Rəsul Rza şeiri
yer üzünün insanları həm də
göy üzünün insanlarıdı.
yer üzü
özü
göy üzündədi...
...təkcə ana doğmur ki, insanı,
uzaq ulduzlardan tutmuş
yerdə kiçik zərrəyə qədər
min-min sirrin sevgisindən,
sehrindən doğulur insan –
kimində
göy üzünün
payı çox olur,
kimində yerin.
göy üzündən
payı çox olanlar
sakit-sakit baxa bilmir
yerin dərdlərinə-
ilahi bir nəfəs gəlir,
göy üzünün
sevdiyi şairlərin
şeirlərinə.
mələklər doğulur
gözəlliklərdən...
mələklər doğulur
gözəlliklərdən,
bu dünya köklənib
ahəngə doğru...
qırıqdan, sınıqdan
iblis boylanır...
fürsət gözləyir
hər anın hər anından...
ahəngi pozdunmu,
canavartək tullanır,
ildırımtək şığayır,
çayır kimi göyərir iblis...
aman verdinmi,
alıb aparacaq səni
Həvvanı apardığıtək...
ağ qızılgül,
sevdalı
nə baxırsan ağ qızılgül
belə sevdalı-sevdalı?
görmürsən ki, ürəyimin
dözməyə qalmayıb
halı?
şux ləçəklər
nurla dolu,
behişdənmi ətrin
sənin?
çəhrayı xətlərin
sirli
olma mənə belə qənim...
yanağında damla şehlər
məni valeh eləyirlər
yarpaqların sirli yaşıl
hansı aləmdən
gəliblər?
aman, nə məğrur baxırsan,
yavaş, axrıma
çıxırsan...
Allah!
Allah! o nə dildi?
belə doğma danışırsan?
tikanının sehri, ya nə?
əl uzatmaq olmur sənə....
mən o sehri necə açım?
etibarın varmı
mənə?
balaca balıq
oxşar mövzuda
yazmış
Səməd Behrəngiyə rəhmət
dənizlərin birində,
suların dərinində
boy atan balaca balıq
sənin, göy
üzü dediyin
hələ suyun bir qatıydı....
böyüdükcə-böyüdükcə
dənizin dibindəki
bu çiçəkli,
qayalı, kollu
balıqlı, ilbisli,
ilanlı...
qeylü-qallı aləmlərdən
gözəl
bir aləm doğuldu qəlbində...
o aləm göylərə səslədi səni...
qəlbindəki aləmin
tellərini titrətdi...
bax bu da növbəti qat,
bax bu da o biri qat,
sonuncu qat...
ah! göy üzü
deyilmiş!
bu ki,
yaşadığın dənizmiş!...
dənizə tökülən
bir çayda
bir az yuxarı qalxıb
dənizə baxan balıq...
kaş insanlar sənin kimi
baxa biləydi
başına oyun açdığı
öz yurduna, ölkəsinə,
boğub məhv
etdikləri
yer kürəsinə...
yeni düşmənçilik
düşmənlər əvvəl
qılıncla, qalxanla,
oxla
tüfənglə, topla, qəhrəmanlarla gəlirdi.....
indi təbəssümlə,
işvəylə, nazla
nərmənazik oğlanla,
qızla gəlir üstümüzə....
açıq savaş
olurdu, öldürürdü,
ölürdü
hər kəs kimin kim olduğunu
bilirdi...
indi dost deyib, bağrına basır bizi düşmən...
ayağımızın altını
qazır düşmən...
əvvəl kürəyimizi,
şəhərimizi, kəndimizi
indi qəlbimizi, gələcəyimizi nişan
alır,
nəğməmizi, nəşəmizi,
yeyib içdiyimizi,
doğulmamış körpəmizi,
gəncliyimizi nişan
alır...
fitnəli nəsihəti,
nağılıyla ağıl
verir
adamları yox, ağılları əsir
alır.
cəsuslardan yaradır
ordularını
əvvəl bac, xərac
alırdı, indi sirr alır...
insanlarla işi yox, qəlbləri əsir alır
qardaşı qardaşa
yesir eyləyir...
kimini mal- pulla, kimi imanla,
kimin gümanla qoşur özünə...
düşmənlər əvvəl
qılıncla, qalxanla,
oxla
tüfənglə, topla, qəhrəmanlarla gəlirdi...
indi təbəssümlə,
işvəylə, nazla
nərmənazik oğlanla,
qızla gəlir üstümüzə...
edam
Adəmə ad qoyanda Allah
nəfsi büto
v oğlan idi Adəm...
ahəngi ahəng
verirdi
yer üzünün
ahənginə...
ilahi rəng verirdi
yer üzünün
rənginə...
əməlli başlı
adam idi Adəm...
Həvvanın eşqinin dumanında
yiyə dura bilmədi nəfsinə...
qurban oldu həvəsinə...
nəhs onu qaraladı...
hər nəhsdən, qat-qat artıq
yeni nəhs balaladı...
bax, nə gündədi yer üzü?....
bəla həmən bəladı...
Adam-
öz nəfsini qul eyləyəndir...
nəfsə qul olanlar adam deyil
ki..
nəfsin hökmü
qədər iblisə
qulsan,
nəfs kimi məhv etsə-
edam
deyil ki?
ümidim bir çiçəyədir
aşkar-yuxu sərhəddində
xəncərlər üzür
balıqtək,
xəncərlər şər
tellərini
kəsməyəcək? kəsəcək?
ovcumdakı bu qan hardan?
niyə tez vurdular məni?
dostlarım varmı
dünyada?
düşmənlər tapdılar
məni.
düşmənlər mənim
düşmənim?
tanımıram mən onları.
heç bilmirəm
ki, nədədir
azarları, ağrıları.
nə gözəl bitir bu çiçək!
ümidləndim onu görcək.
mən getsəm, mənim sevdamı
yer üzünə
söyləyəcək...
səndən nur yağır
səni çiçəklərmi
yaradıb, yoxsa
buluddan süzülüb,
işıqtək gəldin?
necə də ilahi baxırsan hərdən,
dindirdim, nə doğma ədayla dindin?....
cənnət guşəsidir
sənin dörd yanın
sənsə bu cənnətin bir məlakəsi...
nə gözəl dolanır başına sənin
sənə aşiq
olan günəş şöləsi...
axı belə kimsən? səndən
nur yağır...
ətraf sehr içində şəfəqlərindən...
nə qədər doğmasan, nə qədər əziz...
duydum o titrəyən
gül əllərindən...
nigaranlıq
yarpaqların pıçıltısı
ilə qarışıram
dünyaya,
suların nəğməsi,
körpələrin səsi
ilə qarışıram
dünyaya...
... sən hardasan
gülüm, sevgilim?...
üzünü görməmişəm,
əllərim əllərinə
tellərim tellərinə
dolaşmayıb.
dünyadakı yolumun çoxunu keçdim daha,
hardasan?
olmaz ki,
mən dünyadaykən,
sən
dünyada olmayasan...
günəş elə doğmalaşdı ki...
ay uzaqlarda qalan sevgilim...
bu səhər
qəlbim dolu həsrətin,
kədərli-kədərli günəşə
baxdım...
...mənimlə danışan
günəşin
indi səninlə də danışdığını
düşündükcə,
elə kövrəldim ki...
günəş elə doğmalaşdı ki,
ona pıçıldadım
ayrılığa dözə
bilmədiyimi....
bu səhər
yenicə çıxan
günəşin şəfəqləri
gözümün önündəki
zümrüd meşənin
üstə
elə ilahi
bir aləm qurdu ki...
sən o aləmdən,
buludlar arasında
məlakətək yüksəldin...
günəşin dili ilə
dindirdin məni....
bu sənmisən, bu qədər ögey?
dünyanın başı
üstündə durmusan
hovuz üstə duran kimi...
tərəddüdün
diksindirir özünü...
axır göz yaşların...
axdıqca, axdıqca
göz yaşların
kəmər-kəmər itir
dünyanin işıqları,
gözəlliyi,
olub qalanı...
dünya bom-boz
mən dünyada tək-tənha...
üz tutub hayana gedirəm belə?
çürüməyə başlayan
meyid rəngdədir hər yan...
dünyanın başı
üstündə durmusan
hovuz üstə duran kimi...
sən məni
diri-diri ağladın...
bu səninmi baxışlarındı,
arxamca baxır?
bu səninmi baxışlarındı?
hər zaman qəlbimi
ilmə-ilmə dindirən?
yer üzünü
bir nağıla döndərən?
bu sənmisən, bu qədər ögey?
sən çiçəklərin
ruhusan
səni bu dünyaya gətirən ana
ruhunu dağlarda çiçəkdən alıb,
yurdun, nənələrin
öyüdlərindən
ülviyyət ünvanlı
gerçəkdən alıb.
səndə şux lalənin yüz qəmzəsi var,
sanki dağ çayısan, ləngərli,
duru
yadıma düşdükcə
valeh eyləyir
təbəssüm qarışıq
üzünün nuru.
qarşında sarsıldım,
yox oldum ... neynim?
yerimdə sanki bir divanə qaldı...
üzünün ifalı,
sözünün ruhu
məni bəlaların əlindən
aldı...
şükür ki, gəldin....
sənin ruhun ruhumdaymış
yer üzünə gələndən...
qısqanırmış məni hər vaxt
özgələrin ruhuna...
hərdən sənin sorağını duyurdum
qulaq asdıqca
ürəyimin ahına...
sənin ruhun ruhumdaymış
qovurmuş hər kəsi uzaqdan uzaq...
səni axtarırmış... sənə həsrətmiş.
əsən küləklər səndən danışırdı mənə...
ən ülvi sevgiylə sevən ürəklər
səndən danışırdı mənə...
gəldin! ömrümə gəldin...
bir məlakə hüsnündə,
məlakə ruhunda gəldin...
xoş gəldin, ruhumun ruhu!!
sən qal göy üzündə
səsindən gözəl nəğmə yoxdu,
y erişin elə bil şirin xəyaldı
sənin gözlərindən bir alov axdı
aldı məni, tamam aldı.
sən hələ bir gözəl
pöhrəsən, kövrək
gözün sual dolu,
baxışın ürkək.
sən qal göy üzündə, yüksəkliklərdə –
ömrümə gəlmə
heç,
ol ilham pərim...
qoy sənin eşqinlə bəzənsin
ömrüm,
qoy sənin eşqinlə yansın ürəyim.
Əhməd
QƏŞƏMOĞLU
525-ci qəzet.-
2015.- 14 feral.- S.29.