Fontan - "Uçar
su"
VƏ YAXUD HEYKƏLƏ QOYULMUŞ HEYKƏL
Hələ uzun illər bundan əvvəl gecələrin birində Bakının ən uzun küçəsində
dolaşa-dolaşa içimdə
pıçıldamışdım ki:
Yetər
qəmli-qəmli oxudum,
yetər,
Yetər azadlığım yaşadı
sözdə.
Sığa bilməz daha tabut sözlərə,
Təsəlli gətirən ölümümüz
də.
Söz məni ovutmur, sözə də yendim,
Yendim, sönür daha bu ocaq, Allah!
Qılıncla açılan yaralarıma
Sözünən dərmanmı olacaq,
Allah!
Füzuli
sözüydü Tanrıdan
gələn,
Duatək söylədi ruhu ayılda.
Qılıncın çıxarıb sözlərə
yendi,
Yendi məğlub
oldu Şah İsmayıl da.
Nəsimi
sözüydü ən
ovsunlu söz,
Birmiş öldürən də, sevda əkən də.
Özünə yaxınmış Nəsimi
qədər
Nəsimi sözünü dara çəkən də.
Söz yoxdu sözünə Hüseyn Cavidin,
Ruhunda Turandı - ilahi nurda...
Özünü sözündən tutub
asdılar,
Özünü Sibirdə, sözünü
burda.
Mərd
sözün zoru yox namərd qılınca,
Təmiz söz, mərd qılınc - göyərəndi
haqq.
Qılınca söykənib deyilməyibsə,
İlahi söz belə sözdü, söz ancaq.
Dərdimin əlindən mən
səndən qaçıb
Yenə
də mən sənə üz tutdum, ey söz!
Dalında Koroğlu dayanan
sözün
Önündə Allah da dayana bilməz!
Bu düz 30 il
bundan əvvəl olmuşdu...
Amerikada olanda eşitmişdim ki, qızıldərililər
- yəni hindular, şəlaləyə (fontan)
uçar su deyirlər. Bir hindudan soruşub
yəqinlik hasil eləmişdim. Nə qədər
gözəl səslənir
- uçar su.
Və uzun illər bundan əvvəl Bakıya - ruhumuzun paytaxtı Bakıya sevgi və nigarançılıqla
bir şeir yazmışdım:
Rüzgardı dönüb gəlib,
Dəlimi olub gəlib?!
Hamıya
qalib gəlib,
Özünü satan Bakı.
Çox şükür tanrıya
ki, bu nigarançılıqdan
qurtarmışam daha.
Çoxlarını yola salan, işğalçılara
sinə gərən Bakı bu gün
öz əzəməti,
yenilməzliyi ilə üzü Xəzərə
dünyaya meydan oxuyur.
Möhtəşəm tikililəri ilə, İçəri şəhəri ilə,
"Alov güllələri"
ilə, heykəl və fontanları ilə bu son 20 ildə Bakı Parislə, Londonla, Praqa ilə müqayisə olunur. Müqayisə eləyənlər fikirlərində haqlıdırlar.
Bakı bu 20 ildə 70 ildəkindən çox dəyişib. Özü də
irəliyə doğru.
Bu yaxınlarda Şah
İsmayıl Xətainin
yanında qoyulan fontan bir özəlliyi
ilə diqqətimi çəkdi. Mənə elə gəldi
ki, bu fontan
bu heykəlin yanına elə fontan olaraq qoyulmayıb.
Bu fontan təkcə
gözəlliyə deyil,
həm də ağıl və düşüncəyə hesablanaraq
qoyulub.
Burda bir haşiyə çıxmaq
istəyirəm. Sovet hakimiyyəti illərində
Bakıda, şair və yazıçılara
fikir və düşüncə adamlarına
(qəhrəmanlara yox
ha) çox heykəllər
qoyulub.
Ancaq bu heykəllərin çoxu,
demək olar ki, əksəriyyəti bir-birinə oxşayır.
Füzuli, Xətai, Nəsimi, Cavid, Cabbarlı və s. heykəllərin bir ortaq cəhəti
var - hamısı başını aşağı
salmış, fikir və düşüncələrə
dalmış halda təsvir olunur. Bu təbii ki, belə də olmalıydı. İstedadına və bacarıqlarına hörmət elədiyim bu memar və
heykəltaraşlarda nəsə
yanlış bir şey axtarmaq fikrindən uzağam.
Təbii ki, kommunist ideologiyası altında yaşayan, əsarətdə olan bir xalqın sənətkarları yaratdıqları heykəllərə öz iç dünyalarından baxmalıydılar. Təzyiq altında olan sənətkar özündən əvvəlki dahilərini məğrur, yenilməz, dünyaya meydan oxuyan şəkildə yarada bilməzdilər. Başı sinəsinə əyilmiş heykəllər bir xalqın ruhunun ifadəsi idi. Hətta heykəl olaraq başımızı qaldırmağa bizi kim qoyardı ki?!
Təbii ki, Xətainin heykəli də bu heykəllərdən fərqli deyil. Başını sinəsinə əymiş, qılıncını yerə qoyub sözə təslim olmuş bir şah, bir hökmdar.
Zaman yetişib. Biz indi əsarətdə yox, içimizdən çıxarıb başımızın üstünə qaldırdığımız, rüzgarlarda yellənən üçrəngli bayrağın kölgəsində azad və müstəqil yaşayırıq. Bu azadlıq bizim həyatımızla bərabər ruhumuzu da dəyişdirdi. Bizim indi hər şeyə fərqli münasibətimiz var.
Xətainin heykəlinə və heykəlin ətrafında qoyulmuş fontana (uçar suya) qayıtmaq istəyirəm. Təbii ki, fontan prezident İlham Əliyevin göstərişi ilə qoyulub. Ancaq bir şey də var - onu nə cür qoymaq! Bu dəyərli dövlət adamı, gözəl ziyalı, içində mənsub olduğu millətin dəyərlərinə sevgi bəsləyən mer - professor Hacıbala Abutalıbovun rəhbərliyi ilə yaradılan bir sənət nümunəsidir. Mənə elə gəlir ki, burada Hacıbala müəllim təkcə fontan qoymayıb, əslində o heykələ - (Xətai) heykəl qoyub.
Mən həmişə Xətainin heykəlinə unudulmuş, tərk edilmiş bir abidə kimi baxmışam.
Müharibə şəraitində yaşayan bir ölkənin qəhrəmanına münasibət bu cür olmamalıydı. Çox şükür tanrıya ki, hər şey yaxşılığa doğru dəyişir. Qəhrəmanlarımıza münasibət də.
Mənə elə gəlir ki, Hacıbala müəllim bunları nəzərə alaraq, bu fontanı unudulmuş, tərk edilmiş Xətainin heykəlinə heykəl kimi qoyub.
Hörmətli Hacıbala müəllim! Bütün daşlar heykəl olmağa, bütün sular şəlalə olmağa can atar. Qoy bütün qurduğunuz şəlalələr Bakının daş heykəllərinin ruhuna dua oxusun. Çünki dua anddan, pıçıltı hönkürtüdən ucadadı. Siz də elə həmin ucalıqdasınız.
P.S. Bütün heykəllər şairlərin daşa dönmüş şeirləri, bütün şəlalələr şairlərin uçan suda səslənən nəğmələridi. Yer üzündə gözəl və ilahi olan nə varsa - şeirdi, ondan başqa heç nə.
Mənə elə gəlir ki,
Allahın da bir
adı nə vaxtsa şeir
olub. Adamlar unudublar.
Rüstəm Behrudi
525-ci qəzet.- 2015.- 18 fevral.- S.4.