Alimlər sultanı - Nəsirəddin Tusi
Dahi riyaziyyatçı, astronom
və filosof Məhəmməd İbn Həsən Nəsirəddin
Tusi 1201-ci il
fevralın 17-də anadan
olub. Fizik, iqtisadçı, musiqişünas, şair,
hüquqşünas və
tarixçi kimi də məşhur olan Nəsirəddin Tusinin harada doğulması barədə
müxtəlif fərziyyələr
mövcuddur. Müxtəlif mənbələrdə onun
Tus şəhərində,
yaxud da Qumda anadan olduğu
qeyd edilir. Əksər mənbələrdə isə
onun məhz Ordubadda anadan olduğu göstərilir.
Çünki Şah Abbasın
məhz Tusiyə görə Ordubad əhalisini vergilərdən
azad etdiyi bildirilir. Tarix elmləri doktoru
Seyidağa Onullahi XVII
əsr coğrafiyaşünası
və təzkirəçisi
Məhəmməd Müfid
Yəzdidən belə
bir fikir sitat gətirir ki, Ordubad sakinlərinin
bir hissəsi Ustad əl-bəşər
Xacə Nəsirəddin
Tusinin nəslindəndir.
Həmçinin, Tusi Hülakü
xanın vəziri olduğu dövrdə Tusda və başqa
yerlərdə yaşayan
qohumlarının dədə-baba
yurdlarına, yəni Ordubada köçmələri
üçün pul vəsaiti ayırmışdı.
1980-ci illərin əvvəllərində N.Tusinin
780 illik yubileyi keçirilmiş və onun Ordubadda abidəsinin qoyulması qərara alınmışdı,
çox təəssüf
ki, bu qərar
hələ də icra olunmayıb. "Tusi" ləqəbi
isə onun təhsil aldığı
Tus şəhərinin
adındandır.
Nəsirəddin Tusi orta əsr
Şərqində həm
böyük ensiklopediyaçı
alim, həm də görkəmli filosof kimi şöhrət
qazanıb. O, riyaziyyata, astronomiyaya, mineralogiyaya və digər elm sahələrinə dair qiymətli əsərlərlə
yanaşı, məntiqə,
fəlsəfəyə və
etikaya dair orijinal traktatlar da yazıb. İlk təhsilini atasından alan Nəsirəddin İbn Sina fəlsəfi məktəbinə mənsub
olub, Əbulhəsən
Bəhmənyarın şagirdi
Əbu Abbas Logərinin şagirdi Sədrəddin Sərəxsinin,
Qütbəddin Misrinin,
habelə tanınmış
filosoflardan İbn Yunisin, Əsirəddin Əbhərinin, Şəmsəddin
Xosrovşahinin və dövrünün ən şöhrətli müəllimi
hesab edilən Fəridəddin Damadın
yanında mükəmməl
təhsil alıb. N.Tusi "İbn Sinanın fəlsəfəsi
və məntiqinə
şərhlər", "Şərh ul-işarət",
"Teologiya və metafizikaya dair risalə" ("Təcrid
əl-kəlan"), "Əxlaqi-Nasiri",
"Alicənab insanların
xarakterləri və keyfiyyətləri" ("Ausaf
ul-Əşrəf") və
b. əsərlərində İbn Sinanın fəlsəfi görüşlərini
şərh edib, onun baxışlarını
hücumlardan qoruyub.
Aldığı hərtərəfli və
dərin biliklər Tusini az
bir vaxtda elmi mühitdə məşhurlaşdırır. Otuz yaşında ikən Kuhistan ismaililərinin başçısı Nasiraddın
Möhtəşəm onu
sarayına qonaq çağırır və
gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin
Tusi ona dünya şöhrəti
gətirən və bir çox dillərə tərcümə
olunan məşhur
"Əxlaqi Nasiri"
əsərini tamamlayır.
Lakin bir müddət sonra müəyyən narazılığa
görə Tusi həbs olunaraq, ismaililərin əlçatmaz
dağ zirvələrində
yerləşən "Ələmut"
("Qartal yuvası")
qalasına aparılıb. O, həbsdə
olduğu vaxtlarda da yaradıcılıq və axtarışlarını
davam etdirib. Bu dövrdə Evklidin, Ptolomeyin, Arximedin əsərlərinə şərhlər
yazıb, "Əxlaqi-Nasiri",
"Şərh əl-işarat",
"Təhriri-Öqlidis" və s. kimi misilsiz əsərlər yaradıb.
Çingiz xanın nəvəsi Hülakü xanın Yaxın Şərqə yürüşü nəticəsində,
1256-cı ildə "Ələmut"
qalasında saxlanılan
Nəsirəddin Tusi və başqa alimlər azad olunurlar. Tusi Hülakü xanın
şəxsi məsləhətçisi
təyin olunur. Hülakü xanın Bağdadı fəth etməsində Tusinin məsləhəti böyük
rol oynayır və beləliklə, 500 il hökm
sürmüş Abbasilər
hakimiyyətinə son qoyulur.
Bağdad yürüşünün uğurla
nəticələnməsi Hülakü
xanın yanında N.Tusinin nüfuzunu daha da artırıb. Bu vaxt o, Azərbaycanda böyük bir elmi mərkəz-rəsədxana
yaratmaq kimi özünün çoxdankı
arzusunu həyata keçirməyə başlayıb.
Bir ildən də az müddətdə
o, rəsədxananın tikiləcəyi
yeri müəyyənləşdirib,
eyni zamanda astronomik cihazlar hazırlayıb, müxtəlif
şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar gətirdib və rəsədxanada araşdırmalar
aparmaq üçün
dünyanın bir çox ölkəsindən
alimlər dəvət
edib. 1259-cu ildə
Marağa şəhərində
rəsədxananın tikintisi
başlanır. Beləliklə,
Nəsirəddin Tusi həm özünə, həm də bütün Şərq və dünya mədəniyyətinə əzəmətli
bir abidə olan həmin rəsədxananı qurub başa çatdırır
və dövrünün
ən görkəmli astronom alimlərini başına toplayıb Nizamülmülkün Bağdadda
yarada bildiyi Nizamiyyə akademiyasından
heç də geri qalmayan Marağa
Akademiyasını yaratmağa
nail olur.
N.Tusi Marağa rəsədxanasına
rəhbərlik etdiyi
15 il müddətində
bu elm məbədində
çoxlu alimlər yetişib, astronomiya elminin inkişafına təkan verən mühüm kəşflər
edilib, əsərlər
yaradılıb. Marağa rəsədxanası
fəaliyyətini dayandırdıqdan
sonra burada çalışan alimlər
dünyanın müxtəlif
yerlərində rəsədxanalar
yaradıb və onlara rəhbərlik edib. Bunlara misal olaraq Təbriz, Pekin, Dəməşq, Səmərqənd
rəsədxanalarını göstərmək olar.
Q.P.Matviyevskaya və B.A.Rozenfeld
öz əsərlərində
N.Tusinin riyaziyyat sahəsində 27, astronomiyaya
aid 21, fizikaya aid 4, fəlsəfə
və məntiqə
aid 5, iqtisadiyyata aid 1, ədəbiyyata
aid 1, ensiklopedik məzmunlu
1, mineralogiyaya aid 1 əsəri
olduğunu göstərirlər.
Aydındır ki, bu siyahıya N.Tusinin əsərlərinin hamısı
daxil edilməyib.
Güman
edilir ki, o, 150-dən artıq əsərin müəllifidir. N.Tusi həm
də istedadlı şair olub. Onun üç min beytdən artıq şeiri dövrümüzə gəlib
çatıb. Təkcə
riyaziyyatın hesab, cəbr, həndəsə,
məntiq sahələrində
30-dan artıq ərəb
və fars
dillərində yazdığı
əsəri elmə məlumdur. Ümumiyyətlə,
N.Tusinin riyaziyyata gətirdiyi yenilikləri avropalılar 300-400 il sonra yenidən "kəşf"
etmişlər.
N.Tusinin
zəngin yaradıcılığında
müasir dövrə
gəlib çatmış
əsərləri içərisində
"Əxlaqi Nasiri",
"İqtibasın əsası",
"Mövcudatın bölgüsü
və onun qisimləri", "Məntiqdə
təcrid etmə"
və s. fəlsəfi
əsərlər mühüm
yer tutur. "Əxlaqi Nasiri" yeddi yüz il ərzində
Orta və Yaxın Şərq məktəblərində əxlaq
dərsliyi kimi şöhrət tapıb.
N.Tusi
"Maddənin itməməsi
qanunu"nu hələ
Lomonosovdan 600 il əvvəl kəşf etmiş və bildirmişdi: "Əgər bir adam təbiətşünaslıq
elmi ilə tanış olsa və əgər cisimlərin halına, onların ziddiyyətinə
diqqət yetirsə, o
dərk edər ki, heç bir cisim yaranmır
və məhv olmur. O ancaq öz həcmini, tərkibini, sürətini,
şəklini və keyfiyyətini dəyişir,
bir maddədən başqasına keçir,
lakin qalır və dövr edir".
Marağada yaranmış "Zic əl-Elxani" əsərində
irəli sürülən
müddəalar bir neçə əsr həm Şərqdə, həm də Qərbdə astronom və dənizçilər
tərəfindən işlədilirdi. Bu əsərdə çoxlu
riyazi, astronomik və coğrafi cədvəllər də verilib. Ən mühümləri sinus və
tangensin 60-lıq say sistemində üçrəqəmli
triqonometriya cədvəlləri
və XIII əsrdə
məşhur olan 256 şəhərin coğrafi
koordinatlar cədvəlidir.
Tusi "Cəvahirnamə"
əsərində qiymətli
minerallar haqqında geniş məlumat verib, onların xüsusiyyətlərini, təsvirini
və hətta müalicəvi əhəmiyyətlərini
göstərib. Tusi "Təhriri-Öqlidis" əsərində həndəsənin
əsasları və nisbətlər nəzəriyyəsinə
də bir çox yeniliklər gətirib.
Nəsirəddin Tusinin riyazi kitablarından biri də "Tam dördtərəfli
haqqında traktat"
("Şəklül-qita") əsəridir. Bu əsərdə
o, riyaziyyatın ən
əsas anlayışlarından
biri olan həqiqi ədədə tərif vermişdir.
Ədədlər nəzəriyyəsi və riyaziyyat tarixi üzrə görkəmli mütəxəssis
V.N.Molodşiy yazır
ki, XIII əsrdə Azərbaycanın astronom və riyaziyyatçısı
N.Tusi müsbət həqiqi ədədi Nyuton kimi təyin
edib.
N.Tusinin mühüm əsərlərindən
biri də "Tozlu lövhənin köməyi ilə hesab toplusu" əsəridir. Qeyd edək ki, riyaziyyat tarixində vurma cədvəlinə
ilk dəfə N.Tusinin
bu əsərində rast gəlinir.
Təəssüflə qeyd etmək lazımdır ki, dahi alim və
mütəfəkkirin Azərbaycan
və başqa Avropa dillərinə tərcümə edilmiş
əsərləri onun
yaradıcılığının heç 10 faizini də təşkil etmir. Ümid edirik ki, N.Tusinin bütün əsərləri tərcümə
və nəşr olunacaq.
N.Tusi
1274-cü ildə Bağdada
gedərkən xəstələnib,
həmin ilin iyun ayının 25-də vəfat edib və Bağdadın məşhur "Came məscid"ində
yeddinci imam Museyi-Kazımın
qəbrinin yanında dəfn olunub. Sonradan ziyarətgaha çevrilmiş qəbrinin
üstündə ərəbcə
bu sözlər yazılıb: "Elm aləminin
şahı, alimlərin
sultanı, dinin, haqqın, millətin köməkçisi; analar
hələ belə oğul doğmayıb".
Təyyibə MEHDİYEVA
Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasının
IV kurs tələbəsi
525-ci qəzet.-
2015.- 17 fevral.- S.8.