Maarif və mədəniyyət tariximizdəki
silinməz imzalar – Ünsizadə qardaşları
Türk dünyasının mətbuat tarixində vaxtilə
– Bakıdan əvvəl – Azərbaycanın paytaxtı olan
Şamaxıda dünyaya göz açmış Ünsizadə
qardaşlarının əvəzsiz xidmətləri var.
Ünsizadələr üç qardaş idilər. Şamaxı
mədrəsəsində müəllim işləyən,
klassik üslubda “Ünsi” təxəllüsi ilə şeirlər
yazan və bu yazıları ilə Şamaxı ədəbi
mühitində özünə layiqli yer tutan Əbdürrəhman
əfəndi oğlanlarına yaxşı adlar
seçmişdi. Böyüyün adı
Səid idi. Ata ortancıl oğluna Cəlaləddin,
lap kiçiyinə isə Kamal adı vermişdi.
Qardaşlardan
böyüyü Səid əvvəlcə Şamaxıda,
sonra isə Şərq ölkələrində oxumuş, ali dini təhsil alandan sonra Şamaxıya
qayıtmış, məktəbdarlıqla məşğul
olmuş, bir müddətdən sonra – 1870-ci ildə, igamətgahı
Şamaxıda yerləşən Bakı Quberniyası
Əhli-Təsənni idarəsinə üzv
seçilmişdi. Sonralar M.F.Axundzadənin yaxın
dostlarından biri olan Əbdülhəmid Əfəndi
Zaqafqaziya müftisi seçilərək, Tiflisə gedəndən
sonra, Səid Ünsizadə Bakı qubernatoru D.Staroselskinin əmri
ilə Şamaxı qazısı və Ruhani İdarəsinin
sədri vəzifəsinə təyin olunur. S.Ünsizadə
bu vəzifədə işləyərkən həm öz vəzifə
borcunu ləyaqətlə yerinə yetirir, həm də maarif və
mədəniyyət məsələləri ilə ciddi məşğul
olur, Bakı qubernatorunun hüsn və rəğbətini
qazanır. Onun bu istiqamətdəki ən
önəmli işi 1874-cü ildə D.Staroselskinin icazəsi
ilə yaradılan Şamaxı “Məclis məktəbi” idi.
Bu məktəb adı pedaqogika tariximizə
düşən məktəblərdəndir. “Məclis məktəbi” yeni tipli təhsil
ocaqlarından idi. Quberniyanın digər məktəblərindən
fərqli olaraq, burada şagirdlərin
sağlamlığına da, təhsil və tərbiyələrinə
də fərqli yanaşma var idi. Şagirdlər skamyada
oturur, yazılar yazı lövhəsində yazılır, ana
dili ilə yanaşı, burada ənənəvi Şərq
dilləri keçirilir, müəllimlər dərslə
yanaşı, dərslik və müxtəlif risalə və
kitabçaların yazılmasında fəallıq göstərirdilər.
Təkcə bu faktı göstərmək gərəkli
görünür ki, bu məktəbdə işləyən
müəllimlər XIX əsrin 80-ci illərində Azərbaycan
dilində uzun müddət məktəblilərin oxu və dərslik
kitabları kimi tanınan bir neşə mükəmmməl əsərin
müəllifləridir.
1876-cı ildə Səid Ünsizadəni Tiflisə –
dövlət əhəmiyyətli bir layihənin
hazırlanması işinə çağırırlar. Söhbət
dini idarələrin fəaliyyəti ilə ilgilidir. S.Ünsizadə ona tapşırılan işin
öhdəsindən gəldiyinə görə Tiflisdə
daimi işdə qalır. O, Zaqafqaziya Əhli-Təsənni
İdarəsinin əvvəlcə ştatda olmayan əməkdaşı
kimi fəaliyyətə başlayır.
Tiflisə – regionun baş şəhərində
yaşamaq imkanı C.Ünsizadəni milli əhəmiyyətli
işlərlə məşğul olmağa sövq edir. Bakıdan Qafqaz
Canişinliyinə rəhbər vəzifəyə dəvət
alan, hələ Şamaxıdan
tanıdığı D.Staroselski ilə dostluq münasibətlərindən
istifadə edərək, Tiflisdə çap işləri ilə
məşğul olmaq fikrinə düşür. Əvvəlcə daş basmaxanası (litoqrafiya)
açır, İstanbuldan müxtəlif mətbəə
avadanlıqları alıb gətirdir.
S.Ünsizadə Azərbaycan dilində mətbəə
və mətbuat işlərini qüvvətləndirmək
üçün ortancıl qardaşı Cəlaləddin əfəndini
də Tiflisə dəvət edir. Ünsizadələr nəslinin
bir neçə gənc üzvü də mətbəə
işinə – müəyyən mətbəə peşəsi
üzrə fəhləliyə dəvət edilir.
S.Ünsizadə 1878-ci il dekabrın 12-də
Tiflisdə “Ziya” adlı həftəlik qəzetin nəşrinə
icazə alır. Hakim dairələrə tanışlıq
üçün gündərilən proqramında “Ziya” qəzetində
dövlət sərəncamları, xarici və daxili xəbərlər,
müxtəlif növ həvadislərin (əhvalatların),
felyetonların çap ediləcəyi bildirilirdi. Qəzetin ilk nömrəsi 1879-cu ilin yanvar
ayının əvvəllərində çap edilir.
1879-cu il yanvar ayında çıxan ilk 2
nömrə tədqiqatçılara məlum deyil. “Ziya”nın 1879-cu il fevralın 8-də
çıxan 3-cü nömrəsinin tarixinə əsasən
ilk nömrənin 1879-cu il yanvarın 18-də
çıxdığını söyləmək olar.
“Ziya”nın birinci səhifəsində iki
sünbül çələngi arasında adı və dərc
olunduğu il göstərilir. Başlığın yerləşdirildiyi
çələngin sağında oxuculara mətbu orqanın
imtiyaz sahibi tanıdılır: “Qəzetəni verən Səid
Ünsizadə. Qəzetəmiz basılmaqdan (litoqrafiya
çapından-N.N.) ötrü göndərilən
kağızları idarəmiz basmaqda muxtardır. “Ziya” qəzetəsinin idarəxanəsi Vorontsov
küçəsində Ağa Əli Əsgərovun 35
nömrəli xanəsindədir. Yazı işləri və
qəzetə mütəəlliq hər bir növ
kağızlar qəzetə müdirinin adına
göndərilir”.
Qəzetin başlığı yerləşdirilən
çələngin sol tərəfində qəzetin
çıxarılmasında Cəlaləddin əfəndinin səlahiyyəti
və qəzetin reklamla bağlı şərtləri
sadalanır.
Qısa bir müddətdə “Ziya” türk dili başa
düşülən bütün türk torpaqlarına qanad
açır, yerlərdən qəzetin idarəxanəsinə
məktublar axışır. Rusiyanın mərkəzi yerlərinin
birində – Tambovda sürgündə olan “Əkunçi”nin əkinçisi
Mirzə Həsən Əlqədari, İstanbuldan
şirvanlı Şahin əfəndi, Münif əfəndi,
Bağçasaraydan İsmayıl bəy Qaspralı,
Şamaxıdan S.Ə.Şirvani, Zərdabdan adını
yazmadan Həsən bəy Məlikzadə Zərdabi,
Göyçaydan İsmayıl Nazirzadə, İrəvandan
Abbas ağa Məhəmmədzadə, Tiflisdən
şeyxülislam Əhməd Hüseynzadə, müfti
Əbdülhəmid Əfəndizadə, anası alman,
atası fransız olan məşhur rus şərqşünası
və qafqazşünası A.P.Berje, vaxtilə Rusiyanın
İstanbulda və sonralar Təbrizdə konsulu olan Valerian
Vladimiroviç Bezobrazov,
Moskvadan Əlisəfa, R.Əliyev, N.Vəzirov və
başqaları “Ziya”ya məktublar göndərir.
Müxtəlif məzmunlu bu məktub və məqalələr
türk dünyasının ziddiyyətlərlə dolu
olan bir zaman kəsimini öyrənmək baxımından
çox maraqlıdır.
S.Ünsizadə türk dünyasını öz ətrafına
toplaya bilmişdi. Həftədə bir dəfə
çıxan qəzet çətinliklərlə
qarşılaşsa da, Ünsizdə qardaşları
türkdilli mətbuatın tərəqqisi yolunda israrlı
idilər. Qəzetdə bəzən
süni qarşıdurma yaradılırdı. S.Ünsizadə qəzetin baş məqalələrinin
birində təklikdə deyə biləcəyi sözləri
bərkdən söyləyir, Cəlal əfəndidən qəzetin
dilinə ciddi fikir verməyi ona irad tutur, “hər kəsə
öz xörəyini verməyi ondan tələb edirdi”.
Böyük
qardaşının yanında zəngin mühərrirlik məktəbi
keçən Cəlal əfəndi 1882- ci il
may ayının 12-də hökumət dairələrində
1882-ci ilin sentyabr ayından ayda bir dəfə çıxarmaq
şərtilə Tiflisdə “Kəşkül” adlı məcmuə
çıxarmağa icazə istəyir. Qafqaz Senzor Komitəsi
1882-ci il oktyabrın 20-də Cəlal Ünsizadəyə “Kəşkül”
adında jurnal (“Kəşkül” səhifələrində
onu “məcmuə”, “cəridə” də adlandırırlar)
çıxarmağa icazə verir.
Cəlal
Ünsizadə əqidəsinə, ağıl və fərasətinə
inandığı ziyalıları ətrafına toplayaraq, əvvəlcədən
müəyyənləşdirdiyi və dostları ilə məsləhətləşdiyi
proqram əsasında 1883-cü ili yanvar
ayının 31-də 28 səhifəlik “KƏŞKÜL”
jurnalını qardaşı Səid Ünsizadənin “Ziya”
adı ilə tanınan mətbəəsində çap
etdirdi.
Türk
dünyasında yaxşı təbliğ edilən,
yaxşı işıqlandırılan, “Ziya” qəzetində
böyük təcrübə qazanan və bunu dəfələrlə
özü etiraf edən İsmayıl bəy
Qaspıralının “Tərcüman” qəzetinin nəşrinə
hələ 2
ay 10 gün qalırdı. (
İ.Qaspıralının “Tərcüman” qəzetinin
ilk nömrəsi 1883-cü il aprelin 10-da
çıxmışdır).
Kəşkül – hind qozu qabığından
hazırlanan dərviş çantasıdır. “Kəşkül”
sözü klassik Şərq ədəbiyyatında “ədəbiyyat,
şeir toplusu” məzmununu da verir.
Cəlal
Ünsizadə jurnalın müqəddəməsində
bu münasibətlə özü belə yazırdı: “Bu cəridədə
nə növ mətləblər yazılacağın
bugünkü nüsxənin elanat səhifələrində
zikr edirik, amma burada bunu demək
istəyirik ki, məcmuəmizin əsl dili və ibarəsi məmləkətimiz müsəlmanlarının
məfhumi olan Türki Azərbaycan dilindən ibarət olacaqdır.
Amma bununla belə ərəbi və farsi dili sevən müsəlman
qardaşlarımız
dəxi bu cəridə vasitəsilə faidə
alıb, faidə verməklər üçün aradabir məzkur
dillərdə dəxi əhvalat
və məqalət qəbul və dərc olunacaqdır. Nə
fənuni-maddi və ülumi-dünyəvi təxmlərin
müstəhəqqinə (toxumların layiq olanına-N.N.) əta
etməgə qüdrəti olan (Əkinçilərdən)
olduğumuzdan və nə də zülməti-zəlalət və
cahi-cəlalətdə qalmışlara ziyanəxş olmaq
qüvvəsinə nail olan ürəfadan hesab
olunduğumuzdan, yəni ülumi-zahiri və batinidən ari (təmiz-N.N.)
bir fəqir dərviş olduğumuz məlum ikən dər-öhdə
aldığımız ƏMƏK BƏ ƏMƏL
ÇANTASI dəxi kəşküldən ibarət olacaq. Bu səbəbdən təb və nəşrinə
rüxsət aldığımız cəridə
“KƏŞKÜL” namını alır”.
lll
“Kəşkül”ün
üz qabığında məcmuənin adı, adın
altında ilk nömrənin tarixi hicri və miladi təqvimlə
göstərilmişdi: hicri-1200, miladi-1883. Sonrakı
sətrdə jurnalın ədəbiyyat və siyasiyyatdan bəhs
edəcəyi yazılmışdı. Mötərizədəki
sözlər xüsusilə qabardılır: türki və farsi və ərəbi məqalatı dərc
edir. Sonra aylıq məcmuə olduğu göstərilir.
Daha
sonrakı sətirlər belədir: Birinci sənə. Mah-rəbiüləvvəl
–1300 (müsəlman qəməri ilinin üçüncü
ayı- N.N.).
Ədəd-1 (birinci nömrə- N.N.) Jurnalın birinci nömrəsi mənzumə
şəklində yazılmış dua ilə
başlayır. “Kəşkülün müqəddiməsi”
başlıqlı yazının müəllifi Cəlaləddindir.
Yazıda Azərbaycan mətbuat tarixinə
ekskurs edilir,”Əkinçi”, “Ziya” qəzetlərinə
düzgün qiymət verilir. “Kəşkül”ün
birinci nömrəsindəki “Mətbəə və mətbuat”
başlıqlı yazının müəllifi göstərilmir.
Yazının bu nömrədəki hissəsinin
sonunda müəllif göstərilməyib. Oxucu onun davamını məcmuənin ikinci nömrəsində
axtarmalı olur. Bu yazıdakı fikirlərin
çoxu “Ziya” qəzetində dəfələrlə səslənmişdir.
Görünür, “Ziya” da imzasız çap
olunan məqalələrin müəyyən hissəsi Cəlal
Ünsizadənindir. O da təzə mətbu orqanda
“Ziya”dakı fikirlərini “Kəşkül”ün oxucuları
ilə bölüşmək fikrinə düşür. Cəlal
Ünsizadə “Kəşkül” də yazır: “Bizlərdən
çoxu var ki, mətbəə və mətbuat nə
olduğunu bilməz və bilmək dəxi istəməz”. Müəllif
bilmək öyrənməkdən üz çevirənlərə
onları məşğul olduqları boş və bihudə xəyal
aləmindən ayırmalarını vacib sayır.
Oxucu ilə belə fikir mübadiləsinə başlayan
müəllif cəmiyyətin inkişafında mətbəə
və mətbuatın rolunu düzgün qiymətləndirərək,
mətbəə və mətbuatın millət və
qövmin düşüncə tərzində öz əksini
tapdığı qənaətinə gəlir. “Kəşkül”dəki
felyetonlar da oxucuları narahat edən məsələlərə
həsr olunmuşdur. XIX əsrin 70-80-ci illərində
felyeton qəzetin, jurnalın indikindən fərqli məna bildirirdi.
Felyeton əvvəllər ciddi janr sayılırdı. Felyetonun qəzet və jurnallarda daimi yeri olurdu.
Sonralar felyetonlarda qaldırılan məsələlərdə
özünü göstərən bir sıra nöqsanlar oxucuda gülüş
doğurmuş, felyetonlar əvvəlki müsbət
çalarlarını itirmişdir. Jurnaldakı
felyetonların birinin müəllifi S.Atamalıbəyovdur.
Bu yazı “Aldığımız bir vərəqədir”
adlanır.
Jurnalın ilk nömrəsində A.Bakıxanovun “Təhzibül-əxlaq”
əsəri haqqında yazı müəllifinin
düşüncələri (davamı ikinci nömrədədir-N.N.)
də özünə yer tapıb. Jurnalda 1877-ci il
Dağıstan hadisələri də işıqlandırılıb.
Jurnaldakı ədəbiyyat bölümünün
yazıları da oxucuların diqqətini cəlb edir.
“Əmsali-Loğman” dan seçilən
yazı “Bir arslan ilə iki Öküz” adlanır. Tərcümənin müəllifi Cəlaldır.
Jurnalın 24-cü səhifəsində dərc olunan “Qurani Əzim Alişan”
şeirinin müəllifi (Seyyid ) kimi göstərilib. Mövzusu itirilmiş rejimin ideologiyasına uyğun
gəlmədiyinə görə bu şeir C.Ə.Şirvaninin
heç bir əsərinə daxil edilməyib.
Jurnalda rus poeziyasından verilmiş tərcümə
nümunələri tərcümə sənətkarlığı
baxımından maraqlı görünür.
Yazıda “Kəşkül” jurnal formatında çıxan 11 nömrəsinin birincisindən söz açdıq. “Kəşkül”ün ilk nömrələri uzun illər idi ki, itmiş hesab olunurdu. Jurnalın ilk 11 nömrəsi jurnal həcmində (formasında) çıxıb. Onun bəzi nömrələrinin tədqiqatçılar üçün əlçatmaz olması türk mətbuat tarixinin sistemli şəkildə öyrənilməsini ləngidib. 1884-cü il martın 22-dən “Kəşkül” jurnalı qəzet kimi fəaliyyətini davam etdirib. 1891-ci ilin oktyabr ayında “Kəşkül” öz nəşrini dayandırıb.
Nazim
NƏSRƏDDİNOV,
Əməkdar
müəllim, Təhsil Nazirliyi Elmi-Metodik Şurasının
bölmə üzvü
525-ci qəzet.-
2015.- 21 fevral.- S30.