Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Şamaxının yeri və rolu
(Əvvəli ötən sayımızda)
Azərbaycanın tarixi yaşayış
məskənlərindən olan Şamaxı şəhərsalma mədəniyyətinin
ən qədim mərkəzlərindən hesab
edilir. Tarixdən də məlumdur ki, Şamaxı şəhəri Albaniya dövlətinin ən iri yaşayış məskənlərindən biri
idi. Tarix boyunca davam edən
dəhşətli zəlzələlər
zamanı təkrar-təkrar
yerlə-yeksan olmuş
və dəfələrlə
yerini dəyişmiş
Şamaxının arxeoloji
qazıntılar zamanı
ən qədim yerini müəyyən etmək mümkün olmasa da, antik
müəlliflərinin yazılı
məlumatları və
Şamaxı şəhəri
yaxınlığındakı Xınıslı qazıntılarının
nəticələrinə görə,
Şamaxı şəhərinin
ən azı 2500 il yaşı var. Şamaxı torpağı
tarix boyu Azərbaycan xalqına bəxş etdiyi görkəmli şəxsiyyətlərlə
də məşhurdur.
Azərbaycanın tanınmış maarif
xadimi, müəllim, yazıçı, tərcüməçi,
jurnalist, bir sıra lüğətlər,
dərsliklər, bədii
əsərlər, felyetonlar
müəllifi Sultan Məcid
Qənizadə 1866-cı ildə
dünyaya gəlib.
Sultan Məcidin atası tacir olsa da
Şamaxının sayılıb-seçilən
ziyalılarından olub.
Elmə, maarifə böyük marağı varmış. Bu səbəbdən
də oğlunun ilk müəllimi özü olub. O, əvvəlcə övladına yazıb-oxumaq
öyrədib, sonra da onu şəhərdəki
müxtəlif məktəblərdə
oxudub, bir neçə dilin öyrədilməsinə nail olub.
Rus dilini mükəmməl bildiyindən
Sultan Məcid Qənizadə
1883-cü ildə Tiflisdəki
Aleksandrovski Müəllimlər
İnstitutuna daxil olub. O vaxt müsəlmanların
şəhər məktəblərində
müəllim işləməsi
çar hökuməti
tərəfindən qadağan
edildiyindən Sultan Məcid
Qənizadə tələbə
dostu və gələcəkdə yaxın
silahdaşı olacaq Həbibbəy Mahmudbəyovla
birlikdə kənd məktəblərinə təyin
ediliblər. Bu haqsızlıqla
razılaşmayan hər
iki dost Bakıya gələrək 1887-ci ildə
"Rus-Azərbaycan məktəbi"
adlı ibtidai təhsil ocağının
yaradılmasına nail oldular.
Onun müəllifi olduğu bir sıra lüğətlər
bu sahədə ilkin addımlardan sayıla bilər. "Lüğəti-rusi və
türki" (1902), "Samouçitel
tatarskoqo yazıka"
və başqa kitablar S.M.Qənizadənin
elmi təfəkküründən,
dillərə olan münasibətindən, gərgin
əməyindən, yaradıcı
fəaliyyətindən, öz
millətinə göstərdiyi
xidmətdən və
canyanğısından xəbər
verir. Azərbaycan teatrının inkişafı
sahəsində də
Sultan Məcid Qənizadənin
böyük xidmətləri
olub. Səhnəyə
neçə-neçə istedadlı
həvəskarın cəlb
edilməsinə, teatr
truppalarının fəaliyyət
istiqamətlərinin müəyyənləşdirilməsinə
çalışan Sultan Məcidin
Hüseyn Ərəblinskinin
teatra gəlməsində
böyük rolu olub. Sultan Məcid Qənizadə həm də tərcüməçi
idi. 1894-cü ildə
o, Lev Tolstoyun "Əvvəlinci
şərabçı" pyesini tərcümə edib, həmin ilin may ayında Bakıda tamaşaya qoyub. Bu səhnə əsəri Azərbaycan səhnəsi tarixinə rus dramaturgiyasının
ilk tamaşası kimi
daxil olub. O da məlumdur ki, Sultan Məcidlə Lev
Tolstoy məktublaşırmışlar.
Sultan Məcid Qənizadə böyük yazıçı
və dramaturq idi. Xalq nağılları
əsasında uşaqlar
üçün mənzum
hekayələr yazıbmış.
Ən sanballı bədii əsəri isə bioqrafik "Məktubati-Şeyda bəy
Şirvani" adlanır.
Dövrünün böyük jurnalisti
S.M. Qənizadə Qori
müəllimləri seminariyasında
işlədiyi müddətdən
mətbuatda müntəzəm
çıxış edərdi,
ən çox "Dəbistan" jurnalında
çap olunardı.
Yazarın Əli İskəndər
Cabbarovla birlikdə yazdığı "Kəlili
ədəbiyyat"(müntəxabat),
"İstilahi Azərbaycan",
"Lüğəti rusi
və Azərbaycan (müsəlman)" və
s. əsərləri məktəblərdəki
boşluğu qismən
doldurmağa müvəffəq
olub. O,
"Axşam səbri
xeyir olar" əsəri ilə ədəbiyyat tariximizdə
təbdilin əsasını
qoyub. Ən orijinal əsəri "Məktubati Şeyda bəy Şirvani" ümumi başlığı
altında yazdığı
"Müəllimlər iftixarı"
hekayəsi və
"Gəlinlər həmayli"
romanıdır. Bu əsər
ədəbiyyat tariximizdə
ilk dilogiya kimi dəyərləndirilir.
Görkəmli Azərbaycan şairi
Mirzə Ələkbər
Sabir 1862-ci il 30 mayda Şamaxıda doğulub. Atası kiçik baqqal dükanı olan dindar bir kişi
idi və Ələkbəri gələcəkdə
din xadimi kimi görmək istəyirdi.
Buna görə oğlu
səkkiz yaşına
çatanda onu mollaxanaya qoyur. Sabir 12 yaşında məşhur şair Seyid Əzimin açdığı yeni
üsulla məktəbə
keçir. Bu məktəb
onun üçün faydalı olur, xüsusilə biliyinin və şairlik istedadının inkişafına
kömək edir. Müəllimi Ələkbərə
fars dilindən şeirlər tərcümə
etdirir, sonra bu tərcümələri
oxuyub ona məsləhətlər verir,
məktəbli şairin
yaradıcılıq həvəsini
artırırdı. Seyid
Əzim öz şagirdinin tərcümələri
ilə bərabər,
orijinal şeirlərini
də oxuyub redaktə edirmiş. Atası isə Sabirin bədii yaradıcılıqla məşğul
olmasının əleyhinəymiş.
Sabir atasının verdiyi əzab-əziyyətdən
xilas olmaq üçün 1885-ci ildə
ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir.O,
Səbzivar, Nişapur,
Səmərqənd, Buxara,
Xorasan və başqa şəhərləri
gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayırsa,
o biri tərəfdən
bu şəhərlərdə
tərəqqipərvər alim
və yazıçılarla
görüşüb tanış
olur. Vətən qayıdandan sonra Sabir ailəsini sabun bişirib satmaqla dolandırmağa məcbur idi. Xatirələrdə qeyd olunur ki, çox
fədakar, qayğıkeş,
mehriban ailə başçısı olan
Sabir uşaqlarının
yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq və tərəqqisini də təmin etməyə çalışıb.
O, arvadını və
qızını savadlı
görmək istəyir,
onlara əlifba öyrədirmiş. Şairin
qızı Səriyyə
sonralar yazırdı ki, həyatının olduqca ağır, sıxıntılı keçməsinə
baxmayaraq, atam xoş üzlü, zarafatçıl, səmimi
idi. XIX əsrin sonu, XX əsrin ilk illərində ağır
ailə qayğısı
çəkən Sabir
şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmayıb.
1901-ci ildə Şamaxıya
qayıdan Abbas Səhhətin bu zaman ona mənəvi
cəhətdən böyük
köməyi dəyib.
Onlar boş vaxtlarında Şamaxının
o zamankı ziyalılarından
Ağəli bəy Nasəh və Məhəmməd Tərrahla
kiçik bir ədəbi məclis düzəldib, axşamlar
klassik şairlərin
və ya özlərinin şeirlərini
oxuyub təhlil və müzakirə edirdilər. XX əsrin əvvəllərindən başlayaraq
Sabirin şerləri mətbuat səhifələrində
görünür. 1903-cü ildə "Şərqi-Rus"
qəzetində, sonra isə o,"Həyat"
qəzetində çap
olunur. "Molla Nəsrəddin" jurnalında
çalışarkən Cəlil
Məmmədquluzadə ilə
Sabir arasında qırılmaz dostluq münasibətləri yaranır.
Şeirlərini gizli imzalarla yazmasına baxmayaraq, istər
Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın
başqa yerlərində və İranda bir çox
irticaçılar şairin əsərlərini pisləyir,
onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta
bəzən cahil "din xadimləri" Sabirin
ölümünə fitva verir, varlılar ona hədələyici
məktublar göndərir, qoçular küçədə
yolunu kəsib ağır sözlər deyirdilər. 1907-ci ilin
əvvəllərində Sabir sabun bişirib satmaqdan əl
çəkib, mətbuat və maarif sahəsində
çalışmaq, şeir
yaradıcılığını daha müntəzəm davam
etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir
müddət "İrşad" qəzetinin redaksiyasında
korrektor işləyir və sonra müəllim kimi də fəaliyyət
göstərir. Sabirin açdığı "Ümid" məktəbində
60-a qədər şagird oxuyurdu.Yeni üsulda olan başqa məktəblərdəki
kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən
istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə
ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair
məlumat verilir, Quran və şəriət dərsləri tədris
edilirdi.
1910-cu
ilin əvvəllərində Bakıya gələn Sabir əvvəlcə
"Zənbur" jurnalının, sonra isə "Günəş"
və "Həqiqət" qəzetlərinin
redaksiyalarında çalışır, "Nizədar" və
"Çuvalduz" imzaları ilə müntəzəm surətdə
ifşaçı əsərlər çap etdirir. Şair
eyni zamanda "Molla Nəsrəddin"ə də yazmaqda davam
edir.
Aylarla
ehtiyac içində, işsiz, əzab-əziyyətlə
dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər
xəstəliyinə tutulub, Şamaxıya qayıdır.
1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə
gedib, dostu Cəlil Məmmədquluzadənin evində
yatır. "Molla Nəsrəddin"in əməkdaşları
şairə böyük qayğıkeşlik göstərirlər.
Xəstəliyinin getdikcə şiddətləndiyinə
baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, yeni-yeni
taziyanələr üzərində işləyir, "Molla Nəsrəddin"
jurnalının redaksiya işlərinə yaxından kömək
edir.
1911-ci il
iyulun 12-də, həyatının və
yaradıcılığının ən parlaq bir vaxtında
Sabir dünyasını dəyişir. Şair Şamaxıda
"Yeddi günbəz qəbiristanı"nda dəfn edilib.
Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından
bir il sonra, 1912-ci ildə arvadı Büllurnisə xanım,
dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə
onun şeirləri "Hophopnamə" adı ilə
çap olunub. M.Ə.Sabirin maarifçilik fəaliyyəti bu
gün də öz dövründə olduğu qədər
aktualdır.
Böyük
şairimizə Mirzə İbrahimov, Cəfər Xəndan,
Abbas Zamanov və başqaları dəyərli əsərlər
həsr ediblər.
(Ardı var)
Sevinc ABDULLAYEVA
525-ci qəzet.- 2015.-
18 fevral.- S.6.