Güldüyün bəs deyilmi, Cokonda?..
Ötən
il “525-ci qəzet”in yay saylarının
birində görkəmli oftalmoloq, gözəl ədibimiz
Paşa Qəlbinurun dərin elmi araşdırmalara söykənərək
Mona Liza haqqında yazdığı maraqlı essesini sevgiylə
oxudum. Bəllidir ki, Cokonda haqqında əsrlədir
yazılır, yüz illər bundan sonra da yazılacaq.
Odur ki, keçən əsrin 1974-cü ilində
yazılmış, bir il sonra “Qobustan” incəsənət
dərgisində çap olunmuş Mona Lizaya həsr etdiyim
essemi, yüngül redaktədən sonra, yeni nəslin də
oxumasını istədim.
Son vaxtlar bir sənətsevər “Cokonda”dan çox
danışırdı. Bəzilərinə elə gəlirdi, yenə
də onun istiliyi qalxıb, tutması tutub. Elə ki, tərs damarı tutdu, ağa da qara deyir.
Heç kimlə razılaşmır. Tay-tuşları deyirdi, həmin sənətsevərin
rəssamlıqdan başı çıxmır, sənəti
anlamır, ağlına gələni, yuxusunda
gördüyünü danışır, sayaqlayır. Kimisi də deyirdi elə danışmasına
baxmayın, bir sevdiyi əsər varsa, o da “Mona Liza”dır.
Sorağı
uzaq-uzaq məmləkətləri dolaşan Yer
üzünün gözüaçıq bütün
insanlarının o gülümsəyən xanımı
sevdiyini, ondan yana dəli-divanə
olduğunu sənətsevər yaxşı bilirdi. Onu da yaxşı bilirdi ki, Cokondaya ağız
büzəni, sataşanı nəinki danlayarlar, hətta, onu
daş-qalaq da edərlər. Bilirdi, Yer
üzünün Cokondası artıq əfsanələşərək
müqəddəslərin ucalığına
yaxınlaşıb. Artıq o,
insanların sevgisinə, inamına çevrilmişdi. Sənətsevər onu da bilirdi, insanlar haçansa
İsaya, Məhəmməd salavatullaha, başqa-başqa
peyğəmbərlərə belə sataşıblar.
O, Cokondaya sataşmağı ağlına gətirmirdi. Çünki Mona Liza sənətsevərin də
yağlı boyayla çəkilmiş bəyəndiyi əsəriydi.
Buna baxmayaraq o gülümsər xanım
haqqında söylənən gərəksiz öyümlərə,
hay-küyə, bomboş gurultulu sözlərə dözə
bilmirdi. Sənətsevər başqa sayaq
böyümüşdü. Ananın
müqəddəsliyindən söhbət düşəndə,
öz kefi, rahatlığı üçün körpəsini
atan anaların başqa bir pis cəhətini görəndə
birbaşa üzə deməkdən çəkinmirdi. Şöhrətin son qatında yer tutmuş sevilən
hər hansı bir şəxsin eybini, çatışmayan cəhətini
hamı kimi ört-basdır eləmədən, görməzliyə
vurmadan açıq-aşkar deməkdən çəkinmirdi.
Gerçəyi, olanı gizlətməklə,
ört-basdır etməklə onun arası yox idi. Sənətsevər deyirdi məni təbiət, birdə
deterministlər tərbiyə edib.
Sənətsevər bilirdi ki, onun Cokondaya
heyranlığı, vurulması adi şeydir, ancaq o
gülümsər qadın haqqında bir yersiz tərifə
qarşı çıxmaq, onu rədd etmək adilik deyil. Onu da yaxşı başa
düşürdü ki, belə iş tutması adamların
gözündə onu Don Kixotdan da gülünc vəziyyətdə
qoyacaq. Çünki o gülümsər
xanımı bütün sözükeçər nüfuzlu
adamlar, bütün elita sevirdi.
Son vaxtlar
sənətsevər Cokondayla bağlı höcətlərdən
gen gəzməyə çalışırdı. Söhbət
düşəndə əlini yelləyib deyirdi: Cokonda tamam
başqa şeydir, canım! Əgər Cokonda,
onun gülümsəməsi birdirsə, niyə onun
haqqında saysız anlayışlar, yozumlar, düşüncələr
var? Cokonda birdir, ancaq onu yüz yerə
yozurlar. Deməli, hər yetənin fikir
söyləməsi üçün Mona Liza bir obyekt, bir bəhanə
imiş. Hər kəs öz
düşündüyünü deyə bilərmiş! Dünyanın yaranışı haqqında bilicilərin,
yaxud da hər kəsin söylədiyi fikirlər kimi.
Hərdən
sənətsevər inandıra bilməyəndə əlacı
kəsilir, Cokonda haqqında Hegelin, Engelsin, Nitşenin,
Vazarinin, impressionistlərin söylədiyi fikirləri deməklə
müsahibini çaşdırır, çox şeylərdən
xəbərdar olduğunu qarşısındakına anlatmaq
istəyiridi.
Bir dəfə sənətsevərin kefi kök idi. Necə oldusa,
o hamının səviyyəli sandığı,
tanınmış sənətşünasla
qarşılaşdı. Uzun söhbətdən
sonra yenə də gülümsər qadından söz
düşdü. Höcət
başlandı, nə başlandı. Sənətsevər:
– Bircə
sorğum var, ancaq insafla cavab verin. Siz başqa bir planetdən gəlsəydiniz,
Yer üzünün rəssamlarını
tanımasaydınız, onların haqqında bir kəlmə
bilməsəydiniz... Bu vaxt Corconenin “Uyumuş
Venerası”nı, “Yudif”- ini, Bottiçellinin “Veneranın
doğuluşu”- nu, Titsianın “Müqəddəs Maqdalina”-
sını, “Güzgülənən Venera” sını, nə
bilim, Manenin “Olimpiya”sını...
– Axı,
Siz zaman, dövr məsələsini...
Sənətsevər
səbrsizliklə onun sözünü kəsərək –
Bilirəm, zamanı, dövrü
qarışdırdığıma görə məni
qınayacaqsınız, hələ bir az
da danışandan sonra deyəcəksiniz Cokonda portretdir, sizsə
bütün janrlardan söz açırsınız. Birincisi, unutmayın ki, o gözəl xanımın
gözəlliyi, sirri adamların gözündə,
düşüncəsində bütün zamanları
haqlayıb. İkincisi, Mona Liza bir qadın
portreti sərhəddindən çoxdan çıxıb.
Çoxları onu, sadəcə, bir əsər
kimi qiymətləndirir. Bütün rəssamlıq
əsərləri onun kölgəsində qalıb. Cokondanı öymək bir növ dəb
düşüb. Hə, sözüm
yarımçıq qaldı. Əgər Sizin kimi on,
yüz sənətçi başqa planetdən gəlsəydi,
Leonardo da Vinçi, onun “Mona Liza”sı haqqında
yazılanlardan xəbərsiz olsaydı, onun haqqında bir
söz eşitməsəydi, sadaladığım rəsm əsərlərinin
adlarını pozub qarşınıza düzsəydilər,
onların arasında da Cokonda gülümsəsəydi...
Çox maraqlıdır Siz, hamınız yenə də
üstünlüyü Cokondayamı verərdiniz?... Yenə siz sənətşünaslar “Mona
Liza” nı qadın portretlərinin tacı
hesab edərdinizmi? Hamınızmı? Buna əminsinizmi?
Sənətsevərin sorğusu sənətşünası
çaşdırdı. O, səsini alçaldıb ehtiyatla soruşdu:
–
Yaxşı, deyə bilərsənmi, bu portretin sehri,
ondakı gülümsəmənin sirri nədədir?
– Eh, təkcə
Siz deyil, çoxları Cokonda haqqında ehtiraslı
mühakimə yürüdür. Mən Mona
Lizanı pisləmişəm. Məni yerimdən edən
bəzilərinin Leonardo da Vinçinin, eləcə də
“Cokonda” nın
böyüklüyünü, dahiliyini həmin portretin sirli
gülümsəməsində görməsidir. Bir baxın, nə deyirlər. “Leonardo
işıq kölgədən məharətlə istifadə
edərək “Cokonda”nın üzündəki güclə
seçilən əzələlərin hərəkətini elə
verib ki, azacıq gülümsərlik, ciddilik və
böyük təbəssüm bir keçidin arasında
qalıb...” Sonra da bu gülümsəmənin
saysız çalarlarını sadalayırlar. Güman
edirlər, böyük rəssam bütün
bacarığını onun qeyri-adi(!)
gülümsəməsinə sərf edib... Mona
Liza sadəcə gülümsəyir, onun bu gülümsəməsini
adilikdən çıxarıb şişirtmək
tamaşaçının, şairlərin, sənət bilicilərin,
bir sözlə, baxanların işidir. Bu
gülümsəmənin saysız sifətləri,
ayrı-ayrı çalarları sonradan tapılıb. Hər
kəs bir anlayışın ucundan tutub öz
ölçüsüylə yozduğu kimi “Cokonda”nın gülümsəməsinin yozma yönləri
də başqa-başqadır. Adamları belə
ki görürəm, Mona Lizayla onun gülümsəməsini
hələ çox öyəcəklər.
Hündürlüyə atlanan idmançıların
ağlına daha ucaya tullanmaqdan savayı bir şey gəlmədiyi
kimi...”Cokonda” nın yaranmasından sonra
adamlar Mona Lizanı öyməyə, onun haqqında deyilməmiş
sözlər söyləməyə başladılar. Söz, fikir yarışını danmaqmı olar?
Bütün bunlar bir yana, görəsən,
Leonardo qabaqcadan “Cokonda” əsərinin belə
alınacağını bilirdimi? Yəni Leonardo
məhz istədiyini çəkibmi? Bir
şeyi unutmaq olmaz, yaradıcılıq prosesində hərdən
sənətkar işin axınına qoşulur, işin
gedişinə tabe olur. Yəni yaradır,
ortaya nəsə çıxır, bəzən istədiyi
yox, tamam başqa bir şey ortaya çıxır.
“Cokonda” nın yaranışı belə
olubsa, daha nə söhbət? İnanın mənə,
“Mona Liza” sadəcə gülümsəyir, vəssalam.
Sənətşünas artıq höcət eləmirdi. O, ancaq sakitcə suallar
verirdi:
–
Yaxşı, “Cokonda”dakı möcüzə nədir?
– Məgər
bu deyilənlər “Cokonda”nı daha da
möcüzələşdirmir? Yaxşı, bütün
bunlar bir yana. Görün bir
adlı-sanlı akademik “Cokonda” ya heyranlıqla nə deyir?
Yazır ki, bu əsər elə möcüzəlidir
ki, o, səhər ayrı rəngə çalır,
günorta ayrı, axşamüstü isə tamam başqa.
Baxın, öncə bu deyim nə qədər
maraqlı, həm də möcüzəli səslənir.
Bu fikir, məni qınamayın, naşılara maraqlı ola bilər. Ancaq azca fikirləşəndə
görürsən, bu hal bütün rəsmlərə
xasdır. İşığın
ayrı-ayrı yönlərdən, bucaqlardan əks olunma
prosesini yada salmaq yetər.
Məgər
bütün bu öyümlər “Mona Liza”nı
bir daha gözəlləşdirmir? Daha da
ucaldıb möcüzələşdirmir? İntibah
dövrü araşdırıcılarından biri O.M.Persionova
görün nə yazır: “İyirmi yaşlı Leonardo ilk diz
çökmüş mələk rəsmini müəllimi
Verokkionun “Xaç suyuna çəkilmə” əsəri tərzində
yaratmışdır. Deyilənə görə
Verokkio tələbəsinin sənətkarlığı
qarşısında heyran qalır. Həmişəlik
fırçasını atır, sonralar ancaq heykəltaraş
kimi çalışır”...
Bir diqqət yetirin, Leonardo elə iyirmi yaşından,
birinci rəsmini çəkəndən sonra öyülməyə
başlayıb. Gözəl əsər çəkməyini
də, müəlliminin ona heyran olmasını da danmaq olmaz.
Ancaq onun ilk əsərinə görə müəlliminin
fırçasını həmişəlik atmasına
mütləq inananlarla höcətləşmək boş yerə
vaxt itirməkdir. Tutaq ki Verokkionun
özü ağzından belə bir söz
qaçırıb. Buna da inanmaq günah
deyil, belə bir söz deyilə bilər. Ancaq
deyilmiş bu sözün nə dərəcədə
düzgün olması şübhəlidir? Unutmaq olmaz ki, hər söylənmiş söz səmimi,
ürəyin ifadəsi deyil. Hərdən
dil ayrı şeylər deyir, hər söylənmiş
söz səmimi, ürəyin ifadəsi deyil. Hərdən dil ayrı şeylər deyir, ürək
başqa şeylər arzulayır. Verokkionun
həmin vaxt onsuz da rəssamlığa marağı azalar,
heykəltaraşlığa yönələ bilərdi. Yaxud, onsuz da rəssamlıqdan uzaqlaşmaq istəyə
bilərdi. Məgər sənətindən
əl çəkən azmı olub? Yaxud, tamam başqa
bir səbəbə görə?... Yenə
təkrar edirəm, boynumuza alaq, məgər insanların dedikləri
söz hər vaxt səmimi, ürəkdənmi olur?...
Qəzetdə yazmışdılar ki, bir qız “Cokonda”ya baxandan sonra əlindəki boyanı onun üzünə çırpıb. Bu hadisəni belə yozurlar ki, guya bu qızın “Cokonda”nın gözəlliyinə paxıllığı tutduğundan bunu edib. Bəlkə də qız doğurdan da belə söz deyib: “Həsəddən, paxıllıqdan belə elədim”. Bu sözlərə dərhal inanmaq olarmı? Bəlkə Cokondanın qaldırdığı bu hay-küy qıza boş gurultu görünüb, acıqdan hirsindən bunu edib. Lap fərz edək, həmin qızın bu hərəkəti “Mona Lizan”nın gözəlliyinə qısqanclıq, paxıllıqdandır. Bu hadisə, bu xəbər minlərlə insanı şirnikləndirərək “Cokonda”nı sevib qəbul etməsinə yeni bir təkan deyilmi? Bəs bu qızın zövqü, düşüncəsi hansı ölçüdədir?
Bu yaxınlarda qəzetlər yenə də yazırdı ki, Cokondanı Luvrdan Yaponiyaya aparıblar. Onu beş gəmi müşayiət edir, qiyməti 500 milyon (!) frankdır... Dəyişməz havada saxlanılır. Güllə keçməyən şüşə altındadır...
Başqa bir qəzet yazır ki, Cokondanın tamaşaçısı o qədərdir ki, hamının baxması üçün hər kəs onun önündə iyirmi saniyədən artıq dayanmalı olmur...
Cokondanı görməyənlər bu yazıları oxuyanda istər-istəməz onların düşüncəsində qeyri-adi, möcüzəli bir şey yaranır. Daha doğrusu, gülümsər qadının vahiməsi, necə deyərlər xofu, onları basır. Bütün bu deyimlər Cokondanın gözəlliyini, sehrini onu görməyən insanların şüurunda, təsəvvüründə qabaqcadan yeridilmirmi?
Bir çox araşdırıcılar “Cokonda”nın gözəlliyindən daha çox “gözəllik” haqqında saatlar, günlər, illər, əsrlərlə baş çatdadıblar. “Mona Liza”sa zaman-zaman öyülə-öyülə qafalarda, düşüncələrdə daha da gözəlləşdi...
Sənətsevər axşam evə qayıtdı, dərhal ayrı-ayrı vərəqlərdə çap olunmuş “Müqəddəs Aqnessa”nı (Ribera), “Sari Sidsonun portreti”ni (T.Heynsboro), “Xanım Riveranın portreti”ni, Rafaelin “Maddona”sını, Bottiçellinin “Venerası”nı və başqa bir çox gözəl, boyayla çəkilmiş əsərləri masanın üstünə düzdü və yenidən hamısına diqqətlə baxdı. Sonra başını qaldırıb divara vurduğu “Mona Liza”nı diqqətlə gözdən keçirdi. Cokondanın gülüşü ona çox doğma gəldi, sanki birdən ayıldı, elə bildi “Mona Liza” istehzayla ona gülümsünür. Sənətsevər tələsik ayağa qalxdı, “Cokonda”nı divardan endirib masanın üstündəki rəsmlərin yanına qoydu. Gözü yenə “Mona Liza”ya sataşdı. O gülümsünürdü. Sənətsevərə elə gəldi, gülümsər xanımın dodaqları səyriyir. “Bəlkə mənnən inciyib” düşündü...
1975
Azər ABDULLA
525-ci qəzet.-
2015.- 21 fevral.- .S27.