Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Şamaxının yeri və rolu
(Əvvəli 6 fevral sayımızda)
Azərbaycanın tarixi yaşayış məskənlərindən olan
Şamaxı şəhərsalma
mədəniyyətinin ən
qədim mərkəzlərindən
hesab edilir. Tarixdən də
məlumdur ki, Şamaxı şəhəri
Albaniya dövlətinin
ən iri yaşayış məskənlərindən
biri idi. Tarix boyunca davam
edən dəhşətli
zəlzələlər zamanı
təkrar-təkrar yerlə-yeksan
olmuş və dəfələrlə yerini
dəyişmiş Şamaxının
arxeoloji qazıntılar
zamanı ən qədim yerini müəyyən etmək
mümkün olmasa da, antik müəlliflərinin
yazılı məlumatları
və Şamaxı şəhəri yaxınlığındakı
Xınıslı qazıntılarının
nəticələrinə görə,
Şamaxı şəhərinin
ən azı 2500 il yaşı var. Şamaxı torpağı
tarix boyu Azərbaycan xalqına bəxş etdiyi görkəmli şəxsiyyətlərlə
də məşhurdur.
Məşhur səyyah və coğrafiyaçı, tarixçi,
etnoqraf, filosof və şair Hacı Zeynalabdin ibn axund İskəndər
Şirvani 1780-ci ildə
Şamaxı şəhərində
anadan olub. Onun beş yaşı
tamam olanda axund İskəndərin ailəsi Bağdad yaxınlığındakı Kərbəla
şəhərinə köçür
və gələcək
səyyahın atası
mədrəsədə dərs
deməyə başlayır.
Zeynalabdin də ilk təhsilini
elə burada alır. 1796-cı ildə o, təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir.
Zeynalabdin Bağdadda fəlsəfə,
tibb, astronomiya və riyaziyyatı, həmçinin dilləri
öyrənməkdə davam
edir. Bağdad kitabxanalarında olan səyahətnamələr,
bütün Şərq
dünyasından buraya
axışıb gəlmiş
alimlərin, müqəddəs
şəhərin ziyarətinə
gələn zəvvarların
söhbətləri bu
gənc oğlanın
nəzərlərində yeni
bir dünya açır. Dünyanı
görmək və onun möcüzələri
ilə həmyerlilərini
tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə
çevrilir və o, tərəddüd etmədən
səyahətə çıxmaq
qərarına gəlir.
Zeynalabdin Şirvani yaradıcılığının
təhlili ilə məşğul olmuş görkəmli Azərbaycan
alimi Nurəddin Kərəmovun da yazdığı kimi,
"Bu yol 60 min kilometr
uzanmış və
40 il davam edib. Bu yol Kiçik
Asiyadan, İran yaylasından, Orta Asiya, Ərəbistan və Cənubi Afrika səhralarından, Sudanın meşə və cəngəlliklərindən,
Hindistanın tropik meşələrindən, Hind okeanı
adalarından keçib.
O, Hindquş, Zaqros, Süleyman dağlarından,
Pamirdən adlayıb. Bu yol
Asiya və Afrikanın bir çox digər vilayətlərindən uzanıb".
Səyahətləri haqqında Şirvani ona dünya şöhrəti gətirən
xeyli kitablar yazıb. "Riyazüs-səyahət"
("Səyahət bağçaları"),
"Hədaiqüs-səyahət"
("Səyahət bağları")
və "Bustanus-səyahət"
("Səyahət gülzarı")
əsərlərində o, bir çox ölkələrin coğrafiyası,
tarixi, etnoqrafiyası,
arxitekturası, ədəbiyyatı
və görkəmli ictimai xadimləri barədə dəyərli
məlumatlar verir.
Şirvaninin əsərləri bir çox Azərbaycan, İran, rus və Avropa tədqiqatçıları tərəfindən
öyrənilib. Bu alimlərdən
Abbasqulu ağa Bakıxanovun, Məmmədəli
Tərbiyətin, Əskər
Həmid Rəbbaninin,
B. A. Dornun, N. V. Xanıkovun,
E. Braunun, S. Stornun, E. Bloşenin və başqalarının adlarını
çəkmək mümkündür.
Bu sırada öz
ömrünün böyük
bir hissəsini Zeynalabdin Şirvaninin elmi hünərlərinin tədqiqinə həsr etmiş N. K. Kərəmovun
adı xüsusilə
qeyd olunmalıdır.
Şirvani ömrünün son illərini
ailəsi ilə Şirazda keçirib. Elə buradan
da özünün
son səyahətinə yollanıb.
Bu, onun həyat
yoldaşı ilə birlikdə çıxdığı
həcc ziyarəti idi. 1838-ci ildə
həmin səfəri
zamanı Zeynalabdin Şirvani yolda xəstələnərək dünyasını
dəyişib.
Görkəmli memar Qasım bəy Hacıbababəyov
1812-ci ildə Şamaxı
şəhərinin Sarıtorpaq
məhəlləsində doğulub. İbtidai təhsilini
molla yanında alıb. Sonra qəza məktəbində
oxuyub. Atası və böyük
qardaşı Səməd
bəyin yolunu davam etdirərək memar olub.1848-ci ildən Şamaxı quberniya memarının köməkçisi,
1856-cı ildən quberniya
memarı, 1868-ci ilədək
Bakı şəhərinin
memarı, 1868-ci ildən
1874-cü ilədək Şamaxının
memarı kimi çalışıb.
Qasım bəy Hacıbababəyov əvvəl Şamaxının
baş memarı idi. Zəlzələdən sonra Bakı
quberniya mərkəzi
olanda, o da Bakıya gəldi. Onun tikdiyi binaların sırasına Parapet bağı
(Fəvvarələr bağı),
Nizami muzeyi (1860), Sahil (1860-1861), Sisiyanov parkı (1860), Vorontsov küçəsi 1-də və
Əyri (Krivaya) küçəsindəki yaşayış
binaları daxildir.
XIX əsr Azərbaycanın
görkəmli şairi
və maarifpərvəri
Seyid Əzim Şirvani də Şamaxı torpağının
yetirməsidir.
1835-ci il iyul ayının 9-da Şamaxıda
ruhani ailəsində anadan olan Seyid
Əzim kiçik yaşlarında ikən şəhərin tanınmış,
mötəbər şəxslərindən
olan atası Seyid Məhəmmədi itirib. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşayıb.
Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars
dillərini öyrənən
Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə
oxuyub orta ruhani təhsilini tamamlayır. 1856-cı ildə
ali ruhani təhsili almaq üçün 21 yaşlı
gənc Seyid Əzim İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə gedir.
Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra
1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün
axırına qədər
burada müəllimlik
edir. Köhnə
mollaxanalardan fərqli
olaraq o, bu məktəbdə uşaqlara
dini elmlərlə yanaşı, Azərbaycan
və fars
dillərini təlim edir, tarix, coğrafiya,
hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli
şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı
və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra
başqa yazıçılar
məhz onun məktəbində oxuyub.
Zəngin ədəbi yaradıcılığa
malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca,
digəri isə farsca iki böyük
külliyyatdan ibarətdir. Azərbaycanca bədii irsinin əsasını qəzəl
janrı təşkil
edir.
Şairin
əsərləri içərisində
müxtəlif Şərq
mənbələrindən etdiyi
tərcümələr, Sədi,
Hafiz və Məhəmməd
Füzuli şeirlərinə
yazdığı nəzirələr
də var. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani
yaradıcılığının çox hissəsi lirik janrda yazılmış
orijinal əsərlərdən
ibarətdir ki, bunların da çoxu qəzəllərdir.
Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi
yer tutur. Onun aşiqanə qəzəlləri
daha çoxdur. Müəllifin şeirə
hərarət və
can verən dərin lirikasını məhz bu qəzəllərdə
görmək olur.
Seyid Əzim Şirvani yaradıcılığında maarifçi və tənqidi-satirik şeirlər
də üstünlük
təşkil edir. Onun realist şeir yaradıcılığı
sahəsinə keçməsində
"Əkinçi" qəzetinin
mühüm rolu olub. Çünki məhz "Əkinçi"nin təsirilə şair günün bir çox zəruri məsələləri
ilə maraqlanır və yaradıcılığında
yeni mövzulara keçir, müasir həyatın tələblərinə
uyğun şeirlər
yazır, Azərbaycanın
ilk mətbu orqanında
nəşr etdirir. Maarifçi şair üçün
"Əkinçi"də mütəmadi çıxış
edir. Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları
onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi
kimi tanıdan "Yerdəkilərin göyə
şikayət etmələri",
"Dəli şeytan",
"Məkri-zənan", "Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən
qayıtması", "Elmsiz
alim", "Alim oğul ilə avam ata" və s. satiralarıdır.
Öz zəngin yaradıcılığı
ilə Azərbaycan ədəbiyyatı tarixinə
qızıl səhifələr
yazan Seyid Əzim Şirvani 1888-ci il iyunun
1-də Şamaxıda vəfat
edib.
(Ardı var)
Sevinc ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 17 fevral.- S6.