İkinci ömür xatirələrdən başlanır...

 

Deyirlər, zaman böyük loğmandır, hər bir ağrı-acının öhdəsindən gəlməyə kömək edir. Lakin bu hər zaman belə olmur. Həyatda elə insanlar var ki, onların itkisi həmişə insanı yandırır, ürəyini göynədir, zaman keçdikcə onların dəyərini daha çox anlamağa başlayırsan, yoxluğunu daha dərindən hiss edirsən. Hər il 19 fevral biz bu acını bir daha yaşayır, bir daha həyatın qədər ötəri olduğunun şahidi oluruq. Söhbət, dünyasını vaxtsız dəyişən alicənab insan, gözəl ziyalı qadın, hər zaman ifrat dərəcədə sadəliyi, eyni zamanda, kübarlığı ilə fərqlənən tanrıdan ona bəxşiş verilmiş istedadı ilə seçilən ifaçı, pedaqoq Aytəkin xanım Həsənovadan gedir.

 

Bu, bir həqiqətdir ki, insanın böyüklüyü gördüyü işlərin dəyəri zaman keçdikcə daha aydın görünür.

 

Aytəkin xanım ilk növbədə gözəl ifaçı idi. O, ifa etdiyi hər bir əsərin dərinliyinə vararaq, əsərin ruhunu, qəlbini ifadə edə bilir, müəllifin səsləndirməyə çalışdığı bütün fikirləri öz yaradıcılıq "mən"indən keçirdərək, dinləyicilərə çatdırmağa nail olurdu. Onun solo ifası həm texniki, həm bədii cəhətdən mükəmməlliyilə fərqlənirdi, müşayiətçi kimi ifası isə müfəssəl ansambl yaratmaq bacarığından xəbər verirdi. Onun repertuarına müxtəlif - həm qərb, həm Azərbaycan bəstəkarlarının əsərləri daxil idi. O, müraciət etdiyi hər bir əsəri böyük şövqlə ifa edir, bununla da sanki bəzən sözlə ifadə edə bilmədiyi həyat eşqini, öz sənətinə olan bağlılığını, duyğularını, məhəbbətini bəyan edirdi.

 

Məlum bir faktdır ki, bəzən gözəl ifaçı pedaqoq kimi özünü realizə etmək qabiliyyətinə malik olmur, öz bilik bacarığını, istedadını tələbəyə aşılaya bilmir. Aytəkin xanım isə sözün əsl mənasında həm gözəl ifaçı, həm gözəl pedaqoq idi. Gənc nəslə savad vermək, onlara bilik aşılamaq bunu çox böyük peşəkarlıqla etmək onun həyat amalı idi. Həm özünə qarşı, həm tələbələrinə qarşı tələbkar olan Aytəkin xanım çox məsuliyyətli idi. Bir gün olsun dərs buraxmazdı. Hətta xəstə olanda belə o dərslərə müntəzəm olaraq gələr, bir-bir tələbələrin ifasını dinləyər dəyərli məsləhətlərini verərdi. Bu da təsadüfi deyildi. Musiqiyə ruhən bağlılıq, fitri istedad məsuliyyət, hansı olursa-olsun, onu mükəmməllik dərəcəsinə çatdırmaq bacarığı gen yaddaşı ilə ona nəsib olmuş bir xüsusiyyət idi.

 

Pedaqoji fəaliyyəti əsasən Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti ilə bağlı olan Aytəkin xanımın bu qocaman tədris ocağında musiqi təhsilinin təşəkkülündə əməyi az deyildi. Onun elmi, pedaqoji fəaliyyət sahələrində qazandığı nailiyyətlər heç asanlıqla başa gəlməmiş, istedad zəhmətin sıx birliyindən hasil olmuşdur. Adi müəllimdən professora, kafedra müdirinə qədər yüksələn Aytəkin xanım çox təcrübəli bilikli müəllim idi. O, tələbələrinə hər zaman qayğı, eyni zamanda tələbkarlıqla yanaşır, onların mütəxəssis kimi yetişməsinə böyük önəm verirdi. Tələbələrinin dünyagörüşünün inkişafına, onların şəxsiyyət kimi formalaşmasına da diqqət yetirir, onları mütaliə etməyə, çoxlu kitab müxtəlif elmi əsərlər oxumağa, gərgin axtarışlar aparmağa, elmi - praktiki konfranslarda iştirak etməyə cəlb edirdi.

 

Aytəkin xanım tez-tez açıq dərslər, ustad dərsləri keçirdi. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə yanaşı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında da dərs deyirdi və mütəmadi olaraq, hər iki ali məktəbin tələbələrindən ibarət metodiki cəhətdən məntiqi şəkildə düşünülmüş konsertlər təşkil edərdi. Bu, bir tərəfdən tələbələrin qarşılıqlı ünsiyyətinə, əldə etdikləri təcrübələri qarşılıqlı paylaşmasına, digər tərəfdən isə onlarda yaradıcılıq azarkeşliyinin yaranmasına kömək edirdi. Bu, bir növ müəllim tərəfindən tədrisə pedaqoji cəhətdən professional yanaşmanın bariz nümunəsi idi.

 

Aytəkin xanımın pedaqoji fəaliyyəti hər zaman ifaçılıq qabiliyyəti ilə qarşılıqlı əlaqədə davam edib. O, hər dərsdə musiqini canlı şəkildə nümayiş etdirirdi. Ən vacibi odur ki, Aytəkin xanım məşğələlər zamanı müxtəlif ifaçılıq versiyalarını nümayiş etdirərək, tələbəyə seçim sərbəstliyi verirdi. O, özünün şəxsi ifaçılıq nümunəsi ilə tələbələrində piano ifaçılığına böyük məhəbbət oyadır, tələbələrin musiqi individuallığının üzə çıxmasına kömək edirdi. Hər dərsdə onun müəllim kimi verdiyi metodiki tövsiyələr çox qiymətli idi. Belə ki, ən mürəkkəb anları, ifa zamanı qarşıya çıxan texniki cəhətdən çətin məqamları asan yollarla başa salmağı bacarır, öz ifası ilə bunu nümayiş etdirir, müstəqil şəkildə hər bir çətinliyin öhdəsindən gəlmək yollarını anladırdı. Buna görə də, tələbələr onun xətrini həm nüfuzlu müəllim, həm də fərqli dəst - xəttə malik ifaçı kimi çox istəyirdilər. Tələbələrinin məhəbbətini qazanmış Aytəkin xanım isə daim onların uğurlarna sevinir, bu sevinclə yaşayır, çalışqan tələbələrinə ümid bəsləyirdi.

 

Mükəmməl erudisiya və intellektə malik Aytəkin xanım həm də alim idi. Onun elmi araşdırmaları Azərbaycan musiqi folkloruna həsr olunmuşdu. Aytəkin xanımın elmi işdə təqdim etdiyi mövzuya yeni baxış, fərqli metodoloji yanaşma prinsipləri, onun qələminə məxsus onlarla metodiki tövsiyə, proqram və müntəxəbatlar onun milli musiqi elminə öz töhfəsini vermiş bir alim olduğunu sübut edir. Aytəkin xanım bu mövzuya fərqli səpkidə yanaşmış və çox maraqlı nəticələrə gəlmişdi.

 

Onun elmi fəaliyyətinin dəyərli cəhətlərindən biriondan ibarətdir ki, irəli sürdüyü nəzəri müddəalar, fikirlər dərhal tədris prosesində metodiki tövsiyələr vasitəsilə tətbiq olunurdu. Bu gün də Aytəkin xanımın kafedrasında (biz bu günbu kafedranı "Aytəkinin kafedrası" adlandırırıq) bu ənənə davam edir. Burada ərsəyə gələn hər bir dərslik, hər bir müntəxəbat onun qoyduğu ənənənin davamı kimionun nurlu xatirəsinə həsr olunaraq, işıq üzü görür.

 

Hər zaman fikri, qəlbi, duyğuları, insanlara münasibəti saf, pak olan bu nəcib, xeyirxah insanın ruhu qoy şad olsun. Onun qoyduğu ənənələr hər zaman yaşayacaqdır. Dünyasını dəyişsə də, inanırıq ki, onun ruhu həmişə bizimlədir. Çünki insanın ikinci ömrü xatirələrdən başlanır... 

 

Ellada HÜSEYNOVA

ADMİU-nun "Musiqi sənəti" fakultəsinin dekanı, dosent

525-ci qəzet.- 2015.- 20 fevral.- S7.