“İşğal vadisi” tarixi
romanının təqdimatı olub
Fevralın 19-da Beynəlxalq Mətbuat Mərkəzində nasir, publisist, əməkdar jurnalist Yusif Kərimovun “İşğal vadisi” tarixi romanının təqdimatı olub.
AzərTAc xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov xalqımızın son 200 illik tarixinə həsr olunmuş kitabın məziyyətindən, aktual mövzuya həsr olunmasından söz açıb, əsərin tarixi əhəmiyyətini qeyd edib.
Bildirilib ki, romanda XIX-XX əsrin ictimai-siyasi hadisələri və bunların içərisində formalaşan milli oyanış tariximiz, xalqın oyanış ruhu, bütövlükdə Azərbaycanın taleyi işıqlandırılıb. Eyni zamanda, “İşğal vadisi” əsəri tariximizə müasirlik prizmasından yanaşmanı, xalqımızın yaşadığı acıların, vətən-millət dərdlərinin, fiziki-mənəvi itkilərin bugünkü ictimai-siyasi həyatımızla bağlılığını əks etdirir.
Tədbirdə jurnalistlər Şəfəq Nasir, Məzahir Süleymanzadə və başqaları çıxış edərək əsər haqqında fikirlərini söyləyiblər. Qeyd edilib ki, “İşğal vadisi” romanının əhatə etdiyi məkan və hadisələr olduqca geniş və rəngarəngdir.
Sonda Yusif Kərimov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkülünü bildirib.
525-ci qəzet.-
2015.- 20 fevral.- S7.