Vicdanın səsi
ilə yazılmış "Vicdanın hökmü"
Hansı
söz sahibinin dediyini unutsam da, yadigar qalası belə bir fikir
var: "...Teatr və mədəniyyət cəmiyyətin
ekologiyasıdır və cəmiyyət bunların sayəsində
yaşayır".
Görkəmli
yazıçı-dramaturq Hüseynbala Mirələmovun ötən
həftə Sumqayıt Dövlət Musiqili Dram
Teatrının səhnəsində oynanılan
"Vicdanın hökmü" pyesinın premyerasından
sonra bu fikri xatırlamağım heç də təsadüfü
deyil. Tamaşa başlamamışdan zala
toplaşan insanların yaratdığı ab-hava mənə tələbəlik
illərində paytaxtın bütün teatrlarında daim
anşlaqla keçən tamaşaları xatırlatdı.
Bilet almaq üçün bəzən səhər
tezdən günortaya qədər kassa önündə
növbədə qaldığımızın əziyyətini
tamaşadan aldığımız zövqün bir andaca bizə
necə unutdurduğu, hər tamaşadan sonra səhnədə
baş verənlərin aramızda yaratdığı ədəbi
polemikanı əvvəl tələbə yataqxanasına,
oradan da auditoriyalara çəkib apardığımız
günlər yadıma düşdü. Amma
məramım heç də bu nastolji hissləri
bölüşmək deyil. Çünki
müasir cəmiyyət və teatr çox vacib diskussiya tələb
edən önəmli bir mövzu olduğu üçün bu
barədə ayrıca söhbət açmaq lazım gələcək.
Mənə elə gəlir ki, son illərə qədər
teatrlarımız, daha çox isə dramaturqlarımız Azərbaycan
cəmiyyətinin ağrılarını, Qarabağ
haraylarını, iniltilərini sanki eşitmirdilər. Bu sahədə sükutu ilk
olaraq "Xəcalət" pyesi ilə pozan
yazıçı-dramaturq Hüseynbala Mirələmovun daha
sonra "Vicdanın hökmü" pyesini meydana qoyması
dramaturgiya aləmində də, cəmiyyətdə də
çox müsbət qarşılanmaqla yanaşı, həm
də bu sahədə bir canlanma yaratdı. Bəlkə
də elə buna görədir ki, istər paytaxt, istərsə
də əyalət teatrları Qarabağ mövzusunu səhnəyə
çıxaran ilklərə daha tez-tez üz tuturlar. Ona görə də Sumqayıt Dövlət Musuqili
Dram Teatrında təcrübəli rejissor, Əməkdar artist
Namis Şirməmmədovun Hüseynbala Mirələmovun
"Vicdanın hökmü" pyesini yeni quruluşda səhnələşdirilməsi
gözlənilən idi.
Tamaşa başlandı və elə ilk dəqiqədən
hadisələr bizi çox da uzaq olmayan ötən əsrin
90-cı illərinə, Azərbaycan gənclərinin, kimisinin
bir parça çörək dalıyca, kimisinin də həyatına
rəng qatmaq üçün Rusiyanın ucsuz-bucaqsız
şəhərlərinə üz tutduqları dövrə
çəkib apardı. Tamaşanın sonrakı səhnələrində qəhrəmana
çevriləcək Rəhim müəllim də (aktyor Nabil
Xanlarov) "gül kimi" peşəsini atıb,
keçmiş Sovet məkanının bütün millətlərinə
həvəslə qucaq açan Rusiyanın baş şəhəri
Moskvaya - Raqozin bazarına üz tutur ki, təlatümlü
günlər keçirən Azərbaycanın əyalətlərindən
birində yaşayan anasına və yetim qalmış
balalarına bir tikə çörək pulu qazanıb
göndərsin.
Lakin hadisələr elə sürətlə cərəyan
edir ki, Rəhim, Raqozin bazarının reketi Qara Fedya ilə
qarşılaşır. Fedyanın əlaltısı erməni
Aşot onun ad günündə restoranda
qarışıqlıq yaradır. Rəhimin
"erməni dığasını" öldürmək
üçün götürdüyü bıçaq
Aşotun özünü qorumaq üçün bilərəkdən
irəli verdiyi Fedyaya dəyib onu öldürür. Sonra Rəhimin
dostları Bakıda 20 Yanvar faciəsinin baş verdiyini ona xəbər
verib Azərbaycana qayıdacaqlarını bildirirlər. Rəhim
xəbəri dəqiqləşdirmək üçün
radionu açır və səhnədə ulu öndər
Heydər Əliyevin 20 Yanvar faciəsi günlərində Azərbaycanın
Moskvadakı nümayəndəliyində verdiyi bəyanatın
lent yazısı səslənir. Rejissor
tapıntısı olan bu xırda bir detalın
yaratdığı təəssürat tamaşa salonunda oturan
və bu acı gerçəklərin şahidi olmuş mənim
kimi neçə-neçə insanın qəlbini yenidən
titrədir, tamaşaçıları o dəhşətlərin,
günahsız insan qırğınının
acısını təkrar yaşamağa, kövrəlməyə
sövq edir. Mürgü çalan ruhlar diksinir, qan
yaddaşı oyanır...
Səhnə dəyişəndən sonra Vətənə
dönən Rəhimi artıq əsgər paltarında
görürük. Rəhimin Vətənə dönməsinin özündə
də bir ümumiləşdirmə var və bu Qarabağ
uğrunda döyüşlər başlayanda Rusiyadan və digər
post Sovet ölkələrindən gənclərimizin Vətənə
dönərək ön cəbhəyə getməsinin
gerçək nümunəsidir.
Səmimi etiraf edim ki, çoxdan
yaşamadığım kövrək duyğular və dramatik
hisslərlə tamaşanı axıra qədər, sadəcə
seyr etmədim, yox, hadisələrin içində pyesin qəhrəmanı
ilə bir yerdə oldum, baş verənlərin
ağrısı, acısı içimdən keçdi sanki.
Teatrda mövzunu zaman və dramaturq müəyyənləşdirir. 10 ilə
yaxın bir vaxtda Akademik Dövlət Dram Teatrının səhnəsində
uğurla oynanılan "Xəcalət" tamaşasından
sonra dramaturqun Qarabag ağrısını, əsarətdən
qurtarmayınca qaysaq bağlamayacaq yarasını açıb
göstərən bu ikinci tamaşanı da məhz zaman diktə
edib. Əlbəttə buna sevinmək
lazımdır ki, teatr bu gün cəmiyyətimizin, daha
geniş götürsək xalqımızın çox
ağrılı, eyni zamanda çox vacib bir mövzusuna
toxunub.
Zənnimcə, ədəbsizliyin, eqoizmin meydan
suladığı, yəni dünyanın qırmızı xətti
keçdiyi bugünki şəraitdə teatrın çox əhəmiyyətli
funksiyalarından biri də cəmiyyətin içindəki
insanlığı oyatmaq üçün haray çəkməyi
bacarmasıdır. Bu funksiya indi daha tez-tez ön plana
keçməlidir. İnsanlar dərk etməlidirlər
ki, dünyanın sonu göydən gəlməyəcək, o
bizim içimizdədir və biz onu hər an
yaxınlaşdırırıq.
Bu mənada
Hüseynbala Mirələmovun bir çox nəsr və dram əsərləri
kimi, "Vicdanın hökmü" pyesi də
dünyanın bir parçası olan Azərbaycanı gələcəkdə
gözləyə biləcək təhlükələrin bu
gün qarşısını almağa
çağırır, erməni məkrinin, hiyləgərliyinin
bütün dövrlərdə bizi məhv etməyə
yönəldiyini açıb göstərir və
tamaşaçıları sanki bundan qorunmağa, buna
qarşı mübarizəyə hazır olmağa
haraylayır. Rəhimin anasının tamaşanın sonunda əsgər
paltarı geyib səngərdə oğlunu əvəz edəcəyini
deməsi, əslində fəryad yox, bütün analara bir
haraydır ki, "oğullarınızı Vətənin
müdafiəsinə hazırlayın, düşmənin kim olduğunu onlara başa salın, ermənilərin
əsrlər boyu türklərə bəslədiyi nifrəti,
məkri unutmayın..."
Teatr transqressiya, provokativ müstəvidir. Teatr elə
problemləri ortaya qoyur ki, onu siyasətdə etmək mümkün
deyil, çünki siyasətdən insanların taleyi
asılıdır. İncəsənət
isə eksperimentlərin aparıla biləcəyi bir müstəvidir.
Sumqayıt Dövlət Musuqili Dram Teatrının səhnəsində
aktyorların birnəfəsə oynadığı dram əsəri
tamaşaçılarının qəlbində elə bir iz
buraxır ki, bu uzun zaman insanı düşündürür,
düşündükcə səhnədəki dramatizmi təkrar-təkrar
yaşadır və onları gerçək həyat faktlarına
yeni prizmadan baxmağa məcbur edir. Milləti, xalqı
öz keçmişini unutmamağa, Aşot kimi köməkçilərin,
"dostların", kirvələrin şirin dilinə
aldanmamağa, humanizmin və səmimiyyətin çərçivəsini
gözləməyə çağırır.
Yaradıcılığında
olduğu kimi həyatda da səmimi olan dramaturq Hüseynbala Mirələmov
bu mənada reallığın, gerçəyin
sorağında olduğunu deyir:
- Teatr mənim
üçün bütün təzahürləri ilə, fəaliyyətinin
bütün sahələri ilə insanın tədqiq
olunmasıdır. Teatrın mərkəzində, kim olur olsun, həmişə insan, insana
hörmət və məhəbbət dayanıb. Mən başa düşürəm ki, insanın təzahür
edən bəzi xarakterik cizgiləri çoxlarının
xoşuna gəlməyə bilər. Amma dərindən
düşünəndə bu xarakterin, geniş mənada da
olmasa, müəyyən dairədə bizə aid olduğunu dərk
edirik. Məsələn, "Vicdanan hökmü"
tamaşasında Firudində də ("Qara Fedya - aktyor Mətləb
Səfərli) çoxlarının xoşuna gəlməyə
bilən xarakterik cizgilər var. Amma bu reallıqdır, ondan
qaçmaq, Azərbaycanda kifayət qədər prototipləri
olan Fedyaları "gizlətmək" cəmiyyətin xeyrinə
olmaz.
Tamaşaçı həqiqətən "Vicdanın
hökmü" pyesinin oynanıldığı Sumqayıt
Teatrının səhnəsində insan təbiətinin ciddi
tədqiqini görür. Bir tərəfdə Rəhimin,
Fedyanın simasında, digər tərəfdə yaltaq, hiyləgər
və eyni zamanda məkrli Aşotun simasında. Bunlarla
yanaşı, qəlbində böyük sevgi daşıyan
Güllü (aktrisa Kifayət Burziyeva) və Aygün (aktrisa Vəfa
Qurbanova) obrazları...
Bəzən elə məkanlar, elə hadisələr
lazım gəlir ki, insan o məkanlarda olanda, o hadisələrlə
üzləşəndə həyatda düşdüyü
şəraitlər səbəbindən batdığı
günahlardan, qəlbini didib-dağıdan kindən, qəzəbdən,
bir sözlə bu dünyada bulaşdığı
çirkabdan təmizlənsin. Özünün
Allahın eşqindən yarandığını
xatırlayıb durulsun, sözün həqiqi mənasında
insan olsun. Teatr məhz belə məkanlardan,
insanı özünə qaytaran belə məbədlərdəndir.
Mən və mənim kimi onlarla
tamaşaçı vaxta, zamana məhəl qoymadan bu məbəddə
kövrəldik, durulduq, bəzi məqamlarda yol
ayrıcında olduğumuz insanlığımızla yenidən
qol-boyun olduq. Elə ona görə də
dramaturq Hüseynbala Mirələmovun "əgər incəsənət,
ədəbiyyat dünyada heç nəyi dəyişmirsə
mən bundan sonra onun mahiyyətini dərk edə bilmərəm"
fikrinin nəyə əsaslandığını anlayırsan.
- Əgər
belə olmasa, ədəbiyyatla, dramaturgiya ilə "vaxt
öldürmək" qətiyyən maraqlı olmaz,- deyir nasir və dramaturq. - Teatrsa elə bir incəsənət
növüdür ki, bu gün və burada yaranır, ona
görə də ətrafda baş verənlərə adekvat
olmalıdır.
İndi tez-tez səslənən "Teatr gerçəkləri
dəyişə bilərmi?" sualına deyəsən cavab
tapmışdım. Doğrudur, bəzən o heç nəyi
dəyişmir, sadəcə insanı dəyişir. Amma insan dəyişirsə demək reallıq da dəyişə
bilər. Çünki teatr insan
psixikasına təsir göstərən güclü vasitələrdən
biridir.
Etiraf edək ki, müəyyən ideya ətrafında
toplaşan insanların əlaqə yaratdıqları yerlər
elə də çox deyil. Teatrda isə müxtəlif
baxışları, o cümlədən, siyasi
baxışları olan insanlar vuruşmağa,
qarşı-qarşıya durmağa yox, dramaturqun səhnəyə
çıxartdığı ideyanın ətrafında
razılığa gəlməyə, birləşməyə
toplaşırlar.
Bəlkə
elə bu səbəbdən idi ki, Sumqayıt Teatrının səhnəsində
cərəyan edən hadisələrin dramatizmi, kövrək
duyğular oyadan məqamlar tamaşadan sonra teatrın səhnəsinə
dəvət alan Milli Məclisin
deputatı, politologiya elmləri doktoru Hadi Rəcəblini daha
çox təsirləndirmişdi.
- Səmimi
etiraf edim ki, həqiqətən mən çoxdan belə
xoşbəxt, bəli, məhz xoşbəxt anlar
yaşamamışdım. Çünki burada
baş verənlər məni elə duyğulandırdı ki,
kövrəldim və açığı göz
yaşlarımı saxlaya bilmədim. Mən o fikirlə
razı deyiləm ki, kişi ağlamaz. Axı, insan olan məxluq gerçək həyat
faktından necə kövrəlməyə, ağlamaya bilər
ki? Tanrı bu hissləri bizə ona görə
verib ki, başqalarının faciəsinə,
ağrısına, kədərinə, sevincinə laqeyd
olmayaq. Laqeydlik ən böyük bəladır.
O da olsun milli kədərə və faciəyə laqeydlik... Olub keçənlərin xalqımıza
yaşatdığı əzabı təkrar yaşadım,
uçundum və yaşadığım hisslər, kövrək
duyğular daxili dünyamı darayıb ruhumu dup-duru durultdu.
Bu çoxlarının
düşündüyü o "xoşum gəldi - xoşum gəlmədi"
kateqoriyasından olan tamaşa deyildi, bu həqiqətən
katarsis, sabaha ümidləndirən bir həyat faktı idi.
İnsanları
təsirləndirən tamaşada olan həyat, ehtiras, aydın
və ucadan bəyan edilən mövqey idi: "Biz şəhərlərimizi,
kəndlərimizi, ulularımızın uyuduğu məzarları
erməni əsarətində qoya bilmərik. Rəhim
kimi qəhrəmanlar, Vətən üçün
qanını əsirgəməyən oğullar ölmür.
Onların davamçıları yetişir.
Onları müdrik və qəhrəman analar tərbiyə
edir". Zalda müxtəlif insanlar
vardı və səhnədə baş verənlərdən,
bəyan edilən mövqedən, düşmənə olan qəzəbdən
onların ruhən necə birləşdiyini ilk baxışdan
aydın görmək olurdu.
Teatrşünaslar qeyd edirlər ki, "tamaşanın
daxilində akkumulyasiya edən enerji, zalda daha ciddi energetika
yaradır". Zalda məhz belə bir energetika
yarandı. Ona görə deyirlər ki,
pyesin və bütövlükdə tamaşanın dəyərini
və çatışmazlıqlarını, mövzunun
aktuallığını qiymətləndirmək
üçün tamaşaçıların
reaksiyasını müşahidə etmək lazımdır.
Teatrdan, tamaşadan söz açıb aktyordan
danışmamaq əslində heç nə deməməkdir. Çünki
"Vicdanın hökmü" tamaşasının
uğurunu təmin edən əsas amillərdən biri aktyor
oyunu idi. Buna görə teatrın rəhbərliyinə
də, baş rejissora da, quruluşçu rejissora da layiq
olduqları qiymət verilməlidir. Təbii,
bu onların vəzifəsidir. Amma bu
dünyada hamı öz vəzifəsinin öhdəsindən
gəlirmi?
Adətən deyirlər ki, truppanın daxili
dünyasında hansı mənəvi dəyərlər varsa,
o, bütün teatrda var. Truppa özünü necə
aparır, necə birgə fəaliyyət göstərirsə,
hansı prioritetləri varsa, teatrda da elə olacaq. Əksinə
mümkün deyil. Teatrda bütün
baş verənlərin episentri truppadır. Əgər hər şey düzgün istiqamətləndirilibsə
onda bu baza əsasında gözəl tamaşalar yaratmaq olar.
Aktyora elə bir münasibət yaratmaq
lazımdır ki, o teatrda əsas sima olsun, ən hörmətli
insan olsun. Bu aksiomadır. Sumqayıt
Teatrının direktoru İslam Həsənov bunu az bir vaxtda bacarıbsa, bu da bir
yaradıcı-inzibatçı kimi onun uğurudur.
Aktyorun tapşırığı və
yaradıcılıq texnikası ondan ibarətdir ki, dramaturqun
pyesdəki uydurmasını bədii səhnə hadisəsinə
çevirə bilsin. Həmin axşam bir gerçəkliyin
şahidi olduq ki, Sumqayıt Teatrının aktyorları
dramaturq Hüseynbala Mirələmovun reallıqlara söykənən
bədii təxəyyülünü yüksək səviyyədə
bədii səhnə hadisəsinə çevirməyi
bacardılar.
Aktyorlar sadəcə dramaturqun rollara yazdığı
ifadələri söyləməklə kifayətlənmədilər. Əslində
onlar əsərdəki personajların sözlərini deməklə
onların xarakterini aça bilməzdilər. Bunun üçün aktyor oyunu lazım idi və
onlar istedadlarına söykənərək bunun öhdəsindən
ustalıqla gəldilər. Aktyorların həyatda
gördükləri nümunələr olsa belə, əsas
"rolda" onların güclü və parlaq təxəyyülləri
idi. Təxəyyül onlara
yaradıcılıq prosesində, öz sənətlərində
və səhnə həyatlarında hər məqamda lazım
olan bir keyfiyyətdir, çünki aktyorları arxasıyca
aparır, onlara uğur qazandırır.
Aktyor oyunu belə yüksək peşəkarlıqla
oynamasında iki səbəb var idi -birincisi, aktyorların
rejissor tapşırığını yerinə yetirmələri
idisə, ikincisə də, onların vətəndaşlıq
yanğısı idi.
Səhnədə uğuru təmin edən bir amil də
aktyorların baş verən hadisələrə gerçək
həyatda şahid olmaları, ermənilərin milli xislətini
dərindən bilmələridir. Bu xüsusilə erməni
yaraqlılarını - Aşot, Akop və Karonu oynayan aktyorlar
Dağlar Rüstəmov, Cavanşir Eyyubzadə və Elmir
Mehdiyevə səhnədə çox ustalıqla bu personajlara
çevrilməkdə kömək edir. Təbii
ki, onların ermənini sevməsi mümkün olmasa da, aktyor
kimi rollarını nifrətin üstündə qurduqları
sevgi ilə oynaya bildilər.
Müəllifin dram əsərindəki fəlsəfi
fikirlərindən biri də Aşotun simasında cəmləşən
erməni xislətini bu millətin xarakterinə bələd
olan Rəhim müəllimin atəşi ilə məhv etməsidir. Əsas
obrazın - Rəhimin müəllim olması da dramaturq tərəfindən
təsadüfən seçilməmişdir. Müəllim Azərbaycan tarixinə dərindən
bələd olduğu üçün ermənilərin milli
xarakterini yaxşı bilir və hətta Aşotun Qara Fedyaya
nökərçilik etdiyini görəndə bunun sonda pis
qurtaracağını deyir. Rəhimin
dediklərini qulaqardına vuran Fedya çox keçmir ki, əvvəldə
göstərdiyimiz kimi, Aşotun hiyləsinin qurbanı olur.
Qarabag döyüşləri zamanı Rəhim Aşotla
yenidən üzləşir. Bu dəfə
talançı erməni silahlılarının komandiri olan
Aşot bir azərbaycanlı kişini və onun
qızını əsir götürür. Tamaşanın sonuna yaxın atanın gözlərini
çıxarıb güllələyən Aşot qıza təcavüz
etmək istəyir. Pusquda durub əsgərlərin
köməyə gələcəyini gözləyən Rəhim
buna dözmür və səhnəyə sıçrayıb
silahı Aşota tuşlayır. Erməni
xislətinə sadiq qalan Aşot hiyləgərliyə əl
atır və bunu başa düşən Rəhim onu
öldürür. Tamaşaçı
pyesin sonuna yaxın erməni hiyləsinin davam edib etməyəcəyinin
marağındadır və bu son onu qane edir. Azərbaycan zabiti Rəhimin azərbaycanlı
qızın namusunu qoruyaraq düşmən gülləsindən
həlak olması əslində dramaturqun ümumiləşdirməsidir.
Azərbaycan namusunu qoruyan əsgər isə
heç zaman ölmür.
Teatrşünasların
dili ilə desək, teatrın əsası
yaradıcılıq iradəsi eyni məqamda fəallaşan
üçlükdən ibarətdir: - tamaşaçı,
müəllif və icraçı (aktyorlar, rejissor və
dekorator). İkinci iki simanın - müəllifin
və icraçının iradəsi təsirlidir və qətidir,
tamaşaçının iradəsi isə təsirsizdir və
inadlıdır. Teatr yalnız o vaxt
mövcud olur ki, bu üç yaradıcı sima bir qəlibdə
birləşir. Teatr təsəvvüründə
bu üç sima zərrə qədər müqavimət
olmadan birləşəndə teatr möcüzəsi baş
verir. Bu möcüzə həmin gün Sumqayıt
Teatrında baş verdi.
Qəribə səslənsə də, burada
"tamaşaçı oyunu" da var. Səhnədə
döyüş epizodu canlandırılanda zalda bu səsləri
dəhşətə çevirən qorxmuş
uşaqların qışqırtısı eşidilir. Bu tamaşa
salonunu bütöv bir səhnəyə çevirir, gerçəyi
bilən tamaşaçını daha da sarsıdır və
onu hadisələrin mərkəzinə çəkir.
"Hüseynbala Mirələmov yazdığı pyesin
bəşəri anlamda siyasi mahiyyətinin fərqindədirmi"
sualımız dramaturqu çətinə salmadı. Əksinə, buna geniş mənada
cavab verdi:
- Biz əsrlər
boyu bəlalar görmüş, zülm çəkmiş,
aclıq və səfalət dadmış, amma azadlıq
arzusuna qovuşmaq üçün mücadilədən
heç zaman usanmamış bir xalqıq. Buna
baxmayaraq, biz kimsənin əzab çəkməsini,
var-dövlətinin talanmasını, kimsənin
ölümünü, zülm və zəlalət çəkməsini
istəmirik. Ermənilərlə bizim
aramızdakı böyük fərq bundadır. Amma tarixin olayları bizi humanist, tolerant, xeyirxah
olmaqla bərabər keçmişin dərslərini
unutmamağa, onlara biganə və laqeyd olmamağa
çağırır. Neçə
yüzillərdir ki, bizim yüksək insani xarakterimizə
baxmayaraq, xəstə təxəyyüllü erməni
ideoloqları bizi məhv etmək planlarını gerçəkləşdirməyə
çalışırlar. Bir çox məqamlarda
istəklərinə çatırlar da. Əgər
bundan sonra biz bunun qarşısını alıb erməni məkrinə
son qoymasaq tarix və gələcək nəsillər bunu bizə
bağışlamaz.
Ədiblərimiz, dramaturqlarımız bizi əsrlərlə
ermənilərlə mehriban qonşuluq şəraitində
yaşamağa çağırıblar, buna dram və nəsr
əsərləri, poemalar həsr olunub. Amma bu birtərəfli
qaydada olub. Çünki onların erməni
həmkarları azərbaycanlını, türkü
uşaqlarına qaniçən düşmən obrazında
göstəriblər. Tarix göstərdi
ki, bu tendensiya bizim ziyanımıza olub. İndi
başqa cür düşünməli,
uşaqlarımızı, gənclərimizi başqa istiqamətdə
tərbiyə etməliyik.
Mən bilirəm, bizim xalqımız düşmənçilikdən,
ədavətdən və nifrətdən uzaqdır. Qoy olsun.
Bizə böyük xalq olaraq bu barbarlıq
oyadan hisslər lazım deyil. Amma bizim
içimizdə, bizim varlığımıza qəsd etmək
istəyən hər bir kəsə qarşı qəzəb
hissi güclü olmalıdır. Bu qəzəbi
övladlarımızda, gələcək nəsillərimizdə
tərbiyə etməliyik.
Teatra sadəcə ona görə getmirlər ki, pyesi və
ya deklamatoru dinləsinlər, yaxud rəsmlərə
baxsınlar. Teatr nə ədəbiyyatdır, nə
deklamasiyadır, nə də rəssamlıqdır. Bunlar yalnız köməkçilərdir. Teatr HƏQİQƏTİN həyəcanını
kütləvi və birgə yaşamaqdır. Biz tamaşaçılar bunu Sumqayıt Teatrında
oynanılan "Vicdanın hökmü" tamaşasında
hamı ilə birgə yaşadıq.
İlqar
RÜSTƏMOV
525-ci qəzet.-
2015.- 18 fevral.- S.7.