"Bu, incəsənətin bayramıdır"

 

V MUĞAM TELEVİZİYA MÜSABİQƏSİNİ SƏNƏTSEVƏRLƏR RƏĞBƏTLƏ QARŞILAYIBLAR

 

 

Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən V Muğam Televiziya Müsabiqəsi başlanıb.

 

Başlanan müsabiqəyə qatılmış ifaçıların çıxışları hər həftənin bazar ertəsi və cümə günləri Azərbaycan Televiziyası və "Mədəniyyət" kanalında birbaşa yayımlanacaq. Ənənəvi olaraq builki müsabiqədə də iştirak etmək üçün 20 gənc ifaçı seçilib. Bərdə, Şamaxı və Bakıda keçirilmiş seçimlərə 500-ə yaxın namizəd qatılıb.

 

Gənc ifaçıların çıxışlarını qiymətləndirən münsiflər heyətinin tərkibinə muğam sənətinin mahir biliciləri, Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, Əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundov daxildir.

 

Xalq artisti Əlibaba Məmmədov bildirib ki, müsabiqəyə təkcə respublikamızda deyil, dünyada yaşayan azərbaycanlılar da böyük maraq göstərirlər: "Bu gün incəsənətin bayramıdır. Artıq beşinci dəfədir keçirilən müsabiqə iştirakçılarının səsi dünyanın hər bir yerindən gəlir". Ə.Məmmədov müsabiqənin təşəbbüskarı olan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və digər təşkilatçılara minnətdarlığını bildirib, iştirakçılara uğurlar arzulayıb.

 

Sonra iştirakçılar ifalarını təqdim etməyə başlayıblar. Müsabiqənin ilk günü münsiflər heyəti iştirakçılardan Novruz Hüseynov, Səriyyə Pirimova, Miryusif Mirizadə, Ülviyyə Məmmədzadə, Şahmar Hacıyev, Nisbət Sərdayeva, Türkay Məlikova, Misir Məmmədov, Sədəf BudaqovaMaşallah Mirzəliyevin ifasında xalq mahnılarını dinləyib qiymətləndiriblər.

 

Digər 10 iştirakçı isə cümə günü çıxış edəcək. Həmin gün münsiflər heyəti tərəfindən verilən ballar toplanacaq və ən az səs yığmış iştirakçı müsabiqəni tərk edəcək.

 

Qeyd edək ki, Heydər Əliyev Fondu muğam sənətinin qorunub saxlanılması və yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə 2005-ci ildən muğam televiziya müsabiqəsi layihəsini həyata keçirir. 2007-ci ildən bu layihə Azərbaycan Televiziyası ilə yayımlanır. 2011-ci ildən isə müsabiqə "Mədəniyyət" kanalında da nümayiş etdirilir.

 

Ötən illərdə keçirilmiş muğam televiziya müsabiqələrində 101 gənc iştirak edib və qaliblər Heydər Əliyev Fondu tərəfindən müxtəlif mükafatlara layiq görülüb. 2011-ci ildən isə müsabiqənin qalibləri Azərbaycan Televiziyasının müxtəlif musiqi kollektivlərində solist kimi işə qəbul olunublar.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 18 fevral.- S.7.