Xəzərin su bioresurslarının qorunması və
balıqçılığın inkişafı dövlətin
prioritet fəaliyyət istiqamətidir
Azərbaycanda balıq və digər su
bioresurslarının artırılması, yetişdirilməsi,
bərpası və mühafizəsi ilə öz Əsasnaməsinə
əsasən Ekologiya və Təbii Sərvətlər
Nazirliyi məşğul olur. Ölkədə
Xəzərin bioresurslarının idarə edilməsi ETSN-nin Su Hövzələrində
Bioloji Resursların
Artırılması və Mühafizəsi Departamenti,
dəniz bioresurslarının sistemli tədqiqatları
isə ETSN-nin tabeliyində olan Azərbaycan Elmi-Tədqiqat
Balıqçılıq Təsərrüfatı İnstitutu tərəfindən həyata
keçirilir.
Hazırda
ETSN-nin Su Hövzələrində Bioloji Resursların
Artırılması və Mühafizəsi Departamentinin nəzdində
balıq ehtiyatlarının artırılması ilə 12
balıqartırma müəssisəsi məşğul
olur. Bunlardan 4-ü nərə,
3-ü qızılbalıq və forel, 5-i
isə çəkikimi balıq körpələrinin
artırılması üzrə ixtisaslaşıb. Qeyd olunan balıqartırma müəssisələrində
Nazirlik yarandığı dövrdən,
yəni 2001-ci ildən 5,5 milyarddan
artıq, o cümlədən 131,0 mln. ədəd nərəkimi, 1,637 mln. ədəd qızılbalıq, 5375,0 mln. ədəd çəkikimi balıq
körpələri artırılıb təbii su hövzələrinə buraxılıb ki, bu da
balıq ehtiyatlarının qorunub
saxlanılmasına və xammal bazasının
formalaşmasına yönəldilmiş tədbirlərdir. Yəni
Xəzərin strateji bioloji
resursu olan nərə
cinsli balıqların
artırılması Azərbaycan dövlətinin prioritetlərindəndir
və ETSN-yə məxsus müasir infrastruktur və kadr
potensialı uğurla bu
məqsədə çatmağa imkan verir. Xəzər
regionunda ən iri Nərə
Balıqartırma Zavodu (illik
istehsal layihə gücü
15 milyon ədəd balıq körpəsi)
- 2003-cü ildə istismara verilmiş Xıllı Nərə
Balıqartırma zavodu da
daxil olmaqla Azərbaycanın Nərə
Balıqartırma Zavodları 2008-ci ilədək hər il Xəzər dənizinə 20 milyon ədədə qədər nərə
balığı körpəsi buraxırdı. Lakin son illər bütün Xəzəryanı
ölkələrdə nərəkimilərin zavod
artımının miqyası azalıb. Xəzər
dənizində nərəkimilərin müasir
populyasiyası əsasən süni
törəmələrdən ibarət olduğundan
bütün Xəzəryanı ölkələrdə
süni balıqartırmanın müasir miqyası Xəzər dənizində
nərəkimilərin ehtiyatlarının tükənmə
ehtimalını azaltmır. Son illərdə
onların ehtiyatının azalması ilə əlaqədar təbii
mühitdən törədicilərin tədarükü
çətinləşib və bunun nəticəsində
körpələrin ümumi
buraxılışı 3-5 milyon ədəd
balıq körpəsini keçmir. Bu tendensiya da
bütün Xəzəryanı ölkələrdə
müşahidə olunur. Bununla
əlaqədar olaraq Azərbaycanda hələ
2004-cü ildə, müasir Xıllı Nərə
Balıqartırma Zavodunda nərə
balıqlarının törədici sürüsünün
formalaşdırılmasına başlanılıb. Hazırda
bu zavodda süni yetişdirilmiş
5000-dən artıq müxtəlif yaş qrupuna mənsub nərə cinsli
balıqlardan ibarət təmir-törədici fond
yaradılıb. Bununla da dənizdəki ana balıq qıtlığından
asılılıq getdikcə azalır. 2013-cü ildə zavodda, Azərbaycanda ilk dəfə
olaraq süni yetişdirilmiş iki ədəd
ana balığı öldürmədən,
cərrahi əməliyyat vasitəsilə alınmış
kürüdən balıq körpələri yetişdirilib.
2014-cü ildə isə artıq 6 nərə dişisindən
kürü alınıb. Son
illərdə Azərbaycanda Xəzər dənizinin unikal bioresurslarının qorunması üzrə
müəyyən işlər həyata keçirilib
və proses davam etdirilir. ETSN-nin Su Hövzələrində Bioloji
Resursların Artırılması və Mühafizəsi Departamenti balıq ehtiyatlarının
mühafizəsi üzrə ixtisaslaşmış xidmətə
malikdir. Brakonyerliklə
mübarizə üzrə ETSN-nin aidiyyəti
təşkilatları hüquq-mühafizə orqanları, o cümlədən
Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və
Fövqəladə Hallar Nazirliyinin
müvafiq qurumlarının
iştirakı ilə birgə kompleks tədbirlər
görür. Belə ki, son 10 il
(2004-2014) ərzində su
bioresurslarının mühafizəsi və balıq ovu qaydalarına riayət edilməsi ilə
bağlı ETSN-nin Su
Hövzələrində Bioloji
Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən Azərbaycan
Respublikasının Qanunvericiliyinə uyğun
olaraq ümumilikdə 1404 qanun
pozuntusu aşkar edilərək
1203 nəfər məsuliyyətə cəlb edilib.
Həmin müddətdə qanun
pozucularından 203 su nəqliyyat vasitəsi,
15057 ədəd müxtəlif adda ov aləti və 7150 ədəd müxtəlif
növ qanunsuz
ovlanmış balıq götürülüb.
Cinayət xarakterli olduğuna görə 200 iş
hüquq mühafizə orqanlarına, 872 iş inzibati qaydada baxılması üçün
aidiyyəti üzrə rayon məhkəmələrinə
göndərilib və ya Su
Hövzələrində Bioloji
Resursların Artırılması və Mühafizəsi
Departamentində baxılaraq müvafiq qərar
qəbul edilib. Qanunsuz balıq
ovladığına və ya balıq ovu qaydalarını pozduğuna
görə məsuliyyətə cəlb edilmiş
qanun pozucuları barəsində balıq
ehtiyatlarına vurduğu ziyana
görə 418666 manat məbləğində
iddia qaldırılıb və onlara qarşı 157763 manat
məbləğində cərimə tətbiq edilib.
Lakin Xəzər dənizinin bioresurslarının
qorunub saxlanılması, artırılması və mühafizəsi
üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi
və onun tabeli qurumları tərəfindən həyata
keçirilən davamlı tədbirlərə baxmayaraq
balıq ehtiyatlarının qanunsuz ovlanmasının,
satışının qarşısının alınması
tamamilə mümkün olmamış və hələ də
belə anoloji hallara yol verilir. Bu halların baş verməsinin səbəbləri isə bir sıra amillərlə bağlıdır. Belə ki, aparılan reyd və araşdırmalar göstərir ki, əsasən qanunsuz
balıq ovu ilə məşğul olan brakonyerlərə kənardan
ayrı-ayrı imkanlı və nüfuzlu
şəxslər tərəfindən “himayədarlıq” olunur, onlar iri
tutumlu, sürətli və güclü motorlara malik qayıqlarla təmin edilirlər. Belə
vasitələrlə təchiz olunan qanun pozucuları Xəzər dənizinin
sahilindən 10 kilometrlərlə uzağa
getmək və orada qanunsuz
balıq tutmaq imkanlarına malik olurlar. Texniki təchizatın tələb olunan
səviyyədə olmaması səbəbindən həmin
sürətli qayıqların saxlanılması Nazirliyin əməkdaşlarının imkanları
xaricindədir və bu səbəbdən
həmin qanun pozucularını məsuliyyətə
cəlb etmək bir sıra hallarda mümkün olmur. Lakin buna baxmayaraq
Nazirlik tərəfindən digər nəzarət
orqanları ilə, o, cümlədən
Dövlət Sərhəd Xidmətinin və Daxili
İşlər Nazirliyinin müvafiq
idarələri ilə birgə mütəmadi olaraq
ciddi tədbirlər həyata keçirilir.
Eyni zamanda, qanunsuz ovlanmış balıqların
ayrı-ayrı şəxslər tərəfindən müxtəlif
yerlərdə, xüsusilə də yol kənarlarında
satılmasının qarşısının
alınmasında ciddi çətinliklər var. Bu
kimi halların qarşısını almaq üçün Ekologiya və Təbii
Sərvətlər Nazirliyi tərəfindən
digər aidiyyəti orqanların nümayəndələri cəlb
edilməklə qanunsuz ovlanmış
balıqların yol kənarlarında,
xüsusilə də Bakı-Quba yolunun Siyəzən
və Şabran rayonlarının ərazisindən
keçən hissəsində satılmasının
qarşısını almaq üçün bir
sıra tədbirlər görülür.
Keçirilmiş tədbirlər
zamanı bu ərazidə müxtəlif cinsli balıqların ayrı-ayrı şəxslər
tərəfindən əldə olunmasına və keyfiyyətinə
dair rəsmi təsdiqedici sənədlər
olmadan satıldığı müəyyən
edilib.
Lakin qanunsuz olaraq balıq
satışının qarşısını almaq
üçün keçirilən tədbirlər
zamanı Nazirliyin əməkdaşları
qanun pozucularının müqaviməti, təhqirləri
və müxtəlif təhdidləri ilə üzləşirlər.
Bunun nəticəsidir
ki, həmin qanun
pozucuları tərəfindən bu əməkdaşlar
barəsində qərəzli və reallığı əks
etdirməyən məlumatlarla bağlı çoxsaylı
şikayət ərizələri hazırda da
müxtəlif instansiyalara, o cümlədən Azərbaycan Respublikası
Prezidenti Administrasiyasına daxil olmaqda davam
edir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
3 aprel tarixli 94
nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında ticarət, ictimai
iaşə, məişət və digər növ
xidmət Qaydaları”nın 22.1-1-ci bəndinə əsasən
“Ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının
satışı kənd təsərrüfatı məhsullarının
satışı yerlərində, o
cümlədən müvafiq
avadanlıqlarla təchiz edilmiş baza, yarmarka, mağaza və xüsusi
ayrılmış digər yerlərdə həyata keçirilməlidir”. Balıq və balıq məhsullarının mövcud qanunvericiliyə uyğun
olaraq müəyyən olunmuş
yerlərdə satılması, əldə olunması
qanuniliyinə və onun keyfiyyətinə
aidiyyəti dövlət orqanları tərəfindən
mütəmadi olaraq nəzarət edilməsi
ilə qanunsuz ovlanmış
balıqların yol kənarlarında satılması və balıqların qanunsuz
ovlanması faktlarının qarşısı alınardı.
Ümumilikdə bu məsələnin həllində
yalnız Ekologiya və Təbii Sərvətlər
Nazirliyi deyil, eyni zamanda rayon
icra hakimiyyətləri, güc
strukturları, ictimaiyyət nümayəndələri, ictimai birliklər də fəal iştirak etməlidirlər. ETSN-nin Elmi-Tədqiqat
Balıqçılıq Təsərrüfatı İnstitutu (AzərETBTİ) nərə cinsli və digər vətəgə əhəmiyyətli
balıqların ehtiyatının qiymətləndirilməsi və
ovlanmasının tənzimlənməsi üçün
hər il dəniz elmi-tədqiqat
ekspedisiyaları (bioloji monitorinq)
keçirir, nərə cinsli
və digər vətəgə əhəmiyyətli
balıq növlərinin vətəgə ovlanmasının analizini, yayılmasını, miqdarını,
populyasiyaların keyfiyyət tərkibinin təhlilini
aparır. Ümumiyyətlə, aparılmış təhlillər
göstərir ki, dənizin ekosisteminə
antropogen təsirləri azaltmaq
üçün təkcə brakonyerliklə
mübarizə kifayət etmir. Xəzər regionunda
akvakulturanın inkişaf etdirilməsi və
əhalinin yeni fəaliyyət növü olan akvakulturaya cəlb olunması qanunsuz
balıq ovunun azalmasına, Xəzər dənizində
ekoloji vəziyyətin
yaxşılaşmasına, eyni zamanda brakonyerliyin
azalmasına səbəb ola bilər.
Bir
sözlə, Azərbaycan üçün
balıqçılıq sektorunun əsas
prioriteti daxili sularda kiçik
miqyaslı akvakultura təsərrüfatlarının
inkişafıdır ki, bu da balıqların (xüsusən də nərəkimilərin)
təbii populyasiyalarına antropogen təzyiqlərin
azalmasına şərait yaradaraq ətraf
mühitin mühafizəsinə və
bioloji müxtəlifliyin qorunub
saxlanılmasına kömək göstərmiş olar.
Qeyd edək ki, 2010-cu ilin noyabr ayında Bakı
şəhərində keçirilən Xəzəryanı
ölkələrin dövlət
başçılarının üçüncü
Zirvə görüşündə nərə
balığı növlərinin kommersiya
ovuna beştərəfli moratorium
tətbiq edilməsi mexanizminin işlənib
hazırlanması barədə qərar qəbul edilib. Bununla bağlı isə 2011-2012-ci illərdə Azərbaycanın
sədrliyi ilə Bakıda keçirilmiş
Xəzər dənizinin Su Bioloji
Resursları Komissiyanın iclaslarında əsas məsələlərdən
biri Xəzər dənizində nərə
balıqlarının kommersiya ovuna moratoriumun tətbiq
edilməsi haqqında Sazişin razılaşdırılması
olub. Eyni zamanda, beştərəfli Sazişin
qəbuluna qədər Azərbaycan 2010-cu ildən nərə
balıqlarının kommersiya ovunu həyata keçirmir.
Nərə balığının ovu ancaq balıqartırma zavodlarında süni çoxaltma və
elmi tədqiqatlar üçün
həyata keçirilir. Hesablamalara
görə son bir
neçə on ildə dünyada
balıq ovu həcmi azalaraq
90-95 mln ton səviyyəsində
stabilləşib. FAO-nun proqnozlarına
görə bu azalma
tendensiyası davam edəcək. Bundan fərqli olaraq, son illərdə dünyada
əmtəə akvakulturasının məhsul həcmi
artmaqdadır. Hazırda ümumi balıq ovu və istehsalının 70 faizdən çoxunu özündə birləşdirən
akvakultura
balıqçılığı sürətlə inkişaf edir. Lakin Azərbaycanın
balıqçılıq təsərrüfatı kompleksində
akvakulturanın payı azdır. Bu təcrübənin tətbiqi,
balıqçılıq təsərrüfatı və
akvakulturanın inkişafı məqsədi ilə 2009-cu ildən
başlayaraq ETSN BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
(FAO) və regionun bir
sıra ölkələri ilə uğurlu
əməkdaşlıq edir. 2010-cu ildə
ETSN tərəfindən FAO-Türkiyə Əməkdaşlıq
Proqramı çərçivəsində fəaliyyət
göstərən “FİSHDEV–CA” (Mərkəzi Asiyada Balıqçılıq Təsərrüfatı
və Akvakulturanın İnkişafı) Regional
Proqramı imzalanıb. CACFish Komissiyasına dair Saziş Milli Məclisin
2012-ci il 2 noyabr tarixli Qanunu əsasında
təsdiq edilib və bununla
da 2014-cü ildə Azərbaycan FAO nəzdində
regional “Mərkəzi Asiya
və Qafqazda balıqçılıq təsərrüfatı
və akvakultura sahəsində regional Komissiya”nın (CACFish)
üzvü olub.
ETSN tərəfindən FAO-nun
texniki dəstəyi ilə hazırlanan təkmilləşdirilmiş
“Balıqçılıq haqqında” Azərbaycan
Respublikasının Qanunu Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən
qəbul edilib (2014-cü ilin
27 iyun tarixli Qanunu əsasında). 2014-cü il 9-13 iyun tarixində
İtaliyanın Roma şəhərində BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının (FAO) Baş Qərargahında
Balıqçılıq Təsərrüfatı Komitəsinin
(COFİ) 31-ci sessiyasında FAO-nun baş direktoru Joze Qrasianu da
Silva Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətini
qəbul edib. Görüşdə FAO-nun baş direktoru son illər ərzində
Azərbaycan və FAO arasında əməkdaşlığın
genişlənməsində Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin rolunu yüksək qiymətləndirib.
Məlumat üçün bildiririk ki, BMT-nin Ərzaq
və Kənd Təsərrüfatı Proqramının (FAO)
statistik məlumatlarına əsasən dünya üzrə
adambaşına düşən balıq istehlakının
orta illik göstəricisi 18 kq-dır. Ən
yüksək orta göstəricilər Cənub-Şərqi
Asiya regionunda 60 kq-dan çox (Yaponiya, Çin, Vyetnam və Tailandda 100 kq-dan artıq)
qeydə alınıb. Qonşu Türkiyədə
bu rəqəm 18 kq-dır. Azərbaycanda
isə adambaşına düşən orta
illik balıq istehlakı 2009-cu ilədək
2 kq-a yaxın olub, son illərdə isə bu
göstərici artaraq 2014-cü ildə təxminən
7 kq-a çatıb.
525-ci qəzet.
- 2015.- 19 fevral.- S. 4.