Köç - (hekayə)
Hər dövrün, hər mövsümün
özünəməxsus gözəlliyi də var, çətinliyi
də.
Düşünürəm ki, kənd həyatını
yaşamayan, onun qarlı-çovqunlu, palçıqlı
günlərini görməyən, tövlədə heyvanlara
qulluq etməyən ondan söz aça bilməz...
Yaylaq mövsümü yaxınlaşdıqca hamıda
bir ruh yüksəkliyi yaranırdı. Hər kəs
bu mərasimə çox ciddi hazırlaşırdı.
Kəndimizdə araba çox az idi. Yaylağa yükün çoxu atlarla, ulaqlarla
daşınırdı. Arabası olanlar elə
zənn edirdilər ki, qapılarında minik avtomobili var.
Öküzü olmayanlar kolxozun baş bilənlərinə
ağız açırdılar. Böyük
ailəlilər köçlərini araba ilə
daşıyırdılar. Bəri başdan deyim ki, araba
ilə köç aparmaq çox zülümlü iş idi.
Bir baxırdın, təkər oxdan
çıxır, öküzün biri güclü, biri
gücsüz olurdu. Bu müvəqqəti
çətinlik insana zülüm edirdi.
Əşrəf kişinin də ailəsi qohum-əqraba
kimi yaylaq tədarükü görmək və onun sevincini
yaşamağa başlamışdı. Bu, nəyə
desən dəyərdi. Hazırlıq gedə-gedə
hamı öz təsərrüfatına əl gəzdirirdi.
Yaxşı yadımdadır ki, Tavat xanım el dilində adına farmaş
deyilən, yundan toxunulmuş enli uzun çuvalsız arabaya
pal-paltar qoymazdı. Həmişə deyərdi: "Ay
kişi, bir gün tez, bir gün gec - bizə nə verir? Hamı öz arzusu ilə köçməlidir.
Sən get araba məsələsini həll elə,
gününü dəqiqləşdir. Geri qalan
yır-yığış işini özüm görəcəm".
Tavat xanım həmişə iki
farmaşlıq palaz-paltar götürərdi. Təmizliyə çox fikir verərdi. Ən azı iki farmaş yığıldıqdan
sonra barxananın qalığı arabaya
yığılardı.
Gözlənilən gün gəlib çatdı. Axşamdan
arabanı yığmağa başladılar, səhər
alaqaranlıqda yola düşməliydilər. Evin böyük oğlu İsmayıl müəllim
köməkçi də gətirmişdi. Yaylaqdakı
iş qurtarana qədər bir yerdə qalacaqdılar. Əsas məsələ bu arabanı sağ-salamat
yaylağa aparmaq idi. Çox
şükür, öküzlər say-seçmə
öküzlər idi. Hamı
inanırdı ki, onlar köçü darda qoymayacaqlar.
Bu minvalla alatoranda yola çıxdılar. Yavaş-yavaş
gedirdilər. Rəhmətlik Əşrəf kişi öküzləri yormamaq
üçün tələsmirdi. "Ay
oğul, - deyirdi - bir saat tez, bir saat gec, nə fərqi
var?!" Köç yolunun üstündə
Qasım kişinin dəyirmanı vardı. Dəyirmanın ətrafında gül gülü
çağırırdı. Orada dincəlməyin
ayrı ləzzəti var idi. Dəyirman
daşının səsi yorğun camışların
fısıltısını andırırdı. Dəyirmana dən gətirənlərin xoş təbəssümünü
görəndə insanın ürəyi dağa
dönürdü.
Dəyirmanın qapısı açılanda oradan gələn
xoş ətir insanı valeh edirdi. Adamın yadına
analarımızın sacda bişirdiyi xamralı
düşürdü.
Əşrəf
kişi öküzləri boyunduraqdan
açmışdı. "Bir az dincəlsinlər",
- deyirdi. "Çətin yolumuz hələ
qabaqdadır". Qasım kişi dəyirmandan
çıxıb, Əşrəf kişi tərəfə gəldi.
Çox böyük hörmət və
ehtiramla ona yaxınlaşdı:
- Xoş
gördük, ay Əşrəf kişi!
- Xoş
vaxtın olsun, ay Qasım! Nə var, nə yox?
İşlər necədir?
-
Allahıma çox şükür! Camaata xidmət
edirəm, onlar da məni dolandırır. Buğdanın
bərəkətinə qurban olum! Tanrıya çox
şükür! Bolluqdur, undan korluq çəkənimiz
yoxdur. Ay Əşrəf kişi, tələsmə,
bir çayımı iç, gedərsən.
Əşrəf
kişi Qasımın xasiyyətini
yaxşı bildiyi üçün etiraz eləmədi,
"Baş üstə", -dedi. Həm də
fikirləşdi ki, bu arada öküzlər də
qarınlarını doyurar. Allahın dilsiz-ağızsız
heyvanlarıdır.
Sözlü-söhbətli
çay fasiləsindən sonra Əşrəf kişi
"Süfrən qonaqlı-qaralı olsun, ay Qasım! Bizə
icazə ver, yolçu yolda gərək", - deyib, ayağa
qalxdı. Qasım kişi ilə
sağollaşıb, yola davam etdilər. Dəyirman
çayını çox rahat keçdilər.
Yaylaq yolu rahat olmasa da, bu işi görməyə məcbur
idilər.
Əşrəf kişi yavaş-yavaş
getməyi məsləhət bilirdi. Öküzlər də bu
xeyirxahlıqdan istifadə edib, sürəti daha da
yavaşıdırdılar. Bu minvalla Nazlıxan
çayına gəlib çatdılar. Buradan
iki yol ayrılırdı. Biri Kıxmalaqlıya, o biri isə
Danalıqlıya gedən yol idi.
Bu köç xoş təəssüratlarla
yaddaşlara həkk olunmuşdu. Çox təhlükəli
yoxuşun sonuna yaxın əzəmətli fıstıq
ağacının geniş açılmış
budaqlarının kölgəsi altındakı qonaqların
oturub dincəlməsi üçün geniş yer adamı
valeh edirdi.
Arabanı çox çətinliklə ağacın
altında rahatlaya bildilər. Bu mövsümdə
fıstıq ağacının yarpaqları o qədər
sıx idi ki, güclü yağış yağanda onun dibinə
bir damcı su da düşmürdü.
Əşrəf
kişi vaxt itirmədən öküzləri
boyunduruqdan açdı:
-
Oğlum, gözün öküzlərin üstündə
olsun, mən bir az mürgüləyəcəm.
- Baş
üstə, ata!
Övladları Əşrəf kişinin bir
sözünü heç vaxt iki etmirdilər, yerinə
yetirirdilər.
O nəsildə böyük-kiçik yeri həmişə
görünürdü. Əşrəf kişi
də övladlarına əziyyət verməzdi,
çalışardı hər işi özü etsin. İndi çox yorulmuşdu. Köməkçisinə
tapşırıq vermişdi ki, gözünü öküzlərdən
çəkməsin. Öküzlər də
çox keçmədi ki, çəmənlikdə
yatmağa başladılar. Nəhəng
fıstıq ağacının gövdəsinə
yazılmış qədim yazılar diqqət çəkirdi.
İlahi, bu ağacın gövdəsində nələr
yox idi?! Xatirələrlə dolu bir ağac kitabə...
Kövrək notlarla yazılmış şeir
parçası, nə bilim nələr, nələr... Köç əhlinə elə gəlirdi ki, bu
fıstıq ağacında nəsə bir tilsim var. Bu
ağacdakı cazibədarlıq insanı bir anlığa
düşünməyə vadar edirdi. Ağacın
gövdəsində papaqlı bir kişinin şəkli var
idi. Açığı, bu şəkli
çəkənin rəssamlıq qabiliyyəti hiss olunurdu.
Şəkil çox zəhmli idi. Bir az da yaxınlaşanda şəklin bir tərəfində
beşaçılan silahın əksi həkk olunduğunu
görürsən. Şəkilaltı yazını oxuyanda isə
heyrətlənməmək olmur: "Ey qoçu Talıb, sənin
də dövranın bitdi, silahı yerə qoyub Şura
hökumətinə qulluq edirsən". Görəsən,
sağlığında bu yazılanlar Talıb kişinin
qulağına çatsa idi, nə deyərdi. Yəqin ki, bu yazının müəllifinin nəvələrindən
biri olduğuna təəccüblənməzdi. "Sən Məşədi Rüstəmli
ocağının əzəmətli, yenilməz
sütunlarından birisən. Vətənpərvərliyi,
qoçaqlığı, igidliyi, namuslu, qeyrətli
olmağı sizdən öyrənirik. Hörmətlə,
adsız müəllif".
Bu xoş sözlərin müəllifi xalqına, vətəninə,
torpağına sadiq insan olduğuna görə,
paxıllıq hisslərindən uzaq duraraq həqiqəti
yazmağa çalışmışdı. Belə
oğullara dünyanın hər cür neməti halaldır.
Əşrəf kişinin məhəbbətlə dolu həzin
səsi köməkçisini feyziyab olduğu bu səhnədən
ayırdı.
"Buyur ata", - dedi.
-
Öküzlərimizi gətir, yolçu yolda gərək. Hava qaralmamış mənzil başına
çatmalıyıq. Görəsən,
comamızın yeri hazırdımı?
- Narahat
olma, İsmayıl o oğlana bərk-bərk
tapşırdı ki, barxana gələnə qədər
oralar qaydasında olsun.
- Təki
sən deyən olsun.
Araba hazır idi. Köç yavaş-yavaş yola düzəldi.
Hərdən yaylaqdan kəndə gedənlərlə
qarşılaşır, bir-biri ilə hal-əhval tuturdular.
Otlaq sahələrin vəziyyəti çox
yaxşı idi. Köç rahatlıqla
öz halal coma yerinə gəlib çatdı. Hamının üstündən sanki ağır bir
yük götürülmüşdü. Görəsən,
hansı ilahi qüvvə onlara kömək etmişdi.
Əşrəf kişi köməkçisinə
tərəf dönərək:
-
Çoxmu yorulmusan?
- Yox, nə
yorulmaq, nə lazımdır, mən hazıram...
Kişi
bığaltı gülümsündü:
- Deməli,
acımısan.
O,
doğrudan da bərk acımışdı. Coma
ürəkaçan mənzərəli bir yerdə
qurulmuşdu. Hər tərəfdən
köç gətirənlərin yeni mənzilə
alışmayan itlərinin səsi ətrafı
bürümüşdü.
Köç
zamanı yorulmağın da öz ləzzəti var.
Əşrəf kişi qım-qımı
edə-edə ömür-gün yoldaşının qoyduğu
yol azuqəsini yavaş-yavaş açmağa başladı.
- Hə
oğlum, gəl otur yeməyimizi yeyək.
Köməkçi
Əşrəf kişi ilə oturdu.
Əşrəf kişi məhəbbət
dolu gözlərlə köməkçisinin iştahla
yediyini seyr edirdi. Tələsmədən yeməklərini
yedilər. Qardaşı oğulları
Cavanşir və Rüstəm də gəldilər.
Əşrəf kişi onları
öpdü, çoxlu suallar verdi. Əmilərinin təkidi ilə
onlar da bir az yemək yedilər. Sonra
Əşrəf kişi onlara bir qab verdi:
-
Oğlum, gedin bulaq suyu gətirin. Köməkçim bir az yorğundur.
Uşaqları gülmək tutdu. Köməkçinin yorğun
olmağına baxmayaraq, könlündən onlarla getmək
keçirdi ki, Əşrəf kişi onu
qabaqladı:
-
Görürəm, sən də dinc duran deyilsən. Gedin, amma çox yubanmayın.
- Baş
üstə, - deyib, oradan uzaqlaşdılar.
Elə bil ki, o andan dünyanı onlara
bağışlamışdılar. Zarafatlaşa-zarafatlaşa
bulağa çatdılar. Hava qaralmağa
doğru idi. Ətrafdan gələn
cürbəcür səslər onları tələsməyə
vadar etdi. Özlərini comalar qurulan yerə
çatdırdılar. Onlar gələnə
qədər Əşrəf kişini yuxu tutmuşdu.
Ayaqlarının səsini eşidib ayağa qalxdı:
- Hə,
qoçularım, bir parç süzün içim.
Köməkçi
parç axtarana qədər, Cavanşir termosun
qapağını su ilə doldurub əmisinə verdi. Əşrəf kişi
sudan doyunca içdi.
- Hə,
mənim qoçularım, suyu bir rahat yerə qoyun, mən
namaz qılıb qurtarana qədər gəzin, amma uzağa
getməyin.
Əşrəf
kişi dediyi kimi də etdilər. Ağsaqqalın dediyi onlar üçün qanun idi.
Qaranlıq düşmək üzrəydi. Ay öz gözəlliyi ilə yaylaq
camaatını nura boyamışdı. Onlara elə
gəlirdi ki, bu işlərin hamısı bir ilahi qüvvə
tərəfindən təşkil olunurdu. Ayın
belə gözəl olması, hər tərəfi nura
boyaması coma quranlara qol-qanad verirdi. Hamı
öz işini görürdü. Bir
sözlə, Kıxmalaqlı yaylağında həyat davam
edirdi. Uşaqlar bir az
dolaşdıqdan sonra əmilərinin yanına gəldilər.
Namazını qılıb
qurtarmışdı. Əşrəf kişi
Cavanşirə dönərək:
- Hava
bacım necədi? Buralara alışa
bilirmi?
-
Əşrəf əmi, yadımdan çıxıb, məni
bağışla, anam dedi ki, əminə de yemək
hazırlayacam, mütləq gəlsinlər.
Əşrəf
kişi başı ilə
razılığını bildirdi.
- Nə zəhmət
çəkirdin, ay oğul? De görüm, odun
tədarükü-filan görülübmü?
- Əmi, odunumuz boldur, Bəkir bir araba odun gətirib.
Yemək
süfrəsini yığmaq istəyirdilər ki,
İsmayıl müəllimin göndərdiyi coma quran usta da gəlib
çıxdı. Bir balaca atı da var idi.
Salamlaşıb süfrəyə oturdu.
Əşrəf
kişi:
-
Oğul, atını apar örüklə, özün də
yemək ye.
- Sağ
ol, ay əmi, ac deyiləm, indi evdən gəlirəm.
- Nə
deyirəm, ay oğul.
- Əmi, siz narahat olmayın, hər şey istədiyinizdən
də yaxşı olacaq. Çatmaları bağlamağa kəndirim
də var.
- Sağ
ol, ay oğul! Üzün ağ olsun!
Onlar süfrədən qalxıb yavaş-yavaş Hava
bibinin comasına getdilər. Hava bibi onları gülərüzlə
qarşıladı:
- Ay
Əşrəf qardaş, xoş gəlmisən! Səndən
çıxmayan iş, arıları
buraxıb, nə yaxşı yaylağa gəlməyə
razı oldun? Uşaqlardan biri köçü gətirərdi.
- Ay rəhmətliyin
nəvəsi, uşaqlara qıymaq olurmu? Bu
köçü bura sağ-salamat gətirmək hər
oğulun da işi deyil. Nazlıxan
yuxarı təkərin dalına daş qoya-qoya, zülümlə
gəlib çıxmışıq. Buna da
şükür!
Əşrəf
kişi qardaşlarının ailələrinə
öz ailəsi kimi baxırdı. Burada da özünü
çəkingən kimi apardığını Hava bibi hiss
etmişdi.
- Ay
Əşrəf qardaş, niyə çəkinə-çəkinə
yeyirsən? Bura sənin öz evindir.
- Sağ
ol, Hava bacı! Köməkçimlə yemək
yemişdik. Allah süfrənizi bol etsin! Mən bir gedim
ustamıza baş çəkim, görüm nə iş
görür.
Comaların
arasındakı məsafə çox az
idi. Əşrəf kişi uşaqlara
dönərək:
- Mənim
qoçularım, arxamca gəlin.
Uşaqlar
bic-bic gülərək: - "Baş üstə, əmi",
- deyib yerlərindən qalxdılar. Əmilərinin
arxası ilə ustanın yanına getdilər.
Usta
onları görəndə, elə bil dünyanı ona verdilər:
- Sizi
çox xoş gəlmisiniz! İndi, uşaqlar,
siz mənə lazımsınız.
Uşaqlar buna çox sevindilər. Darıxırdılar,
bir işin qulpundan yapışmaq istəyirdilər. Cavanşirlə Rüfət çatmaları
bağlamaqda ustaya kömək etdilər.
Usta səhərə yaxın dirəklərin dibini bərkitmə
işini qurtardı. Uşaqlar yatmağa getdilər. Usta onlara göz gəzdirdi. Onlar
çoxdan yatmışdılar. Açıq
havada yatmağın öz gözəlliyi var idi. Usta çox yorulmuşdu. Könlündən
bir az yatıb dincəlmək keçirdi:
-
Əşrəf əmi, mən bir az yatmaq
istəyirəm.
- Yat,
oğlum, səni çox yorduq. Atından da
narahat olma, arada göz-qulaq olaram.
Əşrəf kişinin insanları işlətməkdən,
yormaqdan xoşu gəlməzdi. Coma quran ustanın əl
işini bəyənmişdi. Görülən
işə çox sevinirdi. Tavat ananı
razı salmaq bir o qədər də asan məsələ
deyildi. O, deyərdi: "Coma olanda nə olar?! Hər şey yerbə-yerində olmalıdır.
Səliqə-səhman olmalıdır".
Elə
buna görə də Əşrəf kişi
hər şeyi düşünülmüş şəkildə
düzəltdirirdi.
Namaz vaxtı çatmışdı. Rahat
namazını qıldı, ibadətini etdi. Artıq usta
da oyanmışdı:
- Əşrəf əmi, məni bağışla, deyəsən,
çox yatmışam.
- Ay,
oğul, üzr istəmək lazım deyil, əllərin var
olsun. Sənin əl işinə söz ola
bilməz. Sən comanı qurarkən
güclü küləyi, tufanı nəzərə alıb,
işini sağlam görmüsən. Mən sənin
işinə kənardan nəzarət edirdim. Çox qabiliyyətli insansan.
- Əşrəf əmi, bu gün insan kimi
yaşamağıma göydə Allaha, yerdə İsmayıl
müəllimə borcluyam. İsmayıl müəllim
güclü şəxsiyyətdir. O, eli-obası, biz
fağır insanlar üçün yaşayır. Özündən çox bizi düşünür.
Bizi kimiləri yaşadan onun kamilliyidir. Hər kəs onun mərdliyindən
danışır. Şagirdlər onun
hesabına dərsə gəlirlər. Allaha
şükür, müəllimlərimiz dərsə
vaxtında gəlib-gedirlər. Siniflərimiz
qışda yaxşı qızdırılır. Mən də Göyəlli kənd orta məktəbində
təsərrüfat işlərinə rəhbərlik edirəm.
Camaatımız ondan çox razıdır.
Ay əmi, belə oğulun başına dönüm, fəxr
etməyə dəyər.
Beləcə söhbət edə-edə Salman comanın
üstünü tamamilə örtdü.
Əşrəf əmi uşaqları yanına
çağırdı.
- Hə,
mənim qoçaqlarım, comanın içini yaxşı
sulayın, süpürün, indi taxtı quracağıq.
Əşrəf
kişi Salmanla oturub yeməklərini yeməyə
başladılar. Yeməyi, sağ olsun, Hava bibi
hazırlamışdı. Uşaqlar bir göz
qırpımında comanı "gülə
döndədilər". Usta Salman
razılığını bildirdi. Taxtı
quraşdırdı.
-
Əşrəf kişi, icazənizlə mən
işimi qurtardım, evə getməliyəm.
Usta Salman
atını yəhərləyib, Əşrəf kişi ilə sağollaşdı.
Taxtın hazır olmasına Əşrəf kişidən
çox uşaqlar sevinirdi.
Səhərisi gün Tavat ana da gəldi. Onu evin
dördüncü oğlu Vilayət gətirmişdi.
Vilayət bir-iki gün dağda (yaylaqda) qalmaq istəyirdi,
Əşrəf kişi razı olmadı.
-
Oğlum, - dedi. - Öküzləri kolxoza qaytarmalıyıq.
Nazlıxanda bir az odunumuz var, onu da
aparmalıyıq.
Vilayət atasının sözündən çıxa
bilməzdi.
- Nə
deyirəm, ay ata, gedək deyirsən, gedək.
Coma Tavat ananın da xoşuna gəlmişdi. Hava bibi də
gəldi. Eltisi Tavatla köməkləşib comanı "abıra saldılar". O gecə
yaylaq həyatının ilk gecəsi idi. İnsan
oğlu gərək xoşbəxtliyi axtarmasın, xoşbəxtlik
onu tapsın. Əşrəf kişinin ailəsi
üçün xöşbəxtlik o gecə zühr
etmişdi. Nəfəsi nurlu şairim Səməd
Vurğundan bir parça yadıma düşdü:
Yayda
yaylağımdır, qışda oylağım,
Yazda seyrəngahım,
bu dağlar
mənim...
Yaylaqda yaşamaq hər oğula da qismət olmur. Bu Əşrəf
kişinin ailəsinin şanslı olmağına dəlalət
edir. Cavanşir də, Rüstəm də
eşidib çox sevindilər. Yaylaq həyatında ilk iş
odun tədarükü görmək idi. Qonşunun
ulağını alıb, iki əmi oğlu odun gətirməyə
getdilər. Quru budaqlardan, ulaq götürə
bildiyi qədər, odun gətirdilər. Tavat
ana çox sevindi. Uşaqları oturdub
yaxşıca doyuzdurdu.
O yaylaq
"keçəl dağ" kimi də tanınırdı. Bu dağın ətəkləri sıx meşəlik
idi. Mal-qaranı otarmaq üçün
gözəl otlaq sahələri vardı. Çoxlu
bulaqlar var idi... Amma noylu bulağın yerini verən
bulaq tapmaq çox çətin idi. Analarımız
nehrə quranda uşaqlardan xahiş edərdilər ki, noylu
bulaqdan su gətirsinlər. Uşaqlar da belə
buyruqları eşidəndə çox sevinirdilər.
Tavat ana həmişə deyərdi:
- Noylu
bulağın ayranını içməklə doymaq olmur.
Yaylaq zamanı camaat çox yaxşı
dolanırdı. Allah anaların ruhunu şad eləsin,
qışın azuqəsi motal pendiri, qarın yağı,
qurud yaylaqda hazırlanırdı. Ayrıca
qoyun pendiri, nələr və nələr. Çiyələk mövsümü də yaylaq
vaxtına düşərdi. Dağ
çiyələyinin ayrı ləzzəti vardı. Hələ onun insanı bihuş edən ətri.
Aradabir yağış yağardı. Yağış yağanda hamı öz comasına
çəkilib Allaha dua edərdi. Ağsaqqallar deyərdi:
-
Oğlum, bu yağış deyil, yağan nurdu, bu
yağış bərəkətdi.
İnsan böyüdükcə dərk eləməyə
başlayır ki, babalarımız yağışı nə
üçün belə təsvir edirdilər. Doğrudan da,
bu, bir həqiqətdir ki, yağış torpağa can verir.
Hər tərəfi laləzara çevirir.
O vaxtlar yağışdan sonra meşəyə göbələk
yığmağa gedərdilər. O tərəfin göbələyi
əmlik quzu ətini andırırdı, yeməklə doymaq
olmurdu.
Yaylağın
çox maraqlı, yadda qalan tarixçələri var ki, insan
onları
xatırlayarkən, elə bil ki, bir növ təzələnir,
o anları yenidən yaşayır.
Yaddaşlara həmişəlik həkk olunmuş
"qaynar dərəsi". Söhbət adi bir dərədən
getmir. Bu dərə niyə "qaynar dərəsi"
adlanırdı?
Bu dərəyə gələn su
başlanğıcını Leyli, Dürrü, Noylu və
sair bulaqlardan alır. Bu çayın ətrafı əsl mənada
cənnət dərəsinə bənzəyirmiş. O
çayın ətrafında gəzərkən az qala güllər, çiçəklər
dil açıb deyəcəklərdi: "Bizi tapdalamayın,
bizi əzməyin". İlahi, təbiət
necə də gözəl olarmış.
Analar həftədə bir dəfə
yığ-yığış edib, bu "Qaynar dərəsi"
deyilən yerə gedərlərmiş. Uşaqların
köməyi ilə böyük mis qazanlar götürərlərmiş.
Ocaq çatıb qazanlarda su
qızdırarlarmış. Özləri
üçün çimmək hazırlığı edərlərmiş.
Kiçik ölçülü
çadırlardan evcik düzəldib, abırlı-həyalı
olsun deyə, orada çimərmişlər. Sonra pal-paltarı yuyub otların üstünə sərirlərmiş.
Bu günü camaat "adna" günü
adlandırırdı. İnsan bunları
yada salanda, "burnunun ucu göynəyir". Hayıf o
günlərdən! Bunları görən
insanlar o dağların, dünyasını dəyişmiş
anaların məhəbbət dolu xatirələri ilə
yaşayırlar. Bunları yada salmaq, bir
daha xatırlamaq nə qədər çətin olsa da, bu
xatirələr həmişə qəlblərdə
yaşayacaq.
Bax, beləcə həyat öz axarında davam edirdi. Uşaqlar da günbəgün
böyüyüb yaşa dolurdular...
Soyu-sovu olmayan, həmişə qapılarda nökərçilik
edən, indi özlərini millət kimi qələmə verən
mənfur qonşulara görə biz yaylaqlarımızdan da
olduq. Köç mərasimləri artıq keçirilmir.
Öküz arabaları da yoxa çıxdı.
İndi köç mərasimləri tarixə
çevrilib. Hər kəs şəxsi təsərrüfatı,
mal-qarası ilə məşğul olur. Otlaq yeri də
bir o qədər
geniş deyil. Amma camaat sağ olsun,
bu çətinliyin də öhdəsindən gəlir.
Həmişə
olduğu kimi, şəhərdə yaşayanlar yay
aylarında dincəlmək üçün
yır-yığış edib kəndə gəlirlər. Yay
vaxtı Gədəbəyin laləzarını, saf
bulaqlarını heç nəylə əvəz etmək
olmaz. O tərəflər Allahın insanlara bəxş
etdiyi bir cənnətdir. Oraların havası,
suyu çox qiymətlidir.
Hər yerdə olduğu kimi, o tərəflərdə də
müqəddəs dini ocaqlar var. İnsanlar zaman-zaman o
ocaqları ziyarət edirlər. Gədəbəyin Zamanlı kəndində
"Qəndaf ana" ocağı var. Kim istəsə, nəyəsə
əhd edirsə, nəzir deyərsə, istədiyi vaxt "Qəndaf
ana"nın ocağını, məzarını
ziyarət edər.
Əşrəf
kişinin oğlu Rüfətin də köhnədən bir
arzusu vardı ki, gedib "Qəndaf ana"nın
ya ocağını, ya da məzarını ziyarət etsin. Bu arzusunu gerçəkləşdirmək
üçün qohumlardan birindən xahiş etdi ki, onu
"Niva" maşını ilə oraya aparsın. Oraya ya "Niva" maşını, ya da atla getməli
idin.
Əmisi oğlu Azada üz tutdu. O da çox məmnunluqla onun
xahişini qəbul etdi və dedi:
- Əmioğlu, sənin xəbərin varmı, elə
bu gün Qabilin anasının qırxıdır?
O tərəflərdə
hamı Azadı qoçu Talıbın yadigarı
adlandırır. Onda olan bəzi xüsusiyyətlər
babasının hərəkətləri ilə üst-üstə
düşür. Çox mərd
insandır. Qabil Azadın atasının
xalası nəvələrindən biri, ehtiyatda olan polis
polkovnikidir. Çox mərd, cəngavər
bir insandır.
Rüfət
qırx məsələsini nəsillərinin
ağsaqqallarından biri, görkəmli dövlət və
elm xadimi qardaşı İzzət Rüstəmova da məlumat
verdi. O da yas mərasimində iştirak edəcəyini
bildirdi. Onlar Azadın "Niva"
maşınında Zamanlı kəndinə yol aldılar.
Bu yol onlar üçün çox doğma idi,
onun hər addımında bir xatirələri var idi.
Yaylağa köçü bu yolla aparırdılar... Yollarının üstündə vaxtilə Qasım
kişinin dəyirmanı vardı. Dəyirmana
gedən yolu alaq-ulaq bürümüşdü. Dəyirmandan
əsər-əlamət qalmamışdı... Onlar
üçün ən böyük təskinlik Axıncı
çayı idi. Qonaqlı-qaralı
Axıncı çayı elə bil ki, gəlib-gedənlərə
layla çalırdı. Onun çox
möcüzəli səsi vardı. İnsan
oturub onun səsinə qulaq asanda elə bil ki, müəllifi məlum
olmayan simfoniyanı dinləyir. Çox
sirli və cazibədar bir çaydır. Onlar
vaxtilə bu çayın daşdığını, acı
şıltaqlığını öz gözlərilə
görmüşdülər. Ona
yaxınlaşanda insanı vahimə bürüyürdü.
Amma o, bu gün qonaqları çox məhəbbətlə
qarşılayıb, yola salırdı. Çayı
keçmədən əvvəl İzzət müəllim
hamıdan maşından düşməyi xahiş etdi.
Onlar "baş üstə" deyib, İzzət müəllimə
yaxınlaşdılar:
- Bu
çayın suyunda çox möcüzələr var, mən
istəyirəm ki, üzümüzü-gözümüzü
bu su ilə yuyaq.
Onlar belə də etdilər. Bu, bir həqiqət
idi. Elə bil ki, insanın gözlərinə
nur gəlir.
İzzət
müəllim dönərək:
-
Yolçu yolda gərək. Gedək, vaxtında
başsağlığımızı verək.
Zamanlı camaatı onları çox yaxşı
qarşılayıb, yaxşı da yola saldı. Onlar yolüstü "Qəndaf
ana"nın məzarını ziyarət
etdilər. Qəbri nurla dolsun, çox gözəl
bir məkanda uyuyur. Rüfət müəllim
kümbəzinə yaxınlaşdı, Fatihə oxudu, əhd
etdiyi nəziri kiçik pəncərədən içəri
qoydu.
O bu ziyarəti
çox arzulayırdı. İndi özündə
yüngüllük hiss edirdi. Özünü
dünyanın ən xoşbəxt insanlardan biri
sayırdı.
Ziyarətdən sonra gəzə-gəzə yenə
Axıncı çayının kənarına gəldilər. Azad
maşını qabağa sürüb, rahat bir yerdə
saxlamışdı. İzzət müəllim
buralardakı keçmiş xatirələrindən
danışırdı. Havalar isti olsa da,
Axıncı çayının suyu buz kimi idi.
Çayın kənarında dayanarkən, mamırlı çay
daşlarını da seyr edirdilər. Hərəsinin
öz tarixçəsi var, bu çay daşlarının.
Söhbətlərinin şirin yerində dağ yolu ilə
gələn bir köç arabası diqqətlərini
çəkdi.
Əvvəlcə elə bildilər ki, bu, bir
yuxudur. Onlar həmişə köç
arabasının yaylaq tərəfə getdiyini
görmüşdülər. Amma çox
təəssüf ki, köç arabası yolunu şəhər
tərəfə çevirmişdi. İzzət müəllim
gülərək Rüfət müəllim tərəfə
baxdı:
-
Çox köçdən danışırdın, bu da sənin
köç araban.
Rüfət həsrətlə köç arabasına
baxırdı, qoşqu arabasındakı öküzlər
Axıncı çayını keçmək
üçün dirənişirdilər. Çox
böyük çətinliklə çayın bu biri tərəfinə
keçə bildilər.
Köç sahibi tanımadıqları biri idi. Ona bir az
da yaxınlaşdılar. Köç sahibi
gülümsündü:
- Əmioğlu, elə bil araba-filan görməmisən,
nə gözünü zilləyib baxırsan?
Azad
çox hirsli-hirsli onun üstünə gəldi:
- Ayə,
özünü bir az tərbiyəli
aparsana, o nə deməkdir "gözünü zilləyib
baxırsan"?
Həmin adam Azadı tanıdığına görə
özünü yığışdırdı:
-
Bağışla, Azad əmi!
- Sən
məndən yox, İzzət müəllimdən, Rüfət
müəllimdən üzr istə.
Oğlan öz hərəkətindən peşman
olmuşdu.
- Sən
bilirsən ki, bunlar İsmayıl müəllimin
qardaşlarıdır?
Oğlan
İzzət müəllimə yaxınlaşdı, üzr istədi:
- Məni
bağışlayın, bir qələtdi etdim. İsmayıl
müəllim mənə çox çörək verib, onu
dansam gözümdən gələr. Mən
fəhlə babayam. Bu da
başqasınındı. Bu çaya
görə barxananı mən gətirəsi oldum. İndi özü də maşınla gələcək.
Sizi nə maraqlandırırsa, ondan
soruşarsınız.
Arabaçı arabanı rahat bir yerə çəkib,
yükü boşaltmağa başladı.
- Ay
qardaş, bizi heç bir şey maraqlandırmır. Çoxdandır nə köç
görürük, nə də köç arabası. Bilmək istəyirdik ki, siz bu cənnəti qoyub hara
köçürsünüz?
- Düz
deyirsiniz, qardaş, ermənilərin üzü qara olsun, indi
yaylaqlarımız da onların əlindədir. Əvvəllər
qış azuqəmiz yaylaqlarımızın hesabına
düzəlirdi, indi heyvan da qalmayıb, hamı fəhləlik
üçün Bakıya üz tutur. Gedirsən, orada da
ev-eşik yox, bu gördüyünüz barxana çiynimizdə
kirayə ev axtarırıq. Qazandığımızın
da çoxunu kirayəyə veririk. Yaylaq
köçü ilə şəhər
köçünün fərqi də bundadır.
...Allah
axırını xeyir eləsin! Bu da bir tarixdir!
Rüfət RÜSTƏMOV
525-ci qəzet.-
2015.- 17 fevral.- S.7-8.