Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə

 

 

 

“Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm”.

 

Konfutsi

 

(Əvvəli ötən şənbə sayımızda)

 

B.e.ə. IV əsrin əvvəllərində hərbi tribun vəzifəsi ali hakimiyyətə yiyələndikdə, onu icra edən Mark Furi Kamill də böyük şöhrətə yiyələnmişdi. Romalılar Etruriyanın ən gözəl şəhəri sayılan Veyiyə qarşı müharibənin onuncu ilində Kamilli diktator seçdilər və o, yeraltı lağım qazmaq yolu ilə uzun dövr ərzində mühasirədə olan şəhəri tuta bildi. Faleriya şəhərini mühasirədə saxlayanda isə qeyri-adi bir hadisə baş verdi. Bir müəllim öz şəhərinə xəyanət edərək, dərs dediyi uşaqları gəzmək bəhanəsi ilə şəhər qapısından çıxarıb, Kamillə girov kimi təhvil vermək istəyəndə, sərkərdə müəllimi cəzalandırıb, uşaqları geri, valideynlərinin yanına qaytardı. O, bildirdi ki, müharibə şərdir. Onu ədalətsizliyin və zorakılığın köməyi ilə aparırlar, lakin namuslu adamlar üçün müharibədə də bəzi qanunlar vardır. Qələbənin faydası alçaqlıq və cinayət yolu ilə əldə edilirsə, ona can atmaq olmaz. Bu sözləri o, həmin alicənablıq hisslərini ətrafındakılara da təlqin etmək üçün deyirdi. Şəhər sakinləri uşaqlarını salamat gördükdə və hadisədən hali olduqda Kamilli özlərinin xilaskarı adlandırdılar və elçiləri vasitəsilə ona bildirdilər ki, təslim olurlar. Kamill qan axıtmadan zəfər çaldı və həm də şəhəri qarət etməyə, oradan qənimət götürməyə icazə vermədi.

 

Kamill iki dəfə Romanı – əvvəlcə qallardan, sonra isə qaragüruhun anarxiyası təhlükəsindən – xilas edəndə böyük cəsarət və iradə nümayiş etdirmişdi. Romalılar şəhəri qallara təhvil vermək barədə danışıqlar aparanda, özünü yetirən Kamill bir diktator kimi düşmən tərəfin nümayəndələrinə çıxıb getməyi əmr etdi. Sonra qallara döyüşdə qalib gəlib, Romanı biabırçı işğaldan xilas etdi.

 

Bir qədər sonra qaragüruh xalqda vahimə yaradıb, Forumda iğtişaşlar törədəndə, yenidən hərbi tribun seçilən Kamill onların azğınlaşmış başçısı Mark Manlini məhkəməyə verdirdi və o, təqsirkar elan edilərək, edam qaydasında Kapitolidəki qayadan atıldı. Vaxtilə o, bu təpə qallardan müdafiə olunanda böyük xidmətlər göstərmişdi.

 

Beləliklə, Kamill iki dəfə Romanı məhvedici təhlükədən xilas etmişdi, bu xidmətlərinə görə o, “Romanın ikinci əsasını qoyan” titulunu almışdı. Quduz Manlilərə isə müasir həyatda da rast gəlinmişdir.

 

Hindistan çarı Aşoka və Şərq sivilizasiyalarında təhsilə, elmə qayğı

 

B.e.ə. 268-232-ci illərdə Hindistanda, Maqadxa imperiyasında Maurya sülaləsindən olan Aşoka çarlıq etmişdi. Onun dövləti demək olar ki, bütün Hindistan ərazisini və müasir Əfqanıstanın bir hissəsini tuturdu. Aşoka xeyli döyüşlərdən sonra müharibəyə nifrət etməklə, ondan birdəfəlik imtina etmişdi. Aşoka deyirdi ki, yeganə həqiqi qələbə öz üzərindəki qələbədir və drahmanın köməyi ilə adamların ürəyini fəth etməkdir. Stalin isə qaliblər haqqında başqa fikir yürüdərək, 1944-cü ilin noyabrında Fransız Milli Azadlıq Komitəsinin lideri general Şarl de Qolla Moskvada görüşəndə, ona demişdi ki, bütün səylərdən asılı olmayaraq, axırıncı qalib ölümdür.

 

Aşoka üçün drahma xeyirxah işlər görmək, cəmiyyəti yüksəltmək idi. Drahma terminində adətən insanın davranış qaydası və onun həyatının mömin obrazı başa düşülürdü. Dar mənada isə bu, buddist təliminin mənasını, doktrinanın özünü ifadə edə bilərdi.  

 

Aşokanın hökmranlığı dövründə Hindistanın dörd böyük universitet şəhərinə Çindən və Qərbi Asiyadan tələblər gəlirdi. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, Şərqdə universitetlər yarandıqdan min ildən də çox olan bir müddətdən sonra Avropada belə təhsil ocaqları yaranmağa başlamışdı.İlk Çin universitetinin əsası b. e. ə. 124-cü ildə qoyulmuşdu. Bizim eranın 200-cü ilində isə burada 3 min tələbə yeddi il ərzində ali təhsil alırdı.

 

Erkən orta əsrlərdə (VII-XI əsrlərdə) elmin inkişafında aparıcı rolu Şərq oynayırdı. Hələ bundan da əvvəl Şərqi Roma imperiyasının imperatoru, məşhur Yustinian Kodeksinin meydana gəlməsinin təşəbbüsçüsü, Konstantinopolda möhtəşəm Aya Sofiyanı tikdirmiş I Yustinian (483-565-ci illər) 527-ci ildə Afinada fəlsəfi məktəbləri bağlayanda yunan alimləri Şərqə yollanmış, burada qədim yunan filosoflarının əsərlərini suriyalıların dilinə tərcümə etmişdilər. Sonralar yunan fəlsəfəsi tədricən islam həyatına daxil olmuşdu. Yalnız Səlib yürüşlərindən sonra, Şərqin ənənələrinin təsiri altında Avropada elm canlanmağa başlamışdı. Avropalılarda elmə və fəlsəfəyə maraq yarananda artıq Şərqdə elmlər öz çiçəklənmə dövrünü yaşayırdı.

 

Xəlifə Mamun (813-833-cü illərdə taxt-tacda olmuşdu) 832-ci ildə Bağdadda “Beytül hikmə”ni- “Müdriklik evi”ni yaratmışdı, onun zəngin əlyazmalar kitabxanası və rəsədxanası var idi. İslam sivilizasiyası özünün, ərəb sözündən istifadə etsək, zenitində olmaqla, dünyanın ən böyük sivilizasiyalarından biri idi və Qərbi bütünlüklə kölgədə qoyurdu. XI əsrdə Avropa sivilizasiyası ərəb sivilizasiyasının mədəni sərvətləri ilə təmasa girdi- elmi traktatlar ərəb dilindən Avropa dillərinə tərcümə edildi, bura Platonun, Aristotelin, Yevklidin, Arximedin, Ptolomeyin əsərləri daxil idi.

 

Avropanın Bolonya, Paris,Oksford, Monpelye kimi universitetləri təqribən XII əsrdə meydana gəlmişdi. 1155-ci ildə Müqəddəs Roma imperiyasının imperatoru, həm də İtaliya kralı olan I Fridrix Barbarossa Bolonya universiteti üçün imtiyazları təsdiq etmişdi.

 

Aşokaya gəldikdə isə, onun dövründə ölkədə həm də çox sayda buddizm monastırları yarandı. Aşokanın öz nümunəsi ilə adamlar arasında vegetarianlığın populyarlığına nail olundu. Hindistanın XX əsrin birinci yarısındakı görkəmli lideri Mahatma Qandi də ömrünün əksər hissəsində vegetarian olmuşdu. Lakin sonralar öz ölkəsinin qızmar istisində bunun bədənin müqavimət qüvvəsini zəiflətdiyini əsas gətirərək, ona riayətdən və bu pəhrizin təbliğindən uzaqlaşmışdı. Qandi bunu həm də bir sosial aspekt hesab edirdi.

 

Aşoka 37 il hökmranlıq etdikdən sonra öldü. Ölümündən bir az əvvəl o, buddist rahibinə çevrilmişdi. O, deyirdi ki, “bütün adamlar mənim uşaqlarımdır”.

 

Onun ediktlərində drahmanın başlıca prinsipləri olan zorakılıq etməmək, bütün sektalara və rəylərə dözümlülük, valideynlərə qulaq asmaq, din xadimlərinə hörmət, dosta qarşı alicənablıq göstərmək təsbit edilirdi. İngilis yazıçısı Herbert Uells onun haqqında belə yazırdı: “Tarixin səhifələrindəki on minlərlə monarxların arasında Aşokanın adı, demək olar ki, tənha ulduz kimi işıq saçır. Volqadan Yaponiyayadək hər yerdə onun adı şərəflə əhatə olunmuşdur. Çin, Tibet, hətta onun təlimindən uzaqlaşan Hindistan onun böyüklüyü barədəki rəvayətləri unutmur. Onun xatirəsinə ehtiramla qoruyub saxlayan adamlar, kimdənsə eşitdikləri Konstantin və Böyük Karl barədə nəsə bilənlərdən sayca xeyli çoxdur.” Ancaq Hindistanda hinduizm dini yayıldıqca, vətəni sayılan və oradan Çinə, Yaponiyaya yayılan buddizm burada öz təsirini itirməyə başlamışdı.

 

Spartak və “nəcib imperatorlar”

 

Qədim Romada b.e.ə. 74-71-ci illərdə qul üsyanına başçılıq edən Spartak özünün böyük igidlikdən xəbər verən mübarizəsində heç nəyə nail olmasa da, tarixdə görünməmiş şöhrət qazandı. Spartakın yandırdığı azadlıq məşəli bir sıra xalqların və milyonlarla insanların qəlblərinə işıq salıb, onları mübarizəyə çağırdı. Spartak frakiyalı qul olmaqla Kapuya şəhərindəki qladiator məktəbində qılıncla döyüş müəllimi idi və digər qullarla birgə hazırladığı qəsdin üstü açıldıqda, onlar qaçıb Vezuvi dağında özlərinə dayaq yeri düzəltmişdilər. Az müddətdə Spartakın ordusu 70 min quldan ibarət oldu və üsyan Cənubi İtaliyanı bütünlüklə bürüdü. Qul ordusu bir-birinin ardınca döyüşlərdə qələbə çalırdı. Lakin sonra ordu parçalandı.

 

Spartak İtaliyanı tərk etmək üçün Şimala getsə də, oradakı təbii çətinlikləri də nəzərə alıb, geri qayıtmağı qərara aldı. Onun ordusunda artıq 120 min adam var idi. Cənuba gəlib çıxan Spartak ordusu Krassın qurduğu tələyə salındı. Son böyük döyüş b.e.ə. 71-ci ildə Apuliyada getdi və bu qızğın vuruşda Spartakın ordusu məğlub oldu. Əsir götürülən 6 min qul Kapuyadan Romaya gedən Appi yolu boyu çarmıxa çəkildi. Spartakın özü döyüşdə həlak olsa da, romalılar onun meyitini tapa bilmədi. O, qəhrəman olsa da, əvvəldən də böyük uğura ümid edə bilməzdi. Romanın qüdrəti qarşısında qul üsyanı zəif bir cəhddən o qədər uzağa getmirdi. Lakin tarixdə onun qalibi olan Krass elə bir şöhrətə sahib ola bilmədi, b.e.ə. 53-cü ildə isə parfiyalılarla vuruşda həlak oldu. Teatrda qədim yunan faciəsinin tamaşası göstərilərkən, onun kəsilmiş başı düşmənləri tərəfindən qələbə müjdəsi kimi səhnədə dığırlandırıldı. Spartak isə özünə ölməzlik haləsi, əbədi şöhrət qazandı.

 

Bizim eranın I əsrinin sonundan Qədim Romada beş imperatorun hakimiyyət illərini əhatə edən “nəcib imperatorlar” dövrü gəlir. Onlardan Trayan və Mark Avreli daha görkəmli şəxsiyyətlər hesab olunurlar. Bir çox tarixçilərə görə Pax Romana-ya (“Roma sülhünə”) bir əlamət kimi I əsrin sonu, II əsrin üç rübü ərzindəki imperiyanın inkişafı aiddir, bunlar Roma idarəçiliyinin başlıca faydalarından ibarət olmaqla, həmin “nəcib imperatorların” fəaliyyəti ilə bağlıdır. Bu hökmdarlar idarə edən siniflərə hörmətlə yanaşır, senatla əməkdaşlıq edir, edamlara əsasən son qoyur, imperiyada sülhü bərqərar edir və daxili siyasətdə çox hallarda imperiyaya xeyirli olanları dəstəkləyirdilər. Mütləq monarx olmalarına baxmayaraq, onlar öz tolerantlıqları və diplomatiyaları ilə fərqlənirdilər.

 

96-cı ildə hakimiyyətə gələn Nerva özünün qoca yaşda olduğunu nəzərə alıb, Kapitoliyə çıxaraq, qışqıra-qışqıra dedi: “Mənim ən yaxşı uğurum Roma senatına, xalqına və özümə xidmət etməkdir. Bununla yanaşı, mən Mark Ulpi Trayanı özümə oğulluğa götürürəm”. Onun özünün oğlu yox idi. Trayan 98-117-ci illərdə imperatorluq etmişdi. O, bacarıqlı bir adam olmaqla, ordu tərəfindən də yaxşı qəbul edilmişdi. Ən başlıcası isə o idi ki, özünə və başqalarına qarşı tələbkar idi. O, İspaniyada bir qədim Roma nəslində dünyaya gəlmişdi və İtaliyadan kənarda doğulmuş ilk imperator idi.

 

Trayan Romaya qayıdıb, senatda imperator səlahiyyətlərini qəbul etmək əvəzinə, bir ilə yaxın müddətdə Reyn və Dunay çaylarının üstündə qaldı, Dakiyaya müdaxilə etmək kampaniyasına hazırlıq gördü. Şəhərlərin adətən yeni seçilmiş imperatora göndərdikləri qızılı İtaliyaya və əyalətlərə bağışladı. Onun ilk böyük işlərindən biri o vaxtlar hüquqi ittihamçı kimi çıxış edən çuğulçuların azğınlığına, soyğunçuluğuna son qoyması idi. Bu çuğulçulara müttəhimdən müsadirə edilən var-dövlətin bir hissəsi çatdığından, onlar saxta ittihamlara daha maraqla girişirdilər. Trayan onların hamısını yığdırıb, tələsik qayırılmış, sınıq-salxaq bir gəmiyə oturdub, dənizin quduz dalğalarının amansız sərəncamına buraxdı. Roma əhalisi son dövrlərin ən böyük qarətçilərindən bu yolla xilas olundu.

 

Trayan İtaliya şəhərlərindəki kasıb ailələrin uşaqlarına yardım göstərilməsi sahəsindəki yeniliyin- ictimai fondların (alimentanın) yaradılması ideyasını irəli sürdü. Bu yeniliyi onun dostu Kiçik Plini ölkənin şimalındakı Komo şəhərində özəl qaydada öz yerliləri üçün həyata keçirmiş və Trayan da bu təşəbbüsü bəyənməklə, bütün ölkədə tətbiq etmək qərarına gəlmişdi. O, çox sayda binalar tikdirdi və bu, onun populyarlığını artırdı. Romanı əzəmətli tikililərlə gözəlləşdirdi. İtaliyanın magistral yollar şəbəkəsinə qayğı ilə yanaşmaqla Via Traiana adlanan yeni yol çəkdirdi və bu, qədim Appi yolunun yerini tutdu. Körpülər tikilir, şəhərin su təchizatı yaxşılaşdırılır, istifadəsiz torpaqlar dövriyyəyə qatılır, limanlar yaradılırdı. Romada yeni Forum ucalanda şəhərə yeni akvedukla su gətirildi. Ümumiyyətlə, Trayanın dövründə yaxın təpələrdən Romaya 11 akvedukla gətirilən su şəhərin tələbatını artıqlaması ilə ödəyirdi. Şəhərdəki meydanda Trayan sütunu yüksəlirdi, sonralar onun bünövrəsi Trayanın cəsədinin külünü qəbul etdi.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2015.- 21 fevral.- S.23.