Təzə
şitillər
İçindəki hissləri köklü-köməcli çıxarıb atdı, yerində təzə şitillər əkdi...
Güləhməd axşam-səhər qonşusu Niftalının beynini yeyirdi ki, dəyişilmək lazımdı. Mütləq lazımdı! Nə yolla olursa-olsun, nəyin bahasına olursa-olsun lazımdır da, qardaş. Bu həyatdı, dəyişsən, yaşayacaqsan, dəyişməsən yox, başqa çarə yoxdu.
Ömrünün yetmişinci baharını xırda pul kimi yenicə sayıb zaman daxılına atan Niftalı Güləhmədin hücumlarından nə qədər yayınsa da, hərdən nokauta düşürdü. Dəyişə bilməsə, başına gələcəklərinin xofu onu əməlli-başlı havalandırırdı. Amma necə dəyişsin, dəyişməyə haradan başlasın, harasını birinci dəyişsin, bax bu qəliz suallar qarmaq kimi yaxasından əl çəkmirdi.
Bir dəfə çəkinə-çəkinə mətləb üstə gəldi, məsləhət istədi. Güləhməd əlindəki təsbehi tərsinə fırladıb iri gözlərini bərəltdi:
– Burnundan başla. Uşaq vaxtından əngəllidi. Əvvəlcə burnunu səliqə-səhmana sal...
Təsbehini bir də çevirib sözünə davam elədi:
– Sonra başla bala-bala dəyişilməyə.
Niftalı əvvəlcə vahimələndi,
sonra açıqdan-açığa
Güləhmədə yaltaqlandı:
– Güləhməd, gəl
burnuma toxunmayaq, başqa yerdən başlayaq, məsəlçün
elə üst-başımdan.
– Olmaz! – Güləhməd bomba kimi partladı.
Üç gündən sonra
Niftalı burnu gipsli evə gələndə Güləhməd
bir şüşə
konyak, yanında da italyan şokoladı
alıb Niftalının
burungördüsünə getdi.
Birinci əməliyyat uğurlu keçmişdi.
Niftalı təzə
burnu ilə hələ nəfəs
ala bilməsə də,
hərəkətləri ilə
birtəhər başa
saldı ki, əməliyyat ağır
olub, ölüb,
ölümdən qayıdıb. Niftalının
gözündəki təlaş
Güləhmədi əvvəl
qorxuya salsa da, iki qədəh konyakdan sonra dəyişilməyin necə
xeyirli şey olduğu barədə sicilləmə hekayət uydurdu.
Sözün düzü, Niftalının
yeni burnu gözlədiyi kimi qalmaqalla qarşılanmadı. Arvadı
Səmənixanım daldaya
düşəndə ərinə
çıldırlatdı ki, gözəl-göyçək,
yaraşıqlı kişiymişsən,
heç xəbərim olmayıb.
Bu alovlu sözlərdən
sonra bir müddət Niftalının
günü güzgü
qabağında keçdi. Amma Güləhməd bir ucdan “dəyişmək, mütləq dəyişmək”
– deyib qonşusunun beynini yeyirdi.
– Bura bax, Niftalı,
dəyişdin ölmədin
ki, azından 20 yaş cavanlaşdın da, qardaş, bu da dəyişilməyin
xeyri.
Niftalı qonşusunun sözündən
lap ürəkləndi.
– Sən de, dəyişim də, bu qara
lələşin ölməyib
ki.
Güləhməd zəndlə qonşusuna baxdı.
– Niftalı, səni anadan olandan tanıyıram. Yarım əsrdən çoxdu saçını yana darayırsan. Başa düşürəm, ortada
burun söhbəti vardı. Bu dağı
əritdin, indi zəhmət çək,
saçını arxaya
dara, krem çək, balaca burunla bu fason
noxudla pivə kimi gedər.
Niftalı qonşusundan daha ağır şərtlər
eşidəcəyini güman
elədiyindən Güləhmədlə
əlüstü razılaşdı.
Sabahı
Niftalı yeni imiclə məhəllədə
gəzib-dolaşanda heç
kim ona
pis gözlə zadla baxıb eləmədi. Əksinə,
təzə qonşularından
biri etiraf etdi ki, ağsaqqallarda
belə həyat eşqi görəndə,
yaşamaq istəyir ( Gör cavanlar
nə gündədir))).
İkinci qələbədən sonra
Niftalı dəyişilməyin
dadını bildi. Özünü bütünlüklə Güləhmədin
ixtiyarına verib təcrübə siçovulu
kimi itaətkar oldu. Güləhmədin
“Dəyişilmək qanunu”nun
müddəalarına əməl
edə-edə camaatın
20 ildə əldə
edə bilmədiyi yenilikləri əldə etdi. İngilis dili kursuna yazıldı,
kompüter bilgilərinə
yiyələndi, Nitşe
fəlsəfəsindən vurub
hind fəlsəfəsindən çıxdı, köhnəliyin
buxovlarından azad olub yeni insana
çevrildi.
Elə-belə yox ha, Güləhmədin
sayəsində. Güləhməd
adi Güləhməd
deyildi. Yaşı
80-i haqlasa da qıpqıvraq,
özünəbaxan, müasir,
açıqgözlü zəmanə adamı idi. Uzun illər zavodların
birinin mədəniyyət
evində müdir işləmişdi. Öz
qanunları ilə yaşayan bu adam bütün istəklərinə
nail olmuşdu. Şagirdindən on yaş böyük olsa da, bir
məhəllənin uşağı
idilər. Güləhməd Niftalı üçün
etalon idi. Dünən
də, elə bu gün də...
Güləhməd vaxtaşırı şagirdinə
təlqin edirdi:
– Azadlıq, sərbəstlik, özünəinam
insana oksigen kimi lazımdı. Sən beş
dəqiqə oksigensiz
yaşaya bilərsən?
Bilmərsən, qardaş, heç
üç dəqiqə
də dözmərsən.
Ruhuna azadlıq ver, preslənib eyyy içində, onu elə, bunu eləmə, belə oturma, belə durma, belə yemə, belə içmə, belə sevmə, belə ölmə. Qardaş,
bu...
Bu yerdə Güləhməd
dahiyanə görkəm
alıb uzun-uzadı fikrə gedirdi. Niftalı xırda gözlərini
qonşusunun ağzına
dikib açıqdan-açığa
möcüzə gözləyirdi.
Əvəzində Güləhməd handan-hana
dərindən köks
ötürüb:
– Bu, yaşamaq deyil – deyib susurdu.
Bir sözlə,
Güləhməd dönə-dönə
Niftalıya qərb insanının təfəkkürünü,
həyat tərzini nümunə gətirir, ona zamanın içində özünü
axtarmağı, özünü
tapmağı tövsiyə
edirdi. Allah üçünə
Niftalı gecə-gündüz
özünü axtarırdı.
Başı özünə
o qədər qarışmışdı
ki, ailəsindən, evindən, keçmişindən
uzaqlaşıb soyuqqanlı,
laqeyd, başısoyuq
birinə çevrilmişdi.
Axır
vaxtlar Niftalının gülərüz,
qonaqpərvər arvadı
Səmənixanım Güləhmədə
əvvəlki sifəti
göstərmirdi. Daldaya düşəndə gileylənirdi ki, Niftalı quzu kimi fağır, abırlı-həyalı bir
adamıydı, kişinin
evini bu bambılı yıxdı.
Güləhmədsə məhəllədə şortiklə
gəzən, qulağında
nauşnik ingilis dilini təkmilləşdirən,
keçən ay arvadının
təqaüdünü öz
təqaüdünün üstünə
qoyub velosiped alıb yıxıla-yıxıla
öyrənən Niftalıyla
fəxr edirdi.
Amma öz işini bildiyindən Niftalıgilə
daha əvvəlki kimi ərklə, ürəklə
gedə bilmirdi.
Bu dəfə ideya qardaşları vədələşdikləri
yerdə – məhəllədəki
çayxanada görüşəndə
zamanla ayaqlaşmaq üçün daha hansı yollara əl atacaqlarından, hansı yeniliklərdən
yararlanacaqlarından uzun-uzadı danışdılar.
Əldə etdiyi yeniliklər Niftalının tək gözünü yox, dilini də açmışdı.
Ömrü boyu qırışa-qırışa gəzən
Niftalıda özünə
inam qədərini çoxdan aşmışdı.
Güləhmədin xəbəri
yox idi ki,
Niftalı içindəki
hissləri köklü-köməcli çıxarıb
atıb, yerində təzə şitillər
əkib.
Niftalı çoxdandı kompüterdə
“odnoklassnik”də yeni sevdaya tuş gəldiyini deyəndə,
okeanın o üzündə
– Amerikada – Florida ştatında
həyatının qadınını
– Ursulanı tapdığını,
nə yolla olursa-olsun qara mirvarinin ardınca gedəcəyini inadkarcasına
söyləyəndə Güləhmədin
ağzı açıla
qaldı. Niftalı birbaşa Güləhməddən
sitat gətirdi: “İnsan qısa, çox qısa ömründə ürəyinin
istəyinə qulaq asmırsa, ölüdü!!!”
Mən ölü deyiləm, Güləhməd!
Dırnağımın ucundan başımın
tükünə, hüceyrələriməcən
dəyişmişəm. Dəyişilməyimin qarşısını
heç kəs ala bilməz, heç sən də!
Güləhməd quyruğu tələdə
qalan tülkü kimi vaqqıldadı. Fağır Niftalı
şir kimi nər-nər nərildəyirdi.
– Bəs pul, ora
getmək üçün
bir ətək pul lazımdı, qardaş. Bir də o qara-qura
arvaddan ötərin bu boyda yolu
getməyə dəyər-
dəyməz, bunu bilmirəm? – deyib Niftalını qərarından daşındırmaq
istədi.
– Bəs dəyişmək nəyə deyirsən, Güləhməd? Mən Ursulanın
səsinə səs verməyə gedirəm.
Evdəkinin bir az lazımsız
metal kütləsi vardı
– qır-qızılı deyirəm,
dəyər-dəyməzinə satdım, bilet aldım, sabah uçuram.
Güləhmədin rəngi ağardı.
– Belə tez?
– Gözləmək uduzmaqdı,
qardaş, bu dəfə Güləhmədin
sevimli “qardaş” sözünü o dedi.
– Tələsməliyik. Qara mirvarinin
ürək döyüntülərini
eşidirəm. Adamların səsinə
səs vermək, adamları dəyişdirmək
üçün dünyanın
o başına da getməyə dəyər.
– Bəs Səmənixanım,
bəs milli-mənəvi
dəyərlər, bəs...
– Dəyərlər??? Hansı dəyərlər?
İnsan
hissləri qarşısında
bütün dəyərlər
dəyərsizdi. Biz dəyərləri ona görə uydururuq ki, kimsə öz arealından kənara çıxmasın,
öz çəmənində
otlasın – dəyərlər
sərhəddi. Mən
o sərhədi yaracam,
azad adam
olacam.
Güləhməd təcrübə siçovulunun
belə fərasəti
olacağını heç
ağlına da gətirməmişdi. Ömrü boyu ayaqqabı fabrikində mühasib işləyən, bir ömür şotkada rəqəmləri sağa-sola
şaqqıldada-şaqqıldada daşıyan, adət-ənənələrdən
yarım santimetr kənara çıxmayan Niftalı 9 min kilometrlik məsafəni
keçməyə hazırlaşırdı.
Görüşüb ayrıldılar.
O gecə Güləhməd
səhərəcən çimir
eləmədi. Özünü
Niftalı uçandan
sonrakı tufana hazırladı...
Səhər heç nə baş vermədi. Heç sonrakı günlərdə də fövqəladə bir şey olmadı. Güləhməd uzun müddət Səmənixanımın gözünə görsənmədi.
Axır bir gün qarşılaşdılar. Səmənixanımın tükü də sınmamışdı. Güləhməd ürəklənib Niftalını soruşdu.
Səmənixanım canıyananlıqla dedi:
– Ay Güləhməd qardaş, gedəni saxlamaq olmaz. Niftalı feysbukda uşaqlarla hər gün danışır. İpini qırıb çəmənliyə qaçan at kimi kefi sazdı. Qoy gəzib dolaşsın, havasını dəyişsin, anası ölmüş eşşək kimi işləməkdən başqa bu dünyada nə gün görüb.
Elə bil Güləhmədin üstündən dağ götürüldü...
Yeddi aydan sonra Niftalı qəflətən peyda oldu. Güləhmədlə həmişəki çayxanada görüşdülər. Niftalı elə bil yenidən doğulmuşdu. Pivə içə-içə səfəri barədə xeyli danışdı. Dediyinə görə həyatının qadını Ursula ilə yeddi ay unudulmaz günlər yaşayıb. Sevgi bağı soluxub payız bostanına çevriləndə hər ikisi razılıq yoluyla hekayələrinə nöqtə qoyub, qara mirvarı onu təmtəraqla öz keçmişinə yola salıb. Nəvələrinə pay-puş da göndərməyi unutmayıb. Üstəlik dəyişilmə əməliyyatı uğurla həyata keçirdiyinə görə Niftalıya ömrünün sonunacan bəs edəcək xeyli ayaqqabı alıb bağışlayıb. Tövsiyə eləyib ki, bacardıqca bütün ölkələrin torpağını tapdalasın. Qadında ürəyə bax!
Niftalı danışdıqca Güləhməd özünü naftalin kimi hiss edirdi.
Niftalı söz verdi ki, Güləhmədi dəyişdirəcək, mütləq dəyişdirəcək! Güləhməd təcrübə dovşanı kimi key-key baxırdı...
Təranə
VAHİD
525-ci qəzet.-
2015.- 14 fevral.- .S27.