Xalq qəhrəmanı Qaçaq Kərəm haqqında dəyərli
mənbə
XIX əsrin II yarısında
geniş vüsət alan qaçaqçılıq
hərəkatı qəhrəmanlarından
heç biri istər rəsmi hökumət mətbuatında,
istərsə də şifahi xalq yaradıcılığında Qaçaq Kərəm və Qaçaq Nəbi kimi məşhur olmayıb.
Xüsusən Qaçaq Kərəm
canişinliyin mərkəzi
Tiflisə yaxın qəzalarda -Qazaxda və Borçalıda fəaliyyət göstərdiyindən
onun başçılıq
etdiyi hərəkat daim hökumət dairələrinin diqqət
mərkəzində olub,
Tiflis rusdilli mətbuatı
təxminən on il ərzində Qaçaq Kərəmin və onun dəstəsinin fəaliyyətini ardıcıl
izləyib. Bütün bunlar isə
Qaçaq Kərəmi
təkcə rəsmi mətbuatın deyil, həm də Azərbaycan və gürcü yazılı ədəbiyyatlarının məşhur
qəhrəmanlarından birinə
çevirib.
Qaçaq Kərəm haqqındakı
pyeslərdən danışmazdan
əvvəl o dövrün
rəsmi dövlət
mətbuatının igid
azərbaycanlı qaçağı
necə səciyyələndirdiyini
nəzərdən keçirək. Kərəmin
qorxmaz bir qaçaq kimi Zaqafqaziyada təzə-təzə
tanınmağa başladığı
dövrdə "Novoye
obozreniye" qəzeti
onu öz oxucularına təqdim edərək yazırdı:
"Son vaxtlarda belə
böyük şöhrət
qazanmış Kərəm
İskəndər oğlu
Qazax qəzası Qıraq Kəsəmən
kəndinin sakinidir, 21
yaşı var, olduqca vüqarlı və yaraşıqlıdır,
son dərəcə qoçaq,
məğrur, mütəkəbbir
və qisasını yerdə qoymayan adamdır: əla atıcı kimi tanınır".
"Droeba", "İveriya"
kimi nüfuzlu gürcü qəzetləri
də öz oxucularını ardıcıl
surətdə Qaçaq
Kərəmin fəaliyyəti,
harada və kimlərə qarşı
vuruşması ilə
tanış edirdi. "Droeba"qəzetinin xüsusilə 1885-ci ildə
çapdan çıxan
bir sıra saylarında Kərəmə
geniş yer ayrılmışdı.
Qaçaq Kərəmin bədii surətini yaratmaq üçün gürcü
yazıçılarının ixtiyarında kifayət qədər rəsmi sənəd və material var idi. Bundan əlavə,
M. Qorkinin oçerkində
də qeyd olunduğu kimi, Tiflisdə, Axalsıx,
Kutaisi, Siqnaxi, Qori, Duşeti qəzalarında
bu qorxmaz el qəhrəmanı haqqında
çoxlu əfsanə
və hekayət dildən-dilə dolaşırmış.
Kərəmin mübarizəsi, onun insan və
şəxsiyyət azadlığını
hər şeydən üstün tutması, zülmə və istismara qarşı barışmazlığı XIX əsrin sonunda gürcü ədəbiyyatını
maraqlandıran ictimai problemlərlə ahəngdarlıq
təşkil edirdi.
Ona görə də gürcü yazıçıları
həyatın tələbinə,
dövrün irəli
sürdüyü məsələlərə
cavab verən bir qəhrəman kimi Qaçaq Kərəmi hələ onun mübarizəsinin bütün kəskinliyi ilə davam etdiyi bir dövrdə
bədii ədəbiyyata
gətirdilər.
Publisist,
jurnalist və qafqazşünas Q. M. Tumanov
(Tumanişvili)1903-cü ildə
Peterburqda çapdan çıxan
"Qaçaqçılıq və Qafqazda məhkəmə islahatı"
kitabçasında Qaçaq
Kərəmi hər vasitə ilə gözdən salmağa çalışan mürtəce
rus jurnalisti K. Blyumerə layiqli cavab verirdi. Kitabçanın müəllifi
yazırdı: "Qafqazlıların
cinayət hərisliyi
barəsində, ümumiyyətlə
hər cür sensasiyalara çox həvəskar olan paytaxt qəzetlərində
şişirdilmiş söhbətlər
gedir. Azərbaycanlıların
həyatına, məişətinə,
onların əxlaqi qənaətlərinə yaxşı
bələd olan gürcü publisisti Kərəmin hərəkətini
və ümumiyyətlə
qaçaqlığını sadəcə olaraq vəhşilik kimi qələmə verməyə
cəhd göstərən
K. Blyumerin iddialarını
rədd edərək yazırdı: "İntiqam
naminə adam
öldürmək tatarların
(azərbaycanlıların -A. Y.) nəzərində cinayət deyil, yalnız borcun yerinə yetirilməsidir. Həyatını, yaxud namusunu müdafiə edərkən öz əleyhdarını öldürən
adam avropalının
da gözündə cinayətkar sayıla bilməz". Tumanovun nəzərində öz namusunu müdafiə edərkən
cinayət törədən
adamları cəmiyyətdə
bəzən qəhrəman
kimi qarşılayırlar.
Kərəm qaçaqçılığa
qurşanmazdan əvvəl
camaatın nəzərində
məhz belə bir qəhrəman idi; o, qohumlarına qarşı ədalətsiz
münasibətə görə
qisas alırdı.
Gürcü-Azərbaycan ədəbi əlaqələrinin
tədqiqi sahəsində
gürcü yazıçılarının
yaradıcılığında Azərbaycan mövzusunun öyrənilməsi mühüm
əhəmiyyət kəsb
edir. Çünki bu, xalqlarımızın
bir-birinə dərin məhəbbətinin bədii
ədəbiyyatda ifadəsi
kimi tədqiqatçılarda
böyük maraq doğurur. Gürcü ədəbiyyatı Azərbaycan mövzusundakı
əsərlərlə o qədər
zəngindir ki, bu sahədə hər bir ciddi
axtarış bəhrə
ilə nəticələnir.
Keçən əsrin ikinci yarısında gürcü
yazıçılarının ən çox müraciət etdikləri
mövzulardan biri qaçaqlıqdır.
Azərbaycanlı qaçaqların mərdliyi,
igidliyi ədəbiyyat
üçün gözəl
mövzu olub. Təsadüfi deyil ki, M.Təhmasib
tarixi qəhrəmanlıq
dastanlarının bir
növünü də
qaçaq dastanları
adlandırıb.
Qaçaqlıq XIX yüzillikdə xalqın mənafeyi uğrunda mübarizə forması kimi meydana çıxmışdı. Gürcü publisisti
Q. Qviniaşvili Qafqazda
qaçaqlığın meydana
gəlməsi səbəblərinə
aid "İveriya"dakı məqaləsində qaçaqlığın
"əsarətə, istismara
qarşı, ədalət
uğrunda mühüm
mübarizə forması"
olması qənaətinə
gəlmişdi. O dövrdə
çarizmin kəndli
kütlələrinin hüquqlarını
tapdaması nəticəsində
Zaqafqaziyada kəndlilərin
azadlıq hərəkatı
genişlənmişdi. Bu hərəkat Azərbaycan
xalqı arasında daha geniş yayılmışdı.
Tiflisdə rus və gürcü dillərində
nəşr olunmuş
dövri mətbuat materialları, arxiv sənədləri, eləcə
də folklor nümunələri aydınlaşdırır
ki, XIX yüzilliyin axırlarına yaxın öz igidliyi ilə xalq arasında
daha çox şöhrət qazanan, bədii obrazı daha çox canlandıran el qəhrəmanlarından
biri məhz Qaçaq Kərəm idi. 1885-ci ildə
"Narodnaya volya"
jurnalı "məşhur
Kərəmin dəhşətli
tufana döndüyünü"
qeyd etmişdi. Maksim Qorki də haqlı
olaraq onu "Əfsanə və nağıllar qəhrəmanı,
ədalət mücəssəməsi"
adlandırmışdır. Kərəm barədə indinin özündə belə xalq arasında çoxlu maraqlı hadisə, rəvayət danışılır. El sənətkarları mərd,
şücaətli qəhrəmanı
öz nəğmələrində,
dastanlarında onu vəsf ediblər. Qul Vəli, Qəmli Hüseyn və başqa el şairləri onunla bağlı dastanlar, şeirlər, nəğmələr
qoşublar, məşhur
aşıq Hüseyn Saraçlı Qaçaq Kərəm barədə dastanlar, nəğmələr
söyləyib.
Qaçaq Kərəmin qəhrəmanlığı yazıçı və şairlərin diqqətini hələ onun öz dövründə cəlb etmişdi. Kərəmin geniş ad-san qazanması, qəhrəmancasına mübarizə aparması rus müəllifləri (M. Qorki, D. Kozlovski, V. Kazanovski, S. Filippov və b.) ilə bərabər, gürcü xalqının bədii söz ustalarına da ilham verib. Anton Purtseladze, Georgi Amilaxvari, Vasili Barnov, Georgi Tumanişvili gürcü dilindəki bədii və publisistik əsərlərində Qaçaq Kərəmdən böyük həvəs və məhəbbətlə bəhs ediblər. Bunların içərisində V.Mçedlişvilinin dördpərdəli Qaçaq Kərəm pyesi daha çox məşhurlaşıb. Bu əsər Hüseynbəy Mirzəcamalov tərəfindən tərcümə edilərək bir neçə dəfə Tiflisdə, Bakıda, Gəncədə Azərbaycan dilində tamaşaya qoyulub. "Droeba" qəzeti yazırdı ki, konservatoriyanı bitirmiş bir nəfər qadın Qaçaq Kərəm haqqında opera hazırlayır. M. Qorki qeyd edirdi ki, Tiflisdə, Kutaisi, Axalsıx, Siqnax, Qori, Duşet qəzalarında Kərəmə həsr olunmuş onlarca rəvayət və əhvalat dinləyib.
Qaçaq Kərəmlə əlaqədar indiyədək bəzi oxucular üçün naməlum qalan qiymətli bir ədəbi mənbəni oxuculara çatdırmaq istəyirəm. 1886-cı ildə gürcü dilində nəşr olunan kitablardan birinin tam adı belədir: "Qaçaği Kiarima. Leksi Qomelisa da sxva leksebi" ("Qaçaq Kərəm. Qomelinin şeiri və başqa şeirlər"). Ekvtime Xeladzenin mətbəəsində çapdan buraxılan bu kitab gürcü oxucularının, gürcü ictimaiyyətinin Azərbaycan xalqının mərd qəhrəmanına dərin məhəbbət bəslədiklərini sübut edir. Kitab Qomelinin Qaçaq Kərəmə həsr etdiyi şeirlə açılır. Müəllif öz şeirini "Qaçaq Kərim" adlandırıb. Məlumdur ki, M. Qorki də onu Kərim deyə xatırlayıb. O dövrün qəzet və jurnallarının səhifələrində də o, Kərim kimi təqdim olunub. V.Mçedlişvilinin Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanan pyesinin də adı "Qaçaq Kərim"dir.
Ancaq məlumdur ki, bu el qəhrəmanı Qaçaq Kərəm kimi daha çox məşhurlaşıb və bu səbəbdən biz də onu Kərəm kimi veririk.
Müəllif barədə qısaca məlumat: Qomeli təxəllüslü bu müəllif dövrünün tanınmış publisist və şairi olub. O, "Droeba", "İveriya" qəzetlərində, "Teatri", "Kvali" jurnallarında və digər mətbu orqanlarda müxtəlif səpgili yazıları və şeirləri ilə çıxış edib. Onun "Qaçaq Kərəm"dən başqa daha bir neçə kitabı çap olunub.
Azərbaycan ədəbiyyatşünaslığı üçün xüsusi əhəmiyyətə malik olan bu kitabdakı "Qaçaq Kərəm" şeiri iki hissədən ibarətdir. Birinci hissədə üç bənd var. Burada İlya Çavçavadzenin bir bənd şeiri epiqraf seçilib.
İkinci
hissədə isə
on beş bənd vardır. Bu hissə qəhrəmanın
öz dilindən verilib. Şeirdə Qaçaq Kərəm
mərd, cəsur,
"varlıların düşməni,
qənimi", "yoxsulların
havadarı, pənahı"
kimi vəsf edilir. Yuxarıda qeyd etdiyimiz
kimi əslən Qazax qəzasının Qıraq Kəsəmən
kəndindən olan Qaçaq Kərəm (Kərəm İsgəndər
oğlu Mollazalov) atasının 1884-cü ildə
yerli bəylər tərəfindən öldürülməsindən
sonra qaçaqlığa
başlayıb. Bu şeirdə Kərəm öz atasının qisasını almaq ehtirası ilə alışıb yanan bir qəhrəman kimi verilir. Həmin şeirin böyük elmi əhəmiyyətini nəzərə alaraq onu oxuculara təqdim
edirik.
Almaz YURDSEVƏR
525-ci qəzet.-
2015.- 20 fevral.- S7.