İsfəndiyar, Bəxtiyar

 “Qardaş” romanından parça

 

 

 

“Böyük qardaş- atanın bir parçasıdır”

 

(Aleksandr Kazbeki)

 

Deyilənlərə görə, İsfəndiyar ailəmizin, nəinki ailəmizin elə bütün nəslimizin gözü idi, nəfəsi idi, vuran ürəyi idi. Cavan olmasına baxmayaraq, oturuşu, duruşu, rəftarı, savadı, ağlı, təmkini, tədbirli hərəkətləri, söhbətləri hamını valeh edərdi. Əgər Lev Qumilyovun posyanarlıq fəlsəfəsinə inansaq, onda demək olar ki, İsfəndiyar bizim nəslin posyanarı idi. Aparıcı qüvvəsi idi. Bizim nəslimizə verilən bütün qabiliyyət, bacarıq, vergi, istedad, bir sözlə hər nə müsbət xüsusiyyət var idisə hamıdan kəsilib ona verilmişdi. Ailədə nəsə bir problem, çətinlik, ortaya çıxan kimi 78 yaşlı Zəkəriyyə kişi üzünü o biri övladlarına tutub:

 

– Əəəə... İsfəndiyarı bir çağırın görək o nə deyir, o nə məsləhət görür, – deyərdi.

 

lll

 

Zəkəriyyə kişinin üç arvadı olmuşdu. Axırıncı arvadı Xanım arvad yəni mənim nənəm gəlin köçəndə bəlkə də hələ heç 15 yaşı belə tamam olmamışdı. Hhmm... Sevgi filan, məhəbbət yox idi aralarında – əlbəttə yox. Nə sevgi, nə filan... Haradan olacaqdı ki... Harada və nə zaman görüşmüşdülər ki, bir-birlərinə də sevib vurulaydılar... Xüsusi ilə də o dövrlərdə. Müsəlmançılığın, şəriətin tüğyan etdiyi bir dövrdə. Həm də özündən ən azı 50 yaş böyük bir kişi ilə sevişib ailə qurmaq.

 

Sadəcə olaraq, Zəkəriyyə kişi sağlam, qüvvətli bir kişi idi. Könlünə cavan bir arvad düşmüşdü. Vəssalam. Deyilənlərə görə boyunun hündürlüyü iki metrə çatardı. Kürəyinin eni az qala bir metr olardı. Ayağının da ki, ölçüsü öz yerində... Ona ayaqqabı tapılmazdı. İndi nə bilim 54 ölçüdə olardı, yoxsa 55. Ona ayaqqabı – filan tapılmazdı, tikdirərdilər. Nənəm həmişə deyərdi ki, baban ayağına ləzgi çarığı geyərdi. İndi o deyilən ləzgi çarığı necə olurdusa, nə formada geyilirdisə mən bilmirəm. Deyə bilmərəm. Çünki görməmişəm. Həmin o ləzgi çarığı deyilən şey də, deyilənlərə görə lap uşaq qəbri boyda olardı. O qədər sağlam qüvvətli kişi idi ki, qış vaxtı qar yağa-yağa, eyvanda yatardı.

 

Zəkəriyyə kişinin  əvvəlki iki arvadından neçə övladı olmuşdusa mən dəqiq deyə bilmərəm. Amma bircə onu deyə bilərəm ki, atama qədər sağ qalanlarının, Ələşrəf, Şirəli, Cahangir, Mahmudağa, Fatma bibimin adlarını eşitmişəm. Mənim uşaqlıq dövrlərimə isə bir Mahmudağa,  bir də Fatma bibim sağ qalmışdılar. Onları isə görmüşəm. Zəkəriyyə kişinin adlarını çəkdiyim o biri övladları, yəni Ələşrəf, Şirəli, Cahangir 1937-1938-ci illərdə həbs olunub, gedər-gəlməzə göndərilmişdilər. Deyilənlərə görə, tarixdə o məhşur Şəki üsyanının fəal iştirakçıları olmuş, Sovet quruluşuna qarşı çıxmışdılar. Məhşur Şəki üsyanı 1933-cü ildə olmuşdu. Bu hadisədən, yəni üsyan yatırılandan sonra bir müddət dağlara, “Gələsən-görəsən” qalasına çəkilmiş, sonralar elə dağlarda da bir-bir həbs olunub güllələnmişdilər. Daha sonra isə onlardan bir xəbər-ətər çıxmamışdı. Onları gördüm deyən olmamışdı. Harada dəfn olunduqları belə bilinməmişdi. Bəziləri deyir ki, guya Türkiyəyə qaçmışdılar, bəziləri deyir ki, ələ düşməsinlər deyə intihar etmişdilər. İndi nə bilim hərə bir söz deyir də... Əlqərəz onlardan dürüst məlumat yoxdur.

 

Sadəlövh, təmiz, saf adam olmuşdular. Yalnız mollaxana təhsili görmələrinə baxmayaraq, müdrik, dərrakəli, hər şeyi başa düşən, bu dünyanın gəlirindən-çıxarından baş çıxaran adam olublar. Müdrik, ağıllı adam olmasaydılar rus imperiyasına nifrət etməzdilər ki... Ona qarşı çıxmazdılar ki... Rus imperiyasına qatı nifrətləri var idi.

 

“Yenə birtəhər bu Sovet quruluşuna dözmək, buna istədin-istəmədin birtəhər qulluq etmək olar. Bunun az da olsa indi materializm tərəfini çıxsaq, bəzi öz yaxşı cəhətləri var. Daha mənim dilimi, varlığımı, mənliyimi əlimdən alan rusa xidmət etmək, ona nökərçilik etmək?... Hə... bu mümkün olan şey deyil axı”...

 

Atamın gündəliyindən.

 

Çoxları indi çox söz deyir, çox söz deyə bilər. Özünü yüksək təbəqənin nümayəndəsi sayır. Ay nə bilim ziyalı ailəsindən olmuşuq. Ay nə bilim bəy nəslimiz belə gəldi, mülkədar nəslimiz belə getdi. Var-dövlətimiz başımızdan aşıb-daşırdı. Zadəgan idik. Ay nə bilim nə idik. Bizi sonradan “qulaq” elədilər... Yox-yox biz bunların heç biri deyildik, olmamışıq. Nə zadəgan, nə bəy. Heç biri. Amma ki, vuruşqan dalaşqan olmuşuq. Güllə qabağına gedən olmuşuq. Söz götürən olmamışıq. Heç kimin də qabağından qaçmamışıq. Bu düzdür, bu xüsusiyyət elə indi də bizdə qalıb, özünü göstərir. Əlbəttə harada görülüb ki, ona qədər qardaş bir yerə yığışanda onlara bir söz deyən olsun. Vallahi... zəmanə, dövran nə qədər dəyişsə də, başqalaşsa da, bu xüsusiyyəti indiyə kimi özümüzdə qoruyub saxlamışıq. Adi kasıb... Hhmm... Kasıb deyəndə ki, heç kimə möhtac olmadan, öz əlimizin zəhməti ilə yaşayıb, günümüzü indi pis ya yaxşı keçirənlərdən olmuşuq. İndi birtəhər dolanmışıq. Heç kimə də möhtac olmamışıq. Heç kimə də boyun əyməmişik. Varlı, imkanlı da deyildik ki, desinlər ki malları, mülkləri əllərindən getmişdi deyə, Sovet quruluşuna qarşı çıxırdılar. Dediyim kimi yox... Sadəcə olaraq ağılla, fəhmlə başa düşüb dərk edirdilər ki bu yeni quruluş mənasız bir şeydir. Sarsaq quruluşdu. Təbiətin yazılmış və yazılmamış qanunlarına zidd qurulub. “Necə yəni hamının hər şeyi var, amma eyni zamanda heç kimin heç nəyi yoxdur. Hər şey ümumidir. Belə şey ola bilməz axı. Bu yeni quruluşun çatışmayan cəhətləri çoxdur, lap çoxdur. Amma rus imperiyasının çəkmələri altında olmaq... Yox bu yaramaz. Bu mümkün olan şey deyil. Bununla barışmaq olmaz. Əəəə... necə yəni nəsli-kökü bilinməyən, dib-dəhnədən çıxan rusun birisi gəlib mənə böyüklük eləsin?... Axı rus kimdir ki, mənə böyüklük eləsin? Mənə böyük qardaş olsun. Mənim öz dini bir, dili bir qardaşım var. Meşədə yaşayan, çəlləkdə çimən ayıdan mənə qardaş olmaz. Ay...hay... Həmin o məşhur illərdə Şəki üsyançıları lap o Fərman Kərimzadənin “Qarlı aşırım”ındakı kimi Şəkidə Sovet hökumətini yıxıb, hələ bir üç gündə milis idarəsini, poçtxananı, bankı ələ almışdılar. Əllərində saxlamışdılar... Sonralar atam həmişə zarafatla deyərdi ki, mən üç gün başqa bir quruluşda, başqa bir hökumətdə yaşamışam.

 

Zəkəriyyə kişinin ikinci arvaddan olan oğlu Mahmudağanın isə övladı olmamışdı. Elə bu dünyadan da övladsız getmişdi. Arvadı Gülzar arvadla övlad həsrəti çəkməkdən alışıb yanırdılar. Şəkidə elə bir pir, ocaq, müqəddəs  yer qalmamışdı ki, ora üz tutmasınlar, ora pənah aparmasınlar. Zəkəriyyə kişinin üçüncü arvadı, Xanım arvadın ilk oğlu isə İsfəndiyar olmuşdu. İsfəndiyar 1921-ci il avqustun 4-də anadan olmuşdu. Baxmayaraq ki, Zəkəriyyə kişinin o biri arvadlarından övladları var idi, özü də çox idi. İsfəndiyar isə əstəğfürullah onun dini imanı idi. Ən istəkli övladı idi. Elə Xanım nənəm də İsfəndiyarsız qala bilmirdi. Ona “Ay dədəm” deyərdi. Sonralar mənim də boynumu qucaqlayıb “Ay dədəm oxqay... Səndən İsfəndiyarın ətri gəlir” – deyərdi. Xanım nənəm qırğız qızlarına oxşayırdı. Gözlərindən də görünərdi. Deyilənlərə görə, milliyyətcə qırğız-qazax idi. Türküstandan Qafqaza köç eləmişdilər. Atasının adı Məcid kişi idi. Deyilənlərə görə, o dövrlərdə Türküstanda yəni o tərəflərin adının hələ nə Qırğızıstan, nə Qazaxıstan olmayan zamanlarında, hamının Orta Asiya, Türküstan adlandırdığı dövrlərdə Məcid kişinin kiminləsə bir qan davası olmuşdu, kimisə öldürmüşdü. Aralarında tayfa qırğını olmuşdu. Deyilənlərə görə, iki tayfa bir-birini qırıb axırına çıxmışdılar. Məcid kişi qardaşları ilə bərabər bir ailəni, bir nəsli tamam qırıb axırına çıxmışdı. Sonralar o biri tərəfin intiqamından ehtiyat eləyən Məcid kişi nəticədə gecələrin birində gizlicə ailəsini də götürüb, Azərbaycana qaçmış və Azərbaycanın da ən ucqar yerlərində məskən salıb, hətta adını da dəyişdirib Məmməd eləmişdi. Elə o vaxtdan da hamı Xanım nənəmə qazax Məmmədin qızı deyərdilər. Sənədlərində isə Xanım Məcid qızı sözləri yazılardı. Hansı rüzgar, hansı tale bu nəsli uzaq Türküstandan məhz Azərbaycana atmışdısa, məlum deyildi, bu bir alın yazısı idi.

 

Xanım nənəm atam Bəxtiyara hamilə qalanda – daha bəsdir utanıram. Kişinin  Zəkəriyyə kişinin” məndən yaşca böyük olan oğullarının qarşısında qarnı burnunda gəzməkdən xəcalət çəkirəm. Vallah ayıbdır. Bu uşağı saldıracam – deyirdi. Övlad həsrəti ilə alışıb yanan Gülzar arvad qaynanalığının ayaqlarına düşərək – amanın günüdür eləmə. Başına dönüm, qurban olum eləmə, günahdır - demişdi. - Mən övlad həsrəti ilə alışıb yanıb kül oluram, pirə, ocağa getməkdən yorulmuşam. Sənə isə qurban olduğum dünyanın ən gözəl payını verir, sən isə onu məhv etmək istəyirsən. Qurban olaram sənə, günaha batma. Doğ ver mənə, nə olar... Oğlan da olsa mənə qəbuldur, qız da olsa. Bu uşaq payını Allah sənin vasitənlə mənə göndərir. Tələf eləmə, heç kim bilməz, gizli saxlayarıq. Bir daş altda, bir daş üstdə.- Razılaşırlar.

 

1925-ci il avqust ayının 16-da səhər saat 4-5 arasında bir çağa dünyaya gəlir. Həmin vaxt babam Zəkəriyyə kişi sübh namazı üstə imiş. Hava hələ tam açılmamışdı. Ala-toranlıq idi. Birdən uşağın çığırtısı eşidiləndə babamın qıldığı canamazın üstünə günün şüaları düşür. Gün çıxır. Qapını döyüb, babamdan muştuluq istəyib, oğlun olub deyəndə, babam deyir ki – deyəsən bizim nəsli bu uşaq davam etdirəcək. Bu anadan olanda otağa gün düşmüşdü. Adını Bəxtiyar qoyurlar. Daha doğrusu uşağın adını Gülzar arvad qoyur. - Uşağı mənə versəniz onu bəxtiyar edərəm, o bəxtiyar olacaq, gözündə heç bir arzusu qalmayacaq – deyir. Və beləliklə Mahmudağa həyat yoldaşı Gülzar arvadın davamlı təkidi ilə ata bir ana ayrı qardaşını oğulluğa götürür. Elə o gündən bu günə kimi də atamın hər bir sənədində əvvəlcə Vahabov, sonra isə Vahabzadə Bəxtiyar Mahmud oğlu sözləri yazılır.

 

Amma Gülzar arvad dözülməz dərəcədə qısqanc bir qadın idi. Daha doğrusu Bəxtiyarı oğulluğa götürəndən sonra, çox dəyişmişdi. Tanınılmaz olmuşdu. Qardaş arvadlarından heç biri körpə Bəxtiyarı qucağına götürə bilməzdi, ona nəvaziş göstərə bilməzdi. Dözmürdü. Öz hərəkətləri ilə sanki-Bəxtiyar mənimdir, onu heç kimə vermərəm. Bəxtiyar ancaq mənim qucağımda olmalıdır. Onu ancaq mən qucaqlayıb öpə bilərəm – deyirdi. İllahdakı uşağın doğma anası Xanım arvad uşağa yaxın düşə bilməzdi. Süd verəndən verənə uşağı qucağına götürə bilərdi. Vəssalam. Özündən asılı olmayaraq əsəbiləşirdi. Bəxtiyarı oğulluğa götürəndən sonra, Gülzar arvad tamam dəyişmişdi. Onun üçün bu dünyada bircə Bəxtiyar var idi. Vəssalam. Əstəğfürullah göydə Allah, yerdə Bəxtiyar deyərdi. Dünya aləm qurban olsun Bəxtiyara deyərdi. Bəxtiyar isə elə çağalığından bütün meylini özündən 4 yaş böyük olan qardaşı İsfəndiyara salmışdı. İsfəndiyarsız bir dəqiqədə olsun qala bilmirdi. Elə İsfəndiyarla birgə yatar, onunla da birgə yuxudan oyanardı. Xudanəkərdə səhər yuxudan duran kimi İsfəndiyarı yanında görməyəndə, ağlayardı. Onu heç kim ovuda bilməzdi. Ağlayan kimi İsfəndiyar Bəxtiyarı qucağına götürər, uşaq sakitləşərdi. Səsini kəsərdi. Başını İsfəndiyarın çiyninə qoyan kimi yatardı. Sanki İsfəndiyarın iyini hiss edərdi. Deyirdilər ki, Bəxtiyar İsfəndiyarın iyini alıb, ona görə də ondan ayrı qala bilmir (Sonralar mən böyüyüb yaşa dolandan sənətim ilə bağlı uzun müddət atamdan ayrı düşüb, görüşüb qucaqlaşanda, ilk növbədə atam mənim boynumu qucaqlayıb... Ay ammman... Ay qardaş...Səndən İsfəndiyarın ətri gəlir ki... deyərdi).

 

Uzun illər idi ki müharibə qurtarmışdı. İsfəndiyarın itkin düşmə xəbəri də (ölüm xəbəri yox) rəsmi olaraq yazılmışdı. Amma o nə ətir idisə atam onu heç cür unuda bilmirdi. Hər dəfə deyirdi ki, səndən İsfəndiyarın ətri gəlir. Sən mənim böyük qardaşım İsfəndiyarsan.

 

Bütün bu hadisələrdən bixəbər, bu bəxtəvər, mehriban, ayrılmaz, bir-birləri üçün dəli-divanə olan qardaşlar İsfəndiyarla Bəxtiyar elə-belə yaşa dolub böyüyürdülər. 

 

Elə ağlı kəsəndən Bəxtiyar İsfəndiyarla bir yerdə yatar, bir yerdə oynayardılar. Gecə vaxtı Gülzar arvad Bəxtiyarı İsfəndiyardan ayırıb yanında yatıranda, uşaq gecə ayılıb İsfəndiyarı yanında görməyəndə çığırtısı ailəmi götürərdi. Ağlaya – ağlaya, qaqaşımı mənə verin – deyərdi.

 

1928-ci ildə İsfəndiyar orta məktəbə gedəndə balaca Bəxtiyar özünü göyə qaldırıb yerə çırpardı ki, məndə qaqaşımla bir yerdə məktəbə gedəcəyəm. Məni də məktəbə yazdırın. Dörd yaşlı Bəxtiyarın isə məktəb yaşı çatmırdı. Hələ çox balaca idi. Amma anadan olandan Bəxtiyarın bir sözünü iki eləməyən, bir arzusunu gözündə qoymayan, nəinki onun arzusunu gözündə qoyan, hətta buna cəhd edənlərin gözünü belə tökməyə hazır olan Gülzar arvad Bəxtiyarı da zorla məktəbə yazdırır. Kimin nə həddi var ki Bəxtiyara yox desin. Sözsüz ki 4 yaşlı uşağın başına dərs girmirdi. Heç nə başa düşə bilmirdi. Müəllim deyəni dərk edə bilmirdi. Oxuya bilmirdi. Sözsüz ki, məqsəd məktəbə gedib dərs oxumaq deyildi. Əlbəttə yox. Məqsəd İsfəndiyarla bir yerdə olmaq idi. Bir saat İsfəndiyarsız qala bilməyən Bəxtiyar, qaqaşının yanında olmaq istəyirdi. Təki ondan ayrı düşməsin... Amma sonralar nə biləydilər ki... Bu ayrılıq ömürlük olacaq.

 

Müəllimlərdən kimin nə həddi-hüdudu var idi ki, Bəxtiyara sən dərs oxuya bilmirsən sözlərini desin. Gözünün üstündə qaşın var – desin. Gülzar arvad müəllimlərin gözünü deşərdi. Dərs başlanandan ta qurtarana kimi, məktəbin qapısının ağzına qoyulmuş daşın üstündə oturub balasını səbirsizliklə gözləyən Gülzar arvad, müəllimlərdən şikayət eşidən kimi “Siz hamınız mənim balama paxıllıq edirsiniz, onu gözünüz götürmür, çünki o sizin hamınızdan çox bilir, o sizin hamınızdan ağıllıdır – deyərdi. Vaxt gələcək siz hamınız fəxr edəcəksiniz ki, o bu məktəbdə oxuyub. Görün mənim balam böyüyüb kim olacaq. Siz elə indidən ona paxıllıq edirsiniz. Onu gözünüz götürmür”.

 

(Çox qəribədir. İndi bilmirəm Gülzar nənəm bütün bu dediklərini haradan bilirdi, intuitiv hiss edirdi yoxsa duyurdu, ya nə isə görürdü... Yoxsa qarşısına məqsəd qoymuşdu ki, Bəxtiyarı böyük bir adam etsin və bütün gücünü də bu yolda sərf etsin. Deyə bilmərəm, amma çox maraqlıdır).

 

Kiçik bir haşiyə

 

1934-cü ildə balaca Bəxtiyar 7 noyabr bayramı münasibəti ilə kiçik bir şeir yazır. Əlbəttə ömrü boyu 7 noyabr bayramına güclü nifrət edən balaca Bəxtiyar o zamanlar yazdığının mənasını dərk etməmişdi. Elə-belə şeir idi də yazmışdı. Sonralar bu şeiri, bu bayramı hər dəfə ələ sala-sala, gülə-gülə, “Əəəə... bu nə sarsaq, bu nə səfeh şeir idi ki, mən yazmışdım” – deyərdi.

 

“Bizim kənddən əlli nəfər

Bizdən idi Əli, Səfər

Biz keçərək hücumlara

Qışqırırdıq ura-ura”.

 

Atam yazdığı bu ilk şeirini nənəmə oxuyanda, arvadın gözləri dolur. Bəxtiyarın boynunu qucaqlayıb öpüb deyir ki, dünyada bu şeirdən gözəl, bu şeirdən mənalı şeir yoxdur. Uşağın əlindən tutub, o zamanlar “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru olan rəhmətlik Süleyman Rüstəmin yanına gətirib, onun yanında şeiri Bəxtiyara oxutdurur. Süleyman Rüstəm şeirə diqqətlə qulaq asıb, uşağın başını sığallayıb gülür. Sonra üzünü Gülzar nənəmə tutub deyir ki, “Qoy bu uşaq daha şeir yazmasın, başqa bir işlə məşğul olsun. Bundan şair çıxmayacaq. Qol hələlik dərsini oxusun. Bu yazılan şeir, şeir deyil. Bekara şeydir. Cızma – qaradır” (Sözsüz ki, bu şeir uzun idi. Atamın yadında qalan və ondan eşitdiyim ancaq bu misralar idi). Pahooo... heç bunu nənəmə demək olardı? Arvadı od götürür. Əsəbiləşərək deyir ki, sən mənim balama paxıllıq edirsən. Çünki o səndən də yaxşı şeir yazır. Sözsüz ki, bu mənasız bir söz idi. Necə yəni? O dövrün ən məşhur 30-35 yaşlı, tanınmış bir şairinin 8-9 yaşlı uşağın nəyinə paxıllığı tutacaqdı ki... Əlbəttə bu çox mənasız söz idi. Nənəm isə heç cür sakit ola bilmirdi. – “Sənin gözün mənim balamı götürmür”. Süleyman Rüstəm nənəmi sakitləşdirərək gülə-gülə deyir ki – mən bir söz demirəm ki, şeir yazır qoy yazsın. Amma şeir yazmaq onun üçün hələ çox tezdir. Nənəm bir az da əsəbiləşərək:

 

– İndi görərsən mənim balam böyüyüb kim olacaq, hamınız onunla fəxr edəcəksiniz. O sizin hamınızdan yaxşı şair olacaq.- Süleyman Rüstəm nənəmi sakitləşdirərək, onu qapıya qədər ötürür. Heç cür özünə gəlməyən nənəm qapıdan çıxarkən bir də deyir:

 

– İndi sən Süleyman ol, o da Bəxtiyar. İndi gör bu balaca uşaq böyüyüb kim olacaq.

 

Sonralar atam danışırdı ki, xəcalətimdən yer ayrılmırdı ki, yerə girim. O cür məşhur şairin qarşısında belə danışmaq düzgün deyildi axı.

 

Hhmmm... Sözsüz ki Süleyman Rüstəm düz deyirdi. Yazılan bu şeir, şeir deyildi. Adi bir cızma-qara idi. Səfeh bir şey idi... Amma Süleyman Rüstəm nə biləydi ki... Bəs bu savadsız, yalnız mollaxana təhsili görmüş nənəm Gülzar arvad bu şeirdə nə görmüşdü ki, gözləri belə parıldayırdı. O balaca, cılız, çəlimsiz Bəxtiyarda nə hiss etmişdi ki, özündən belə arxayın-arxayın danışırdı. Ona belə güvənirdi.

 

lll        

 

1981-ci il, payız fəsli idi. Namizədlik müdafiəsi ərəfəsindəyəm. Elmi əsərimin adı “Süleyman Rüstəmin yaradıcılığında Cənubi Azərbaycan mövzusudur”. Süleyman Rüstəmgildəyəm. Onun iş otağındakı kresloda oturub, mövzu haqqında danışıram. Gözləri yol çəkirdi. Deyəsən mənə heç qulaq asmırdı. Başqa bir şey haqqında düşünürdü. Arabir gülümsəyirdi. Birdən nə düşündüsə, sözümü kəsərək:

 

– Bala, nənən sağdır?

 

Təəccübləndim. Axı mənim mövzumun nənəmə nə aidiyyatı var ki, başa düşmədim.

 

Yavaş səslə:

 

– Xeyr, 1962-ci ildə dünyasını dəyişib. Necə ki?...

 

– Heç.

 

Və Süleyman Rüstəm bu yuxarıda qeyd elədiyim əhvalatı, olduğu kimi gülə-gülə mənə danışmağa başladı. Sonra birdən ciddiləşərək:

 

– Ay dünya, ay dünya. Sən bir işə bax e... 8-9 yaşlı Bəxtiyar, anası Gülzar arvad, mənim ilə mübahisə. Bunlar hamısı indi bir yana qalsın. Sən bir işə bax e... Onun nəvəsi, Bəxtiyarın oğlu indi məndən namizədlik elmi işi yazır. Deyirəm Allahın nə qəribə işləri var e. Nə at işləməz yolları var e... Kimin ağlına gələ bilərdi ki... İllər nə yaman tez ötür. Ay aman...

 

Sən demə mən elmi mövzum haqqında danışdıqca, Süleyman Rüstəm də o keçən günlər haqqında düşünürmüş. O anları xatırlayırmış. Unutmamışdı. Atamgilə gəlib, bütün bunları ona danışanda bir xeyli güldü. Sonra Süleyman müəllimə zəng edərək:

 

– Ay Süleyman müəllim nə yaman güclü hafizəniz var imiş.

 

– Ay Bəxtiyar əlbəttə. Heç elə şey yaddan çıxar? Amma məni kövrəldən tamam ayrı şey oldu. Hətta oğlun qapıdan çıxarkən, gözlərim də dolmuşdu. Deyirəm ay Bəxtiyar illər nə yaman tez ötür. Dünya nə yaman sürətlə fırlanır. Dünyamız nə yaman kiçik imiş. Hər şey necə təkrarlanırmış. Bu hadisə kimin ağlına gələ bilərdi. Nə isə... Axı elə bil ki bütün bunlar dünən olub.

 

lll

 

Hə... Əvvəlki yazıma qayıdıram. Bəxtiyar sinifdə hamıdan boyda balaca idi. Əlbəttə dörd yaşlı uşaq, 7-8 yaşlı uşaqlarla bir sinifdə oxuyanda belə olar da...

 

Onun üçün də, onu qabaq sıralardan birində oturdurlar. Bəxtiyar isə ağlayır ki, yox... Qaqaşımı da mənim yanımda oturdun. Naəlac qalan müəllimlər sinifdə hamıdan hündürboy olan İsfəndiyarı da Bəxtiyarla bir partada əyləşdirirlər. Həəə... Bütün bunlar isə Gülzar arvadın gözündən yayınmır. Altdan – altdan hər şeyə fikir verir. Və bütün bunlar nənəm Gülzar arvadın xoşuna gəlmir. Lakin başqa əlacı da yox idi. Neyləyə bilərdi ki... Dərsdən sonra sinifdə hamıdan yaxşı oxuyan, əlaçı İsfəndiyar, təmkinlə ahəstə-ahəstə Bəxtiyara dərs başa salanda Gülzar arvad bunları da qəbul edə bilmirdi. Yox... Bunları bir-birindən ayırmaq lazımdı. İlk növbədə Bəxtiyarın İsfəndiyara dediyi qaqaş kəlməsinə son qoyulmalıdır. Xeyr. Bəxtiyar bilməlidir ki, onun qardaşı-zadı yoxdur. Vəssalam. Elə bütün bunlara da birdəfəlik son qoyulsun deyə, 1933-1934-cü illərdə tədricən Şəkidən Bakıya köçürlər. Deyilənlərə görə, Bəxtiyarı İsfəndiyardan ayırmaq mümkün deyildi. Qardaşının ayaqlarına sarılıb durmuşdu. “Mən qaqaşımı istəyirəm” Mənə qaqaşımı verin. Qaqaşım da mənim ilə getsin deyib, ayaqlarını yerə çırpıb ağlayardı. 2-3 gün yola çıxa bilmirlər. Amma hər hansı bir çətin vəziyyətdən çıxış yolu tapa bilən, irəlidəki hadisələri, intuitiv, ağılla, fəhmlə hiss edən nənəm balaca Bəxtiyarın xətrinə dəymədən, onu al-dil ilə dilə tutub, aldadıb yola çıxırlar. Sanki dırnağı ətdən ayırırlar. Gözü yaşlı İsfəndiyar Şəkidə qalır, yolboyu İsfəndiyar deyən Bəxtiyar isə Bakıya gəlir. O vaxtlar dəmir yolu ilə ancaq Yevlaxdan Bakıya gəlmək olurdu. Şəkiyə dəmir yolu yox idi. Dəmir yolu isə ancaq Yevlaxa qədər çəkilmişdi. Şəkidən Yevlaxa qədər gəlib, Bakı qatarına minərdilər. Yevlaxa isə Şəkidən o dövrün yük maşınları gedərdi.

 

– Nə?...

 

Mənim gözümün ağı-qarası, bircə Bəxtiyarım yük maşınında yolun tozunu-torpağını uda-uda getsin. Bəxtiyarın anası hələ ölməyib ki... Ay – hay. Əgər o indidən, ağlı kəsəndən yük maşınının yük yerində yol gedərsə, elə ömrünün axırına qədərdə yük maşınından istifadə edəcək. Həyatın nəbzini necə tutsan, eləcə də gedəsidir. Bəxtiyar isə Bəxtiyar olmalıdır. Elə olacaq da... Və... oldu da (atamın 1958-ci ildən, ta dünyasını dəyişənə qədər, həmişə özünün xüsusi avtomobili və xüsusi sürücüsü olmuşdur).

 

Nənəm Şəkidən Yevlaxa iki qızıl türk lirəsinə bir gümüşü fayton kirələyir ki, balaca Bəxtiyar yolboyu gül-çiçəklərə baxa-baxa, quşların cəh- cəhinə qulaq asa-asa getsin. Çünki o Bəxtiyardır. (Allah sən özün saxla. Bütün bunları nənəm haradan bilirdi, haradan görürdü? Haradan nə duyurdu ki, bu balaca Bəxtiyar böyüyüb kim olacaq?) Yox məni düzgün başa düşün. Mən demirəm ki, atam Bəxtiyar bu dünyada hər bir şeyə qadir adam olub. İstədiyi hər bir şeyi edib. Yox... Əlbəttə yox. Çətin günlərimiz, ağır günlərimiz, qorxulu günlərimiz, həbs olunma qorxusu, əzablı günlərimiz, atamın işsiz, pulsuz günləri çox olmuşdu. Amma atam bunların heç birini nə ağır, nə də ki çətin gün sayırdı. Belə çətinlikləri heç vaxt ürəyinə salmırdı. Çünki belə günlər onun üçün əhəmiyyətsiz məişət məsələləri idi. Fikrində ancaq bir məsələ cövlan edərdi.

 

“ Şükür eləyəlim  ki, bizlərdən həm əvvəl, həm sonra Vətən var”.

 

Onun ömrü boyu bir dərdi, bir ağrısı olub. Vətən dərdi, millət ağrısı, dil məsələsi.

 

Əlbəttə nənəm belə məsələləri başa düşmürdü. O ancaq bir məsələyə çalışırdı ki, Bəxtiyar bu dünyada məişət əziyyətləri çəkməsin. Məişət çətinlikləri olmasın. İndi nənəm nə bacarmışdısa, bacardığının ən yüksək həddini atam üçün etmişdi. Elə bu cəhətdən də Bəxtiyar həqiqətən də bəxtiyar olmuşdu.

 

Nənəmgil Bakıda Mirzə Fətəli Axundov küçəsində, iki balaca otaqlı bir ev kirələyirlər. Babam Mahmudağa nə qədər təkid edirsə ki, gəl bir ev alaq öz evimiz olsun. Onsuz da əlimizdə pulumuz var, az pul da deyil. Lakin nənəm razı olmur. Deyir ki, onsuz da vaxt gələcək hökumət Bəxtiyara ev verəcək. Əlimdə olan pullar isə zamanında Bəxtiyara lazım olacaq. Mən bu pulları onun qalxması, irəliyə getməsi yolunda axırıncı qəpiyinə qədər xərcləyəcəyəm. Sən mənə mane olma. Bakının ən yaxşı yerində onun öz evi olacaq. Hökumət ona ev verəcək. 

 

lll

 

Gülzar nənəmin birinci əri, erməni – müsəlman qırğınında Azərbaycana kömək üçün gələn, türk ordusunun yüzbaşısı Zülfüqar əfəndi adlı bir türk zabiti olmuşdu. Vartaşen, indiki Oğuz, Şamaxı tərəflərdə kəsmədiyi erməni başı qalmamışdı. Tökmədiyi erməni qanı qalmamışdı. Ermənilərə qan uddurardı. Hətta deyilənlərə görə, erməni qanında ayaqlarını da yuyardı. Əldə etdiyi bütün qəniməti də, var-dövləti də qızıl sikkə pullardan tutmuş, qızıl zinət əşyalarına qədər, qızıl kəmərlərdən tutmuş, üzük, bilərzik, boyunbağı, torba-torba qızıl pullara qədər çoxlu var-dövlət əldə etmişdi. Hamısını da nənəmə vermişdi ki, saxlasın. “Qoy bir ermənilərin kökünü kəsək, onsuz da bir neçə ilə çıxıb Türkiyəyə gedəsiyik, burda qalası deyilik” –  deyərdi. Zülfüqar əfəndinin Türkiyədə öz ailəsi də var idi. Övladları da var idi. Nənəm də Zülfüqar əfəndinin növbəti arvadlarından biri idi. Amma deyilənlərə görə, nənəm çox gözəl, olduqca gözəl bir qız olub. Zülfüqar əfəndi nənəmin dərdindən dəli-divanə idi. 15 yaşlı Gülzar Zülfüqar əfəndini dəli etmişdi. Dəli kimi nənəmə vurulmuşdu. Eh... Sonralar arxadan bir erməni gülləsinə tuş gəlir. Elə yerindəcə qalır. Gülzar nənəm uzun müddət yas saxlayıb, özünə gələ bilmir, gözlərinin yaşı qurumur. Bu dünyada tək qalır. Qardaşları, atası ermənilər tərəfindən qətlə yetirilmişdi. Sonralar babam Zəkəriyyə kişinin ikinci arvaddan olan oğlu Mahmudağaya ərə gedir.

 

 

(Ardı var)

İsfəndiyar VAHABZADƏ

525-ci qəzet.- 2015.- 21 fevral.- S.20-21.