Zəhmət, qürur və fərəhlə
yaşanmış illər
50 yaş
gəncliyin qocalığı, 60 yaş isə
qocalığın gəncliyi sayılır. Bu fikri sanki mənim
tələbəlik dostum Aydın Ağazadə haqqında
deyiblər. Mən onu 1977-ci ildən tanıyıram.
Mübaliğəsiz deyirəm ki, o, bu illər ərzində
dəyişməyib. Tələbəlik illərində
olduğu kimi Aydın yenə dil-boğaza qoymayan, bildiyini
danışmağa çalışan, dediklərini sübuta
yetirməyi bacaran, hər kəsdə özünə hörmət
yaradan şəxsdir. O, həmişə öz üzərində
işləyən, mütaliədən heç vaxt doymayan,
biliklərini daim artırmağa çalışan qələm
sahibidir. Heç bir zəhmət bəhrəsiz
qalmadığı kimi Aydının da təxminən 40 illik
fəaliyyəti öz nəticəsini verib. O, respublikanın
sayılıb-seçilən jurnalisti, imzasına hörmət
edilən yazıçı və maraqlı dram əsərləri
ilə fərqlənən dramaturqdur.
Mən
Aydına baxanda, keçmiş illər kino lenti kimi
gözümün qarşısından keçir. Tələbəlik
illərinin şirinli-acılı günlərini
yaşayırdıq. Gözəl, qeyri-adi günləri
bir-birinə calayıb, elə bilirdik ki, tələbəlik
illəri sonsuzdur. Ancaq bir də ayılıb gördük ki,
şirin tələbəlik illəri göz qırpımında
ömrümüzdən keçib gedib və əvəzində
bizə yalnız şirin xatirələr qalıb. İncəsənət
İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti) kursdan kursa
keçdikcə incəsənətə, teatra olan məhəbbətimiz
də artırdı. Bir də onda ayıldıq ki, sonuncu
kursda diplom müdafiəsindəyik. Aydın "Mehdi
Hüseyn və teatr", mən isə "Hüseyn Cavid
dramaturgiyasına aktyor və rejissor münasibəti"
mövzusunda diplom işi yazıb, müdafiə etdik.
Teatrşünaslıq ixtisasına yiyələndikdən sonra
Bakı Dövlət Universitetində Hüquqşünas
ixtisası üzrə ali təhsil aldı və hüquq elminə
də yiyələnən Aydın dost olmağı bacaran, dost
qədri bilən, dostu üçün fədakarlıq edən
insandır. O, hərtərəfli hazırlığa malik
insandır, hər mövzuya, hər hadisəyə fərqli və
düzgün münasibətinin dəfələrlə
şahidi olmuşam. Aydında qiymətləndirdiyim daha bir
müsbət cəhət odur ki, o, düzgün nəticə
çıxarmağı bacarır. Mənim
tanıdığım və 40 ilə yaxın dostluq etdiyim
Aydın insanları, vətənini, elini, ailəsini sevən,
onun təəssübünü çəkən şəxsdir.
Onun xasiyyətində müsbət cəhətlər həddindən
artıq çoxdur. 40 illik dostum Aydın Ağazadəni
tanıyanlar yaxşı bilir ki, bütün bu deyilənlər
həqiqətdir.
Aydın Ağazadənin bütün müsbət keyfiyyətləri onun yazdığı əsərlərdə də özünü büruzə verir. Onun yazdığı müxtəlif janrlı əsərlərin, demək olar ki, hamısı ilə tanışam və onların hər biri haqqında öz mülahizələrim var.
Onun yaradıcılığı, dediyim kimi, hərtərəfli və rəngarəngdir. Onu deyim ki, o, 1978-ci ildən başlayaraq, müntəzəm olaraq respublikanın kütləvi informasiya vasitələrində çıxış edir. Onun yazdığı məqalələr istər teatr, istərsə də hüquq sahəsindən olsun, fərqi yoxdur, baxış bucağı ilə seçilib, elmi mühakimələri ilə fərqlənir. Dərhal hiss olunur ki, bu məqalələri yazan yüksək peşəkar səviyyəli jurnalistdir. O, məqalələrində yazdığı hər bir sözü, hər bir cümləni sanki seçib, cilalayıb, mirvari kimi sapa düzür. Bu məqalələrdə, o cümlədən, hər bir əsərində Aydın yazdığı sözə diqqətlə yanaşıb, sözün məsuliyyətini dərk edir. Bəlkə elə bu səbəbdəndir ki, onun imzası ilə yazılmış hər bir əsər sonsuz maraq doğurur. Təbii ki, Aydının belə demək mümkünsə, yazdıqlarına qısqanclıqla yanaşanlar da var. Ancaq mən dəqiq bilirəm ki, o, bütün bunlara adi baxır. Onun yazdığı müxtəlif janrlı əsərlərə gəlincə deməliyəm ki, Aydın yüksək peşəkarlıqla yazmağı bacaran azsaylı jurnalistlərdəndir. O, yazdığı bir neçə əsərini avtoqrafla mənə hədiyyə verib və bu əsərləri oxuduqca bir daha deyilənlərin şahidi oluram.
Aydının 1997-ci ildə yazdığı "Həsən Əliyev-hakim və insan" əsərini vərəqləyirəm. O, bu əsərdə hakim Həsən Əliyevin insani keyfiyyətlərini və hakim kimi peşəkarlığını üzə çıxarmağa çalışır.
Aydın Ağazadə məhz ləyaqətli insan haqqında kitab yazaraq, onun xatirəsini əbədiləşdirmiş, gələcək nəsillərə ünvanlamışdır. Qoy bizdən sonra gələnlər bilsinlər ki, belə ləyaqətli insanlar, mətin kişilər millətimizin iftixarı olublar. Aydın Ağazadə də öz növbəsində deyilənləri çox böyük jurnalist məharəti ilə sapa düzüb, nəticədə Həsən Əliyevin dolğun obrazını yaradıb. Əsl peşəkarlıq bu deyilmi? Əlbəttə, budur. Aydında yüksək yaradıcı təxəyyül və yaradıcı təfəkkür var. Bu isə, Allahımızın ancaq sevdiyi bəndələrinə verdiyi istedaddır. O, maraqlı və rəngarəng həyat səhnələrini əsərlərində oxunaqlı, poetik və axıcı bir dildə ifadə etməyi bacarır. Həssas qəlb, çılğın ürək sahibi olan qardaşımın müəllifi olduğu əsərləri oxuduqca onun necə bacarıqlı söz sərrafı olmasına heyrət edirəm. Aydının bu səpkidə yazdığı ikinci kitab "Cəllad aman istəyir" adlanır.
Bu kitabın ön sözündə "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Aydın Ağazadəni bir neçə cümlə ilə belə xarakterizə edir: "Aydın Ağazadə mətbuata diplomu ilə deyil, istedadı ilə gələn yazarlardandır. Onu da qeyd edim ki, yaradıcılığın bu çətin sahəsinə qədəm qoyanların heç də hamısı, jurnalistikada qərar tuta, qələmini tanıtdıra, sevdirə bilmir. Aydın isə bunu bacardı. Üstəlik, hüquqşünaslar onu "özlərinki" hesab edərək öz sıralarına qatdılar..."
Aydın Ağazadə həyatda hər şeyə öz zəhməti və istedadı ilə nail olub.
Haqqında söhbət açdığımız kitab kriminal aləmdən, hüquq-mühafizə orqanları işçilərinin ayıq-sayıqlığından, onların vətənə sədaqətindən, düşmənə olan barışmazlığından bəhs edir. Əvvəlki əsərdə olduğu kimi bu kitabda da cümlələrin bədii bütövlüyü, sözlərin yerində, dəqiq deyilişi, maraqlı yazı üslubu, gözlənilməz məqamların maraqlı təsviri oxucunu cəlb etməyə bilmir.
Şübhəsiz əsl ziyalını və yazıçını həm də mühitin ona doğru müdaxiləsinə cavab reaksiyası fərqləndirir. O, tamlıqda mühitdən asılı olan insanlardan onunla seçilir ki, ətrafında baş verən hadisələrə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeyidlik göstərmir. Aydında əsl vətəndaş, ziyalı, alim, publisist, yazıçı və dramaturq üçün zəruri olan keyfiyyətlərindən cəmiyyətimiz yaxşı xəbərdardır. Dostum, sözün əsl mənasında məslək adamıdır-onun siyasi baxışları hər zaman aydın və sabitdir. O "Azərbaycan" qəzetində işlədiyi dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən hüquqi dövlət quruculuğu prosesini məqalələrində dolğun şəkildə canlandırıb, ictimaiyyətə çatdırıb. Ulu öndərin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərinin alovlu təbliğatçısına çevrilmişdi. Başqa cür ola bilməzdi.
Adı çəkilən əsərlərdə onun -ziyalı yazıçı mövqeyi də maraq doğurur. Aydının növbəti kitabı "Əbədi Selcan" adlanır. Onu da qeyd etməliyəm ki, Selcan Aydının böyük nəvəsinin adıdır. "Romanda Selcanla Oqtayın hamıya örnək ola biləcək məhəbbət macərası fonunda, müəllif, cəmiyyətimizdə olan cinayətkar ünsürlərə qarşı mübarizlik, dəyanət və cəsarət göstərən gənclərimizin ümumiləşdirilmiş prinsipial obrazlarını yaradıb. Əsər boyu oxucu ülvi məhəbbətlə sevməyi bacaran, lakin lazım gələrsə, ədalətin bərpa olunması naminə şəxsi səadətlərindən belə keçməyə hazır olan əqidəli gənclərimizlə tanış oluruq...".
Əsər müasir dövrümüzdə çoxlarının inanmadığı möhtəşəm məhəbbət abidəsidir. Əsərdə oxuyuruq: "bu dünyada heç nə əbədi deyilmiş, təkcə məhəbbətdən savayı. Səndən ayrıldığım yeddi il bu həqiqəti mənə bir daha dərk etdirdi".
Aydın Ağazadənin növbəti əsəri "Sabun köpüyü" povestidir. "Əbədi Selcan" romanında olduğu kimi bu əsərdə də yenə məhəbbətdən, həyatın daimi olmadığından, insani münasibətlərdən söhbət açılır.
Aydın nəsr əsərləri yazmaqla yanaşı, həm də peşəkar səviyyəli bir neçə dram əsərlərinin müəllifidir. Bu əsərlər mövcud dramatik qaydalara uyğun səviyyədə yazılıb desəm, heç də yanılmaram. Dostumun yazdığı ilk pyes "Baş tutmayan elçilik" adlanır. Dram əsəri özünün novellevari quruluşu, mütləq gərginliyi, konfliktin gözlənilməz məqamları, hadisələrin düzüm mexanikasına görə maraqlı və ibrətamizdir. Əsərdə adından göründüyü kimi gözlənilən elçilik baş tutmur. Baş tutmayan elçiliyin səbəb və nəticələri dramatik hadisələrin çözümündə araşdırılır. Yenə də dramatik hadisələrin mahiyyətində məhəbbət durur. Dramaturq qəti olaraq əmindir ki, hər bir insan gec və ya tez məhəbbətlə qarşılaşır. Sevdiyinlə qovuşmaq əbədi xoşbəxt olmaq, fani həyatı sevgi ilə keçirmək deməkdir.
Aydın Ağazadənin növbəti əsəri "Dahi" adlanır. Bu əsər də həm mənim, həm Aydın Dadaşovun, həm də görkəmli televiziya rejissoru, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadənin çox xoşuna gəlmişdi. Onu da qeyd etməliyəm ki, hörmətli Məhərrəm Bədirzadə Aydın Ağzadənin həm birinci, həm də ikinci əsərini çox bəyənmiş, quruluş verəcəyinə boyun olmuşdu. "Dahi" əsəri bəşəriyyəti xilas etməyə can atan bir azərbaycanlı alimin həyat və fəaliyyətindən bəhs edir. Bəşəriyyətin xilasını düşünən alim, həyatını belə təhlükəyə atmaqdan çəkinmir.
Aydının axırıncı yox, axarıncı dram əsəri "O dünyada görüşərik" adlanır. Söhbət əsnasında dostum mənə deyib ki, bu əsəri də əbədi məhəbbət, sədaqət və insani münasibətlər haqqındadır. Başqa cür ola da bilməz. Aydın Ağazadənin yazdığı hər bir əsərin ideyasında mütləq məhəbbət elementləri var. Bu əsərlərin heç birini məhəbbətsiz təsəvvür etmək mümkün deyil.
Bu yazıda Aydın Ağazadənin ömür və yaradıcılıq yoluna qısa ekskurs etdik. 60 yaşına qədəm qoymuş tələbəlik dostuma həyatda möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və çoxşaxəli yaradıcılığında uğurlar arzulayıram.
İnşallah, dostum Aydının sonrakı yubileylərində görüşmək ümidi ilə
Çingiz
ƏLƏSGƏRLİ,
Teatrşünas
və dramaturq
525-ci qəzet.-2015.-
20 fevral.- S7.