyalarının, elektron xidmətlərin tətbiqi təcrübəsinin
diqqətə alınmasının göstəricisidir. Tədbirdə
Beynəlxalq Əmək Təşkilatının, Dünya
Bankının və digər beynəlxalq təşkilarların,
15 Avropa, MDB və Baltikyanı dövlətin
sığorta-pensiya qurumlarının, Azərbaycan
Respublikasının dövlət orqanlarının rəhbər
və səlahiyyətli şəxsləri, habelə informasiya
və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində
beynəlxalq ekspertlər iştirak ediblər.
2014-cü
il ərzində DSMF-nin nümayəndə
heyəti BSTA-nın 110-cu Büro iclasında, habelə BSTA
Avropa Şəbəkəsi Rəhbər Komitəsinin
iclaslarında iştirak edib. Qeyd edilən iclaslar BSTA-nın
2014-2016-cı illər üzrə tərəqqi hesabatı,
Assosiasiyanın Təlimatlarının hazırlanması
üzrə Komitəsi və Təkmilləşdirmə Mərkəzi
ilə bağlı fəaliyyət istiqamətləri, idarəetmə,
xidmətin təşkili, İKT-nin tətbiqi və s. üzrə
BSTA standartlarının tətbiqi, Avropa Şəbəkəsi
Rəhbər Komitəsinin 2014-2016-cı illər üzrə fəaliyyət
planı və digər məsələlərin müzakirəsinə
həsr olunub. Bu iclaslar çərçivəsində
BSTA-nın Prezidenti, baş katibi, Avropa Şəbəkəsi
Rəhbər Komitəsinin sədri, habelə BSTA-nın
üzvü olan bir sıra ölkələrin pensiya və
sosial sığorta təşkilatlarının rəhbərləri
ilə ikitərəfli görüşlər keçirilərək
qarşılıqlı və regional əməkdaşlıq
perspektivləri müzakirə edilib.
Əlavə
pensiya təminatı imkanlarının yaradılmasının
əzərdə tutan DSMF ilə Avropa İttifaqının
birgə layihəsi
fəaliyyətə başlamışdır
Azərbaycanın
sığorta-pensiya sistemində yığım komponentinin tətbiq
edilməsi, qeyri-dövlət pensiya fondlarının
formalaşdırılması və fəaliyyətini tənzimləyəcək
qanunvericilik bazasının yaradılması ilə
bağlı DSMF ilə Avropa İttifaqının birgə
layihəsi 2014-cü ilin may ayından fəaliyyətə
başlamışdır. Layihə üzrə
işlərin 2015-ci ilin noyabr ayında başa çatdırılması
nəzərdə tutulub.
Layihənin
təsdiq olunmuş fəaliyyət planına müvafiq olaraq
ötən dövrdə Avropa İttifaqının ekspertlər
qrupunun ölkəmizə çoxsaylı səfərləri
çərçivəsində Azərbaycanda mövcud
iqtisadi və demoqrafik vəziyyət, qanunvericilik, maliyyə və
sığorta-pensiya sistemi öyrənilib, geniş
araşdırma işləri aparılıb, eləcə də
DSMF ilə, habelə müxtəlif dövlət orqanları və
sair qurumlarla görüşlər keçirilib. Layihənin fəaliyyət göstərdiyi ötən
dövr ərzində ekspertlərin və DSMF-nin nümayəndələrinin
iştirakı ilə təşkil olunmuş seminarlarda Azərbaycan
və Avropa İttifaqında daxil olan bir sıra ölkələrin
sosial sığorta və pensiya təminatı sistemləri ilə
bağlı geniş təqdimatlar edilib, qeyd edilən sistemlərin
xüsusiyyətləri barədə ətraflı müzakirələr
aparılıb. Layihənin icrasını
həyata keçirən beynəlxalq ekspertlərin daxil
olduğu missiya hazırda yığım komponentinin tətbiqi
və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti
ilə bağlı qanunvericiliyin ilkin planının
("blueprint") layihəsi üzərində işləyir.
Qanunvericilik bazası üzrə ilkin plan ekspertlərin
apardığı araşdırma işlərinin nəticələri
əsasında beynəlxalq təcrübə nəzərə
alınmaqla tərtib ediləcək və bu işlər
başa çatdırıldıqdan sonra ictimaiyyətin daha ətraflı
məlumatlandırılması məqsədilə sənəd
layihəsinin Avropa İttifaqı tərəfindən geniş
təqdimatının keçirilməsi nəzərdə
tutulur.
Qeyd edilən layihənin reallaşdırılması ilə
ölkəmizdə dövlət pensiya təminatı sistemində
real yığım komponentinin və qeyri-dövlət pensiya
institutlarının fəaliyyətini tənzimləyəcək
təkmil normativ hüquqi baza hazırlanacaqdır. Bu əsasda məcburi
dövlət sosial sığortası ilə yanaşı
könüllü sosial sığortanın inkişafı vətəndaşların
pensiya təminatının gücləndirilməsinə əlavə
imkanlar yaradacaqdır.
Fond
sistemi üzrə dövlət qulluğuna müsabiqə yolu
ilə qəbul davam edir
2014-cü
il ərzində DSMF-yə dövlət
qulluğuna müsabiqə yolu ilə qəbul prosesi davam
etdirilib. İl ərzində Fond sistemi üzrə
dövlət qulluğu vəzifələrinin tutulması
üçün iki müsabiqə elan edilib. Birinci
müsabiqə çərçivəsində müsabiqənin
test və müsahibə mərhələlərində
uğur qazanan iştirakçılardan 65 nəfəri aidiyyəti
vəzifələrə təyin olunublar. Hazırda davam edən
ikinci müsabiqə üzrə isə test mərhələsində
uğur qazanmış 156 nəfər iştirakçı
müsahibə mərhələsinə keçid
almışdır.
2015-ci ildə
qarşıda duran vəzifələr: pensiya
islahatlarının yeni mərhələsində uzunmüddətli
dövr üçün pensiyaçıların etibarlı
sosial müdafiəsinə nail olunması hədəflənir
Ölkəmizdə
pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəflərini
müəyyən edən Azərbaycan Respublikası
Prezidentinin 4 noyabr 2014-cü il tarixli 827 nömrəli Sərəncamı
ilə təsdiq olunmuş "2014-2020-ci illərdə Azərbaycan
Respublikasında pensiya təminatı sisteminin islahatı
Konsepsiyası"na uyğun olaraq növbəti mərhədə
islahatların əsas vəzifələri kimi pensiya sistemində
sığorta prinsiplərinin gücləndirilməsi və təyin
olunan pensiya məbləğinin ödənilən
sığorta haqqına mütənasibliyinin təmin edilməsi,
sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı
üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin
formalaşdırılması, əmək pensiyalarının
könüllü yığım komponentinin real praktikada tətbiqi
və qeyri-dövlət pensiya institutlarının
formalaşdırılması çıxış edir. Bununla bağlı, pensiya təminatı sistemi
üzrə qanunvericilikdə sosial sığortaya dair prinsiplər
daha da təkmilləşdiriləcək, sistemin uzunmüddətli
dövr üzrə maliyyə dayanıqlılığına
nail olunacaqdır.
Əmək
pensiyasının baza hissəsinin restrukturizasiyası
sığorta-pensiya sistemi iştirakçılarının
marağını azaldan halları aradan qaldıracaq
2015-ci ildə mühüm islahat tədbiri kimi
reallaşdırılacaq əmək pensiyasının baza hissəsinin
restruktrizasiyası işləyənlərin fərdi
hesablarında ödənilən sığorta haqqının
yarısının deyil, tam məbləğdə nəzərə
alınmasını təmin edəcəkdir. Bu qaydanın
tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri
daha yüksək pensiya alacaq və əmək
haqlarının tam qeydiyyatında maraqlı olacaqlar. Digər
tərəfdən hazırda aktiv iştirakçıların
marağını azaldan bir sıra hallar, məsələn,
5-10 il yüksək məbləğlə sosial sığorta
haqqı ödənildiyi halda, staj tələbinin 12 il
olması səbəbindən pensiya hüququnu qazana bilməmə
kimi hallar tam aradan qaldırılacaq. Minimum məbləğdən
yuxarı pensiya üçün kapital toplamış şəxslərə
ümumiyyətlə staj tələbi qoyulmayacaq.
Əmək
pensiyalarının baza hissəsi minimum pensiya göstəricisi
ilə əvəz olunacaqdır ki, bu da pensiyaların
bütün məbləğinin hər il
indeksləşdirilərək artımına imkan verəcək.
Dövlət
öhdəlikləri ilə sığorta-pensiya sisteminin
öhdəliklərinin fərqləndirilməsi
üçün qanunvericilik bazası hazırlanır
Nəzərdə tutulmuş əsas islahat istiqamətlərindən
biri də pensiya təminatında dövlət öhdəlikləri
ilə sığorta-pensiya sisteminin öhdəliklərinin
maliyyə mənbələrinin fərqləndirilməsidir. Bu tədbirin nəticəsində
pensiya təminatında 1992-ci ilin 1 yanvarından əvvəlki
dövr üzrə formalaşmış məbləğlər,
eləcə də
bəzi kateqoriya şəxslərin pensiyasına əlavələr
dövlət öhdəlikləri hesab olunacaq və bilavasitə
dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcəkdir.
Dövlətin öhdəlikləri ilə
sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi
sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf
dövrü üçün maliyyə
dayanıqlığının daha da möhkəmləndirilməsinə
imkan verəcəkdir.
Sosial
sığorta prinsiplərinin gücləndirilməsi
iştirakçılara əlavə stimul verəcəkdir
Pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi
sığorta haqqı normativinin strukturunda
sığortaolunanın məsuliyyətinin tədricən
artırılmasını zəruri edir. Bu məqsədlə
sığorta haqqı normativinin müəyyən hissəsinin
işəgötürənin üzərindən tədricən
işçinin üzərinə keçirilməsi nəzərdə
tutulur.
Bununla yanaşı sosial sığortaya cəlb edilən
əməkhaqqına müəyyən hədd qoymaqla, bu həddən
yuxarı məbləğ üçün ödənilən
sosial sığorta haqqının istifadəsinin vətəndaşların
seçiminə verilməsi kimi təşviq vasitələrinin
tətbiqi sığortaolunanlara əlavə könüllü
sığorta haqqı ödəməklə pensiya
kapitalını artırmaq imkanının verilməsini nəzərdə
tutur.
"2014-2020-ci illərdə Azərbaycan
Respublikasında pensiya təminatı sisteminin islahatı
Konsepsiyası"ndan irəli gələn vəzifələrin
icrası məqsədilə DSMF-də xüsusi əlaqələndirmə
komissiyası yaradılmışdır. Pensiya
islahatları çərçivəsində Fond tərəfindən
kompleks hazırlıq işləri, o cümlədən,
qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflərin
işlənilməsi, texniki hazırlıq və digər tədbirlər
həyata keçirilməkdədir.
Samirə
QULİYEVA
525-ci qəzet.-
2015.- 13 fevral.- S.4;6