İctimai Radio: maarifçilik missiyasının layiqli daşıyıcısı
Azərbaycanda
İctimai Televiziya və Radio Yayımları kimi cəmiyyət
üçün çox maraqlı bir kütləvi informasiya
vasitəsinin yaradılması ciddi ictimai hadisədir. Əlbəttə,
bu teleradionun ölkəmizdə
yaranması və fəaliyyəti, ilk
növbədə, demokratik dəyərləri
öz fəaliyyətində prioritet hesab edən Azərbaycan
Dövlətinin iradəsi əsasında baş
vermişdir. Azərbaycan Respublikası Avropa Şurasına üzvlüyə qəbul
edilərkən ölkəmizin qarşısında qoyulan şərtlərdən biri
də ictimai teleradionun
yaradılması zərurəti idi.
Müstəqilliyinin ilk anından hüquqi dövlət quruculuğu
istiqamətini götürən Azərbaycan demokratik
dəyərlərin formalaşmasına birbaşa
təsir edən İctimai Teleradionun
yaranmasını gerçəkləşdirdi. İlk
növbədə bu ictimai
institutun beynəlxalq təcrübəyə
əsaslanan qanunvericilik aktı
formalaşdı və 2005-ci il avqustun 29-da bu qurum ilk dəfə efirə
çıxdı. Mən yeni media nəzəriyyəsi ilə məşğul
olan bir adam kimi, habelə bir tamaşaçı və dinləyici kimi İctimai Teleradionun ölkəmizdə yaradılması
ideyasını lap əvvəldən izləyəsi
oldum. Yəqin oxucuların yaxşı
yadındadır ki, Azərbaycanda İctimai Teleradio efirə
çıxar-çıxmaz, yəni hələ tam formalaşmadığı vaxtdan
başlayaraq ciddi
müzakirələrə və mübahisələrə səbəb
oldu. Daha çox şəxsi ambisiyaların yer aldığı bu
mübahisələr, inamsızlıqlar, mane
olmağa cəhdlər göstərildiyi bir vaxtda, hətta, İctimai Teleradioya
qarşı sonluğu uğursuzluqla
bitən "El hərəkat" kimi bir təşklilatın
formalaşmasına da cəhd göstərildi.
Yaxşı ki, çox
keçmədən həmin "təşkilatın" əsas
liderlərindən biri İctimai
Teleradionun fəaliyyətini hər kəsdən
artıq bəyəndiyini dəfələrlə bəyan etdi. Beləliklə, İctimai
Teleradionun fəaliyyəti bir
çox hallarda qərəzli,
bir sıra hallarda
naşı "ekspertlərin" hədəfinə çevrildi. Lakin bu müzakirələrdə xoş
niyyətli, sözün həqiqi mənasında
səriştəli, tənqidi fikirləri də elmi təfəkkür və etik
normalarda ifadə edən ekspertlərin də
rəyləri mətbuatda yer aldı. Belə
rəylərdə ifadə olunan tənqidi
fikirlər bu teleradioda
peşəkarlığın yüksəlməsinə kömək
etdi. Lakin bütün rəylər və fikirlər daha çox İctimai Televiziyanı əhatə edirdi və indi də etməkdə
olduğu halda, Azərbaycan
media sistemində özünün,
əsasən maarifçilik funksiyası
ilə xüsusi təhlilə, qiymətə
layiq olan İctimai Radio xeyli dərəcədə kölgədə
qaldı. Mənim bu yazımın da meydana gəlməsi məhz
ictimai radionun fəaliyyətinə
dair fikir söyləmək
arzusundan irəli gəldi. İlk
növbədə qeyd etmək istərdim ki, radio müasir
kommunikasiya kanalları sistemində xüsusi yer tutur. Çünki televiziyadan, internet
saytlarından və digər informasiya
vasitələrindən fərqli olaraq, heç bir narahatlıq
keçirmədən radionu avtomobili idarə edə-edə, məişət
işi ilə məşğul ola-ola, ən ciddi praktik işləri icra edə-edə,
mətbəxdən tutmuş yataq otağınadək hər yerdə rahatca dinləmək mümkündür.
Formalaşdığı ilk çağlardan bəri belə bir texniki
rahatlığı özündə daşıyan radiojurnalistika medianın bilgiləndirmək,
maarifləndirmək, əyləndirmək kimi
klassik funksiyalarını, necə deyərlər,
heç bir minnət qoymadan həyata keçirməkdədir. Azərbaycan
media mühitində bu
gün çoxlu sayda radiokanal mövcuddur. Bu
radiokanalların, demək olar ki, böyük əksəriyyəti
birbaşa kommersiya
kanallarıdır və tipoloji xarakterinə,
fəaliyyət sferasına görə onlar
daha çox kommersiya işi
görürlər. Bu mənada özəl
radiokanalların daha çox
musiqiyə, şou-proqramlara yer verməsi, informasiya
siyasətində sensasiyaya meyli
və s. kimi amilləri
qınamaq da mümkün
deyil. Beynəlxalq aləmdə İctimai Teleradio məhz bu tipli kommersiya
kanallarının maarifçilikdən uzaq
verilişlərinə qarşı qoyulmuşdur.
Əvvəlcədən deyim ki, Azərbaycan İctimai Radiosu bu funksiyanı - yəni
jurnalistikanın maarifçilik
funksiyasını uğurla həyata
keçirməkdədir. Məlumdur ki, hər
bir kütləvi informasiya
vasitəsinin ilk növbədə informasiya siyasəti müəyyənləşdirilir.
Bu siyasət birbaşa
informasiya vasitəsinin
ünvanlandığı auditoriya ilə
müəyyənləşir. Digər elektron
informasiya vasitələrindən fərqli
olaraq İctimai Radio birbaşa cəmiyyətin
bütün təbəqələrinə
ünvanlanır və ona görə də
onun informasiya siyasəti
yalnız ictimai maraq
üzərində qurulur. Azərbaycanda hələlik
dövlət tərəfindən maliyyələşən İctimai Radio kommersiya kanallarından fərgli olarag reklam bazarında reytinq qazanma problemi yaşamadığı üçün
onun proqram
setkasında maarifçilik verilişləri
çoxluq təşkil edir.
İctimai Radionun bu vacib missiyası ilk növbədə xəbərlər
proqramı ilə gerçəkləşdirilir. Səhər
saatlarından başlayaraq hər
saatın başında yenilənmiş informasiyalarla
efirə çıxan "Xəbər vaxtı" özünün qərəzsiz, dəqiq,
vicdanlı, balanslı informasiyaları , bir
sıra hallarda bu informasiyalarla bağlı təhlilləri ilə
dinləyici rəğbəti qazanmışdır.
Yaşadığımız informasiya cəmiyyətdə
insanların müraciət etdikləri xəbər, məlumat
mənbələri müxtəlif olsa da, etiraf edək ki radio bu
mənbələr arasında ön
sıralarda dayanır. Mübaliğəsiz deyə bilərik ki, "Günün efirdə
döyünən nəbzi" olan İctimai Radio bu gün cəmiyyətin ən
öndə gedən informasiya təminatçısı
rolunu oynayır. Harada
olmasından asılı olmayaraq ölkəsində,
dünyada yaşananlardan
xəbər tutmaq, maraqlı müzakirələrə
qatılmaq, intellektual yarışların
iştirakçısı olmaq, bir sözlə, xalqın tribunasına
çevrilmək missiyasını üzərinə götürmüş İctimai
Radionu özünə ən yaxın xəbər
dalğası seçən insanların sayı hədsiz dərəcədə
çoxdur. Fəaliyyətə
başladığı ilk gündən
dinləyicisinin sevimli dalğasına
çevrilməyi bacaran 90 FM bu gün mövzu
rəngarəngliyi, özünün zəngin
proqram siyasəti baxımından dinləyici
auditoriyasını genişləndirir, daim
yeni layihələri ilə dinləyicilərin
zövqünü oxşayır. Deyirlər
ki, günə necə başlayarsan
bütün günün
o ovqatla keçər.
İctimai Radio da səhər tezdən efir
mikrofonlarını bu amalla
açır. Həftənin 5 günü
səhər saat 8-dən 10-dək "Yeni gün" proqramı
rəngarəng mövzuları, interaktiv
müzakirələri, səhərin ruhuna
uyğun mahnıları ilə sübh tezdən ətrafına xeyli dinləyici toplayır. Hər səhər
faydalı məsləhətləri, maraq
dünyasından xəbərləri dinləyən, interaktiv sorğuların müzakirəsinə
qoşulan dinləyici vaxtını hədər
keçirmir və bütün
bu vaxtda maarifçilik dalğasından çox şey öyrənir.
90 FM dalğasında hər gün saat 9-dan axşam saat 20:30-dək hər saatın tamamında
yayımlanan "Xəbər vaxtı" proqramı operativliyi ilə seçilir,
ölkənin və dünyanın hər yerindən xəbərləri
doğru-dürüst və qərəzsiz
çatdırmaqla, hadisə yerindən canlı bağlantılarla
əsl xəbər dalğası prinsipini
qoruyub saxlayır. İctimai
Radionun bir özəlliyi
də ondan ibarətdir ki,
günün saatında hər kəs öz zövqünə uyğun
olan verilişi dinləyə
bilir. "Yeni gün" proqramından dərhal sonra yayıma başlayan
"Şərq-Qərb" verilişində müzakirəyə
çıxarılan mövzulara fərqli
istiqamətdən, fərqli düşüncələrdən
nəzər salınır, çarpaz
baxışlar ortaya qoyulur.
İnteraktiv müzakirələri ilə
qısa zaman ərzində dinlənilən
verilişlər sırasında "Şərq-Qərb"
proqramı öz yerini
tutub. Yeni
mövsümdən dinləyicilərin ixtiyarına verilən
, həftə içi 5 gün
yayımlanan "Fərqli nahar"
proqramının məqsədi dinləyicilərin nahar vaxtının daha
maraqlı, əyləncəli, eyni zamanda daha səmərəli
keçirmələrinə şərait yaratmaqdır. Verilişin dinləyici auditoriyası müxtəlif
olsa da, əsasən, iş başında olanları gərgin iş yükündən və stressdən
uzaqlaşdırır. Yarışmalar, interaktiv
sorğular, Azərbaycan və dünya mətbəxi ilə bağlı
maraqlı faktlar, faydalı məsləhətlər,
məzəli lətifələr və digər bölümlər
verilişin maarifçilik,
əyləncə məqsədinə xidmət edir.
Cəmiyyəti narahat edən ən aktual mövzuların müzakirə meydanı
kimi tanınan "Xəbərdar"
proqramı, adından göründüyü
kimi, əxlaqi və milli-mənəvi dəyərlərdən
tutmuş insanların maarifləndirilməsi,
müasir təhsilin ən mühüm
problemləri, ölkənin sosial-iqtisadi
sferadakı inkişafını, tarix, elm sahələrinə dair
mövzuları müzakirəyə çıxarır. Həftəiçi
hər gün iki
saatlıq efir müddətində dinləyiçiləri
vətənpərvərlik, tariximizin
şərəfli səhifələrinin
işıqlandırılması ilə aktual
məsələlərdən xəbərdar edir.
İctimai Radionun yeni layihələrindən olan
"Kinoda yaşanan ömür" və "Səhnə həyatı"
nəinki səhnə adamlarının, həmçinin sadə
vətəndaşların, kinonu,
teatrı sevən insanların maraqla dinlədiyi
verilişlərdir. Hər bazar günü istirahətin, həftəsonu əyləncəsinin
ən doğru məkanı məhz "Radioklub"dur. Bu da yeni
layihələrdəndir. Verilişi radiosəyahət
də adlandırmaq olar. Gərgin iş həftəsindən sonra
kimisi istirahətini səhərin səs-küyündən
uzaq, təbiət qoynunda
keçirirsə, kimisi də "Radioklub"a üz tutur. Dünyanın
ən məşhur turizm mərkəzləri,
istirahət məkanları, otellər, bir
sözlə istirahətlə bağlı hər şey "Radioklub"da var. Hər yaşda olan insan bu dalğada
özünü tapa bilir: maraq dairəsinə uyğun veriliş,
zövqünə görə musiqi. Dinləyici
auditoriyası geniş olan
verilişlərdən biri də gəncliyin
səsini ictimaiyyətə çatdıran "Gənc
saat"dır. Gənclik nə düşünür,
hansı qayğılarla yaşayır, qısası, fərqli
mövzu və müzakirələr gəncliyin
prizmasından təqdim olunur. Rəngarəng
rubrikalar, gəncliyin zövqünü
əks etdirən musiqilər, fəal gənclərlə
söhbət, gənclərin vaxtını mənalı dəyərləndirmələrinə
xidmət edir. Yeni
layihələrdən söz açarkən
İctimai Radionun məktəbəqədər
və məktəbli dinləyicilər üçün
nəzərdə tutduğu "Kim yatmış, kim oyaq" verilişini qeyd etməmək haqsızlıq olar.Həftənin
6 günü saat
20:15-də təqdim olunan
sözlü-söhbətli, nağıllı, nəğməli
bu veriliş
şirin-şəkər balaların ən maraqlı görüş yerinə çevrilib.
Verilişin məqsədi uşaqlara
yalnız nağıl payı təqdim etmək deyil, həm də onları məlumatlandırmaq,
ətraf aləm haqqında bilmədikləri, həyat, insan , kainatla bağlı
məlumatları oynaq bir
dildə, onların başa düşəcəyi
tərzdə təqdim etməkdir. Veriliş
ilk günlərdən ətrafına kifayət
qədər dinləyici toplaya bilib: nəinki balacaları, hətta
böyükləri də. İctimai Teleradionun dünyanın müxtəlif eyni tipli teleradio
qurumları ilə yaradıcılıq əlaqələri
tamaşaçı və dinləyicilərə çoxdan məlumdur. Bu əlaqələr
indi də davam edir. Azərbaycanın önəmli təqvim
günlərində Türkiyənin TRT AVAZ kanalı ilə eyni vaxtda saatlarla
proqram birliyinin efirə
çıxdığı gözümüzün
qarşısındadır. Bu sahədə
gündəlik efirə gedən "Qorqud
Ata" radio
proqramı həm ictimai radio,
həm də TRT radiosu ilə Azərbaycanı
türk dünyasına təqdim etməkdədir.
İctimai Radio gün ərzində efirə qulaq
asa bilməyənlərə gecədən
sübhə qədər bir imkan yaradır.Həftənin cümə günü saatlar 00:30-u
göstərdiyi vaxt 90 FM-də yeni bir günə qədəm
qoyulur. Gecə növbəsində
çalışanlar, özünə maraqlı həmsöhbət
axtaranlar, yuxusuz qalanlar, bir sözlə hər
kəs "Sübhə doğru"nu dinləyə bilər. İnteraktiv
müzakirələr, "Maraq və əyləncə",
"Sağlamlıq", "Ötən gün",
"Sinema", "Premyera",
"Fərqli janr" bölmələri
ilə sabah daha
maraqlı açılır. Daim yenilikləri
ilə dinləyicilərini sevindirən, ənənə və
müasirliyi özünə təməl prinsipi seçən İctimai
Radionu bu gün 7-dən 77-yə hər kəs dinləyir.
Bütün bu proqram və formatlar təkcə
mövzu baxımından deyil,
peşəkarlıq cəhətindən də diqqəti cəlb
edir. Əlbəttə peşəkarlığın
əsas istiqaməti müasir teleradionun müasir
biçimlərinə dərindən bələd olan şirkətin Baş direktoru Cəmil Quliyevdən gəlir.
Bütövlükdə həm televiziya, həm
də radio təcrübəsi ilə diqqəti
cəlb edən Şaiq Məmmədov İctimai Teleradioda Baş direktorun müavini statusunda gecəsi-gündüzü
olmayan, bütün səylərini
peşəkarlığın artırılmasına sərf edən
bir kadr kimi İctimai Radionun fəaliyyətini xüsusi
diqqətdə saxlayır. İctimai Radionun müxtəlif proqram
şəbəkələrində çalışan əksər
jurnalistlər öz peşəkarlıq,
vətəndaşlıq, Azərbaycan sevgiləri ilə dinləyicilərin
səsindən tanıdıqları əməkdaşlardır.
Bu sırada İctimai
Radionun Proqram direktoru Aygül Məmmədovanı,
fəal əməkdaşlardan Xuraman
Süleymanlını, Kamil Məhərrəmoğlunu,
Samir İsmayılovu, Sevinc
Salahovanı və digərlərini xüsusi
göstərə bilərik. Ən maraqlısı budur ki,
bütövlükdə İctimai Teleradionun, o cümlədən,
İctimai Radionun bütün əməkdaşları öz fəaliyyətlərində dövlətçilik,
azərbaycançılıq, milli maraqlar prinsipini əsas tuturlar. Bu isə
onların peşəkarlıq keyfiyyətlərinin daha da yüksəlməsinə
səbəb olur.
Zaur BABAYEV Filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.-
2015.- 17 fevral.- S.2;5