Qocaman və müasir
AZƏRBAYCAN TELEVİZİYASININ İLK DƏFƏ EFİRƏ ÇIXMASINDAN 59 İL ÖTÜR
Qabaqcıl texnologiyanın bəşəriyyətə
bəxş etdiyi möcüzələrdən biri
də televiziyadır. Azərbaycan
Televiziyasının tarixi
1956-cı il fevralın 14-dən başlayır.
Düz 59 il
əvvəl Bakı televiziya studiyası (indiki AzTV) ilk dəfə efirə çıxaraq, cəmi iki saatlıq gəlişi ilə paytaxt sakinlərinə unudulmaz anlar yaşatdı. O zamandan bəri bu uzun,
maraqlı və keşməkeşli yolu qət etmək Azərbaycan Televiziyasına
o qədər də asan başa gəlməyib. Amma ən əsası odur ki, artıq
24 ildir ki, müstəqil dövlətimizin
əsas televiziyası
statusunu daşıyan
Azərbaycan Televiziyası
həm qocamanlığını
qoruyub saxlayıb, həm də müasirliyə sadiq qalıb.
Təbii ki, internetin informasiyanı əlçatan
etdiyi, sosial şəbəkələrin bir
çox stereotipləri
qırdığı bir
dövrü ötən
əsrin ortası ilə müqayisə etmək fikrindən uzağıq. Bir neçə qonşunun
öz ailə üzvləri ilə birgə bir mənzildə olan balaca televizorun kiçicik ekranı qarşısında toplaşaraq,
iki-üç saatlıq
proqram və ya veriliş izləməsini indi təsəvvür etmək
çox çətindir.
Teleekspertlər hesab edirlər ki, AzTV-nin kütləvi
informasiya vasitəsi kimi güclənməsi dövrü ötən əsrin 70-80-ci illərinə
təsadüf edir. Həmin
dönəmdə Azərbaycana
rəhbərlik etmiş
milli lider Heydər Əliyevin AzTV-nin KİV kimi inkişafında və maddi-texniki bazasının
möhkəmləndirilməsində böyük rolu olduğunu jurnalistlərin
böyük hörmətlə
"televiziya patriarxı"
adlandırdıqları Elşad
Quliyev "Televiziya: nəzəriyyə, inkişaf
meylləri" adlı
kitabında geniş təsvir edib. Azərbaycan rəhbərliyinə ikinci
qayıdışından sonra
isə Heydər Əliyev təkcə AzTV-nin texnoloji və maddi imkanlarını
artırmaqla kifayətlənmədi,
ümumiyyətlə, müstəqil
ölkənin teleməkanının
formalaşması üçün
ilkin və zəruri addımları atdı.
Bu missiya İlham
Əliyevin prezidentliyi
dövründə yeni
və daha möhtəşəm bir mərhələyə qədəm
qoydu. Hazırda "AzTV" loqosu
dövlət bayrağımızın
rənglərini özündə
əks etdirərək,
paytaxtımızın ən
yüksək məkanlarından
birində ucaldılmış
müasir binanın üzərindən hər
gün bütün şəhərə işıq
saçır. Bu illər ərzində ölkəmizdə peşəkar
televiziya işçilərinin
böyük bir ailəsinin yaranmasını
(teleməkanımızda 10 ümumrespublika və 13
region televiziya yayımçısı
mövcuddur) izləmək
xüsusilə xoşdur.
Qısa müddət ərzində İctimai Televiziyanın yaranması,
Azərbaycan Televiziya və Radio Verilişləri
QSC-də AzTV ilə yanaşı, "Mədəniyyət" və
"İdman Azərbaycan"
kanallarının da fəaliyyət göstərməsi
ictimai-siyasi, mədəni
və idman sahələrini əhatə
edən veriliş və proqramların miqyasını genişləndirdi.
Son illər teleməkanı
nə qədər tənqid etsək də, onu da
etiraf etməliyik ki, "cəmiyyətin güzgüsü" adlandırılan
TV-lər toplumun inkişafından birbaşa
asılıdır.
Çünki hər sahədə
olduğu kimi efir də ağlı,
istedadı və zəhməti sevir. Məhz intellektualların və istedadlıların sayının artması, yaxşı təhsil nəticəsində yüksək
zövqlü insanların
formalaşması TV-lərdə
yaradıcı mühitin
"qaynar qazana" çevrilməsi üçün
stimul ola
bilər. Aydın məsələdir ki, istedadına güvənən şəxs
kiminsə çətinliyindən
bayağı məqsədlər
üçün istifadəni,
özgənin "sandığında"
eşələnməyi, başqasının
dərdi üzərində
reytinq qazanmağı
heç bir vaxt özünə sığışdırmaz.
Təqdirəlayiqdir ki, bu iradlar
ölkəmizin əsas
telekanalları sayılan
AzTV və İctimai TV-yə əsla şamil oluna bilməz. Bu mənada, müqtədir sənətkarımız Zeynəb
Xanlarovanın, onun ardınca isə tanınmış bəstəkar
Eldar Mansurovun yalnız AzTV və İTV efirində çıxışa üstünlük
verdiklərini bəyan
etmələri təsadüfi
deyil. Teleməkandakı rəqabət fonunda
AzTV təkcə maddi-texniki baxımdan deyil, həm də yaradıcılıq
baxımından yenidən
təkanverici amilə,
ziyalıların ocağına
çevrilib. AzTV bayağı,
süni, zövqsüz
veriliş və proqramlardan qətiyyətlə
imtina edərək, dövlətçiliyin, elmin,
mədəniyyətin, incəsənətin
tərənnümçüsünə çevrilib. Artıq
müxalifət mətbuatı
da AzTV-nin
tamaşaçılara təsir
gücünü etiraf
edir. İstər AzTV-nin və "Mədəniyyət"in, istərsə
də İctimai Televiziyanın efirində milli-mənəvi
dəyərləri, nəcib
hissləri, yüksək
zövqü aşılayan
rəngarəng və
maraqlı veriliş və proqramların, filmlərin, tamaşaların
göstərilməsi, professional musiqilərin səsləndirilməsi,
istedadlı aparıcılara
və müəlliflərə
yer verilməsi bu kanalların izləyicilərinin sayını
artırıb. Elə götürək
Heydər Əliyev Fondunun dəstəyilə
AzTV-nin və "Mədəniyyət"in keçirdiyi
muğam telemüsabiqələrini.
Birbaşa efirdə nümayiş
olunan canlı ifaları təkcə yerli tamaşaçılar
deyil, həm də xaricdə yaşayan soydaşlarımız
böyük maraqla seyr edirlər. Yeri gəlmişkən, fevralın
16-da AzTV və "Mədəniyyət" kanalı
5-ci "Muğam televiziya
müsabiqəsi" ilə
tamaşaçıların görüşünə gəlməyə
hazırlaşır.
AzTV-nin intellektual
gəncliyin yetişdirilməsi
istiqamətindəki fəaliyyəti
isə xüsusi əhəmiyyət kəsb
edir. "Nə, harada, nə zaman", "Breyn-rinq",
"Parlaq zəka"
kimi verilişlər gənc tamaşaçılar
arasında böyük
rəğbət qazanmaqdadır.
"Breyn-rinq" və
"Parlaq zəka"nın bölgələrdəki
gəncliyi əhatə
etməsi maarifçiliyə
ən böyük xidmət sayıla bilər. Qeyd edək ki, tezliklə AzTV-nin Balaş Qasımovun rəhbərlik etdiyi
"GameTV.az" prodüser mərkəzi ilə birgə hazırladığı
intellektual oyunların
sırasına "62!" adlı yeni layihə də əlavə olunacaq. Hazırda çəkilişləri aparılan
bu layihənin martın əvvəllərində
tamaşaçılara təqdim
olunması gözlənilir.
İctimai TV-yə gəlincə, baş direktor Cəmil Quliyevin bu vəzifəyə seçilərkən mədəniyyət
məhfumunu telekanalın
başlıca meyarına
çevirəcəyi vədi
özünü doğrultmaqdadır. Studiyaların dizaynından tutmuş, aparıcıların davranışına,
mövzuların rəngarəngliyinə,
qonaqların seçiminə
qədər hər bir nüansda milli təəssübkeşlik
və kübarlıq duyulur. Ən əsası isə, bu gün İTV öz adına
tamamilə layiq olduğunu sübut edir, çünki ictimaiyyətin əsl televiziyasına çevrilib.
Bu kanalda cəmiyyəti
düşündürən bütün problemlər hərtərəfli və
polemika mədəniyyətinə
uyğun və sərbəst şəkildə
müzakirəyə çıxarılır,
vətəndaş cəmiyyətinin
inkişafına təkan
verəcək əsas
amillər sadalanır.
Bütün bunlar isə onu göstərir ki, hətta internet əsrində belə televiziyaların missiyası
əvəzolunmazdır. Odur ki,
TV-lərimizin baxımlı
olması, dünya teleməkanında layiqli yer tutması hamımızın marağındadır.
Orxan QASIMBƏYLİ
525-ci qəzet.-
2015.- 13 fevral.- S4.