"Biz dinlər arasındakı düşmənçiliyi rədd edirik"

 

Küveyt Dövlətinin Azərbaycandakı səfiri Səud Əbdüləziz əl-Ruminin "525"ə müsahibəsi.

 

 

- Cənab səfir, qarşıdan Küveyt Dövlətinin milli bayramı gəlir. Bu münasibətlə sizi təbrik edirik. Bu günün Küveyt Dövlətinin xalqının həyatında əhəmiyyəti barədə deyə bilərsiniz?

 

- Küveyt Dövləti xalqı hər il 25 fevral tarixində iki bayramı eyni gündə qeyd edir. Bu bayramlardan biri Küveytin Milli istiqlaliyyət günü,  digəri isə Azadlıq günüdür. Biz bu il istiqlaliyyət gününün 54, Azadlıq gününün isə 24-cü ildönümü qeyd edirik. Xüsusilı ikinci bayram haqqında demək istəyirəm ki, Azadlıq bayramı Küveyt Dövlətinin Səddam Hüseynin işğalından azad olunması günüdür. Küveyt ötən əsrin 90- ilində 7 ay Səddam Hüseynin, İraqın əsarəti altında qaldı. O tarixdən başlayaraq  biz işğaldan azad olunduğumuz günü Milli istiqlaliyyət bayramı ilə birləşdirib birgə qeyd edirik.

 

- Küveyt-Azərbaycan münasibətləri baxımından ötən ili necə xarakterizə edərdiniz? Bu il iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri hansı sahələr olacaq?

 

- Azərbaycan Küveyt arasında əlaqələr çox gözəldir, əla səviyyədədir. İldən-ilə əlaqələrimiz daha da inkişaf edir, irəliləyir. Biz həmişə əsas diqqəti iqtisadi əlaqələrə yönəltmişik. Bizim əlaqələrimizdə xüsusi əhəmiyyət kəsb edən daha bir sahə turizmdir. Küveytdən Azərbaycana səfər edən turistlərin sayı da getdikcə artmaqdadır. Xüsusilə yay aylarında küveytlilər Azərbaycana gəlməyə üstünlük verirlər. Ötən ilin məlumatına görə, bura gələn turistlərin sayı 750 nəfərə çatıb. Küveytli turistlər Qəbələ rayonunu daha çox sevirlər. İndi Bakıda Küveytdə özəl turizm bürosu açılıb. Həmin büro bir küveytli adamı tərəfindən açılıb   turistlərin səfərlərini təşkil edir. Elektron viza alınması da çox asanlaşıb. İnanırıq ki, bu il turistlərin sayı daha da artacaq.

 

- Bəs azərbaycanlı turistlər necə, Küveytə səfər edirlərmi?

 

- Azərbaycanlılar da turist kimi Küveytə gedirlər, amma deyim ki, onların sayları hələ ki, azdır. Biz azərbaycanlı turistlərin Küveytə gəlməsindən yalnız şad olardıq, onları qarşılamağa hər zaman hazırıq.

 

- Siz vacib sahələrdən biri kimi iqtisadi sahəni qeyd etdiniz.  Eyni zamanda daha əvvəl söhbətimiz zamanı investisiyaların qoyuluşunun əhəmiyyətini vurğulamışdınız. Bu sahələrdə  hazırda vəziyyət necədir?  İş adamları arasında əlaqələrin təşviq edilməsi, qarşılıqlı investisiyaların qoyulması üçün hansısa konkret layihələrin həyata keçirilməsi planlaşdırılıbmı?

 

- İqtisadi əlaqələrdə özəl sektor daha fəaldır. Xüsusilə son zamanlar çox yaxşı bir təşəbbüs oldu. Küveytli adamlarından biri Azərbaycandan Küveytə şirə ixracatı ilə məşğul olur. O, paytaxtda xüsusi bir satış mərkəzi açıb. Bu işdə Azərbaycan səfirliyinin dəstəyi olub. Orda Azərbaycanda istehsal olunan  bütün şirə növləri  nümayiş etdirilir satılır. Küveytli adamlarından biri burdan mərmər ixracatı ilə məşğul olmaq istəyir, birbaşa əlaqələr olmadığına görə, çox güman ki, bu əməliyyat İran vasitəsilə həyata keçiriləcək. Azərbaycanda nemətlər çoxdur. Burada hər iki ölkənin adamlarının qarşılıqlı səfərləri vacibdur. Yəni bu səfərlər zamanı onlar bu nemətlərə görə, əlaqələr qurub, birgə çalışa bilərlər.

 

-Yeri gəlmişkən, qarşılıqlı səfərlərin, o cümlədən, turistlərin sayının artması üçün birbaşa hava əlaqəsinin olması vacibdir. Bu istiqamətdə hər hansı müzakirələr aparılırmı?

 

- Bu sahədə danışıqlar aparılır. Hazırda Küveyt-Qəbələ birbaşa reysinin açılması gündəmdədir.  Artıq Küveyt Dövləti hava reysinin açılmasına razılıq verib bu istiqamətdə bəzi işlər görülüb. Biz indi Azərbaycan tərəfinin razılığını gözləyirik. Küveytdə təyyarə çatışmır, ona görə bununla məşğul olan adamı həm uçuşların təşkili üçün təyyarənin icarəsi üzərində işləyir. Reyslərin həftədə iki dəfə həyata keçirilməsi gözlənilir. Məsafə isə cəmi 1 saat 50 dəqiqədir. Əminəm ki, birbaşa hava əlaqəsindən sonra turistlərin sayı daha da artacaq. Reyslərin qiyməti digər xətlərə nisbətən daha ucuz olacaq. Onu da qeyd edim ki, bu işin təşəbbüskarı olan şəxsin həm Qəbələ şəhərində yatırımları var.

 

-Cənab səfir, Küveytin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyi necədir?

 

- Əmin ola bilərsiniz ki, Küveyt Dövləti Dağlıq Qarabağ məsələsində Azərbaycanladır. Biz hər zaman Dağlıq Qarabağ münaqişəsinin BMT qərarları çərçivəsində həllini dəstəkləmişik. Biz müharibənin əleyhinəyik, münaqişələrin sülh danışıqları yolu ilə, BMT qərarları, beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıyıq. Küveyt həmişə BMT qərarlarına hörmətlə yanaşıb, BMT qərarları isə Azərbaycanın mənafeyinə cavab verir.

 

- Cənab səfir, bu il ərzində iki ölkə arasında başqa kimi yeniliklərin olması gözlənilir? Mədəniyyət sahəsində hansısa layihənin reallaşdırılması nəzərdə tutulubmu?

 

- Bu il münasibətlərimizin inkişafı baxımından yaxşı bir il olacaq. May ayında Küveyt şəhərində Küveyt-Azərbaycan birgə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. İclasda iki ölkə arasında əməkdaşlığın geniş spektrini əhatə edən məsələlər müzakirə olunacaq. Bu komissiyanın sonuncu iclası iki il əvvəl Bakıda keçirilib. Onu da deyim ki, hökumətlərarası komissiyalara Azərbaycan və Küveytin xarici işlər nazirləri sədrlik edirlər.

 

Mədəniyyət sahəsinə gəlincə, Küveyt və Azərbaycan arasında bir neçə il bundan əvvələ kimi çox sıx mədəni əməkdaşlıq olub. Hər iki ölkədə qarşılıqlı olaraq mədəniyyət günləri keçirilib. Küveyt mədəniyyət xadimləri Bakıda çox maraqlı proqramla çıxış etdilər, bu tədbirlər hər iki tərəfdən çox müsbət qarşılandı. İndi son zamanlar bu istiqamətdə aparılır, çox güman ki, mədəni əlaqələrimiz yeni müstəvidə daha fəal şəkildə bərpa olunacaq.

 

- Bu gün bir çox Qərb dövlətlərində İslam dini, onun müqəddəs şəxslərinə qarşı hörmətsizliyi müşahidə edirik. Bunu söz azadlığı kimi qələmə vermək nə dərəcədə doğrudur?

 

- Biz  bu cür yanaşmaların qəti əleyhinəyik. Bütün dinlərin müqəddəs şəxsiyyətlərinə qarşı bu cür hörmətsizliyə qarşı çıxırıq. Biz başqa dinlərə hörmət edirik və istəyirik ki onlar da bizim dinimizə hörmət etsinlər. Bu baş verənlər islam dininə qarşı olan hörmətsiz hərəkətlərdir və bizim tərəfimizdən qətiyyən qəbul olunmur. Lakin hesab edirəm ki, buna cavab da adekvat olmalıdır, yəni sözlə, dialoqla. Terrorla, zorakı yolla cavabı rədd edirik. Məsələn, Fransada bir müddət əvvəl baş vermiş hadisəni götürək.  Fransa azad bir ölkədir, karikatura problemini onu çəkənin məhkəməyə verilməsi yolu ilə həll etmək olardı. Biz bütün dinlər arasında dialoqun, qarşılıqlı anlaşmanın tərəfdarıyıq, onlar arasında hər hansı düşmənçiliyi rədd edirik.

 

- Cənab səfir, İŞİD terror qruplaşması bu gün demək olar bütün dünya üçün təhlükəyə çevrilib, Küveyt Dövlətinin bununla bağlı mövqeyi necədir?

 

- Biz İŞİD-i islam hadisəsi, islam təşkilatı  hesab etmirik, müsəlman müsəlmanı öldürməz, müsəlman ümumiyyətlə, insan öldürməz. Biz terrorun əleyhinəyik, onların bütün əməlləri islamda haramdır. İordaniyalı pilotun yandırılması, yapon jurnalistlərin öldürülməsi, misirli əməkçilərin qətlə yetirilməsi, baş kəsmələr, qadınlara qarşı hörmətsizlik, təcavüz kimi hadisələr islamda qəti şəkildə rədd edilir. İslam düşmənləri bu cür təşkilatları maliyyələşdirməklə islam dinini zəiflətməyə çalışırlar.

 

PƏRVANƏ

525-ci qəzet.- 2015.- 20 fevral.- S5.