"Bizi düşündürən
başlıca məsələ internet mediada peşəkarlığın
səviyyəsidir"
ƏFLATUN AMAŞOV: "GÜN ƏRZİNDƏ İZLƏNMƏ SAYI 1000-dən AZ OLAN SAYTLAR MƏTBUAT ŞURASINA ÜZVLÜK ÜÇÜN MÜRACİƏT EDƏ BİLMƏZLƏR"
Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov
"Report" İnformasiya Agentliyinə müsahibə verib.
Müsahibəni təqdim edirik.
- Ötən
ili Azərbaycan jurnalistikası üçün necə dəyərləndirirsiz?
-
2014-cü ili Azərbaycan jurnalistikasının inkişafı
baxımından uğurlu il adlandırmaq mümkündür.
Əslində, hər ötən il mediamız nələrisə
qazanır. Sadəcə, ola bilər, proseslər ləng gedir.
Yəni, gözlədiyimiz tempə uyğun gəlmir.
Başladığımız elə işlər də var ki,
onların faydalı cəhətləri perspektivdə
özünü daha qabarıq göstərəcək. Bu mənada,
ilk növbədə ali məktəblərin Jurnalistika
fakültəsinə qəbul qaydalarında dəyişikliklərin
edilməsini vurğulamaq istərdim. Özlüyündə
mütərəqqi əhəmiyyət daşıyan bu prosedur
jurnalistikaya həqiqi marağı olan şəxslərin sahəyə
axınını şərtləndirəcək. Bu, son dərəcə
mühüm amildir.
Təbii
ki, problemlərimiz də yox deyil. Qəzet yayımı sahəsindəki
rentabelliyin azlığından, peşəkarlığın
zəifliyindən tutmuş internet media ilə bağlı
çətinliklərə qədər bir çox cəhətləri
sıralamaq mümkündür. Ancaq biz problemləri kifayət
qədər aydın görürük və daim gündəmdə
saxlayırıq. "Biz" deyərkən, yalnız Mətbuat
Şurasının fəaliyyəti üzərində dayanmaq
istəməzdim. Ümumən jurnalistika öz problemlərinə
münasibətdə həssasdır. Ümumilikdə, yenə
də deyirəm, 2014-cü ildə də mediamız irəliyə
doğru növbəti addım atıb.
-
"Qasid" yayım firmasının bağlanmasından
sonra qəzetlərin satış tirajı aşağı
düşüb. Qəzet satışının
artırılması üçün tədbirlər
görülürmü? Görülürsə, effekti
varmı?
- Qəzet
satışı ilə bağlı məsələ ötən
ilin aprel ayından başlayaraq aktuallaşmağa
başladı. Məlumdur ki, buna səbəb metro stansiyalarında
satışın dayandırılması idi. Həmin vaxt Mətbuat
Şurası mövcud istiqamətdə bir sıra qurumlarla təmaslar
qurdu. Şuranın qəzet yayımının vəziyyətini
araşdıran komissiyanın üzvləri paytaxtın
müxtəlif yerlərindəki köşklərin yerləşməsinə
dair vəziyyəti araşdırdı. Məlum oldu ki, qəzet
köşklərinin sayı azdır. Bakıdakı yeni
köşklərdə qəzet satışını həyata
keçirən "Əks-səda" firmasının rəhbərliyi
ilə danışıqlar nəticəsində belə məntəqələrin
sayı çoxaldıldı. Hazırda mövcud sahədəki
durumu tam qənaətbəxş olmasa da, qismən stabil qiymətləndirmək
mümkündür. Məsələ diqqətimizdədir.
- Mətbuat
Şurasına edilən şikayətlərlə bağlı
daha çox hansı tədbirlər görülür?
KİV-lərin adları daha çox "qara siyahı"ya
salınır, yoxsa məsələlər əsasən xəbərdarlıqlarla
həll olunur?
-
Şikayətlər Şuranın prosedur fəaliyyət
istiqamətlərinə uyğun olaraq
araşdırılır. Əvvəl Katiblikdə
baxılır, sonra komissiyalara yönləndirilir, daha sonra
İdarə Heyətində baxılaraq konkret qərarlar qəbul
edilir. Bu zaman materialları şikayət doğuran kütləvi
informasiya vasitəsinin hər birinə şikayətin motivindən
asılı olaraq yanaşılır.
2014-cü
ildə Şuraya ümumilikdə 588 müraciət daxil olub.
Onlardan 320-si bilavasitə kütləvi informasiya vasitələrində
gedən materiallardan şikayətdir. Şura Katibliyi 320
şikayətlə əlaqədar tərəfləri
Şuraya dəvət edib. Bu mərhələdə 168 məsələ
Katiblikdə həllini tapıb, tərəflər arasında
anlaşma əldə olunub. Digər 152 halda şikayətçi
və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən
məsələlər və onlarla bağlı
toplanmış materiallar baxılmaq üçün
Şuranın müvafiq komissiyalarına təqdim edilib.
2014-cü
ildə Şuraya daxil olan şikayətlərin 152-si
komissiyalarda araşdırılıb. Bunlardan 98-i Şikayətlər
üzrə Komissiyada, 54-ü "Reket jurnalistika"ya
qarşı mübarizə Komissiyasında araşdırılıb.
Şikayətlər
üzrə Komissiyada baxılan 98 məsələdən 70-i
komissiya səviyyəsində həllini tapıb. Digər 28 məsələ
barədə çıxarılan rəylər qərar qəbulu
üçün Şuranın İdarə Heyətinə təqdim
edilib.
"Reket
jurnalistika"ya qarşı mübarizə Komissiyası tərəfindən
araşdırılan 54 şikayətdən 7-si barədə təqdimat
verilərək yekun qərarın qəbulu üçün
Şuranın İdarə Heyətinə təqdim edilib.
Beləliklə,
Şuranın İdarə Heyəti 2014-cü ildə
ümumilikdə 31 qərar çıxarıb. Bu zaman
Şikayətlər üzrə Komissiyanın 28 rəyindən
26-sı, "Reket jurnalistika"ya qarşı mübarizə
Komissiyasının isə 7 təqdimatından 5-i əsas
götürülüb.
Mətbuat
Şurasının qərarlarının 28,2 faizi cavabdeh
KİV-nin təkzib verməsini, 26,5 faizi qarşı tərəfin
mövqeyinin işıqlandırmasını, 24,3 faizi təkzib
və üzr istəməsini, 14 faizi xəbərdarlığı,
7 faizi isə "qara siyahı"ya salınmasını nəzərdə
tutur. Ancaq barəsində şikayət olan KİV-lərin
çox hissəsində media fəaliyyətindən sui-istifadə
meyilləri var. Sadəcə,
"qara siyahı"ya salınma ən sonuncu ictimai
qınaq vasitəsidir.
-
Hazırda Mətbuat Şurasının "qara
siyahı"sında neçə KİV-in adı var?
-
"Qara siyahı"dakı KİV-lərin hazırkı
sayı 81-dir. Əslində, bu rəqəm daha çox ola bilər.
Əvvəla, apardığımız araşdırmalara
görə, peşə fəaliyyətindən sui-istifadəyə
yol verən KİV-lərin sayı daha çoxdur ki,
onların heç də hamısı barədə Şuraya rəsmi
şikayətlər daxil olmur. Yalnız ayrı-ayrı şəxslər
istər zəng edərək, istərsə də müxtəlif
təmaslarda bir sıra KİV-lərin adlarını çəkirlər,
narazılıqlarını şifahi şəkildə
bildirirlər. Mətbuat Şurası belə məqamları
da diqqətdə saxlayır. Ancaq proseduru həyata keçirmək
üçün konkret şikayət olmalıdır. Ümumən
"reket jurnalistika" hələ də bir poblem kimi
aktuallığını saxlamaqdadır.
Digər
tərəfdən, iki il öncə Mətbuat Şurası
"qara siyahı"da yer almış bəzi KİV-lərin
Şuraya siyahıdan çıxmaqla bağlı müraciətlərini
araşdırdı. Bir sıra KİV-lər fəaliyyətində
dönüş yaratdıqları nəzərə alınaraq
siyahıdan çıxarıldı. Amma ötən müddətdə
onların heç də hamısı gözləntiləri
doğrultmadı. Belələrinin Şuranın ən sərt
ictimai qınaq metodu ilə yenidən üzləşəcəyi
istisna deyil. Bu mənada "qara siyahı"dakı KİV-lərin
sayı arta bilər.
- Bir
müddət əvvəl Mətbuat Şurasına
üzvlüklə bağlı yeni qaydalar qəbul ediləcəyi
açıqlandı. Yeni qaydalar nə vaxt qəbul ediləcək
və orada hansı məhdudiyyətlər nəzərdə
tutulur?
- Mətbuat
Şurasına üzvlük qaydaları ilə bağlı
İdarə Heyətində müzakirələr
keçirildi. Sənəd əsas kimi qəbul edildi. Sadəcə,
orada bəzi əlavə və dəyişikliklərin
aparılmasının vacibliyi də vurğulandı və
hazırda mövcud istiqamətdə iş
aparılmaqdadır.
Öncə
üzvlük üçün olan tələbləri
sıralamaq istərdim. Bunlar Azərbaycanda hüquqi şəxs
və vergi ödəyicisi kimi müvafiq qeydiyyatdan keçməkdən,
azı 2 il fəaliyyət göstərməkdən, əməkdaşlarının
sayı 3 nəfərdən az olmamaqdan ibarətdir. Eyni zamanda,
üzvlük üçün müraciət edən media
qurumu barədə son 1 il müddətində Şuraya
haqlı şikayət məktubu da ünvanlanmamalıdır.
Məhdudiyyətlərə
gəlincə, peşə prinsiplərinin pozulmasına dair barələrində
Şuranın qərarı olan media qurumları həmin qərarın
qəbul edildiyi gündən sonrakı 1 ildən tez
üzvlük üçün müraciət edə bilməzlər.
Həmçinin, adları Şuranın peşə prinsiplərinə
etinasız yanaşan, onları mütəmadi pozan kütləvi
informasiya vasitələri üçün müəyyənləşdirilmiş
"qara siyahı"sında yer alan media qurumlarının
müraciətinə də baxılmayacaq. Fəaliyyət
mütəmadiliyi davamlı şəkildə pozulan media
qurumlarının üzvlüyünə yol verilməyəcək.
Məsələn, deyək ki, hansısa qəzet həftəlik
nəşr olaraq qeydiyyatdan keçibsə, ancaq aylarla fəaliyyət
göstərmirsə, Şuraya üzv ola bilməz. Əslində,
buna qədər də qeyd etdiyimiz məhdudiyyətlər tətbiq
edilirdi. Sadəcə, indi məsələ bir qədər də
təkmilləşdirilib. Konkret olaraq göstərilib ki,
tirajı 1000-dən aşağı olan qəzetlərin, 500-dən
aşağı olan jurnalların Şuraya üzvlüyü
yolverilməzdir.
Qeyd edim
ki, son zamanlar Mətbuat Şurasına üzv olmaq istəyən
internet media vasitələrinin sayı artıb. Qaydalardakı
məhdudiyyətlərin önəmli qismi məhz onlarla
bağlıdır. Materiallarının beynəlxalq sayğac
sistemlərinə əsasən bir günlük izlənmə
sayı (unikal İP) 1000-dən az olan informasiya agentlikləri
və onlayn informasiya portalları üzvlük
üçün müraciət edə bilməzlər.
-
İnternet KİV-nin ənənəvi qəzetləri
sıradan çıxarması barədə zaman-zaman
açıqlamalar verilir. Sizin bu yöndə düşüncələriniz
nədən ibarətdir?
- Təbii
ki, internet medianın təşəkkül tapması texnoloji
yeniliyin nəticəsidir. Ola bilər ki, müəyyən
müddətdən sonra informasiya materialı kimi kağıza
ümumiyyətlə müraciət edilməsin. Ancaq hesab edirəm
ki, yaxın perspektiv üçün bunu gözləmək
olmaz. Yəni internet medianın ənənəvi medianı tam
şəkildə sıradan çıxaracağını
düşünmürəm.
Bizi
düşündürən başlıca məsələ
internet mediada peşəkarlığın səviyyəsidir.
İnternet hüquqi cəhətdən tənzimlənmədiyindən,
internet medianın da hüquqi statusu müəyyənləşdirilmədiyindən
sahəyə peşəkarlarla yanaşı, dilletantların
da axın göstəriciləri kifayət qədər
yüksəkdir. Bu isə fəsadlar doğurur. Elə bilirəm
ki, media ictimaiyyəti olaraq qarşımızda duran
başlıca vəzifə həmin fəsadların cəmiyyətə
ağrı-acılar yaşatmasının
qarşısını almaqdır.
- Bir
müddət əvvəl jurnalistlərə bir sıra güzəştləri
(xaricdə muzeylərə pulsuz giriş, xaricdə və
ölkə daxilində nəqliyyatdan güzəştli istifadə
və.s) nəzərdə tutan "sarı kart"ların
verilməsi növbəti dəfə gündəmə gəldi.
Bu məsələnin nə vaxt
reallaşdırılacağını
planlaşdırırsınız? Ümumiyyətlə, məsələ
niyə ləngiyir?
- Bu məsələ demək olar, Mətbuat Şurası yaranandan gündəmdədir və daha çox media ictimaiyyətinin arzu və istəklərinin nəticəsi olaraq meydana çıxır. Əlbəttə, jurnalistlərin bu və ya digər şəkildə imtiyazlı təbəqə olması vacibdir. Ancaq bu imtiyazlar tətbiq edilərkən bir sıra məqamlar nəzərə alınmalıdır. İlk növbədə hüquqi mexanizm formalaşmalıdır. Azərbaycanda qeydiyyatdan keçən KİV-lərin sayı 5 minə yaxındır. Ancaq onların heç də hamısı üzərinə düşən missiyanı yerinə yetirmir. Bir çoxunun fəaliyyəti isə sui-istifadə mahiyyəti daşıyır. Elə KİV-lər var ki, ayda bir dəfə çıxmadığı halda vəsiqəsini daşıyanların sayı 20-30-dur. Əgər imtiyazlar tətbiq ediləcəksə, bu, müəyyən qanuna əsasən baş verəcək. Qanun isə vahid təbiətə malikdir. Bu halda imtiyazları hamıya şamil etmək zərurəti yaranacaq. Amma bu yolverilməzdir. Ona görə də hesab edirəm ki, imtiyazlar tətbiq edilsə belə, proses əsaslı tənzimləmələr aparıldıqdan sonra reallaşmalıdır.
- İki il əvvəl dövlət hesabına tikilən 156 mənzilli bina jurnalistlər arasında bölüşdürüldü. Bu il də jurnalistlərə ev verilməsi gözlənilir. Evlərin bölgüsü zamanı hansı meyarlar əsas götürüləcək?
- 2013-cü ildə mənzillərin bölgüsü prosedurunun gerçəkləşdirilməsi Mətbuat Şurasına həvalə olundu. Şura konkret prinsiplər müəyyənləşdirdi və sənəd qəbulu da həmin prinsiplərə əsasən həyata keçirildi. Hələlik bu məsələnin necə reallaşdırılacağı dəqiqləşməyib. Əgər Azərbaycan dövləti bölgüdə medianın özünütənzimləmə qurumu kimi Mətbuat Şurasına etimad göstərsə, Şura üzərinə düşən vəzifəni yerinə yetirəcək.
- Əflatun müəllim, Azərbaycan Milli Mətbuatı ilə əlaqədar filmlərin çəkilişi ilə bağlı məsələ nə yerdədir?
- Hesab edirəm ki, ötən il Mətbuat Şurası mövcud istiqamətdə kifayət qədər məhsuldar fəaliyyət göstərib. Azərbaycan mətbuatı, bütövlükdə ictimai fikir tarixində mühüm rolu olan tarixi şəxsiyyətlərlə bağlı sənədli filmlər ərsəyə gəldi, təqdimatlar reallaşdırıldı. Bu iş davam etdirilir.
525-ci qəzet.-
2015.- 20 fevral.- S4.