Azərbaycanın
dövlətçilik və mədəniyyət tarixində
Şamaxının yeri və rolu
(Əvvəli ötən sayımızda)
Azərbaycanın
tarixi yaşayış məskənlərindən olan
Şamaxı şəhərsalma mədəniyyətinin ən
qədim mərkəzlərindən hesab edilir. Tarixdən də məlumdur
ki, Şamaxı şəhəri Albaniya dövlətinin ən
iri yaşayış məskənlərindən biri idi.
Tarix boyunca davam edən dəhşətli zəlzələlər
zamanı təkrar-təkrar yerlə-yeksan olmuş və dəfələrlə
yerini dəyişmiş Şamaxının arxeoloji
qazıntılar zamanı ən qədim yerini müəyyən
etmək mümkün olmasa da, antik müəlliflərinin
yazılı məlumatları və Şamaxı şəhəri
yaxınlığındakı Xınıslı
qazıntılarının nəticələrinə görə,
Şamaxı şəhərinin ən azı 2500 il
yaşı var. Şamaxı torpağı tarix boyu Azərbaycan
xalqına bəxş etdiyi görkəmli şəxsiyyətlərlə
də məşhurdur.
Azərbaycanın
tanınmış maarif xadimi, müəllim,
yazıçı, tərcüməçi, jurnalist, bir
sıra lüğətlər, dərsliklər, bədii əsərlər,
felyetonlar müəllifi Sultan Məcid Qənizadə
1866-cı ildə dünyaya gəlib.
Sultan Məcidin
atası tacir olsa da Şamaxının
sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə
böyük marağı varmış. Bu
səbəbdən də oğlunun ilk müəllimi
özü olub. O, əvvəlcə övladına
yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki
müxtəlif məktəblərdə oxudub, bir neçə
dilin öyrədilməsinə nail olub. Rus dilini
mükəmməl bildiyindən Sultan Məcid Qənizadə
1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər
İnstitutuna daxil olub. O vaxt müsəlmanların şəhər
məktəblərində müəllim işləməsi
çar hökuməti tərəfindən qadağan edildiyindən
Sultan Məcid Qənizadə tələbə dostu və gələcəkdə
yaxın silahdaşı olacaq Həbibbəy Mahmudbəyovla
birlikdə kənd məktəblərinə təyin ediliblər.
Bu haqsızlıqla razılaşmayan hər iki dost Bakıya gələrək
1887-ci ildə "Rus-Azərbaycan məktəbi" adlı
ibtidai təhsil ocağının yaradılmasına nail
oldular.
Onun müəllifi
olduğu bir sıra lüğətlər bu sahədə
ilkin addımlardan sayıla bilər. "Lüğəti-rusi və
türki" (1902), "Samouçitel tatarskoqo yazıka" və
başqa kitablar S.M.Qənizadənin elmi təfəkküründən,
dillərə olan münasibətindən, gərgin əməyindən,
yaradıcı fəaliyyətindən, öz millətinə
göstərdiyi xidmətdən və canyanğısından
xəbər verir. Azərbaycan
teatrının inkişafı sahəsində də Sultan Məcid
Qənizadənin böyük xidmətləri olub. Səhnəyə neçə-neçə
istedadlı həvəskarın cəlb edilməsinə, teatr
truppalarının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə
çalışan Sultan Məcidin Hüseyn Ərəblinskinin
teatra gəlməsində böyük rolu olub. Sultan Məcid Qənizadə həm də tərcüməçi
idi. 1894-cü ildə o, Lev Tolstoyun "Əvvəlinci
şərabçı" pyesini tərcümə edib, həmin
ilin may ayında Bakıda tamaşaya qoyub. Bu səhnə
əsəri Azərbaycan səhnəsi tarixinə rus
dramaturgiyasının ilk tamaşası kimi daxil olub. O da
məlumdur ki, Sultan Məcidlə Lev Tolstoy məktublaşırmışlar.
Sultan Məcid Qənizadə
böyük yazıçı və dramaturq idi. Xalq nağılları əsasında
uşaqlar üçün mənzum hekayələr
yazıbmış. Ən sanballı bədii
əsəri isə bioqrafik "Məktubati-Şeyda bəy
Şirvani" adlanır.
Dövrünün
böyük jurnalisti S.M. Qənizadə Qori müəllimləri
seminariyasında işlədiyi müddətdən mətbuatda
müntəzəm çıxış edərdi, ən
çox "Dəbistan" jurnalında çap olunardı.
Yazarın Əli İskəndər Cabbarovla
birlikdə yazdığı "Kəlili ədəbiyyat"(müntəxabat),
"İstilahi Azərbaycan", "Lüğəti rusi və
Azərbaycan (müsəlman)" və s. əsərləri məktəblərdəki
boşluğu qismən doldurmağa müvəffəq
olub. O, "Axşam səbri
xeyir olar" əsəri ilə ədəbiyyat tariximizdə
təbdilin əsasını qoyub. Ən orijinal əsəri
"Məktubati Şeyda bəy Şirvani" ümumi
başlığı altında yazdığı "Müəllimlər
iftixarı" hekayəsi və "Gəlinlər həmayli"
romanıdır. Bu əsər ədəbiyyat
tariximizdə ilk dilogiya kimi dəyərləndirilir.
Görkəmli Azərbaycan şairi Mirzə
Ələkbər Sabir 1862-ci il 30 mayda
Şamaxıda doğulub. Atası kiçik baqqal
dükanı olan dindar bir kişi idi və
Ələkbəri gələcəkdə din xadimi kimi görmək
istəyirdi. Buna görə oğlu səkkiz
yaşına çatanda onu mollaxanaya qoyur. Sabir 12 yaşında məşhur şair Seyid Əzimin
açdığı yeni üsulla məktəbə
keçir. Bu məktəb onun
üçün faydalı olur, xüsusilə biliyinin və
şairlik istedadının inkişafına kömək edir.
Müəllimi Ələkbərə fars
dilindən şeirlər tərcümə etdirir, sonra bu tərcümələri
oxuyub ona məsləhətlər verir, məktəbli
şairin yaradıcılıq həvəsini
artırırdı. Seyid Əzim öz
şagirdinin tərcümələri ilə bərabər,
orijinal şeirlərini də oxuyub redaktə edirmiş. Atası isə Sabirin bədii yaradıcılıqla
məşğul olmasının əleyhinəymiş. Sabir atasının verdiyi əzab-əziyyətdən
xilas olmaq üçün 1885-ci ildə ziyarət adı ilə
səyahətə çıxıb, Orta Asiyaya, oradan da
İrana gedir.O, Səbzivar, Nişapur, Səmərqənd,
Buxara, Xorasan və başqa şəhərləri gəzir.
Bir tərəfdən yerli feodal və ruhani ağaların
taladığı bu yerlərin yoxsulluğu və cəhaləti
şairə ağır təsir bağışlayırsa, o
biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər
alim və yazıçılarla görüşüb tanış olur. Vətən
qayıdandan sonra Sabir ailəsini sabun bişirib satmaqla
dolandırmağa məcbur idi. Xatirələrdə
qeyd olunur ki, çox fədakar, qayğıkeş, mehriban ailə
başçısı olan Sabir uşaqlarının yalnız
maddi ehtiyacını deyil, mənəvi rahatlıq və tərəqqisini
də təmin etməyə çalışıb. O,
arvadını və qızını savadlı görmək
istəyir, onlara əlifba öyrədirmiş. Şairin
qızı Səriyyə sonralar yazırdı ki, həyatının
olduqca ağır, sıxıntılı keçməsinə
baxmayaraq, atam xoş üzlü, zarafatçıl, səmimi
idi. XIX əsrin sonu, XX əsrin ilk illərində
ağır ailə qayğısı çəkən Sabir
şeirdən bir qədər uzaqlaşsa da, tamam
ayrılmayıb. 1901-ci ildə
Şamaxıya qayıdan Abbas Səhhətin bu zaman ona mənəvi
cəhətdən böyük köməyi dəyib. Onlar boş vaxtlarında Şamaxının o
zamankı ziyalılarından Ağəli bəy Nasəh və
Məhəmməd Tərrahla kiçik bir ədəbi məclis
düzəldib, axşamlar klassik şairlərin və ya
özlərinin şeirlərini oxuyub təhlil və
müzakirə edirdilər. XX əsrin əvvəllərindən
başlayaraq Sabirin şerləri mətbuat səhifələrində
görünür. 1903-cü ildə
"Şərqi-Rus" qəzetində, sonra isə o,"Həyat"
qəzetində çap olunur. "Molla Nəsrəddin"
jurnalında çalışarkən Cəlil Məmmədquluzadə
ilə Sabir arasında qırılmaz dostluq münasibətləri
yaranır. Şeirlərini gizli imzalarla
yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda,
istərsə də Azərbaycanın başqa yerlərində
və İranda bir çox irticaçılar şairin əsərlərini
pisləyir, onun yazdığını oxuyanları kafir elan
edirdilər. Hətta bəzən cahil
"din xadimləri" Sabirin ölümünə fitva verir,
varlılar ona hədələyici məktublar göndərir,
qoçular küçədə yolunu kəsib ağır
sözlər deyirdilər. 1907-ci ilin əvvəllərində
Sabir sabun bişirib satmaqdan əl çəkib, mətbuat və
maarif sahəsində çalışmaq, şeir yaradıcılığını
daha müntəzəm davam etdirmək qərarına gəlir.
O, Bakıya gəlib bir müddət "İrşad" qəzetinin
redaksiyasında korrektor işləyir və sonra müəllim
kimi də fəaliyyət göstərir. Sabirin açdığı "Ümid" məktəbində
60-a qədər şagird oxuyurdu.Yeni üsulda olan başqa məktəblərdəki
kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən
istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə
ana dili, fars dili, hesab, coğrafiya və təbiətə
dair məlumat verilir, Quran və şəriət dərsləri
tədris edilirdi.
1910-cu ilin əvvəllərində
Bakıya gələn Sabir əvvəlcə "Zənbur"
jurnalının, sonra isə "Günəş" və
"Həqiqət" qəzetlərinin redaksiyalarında
çalışır, "Nizədar" və
"Çuvalduz" imzaları ilə müntəzəm surətdə
ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda "Molla Nəsrəddin"ə
də yazmaqda davam edir.
Aylarla ehtiyac içində,
işsiz, əzab-əziyyətlə dolanan böyük
şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə
tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün
Tiflisə gedib, dostu Cəlil Məmmədquluzadənin evində
yatır. "Molla Nəsrəddin"in əməkdaşları
şairə böyük qayğıkeşlik göstərirlər.
Xəstəliyinin getdikcə şiddətləndiyinə
baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, yeni-yeni
taziyanələr üzərində işləyir, "Molla Nəsrəddin"
jurnalının redaksiya işlərinə yaxından kömək
edir.
1911-ci il iyulun 12-də,
həyatının və yaradıcılığının ən
parlaq bir vaxtında Sabir dünyasını dəyişir. Şair Şamaxıda "Yeddi günbəz qəbiristanı"nda
dəfn edilib. Sabirin xatirəsinə hörmət əlaməti
olaraq vəfatından bir il sonra, 1912-ci ildə arvadı Büllurnisə
xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi
ilə onun şeirləri "Hophopnamə" adı ilə
çap olunub. M.Ə.Sabirin maarifçilik fəaliyyəti
bu gün də öz dövründə olduğu qədər
aktualdır.
Böyük
şairimizə Mirzə İbrahimov, Cəfər Xəndan,
Abbas Zamanov və başqaları dəyərli əsərlər
həsr ediblər.
(Ardı var)
Sevinc ABDULLAYEVA
525-ci qəzet. - 2015.- 19 fevral.- S. 6.