Eşitdiyim və gördüyüm Yaponiya...

 

Yol qeydləri

 

 

Mequro – tarixi zənginlikləri və təbii xüsusiyyətləri ilə seçilən şəhər...

 

Səfər proqramımızın ilk tədbiri ölkənin paytaxtı Tokio şəhərinin Mequra rayonundan başladı.  Tokionun cənub şərqində yerləşən, paytaxtın 23 rayonundan biri olan Mequro (Mequro – ko) xüsusi əhəmiyyət kəsb edən bir məkandır. Tanışlıq zamanı bizə bələdçilik edən yapon məmurlarının dediklərinə görə, əsasən əsilzadələrin yaşadığı bu rayon həm də şəhərin yüngül sənaye məhsulları istehsal edən hissəsidir. Paytaxtın bir çox ali və ixtisas məktəbləri, o cümlədən, məşhur Tokio Texnologiya İnstitutu, Tokio Paytaxt Universitetinin əsas tədris korpusları, eləcə də respublikamız da daxil olmaqla dünyanın on beş ölkəsinin səfirlik və konsulluqları da bu rayonda yerləşir. Mequroda  273,7 min nəfər əhali yaşayır.

 

Rayonun qədim bir tarixə malik yaşayış yeri olmasını ərazisinin şimalında, Xiqasyame (yer adıdır) balıqqulağı təpələrində paleolit dövrünün qalıqları olması da şərtləndirir. İndi Mequro adlanan bu yerdə əvvəllər iki şəhər olub. Mequro və bir də keçmiş Ebara mahalının Musasi əyalətinin Nibisuma şəhəri. 1932-ci ildə Tokio Stritdə bu iki şəhər birləşərək indiki Mequro rayonu yaranıb.

 

Mequroda ölkənin konstutusiyasına görə yerli dövlət idarələri heç kimdən asılı olmayan, səlahiyyət müddəti beş il olan merdən və eyni müddətə seçilən 36 üzvdən ibarət tərkibdə  şəhər şurasının sədrlik etdiyi Mequro hökumətinin şəhər yığıncağıdır.

 

“Mequro” adının anlamı yaponların öz dillərində “Qara gözlər” deməkdir. (Qara gözlü FUDO – Myöö) Mequro FUDO XVII əsrin əvvəllərində rahib Tenkaya və məsləhətçisi Tokuqava İeyasu tərəfindən Edonun (Tokionun) ətrafında, strateji nöqtələrdə tikilən beş heykəldən biridir. Heykəllərin daş gözləri ayrı-ayrı rənglərdədir və inanclara görə bu heykəllər yeni paytaxtı, Tokionu yad niyyətlərdən qorumaq üçün idi.

 

Yaponiyada Qinko deyilən bir ağac da var. Bu ağac Tokionun rəmzlərindən biridir. Ölkənin hər yerində bitir. Noyabr ayında meyvə verir. Ağacın yarpaqlarının tozundan istifadə olunur.

 

Mequro rayonunda müqəddəs Pavel kilsəsi, katolik kilsəsi də daxil olmaqla dini qurumların yeddi məbədi var. Təəssüf ki, onların arasında məscid yoxdur.

 

Yaponiyada insanlar ya bütpərəst, ya da sentoçudur. Yəni təbiətə sitayiş edirlər. Ancaq digər inanclara aid ibadət yerləri, tarixi abidələr də vardır.

 

Edonun (Tokionun) Santa Mariabaş kilsəsi kimi tanınan Salesio katolik kilsəsi də Mequro şəhərində yerləşən tarixi abidələrdəndir. Salesio kilsəsi katoliklərin şöhrəti ilə öyündüyü məşhur  Roma kilsəsinin Yaponiyadakı simvolik, zərif  nümunəsidir.

 

Mequroda bir maraqlı tarixi abidə də əsası, başlanğıcı bu rayonun ərazisində qoyulmuş ilk cıdır yarışlarının qalibi olmuş atın şərəfinə ucaldılan heykəldir.

 

Yaponiya Cıdır Assosiasiyası bu menorial abidə ilə ilk cıdır yarışlarının tarixini əbədiləşdirmişdir.

 

İndi keçmiş cıdır yollarının ətrafından keçən şoselər, avtobus dayanacaqları həmin tarixi yaddaşa ehtiram əlaməti olaraq “Motokeibojo” (cıdır yolları) adlanır.

 

Bu abidəni maraqla seyr edə-edə xəyal məni doğma yurdumuza, Azərbaycana, qədim bir tarixə malik Şabrana apardı.

 

Nə gizlədim, hələ uşaqlıq yaşlarımdan, yeniyetməliyimdən bəri, necə deyərlər, “Koroğlu” dastanını hələ heç eşitmədən, oxumamışdan qoç Koroğlunun məşhur Qıratını hiylə yolu ilə qaçıran Həmzəyə dediyi sözləri atlara  vurğunluğumdan əvvəl bilmişəm: ”At igidin qardaşıdır”.

 

Yazı-pozumda da arabir atlardan söz açmışam...

 

Nə isə...

 

Qədim Odlar Yurdunun ulu bir tarixə malik Şabran torpağında elimizin ən əziz bayramı olan Novruz qabağı gen-geniş Ağzıbir düzündə rayonumuzun özündəndeyən cavanları kəhər atların yalmanına yata-yata başları üstdə üçrəngli bayrağımızı dalğalandıra- dalğalandıra Cıdır yarışına çıxırlar.

 

Burasını da deyim ki, ənənəsi ilk dəfə bizim Şabranda qoyulmuş bayramqabağı bu Cıdır yarışı indi respublikamızın digər bölgələrində də keçirilir. Əlbəttə, ilk təşəbbüskar kimi bizim də bununla qürur duymağa haqqımız var...

 

Rayonda daha möhtəşəm bir abidə Mequro Fudo məbədidir.

 

Belə rəvayət olunur ki, bu məbədi Tedio sektasının rahibi Jikaku Taişi Ennin açmışdır. Meguro Fudo sadə camaat tərəfindən “Mequronun Fudosu” kimi tanınır. Məbədin əsas salonunun arxasında Konyo Aokinin qəbri yerləşir. Bu şəxs Yaponiyada şirin kartofun becərilməsinin başlanğıcını qoymuşdur. Hər il 28 oktyabrda onun xatirəsini yad etmək üçün “Şirin Kartof” festivalı keçirilir.

 

Yaponiyada çox saylı bayramlar vardı. Demək olar ki, təbiətdə insana xidmət edən, yararlı olan bitkilərin də adı ilə bağlı bayramlar keçirilir. Məsələn 3 fevral Yaponiyanın ən əyləncəli milli bayramlarından olan “Setsubun” bayramıdır. Həmin gün Yaponiyanın hər yerində, kiçikdən böyüyə kimi hamının əlində soya paxlasını görmək olar. Çünki o gün soya paxlasını anma günüdür.

 

Bu gündoğar ölkədə hər ailənin, hər tayfanın öz “loqosu”, simvolu olduğu kimi, yaşayış məntəqələri, rayonların, şəhərlərin də öz xüsusi rəmzi, simvolları var. Bu simvol bir dağ, çay, ormanda da ola bilər, bir daş qaya parçası da, ömrünü yaşa verib qurumuş bir ağac kötüyü, zərif bir kəpənək hənirindən titrəyən bir çiçək kolu, hətta bir ləçək də. Mequranın simvolları isə gözləri qara olan yuxarıda dediyim o heykəl, heykəllərdir...

 

Nə isə...

 

Mequroda şərab da istehsal edilir və yaponların özlərinin dediklərinə görə istehsal etdikləri bu məhsul keyfiyyətinə görə dünyada ikinci yeri tutur.

 

Mequroda ilk görüşümüz şəhər meriyasında, mer Aoki Eiji ilə oldu. Bəri başdan deyim ki, qəbulun əvvəlindən sonacan görüş salonunun küncündə ayaqüstə hərəkətsiz, yanaşı dayanan qadınla kişini və mil kimi dayanıb elə eyni vəziyyətdə aparıcılıq edən mətbuat xidmətinin rəhbərini nəzərə almasaq, elə bizlərdəki görüşlərdən fərqli elə bir qeyri-adi heç nə yox idi. Merlə bərabər daha doqquz məmur salona daxil olub sıra ilə rəyasət heyətinin stolunda bizimlə üzbəüz əyləşdilər. O  məmurlardan biri də meriyanın parlament sədri idi ki, görüşün sonunda merdən sonra o da qısa bir nitq söylədi.

 

Görüşü idarə edən məsul şəxs bəri başdan salonun bir qədər bürkülü, isti olduğuna işarə edib hökumətin büdcə təşkilatlarında elektrik enerjisinə qənaət üçün kondisionerlərin soyuduculuq dərəcəsini 2 faiz aşağı saldığını, əvəzində isə işçi və qulluqçuları iyun-sentyabr aylarınadək qalstuk taxmaqdan azad etdiyini, – deyib bu rəsmi görüşün iştirakçılarına, bizə də qalstuklarımızı çıxara biləcəyimizi təklif etdi.

 

Nümayəndə heyətimizin rəhbəri Hüseyn Mövsümov ölkəmizin belə bir ehtiyac yaşamadığını və hökumətin də belə bir qərar vermədiyini yarıciddi, yarızarafat anladıb: – İsti olsa belə, biz qalstuklarımızı çıxarmağa lüzum görmürük, –deyə elə görüşün başlanğıcından tədbirə xoş bir ovqat qatdı...

 

Respublikamızın Yaponiyadakı səfiri Gürşad İsmayılzadənin iştirak etdiyi bu rəsmi ilk görüşdə Mequro rayonunun meri Eiji Aoki protokola uyğun ənənəvi qaydada  bizi salamlayıb gəlişimizdən, bu işgüzar görüşlərimizdən razılıq etdiyini deyəndən sonra elə o da salonun elə bir az isti olduğunun səbəbini öz hökumətlərinin az əvvəl qeyd etdiyimiz qərarı ilə əlaqələndirdi. Necə deyərlər – üzrxahlıq elədi.

 

Mer rəhbərlik etdiyi rayon haqqında ətraflı məlumat verdi. Xoş olan o idi ki,  mer, ölkəmizi tanıyırdı. Azərbaycanın son illər sürətlə inkişaf edərək yerləşdiyi regionun lider dövlətinə çevrilməsi barədə Yaponiyada məlumatlı olduqlarını dedi. Aoki Eiji ölkəmizin Yaponiyadaki səfirliyinin məhz bu rayonda yerləşməsini xüsusi vurğulayaraq, regionlararası əməkdaşlığın iki ölkə arasında əlaqələrə əlavə töhfələr verəcəyinə əminliyini bildirdi.

 

Merdən sonra çıxış edən nümayəndə heyətimizin rəhbəri Hüseyn Mövsümov Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra qazandığı uğurlardan danışdı. Ümummilli liderimiz Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın bərpası, sürətli inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyanın ölkə  Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında inamla yerinə yetirilməsi nəticəsində  əldə edilən nailiyyətlər  real rəqəmlər və faktlarla diqqətə çatdırdı.

 

Görüşdə nümayəndə heyətimizin tərkibi, İcra Hakimiyyəti  başçılarının rəhbərlik etdikləri rayonların  və şəhərlərin  iqtisadi  inkişaf göstəricilərindən də bəzi məqamları diqqətə çatdırdı. H.Mövsümov bildirdi ki, Bakının Səbail rayonu Tokionun Mequro rayonu kimi paytaxtımızın mərkəzi rayonudur və bunu nəzərə alaraq, bu rayonlar arasında dostluq münasibətləri yaratmaq, qarşılıqlı təcrübə mübadiləsi aparmaq haqqında niyyət protokolunun imzalanması da nəzərdə tutulub ki, bu da hər iki rayon üçün faydalı ola bilər.

 

Elə buradaca qeyd etmək yerinə düşər ki, əvvəlki illərdə elə belə tərkibdə nümayəndə heyətlərinin xarici ölkələrə səfərlərindən Yaponiya səfəri bir də onunla fərqlənirdi ki, səfər proqramında qabaqcıl təcrübə ilə tanışlıqla yanaşı eyni profilli şəhər və rayonlarla gələcəkdə işgüzar  əlaqələr qurmaq üçün təkliflər paketindən ibarət protokolların mətni də qabaqcadan hazırlanmışdı. Protokolların mətni də, məqsədi də Prezident Administrasiyasının tövsiyəsi ilə müvafiq qaydada əvvəlcədən hər iki ölkənin Xarici İşlər Nazirlikləri ilə də razılaşdırılmışdı. Hazırda respublikamızın bir neçə rayonu Yaponiyanın regionları ilə əməkdaşlıq edir. Yaponiya səfirliyi ölkəmizin müxtəlif regionlarında sosial yönümlü bir çox humanitar layihələrin yerinə yetirilməsində təşəbbüskarlıq göstərib əməli köməklik edir.

 

Yeri gəlmişkən bir neçə il bundan əvvəl Yaponiya səfirliyinin dəstəyi ilə elə bizim Şabran rayonunun Şahnəzərli kəndində yeni həkim ambulatoriyası tikilib istifadəyə verilib. Ötən il də Ağbaş kəndində həkim ambulatoriyasının tikintisi haqda təşəbbüs irəli sürülüb və hazırda layihənin təşkilatlandırılması işləri  aparılır. Yeri gəldikcə irəlidə bunlardan da bəhs edəcəyik.

 

Mequro rayon parlamentinin sədri Kozo İsono Mequra rayonu ilə ölkəmiz arasında işgüzar əlaqələrin bu görüşümüzdən hələ on il əvvəl yarandığını yada saldı. Azərbaycanın tərəflərlə qarşılıqlı əlaqələr qurmaq istəyi ilə bağlı təklifini yüksək qiymətləndirdi, belə bir əməkdaşlığın hər iki ölkə üçün faydalı olacağını qeyd etdi. Qeyd olundu ki, tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün ilk əvvəl geniş informasiya, məlumat mübadiləsinə başlanılmalı, regionlar bir-birini daha yaxından öyrənməli, tanımalıdırlar. Nabələd yerdə, ilk qarşılaşmada, ilk görüşdə zənnimcə, ilkin sınaq, ilk təmas sonrakı münasibətlərdə, bəli, qarşı tərəfin seçimi üçün çox vacibdir. Daha doğrusu, üzbəüz, tetatet də bu mərhələni uğurla keçməyi səviyyələrin bir-birlərinə təqdimatı, təyinatı kimi də dəyərləndirmək olar.

 

Yaponiyaya səfərimizin bu ilk rəsmi tədbirinin, ilk görüşdəki təqdimatın təəssüratından belə duyurdum ki, özlərinə arxayın ev sahibləri  az da olsa öz ədalı görkəmlərini o qədər də pərdələyə bilmirdilər. Bəlkə də ölkəmizə, xalqımızın daxili “məninə” o qədər də bələd olmamaqlarından irəli gələn bir özündən razılıq hissi idi ki, onlarda duyulurdu. Şəhərin meri, elə parlament sədri də düşünürəm ki, bu səbəbdən öz çıxışlarında, bəlkə də bir az tələskənlik edib görüşü bəlkə   daha tez yekunlaşdırmağa çalışırdılar.

 

Protokol qaydası ilə növbəsi çatanda nümayəndə heyətimizin rəhbəri Hüseyn Mövsümovun məntiqli, ölkəmizin tarixi, coğrafiyası, dünya birliyindəki ictimai-siyasi mövqeyi, müstəqilliyinə yenidən qovuşandan sonra qısa bir zaman kəsiyində əldə etdiyi nailiyyətlər barədə təmkinli, yığcam, lokonik, həm də məzmunlu təqdimatı görüşün ab-havasını birdən-birə tamam dəyişdi, qarşı tərəfin marağına, diqqətinin toplanmasına səbəb oldu.

 

Görüşdə əvvəlcədən razılaşdırılmış  səfər proqramına uyğun olaraq Bakının Səbail rayonunun İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, rayon barədə ətraflı məlumat verdi. Səbail rayonu ilə Mequro rayonu arasında nəzərdə tutulan dostluq və tərəfdaşlıq haqqında niyyət protokolunun layihəsini Yaponiya tərəfinə təqdim etdi.

 

Asif müəllim okeanın qoynuna aldığı Tokio kimi elə Xəzərlə qucaqlaşan Bakının Səbail rayonunun da üstün məziyyətləri barədə danışandan sonra ev yiyələrinin xüsusi bir marağına səbəb olan belə bir məlumat da verdi ki, seçmə cüdo idmanının vətəni Yaponiya olsa da ötən əsrin 50-ci illərindən Səbail rayonunda “Atilla” idman klubu fəaliyyət göstərir. Bu klub eyni zamanda cüdo üzrə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatlarının Uşaq-Gənclər İdman Məktəbi yığma komandasının əsas bazasıdır. Məktəbin məzunları arasından zaman-zaman dünya idman arenasında layiqli töhfələrlə fərqlənən idmançılar  yetişib...

 

Asif müəllimin sərbəst, məntiqli çıxışı, başçılıq etdiyi rayon haqqında məlumatı, Bakının, Azərbaycanın zəngin mədəni irsini əks etdirən rəmzi hədiyyələrinin  ev yiyələrinə təqdimatı görüşün ahənginə xüsusi bir ovqat,  hərarət qatdı.

 

Bayaqdan tədbirin vaxtının nəzərdə tutulmuş həddi ötdüyünü tez-tez saatına baxmaqla diqqətə çatdırmaq istəyən aparıcının ağzı indi açıq qalmışdı. Çıxıntılı, tez-tez aşağ-yuxarı hərəkət etdiyi nəzərə çarpan hulqumunun düyünü indi yerində donub qalmışdı.

 

Mer Eiji Aokinin, necə deyərlər, qırışığı açılmışdı, riqqətə gəlmişdi, rəsmi çıxışını qurtarsa da yenidən söhbətə girişmişdi. Duyğulanan mer rəsmiyyəti bir tərəfə qoyub xatirələrə dalaraq  özünün də əvvəllər cüdo məktəbində müəllim işlədiyini deyib keçmiş idman uğurlarından da söz açdı...

 

Yaponiya ilə respublikamız arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir və bu gün intensiv xarakter alıb. Yaponiyada kütləvi informasiya vasitələrində AzərTAcı təmsil edən, bu gündoğar ölkəyə səfərimiz zamanı ilk gündən sonacan bütün tədbirlərdə birgə olduğumuz və səfər proqramını Azərbaycan mətbuatına təqdim etdiyi materiallarla çox yüksək şəkildə işıqlandıran jurnalist dostumuz Vüqar Ağayevin hazırladığı bir xəbəri də buradaca oxuculara xatırlatmaq istəyirəm.

 

“...Bu günlərdə, fevral ayının 9-da Tokionun mərkəzində yerləşən Mequro Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının (MİFA) eyni adlı rayonun ərazisində yaşayan müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə təşkil etdiyi festivalda respublikamız da yüksək səviyyədə təmsil olunub.

 

Festivalda müxtəlif xalqların mədəniyyət nümunələrini əks etdirən bədii proqram da təqdim edilib.

 

Tədbir iştirakçıları Mequro rayonu ərazisində yerləşən ölkələrin səfirlikləri tərəfindən hazırlanan sərgi ilə tanış olublar. Azərbaycan səfirliyinin hazırladığı stentdə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, ölkəmiz haqqında yapon dilində nəşr edilən müxtəlif çap məhsulları, “İrs-isan” jurnalının ayrı-ayrı sayları, Bakı mənzərələrinin əks olunduğu rəsm əsərləri, milli mətbəximizin nümunələri tədbir iştirakçılarına təqdim edilib. “İpək yolu” rəqs qrupunun ifa etdiyi “Tərəkəmə” rəqsi tamaşaçılar tərəfindən  maraqla qarşılanıb. Azərbaycan mətbəxinin ləziz yeməkləri, şərablarımız, şəkərbura və paxlava tədbirdə iştirak edən xalqların nümayəndələrinin marağına səbəb olub”...

 

Şəhər meriyasında bu rəsmi görüşdən sonra Mequro rayonunda yerləşən Ohaşi nəqliyyat və park infrastrukturu ilə tanışlıq oldu.

 

Parkın girişində, pilləkənlərin ayağında süni örtüklə döşənmiş idman meydançasında bir neçə dəstəyə bölünmüş yeniyetmə oğlan və qızlar məşq edirdilər. Yəqin ki, bu görkəmdə az-az rastlaşdıqları biz əcnəbilər uşaqların diqqətinə səbəb olduq. Uşaqlar oyunlarına ara verib qonaqpərvərcəsinə bizə yer-yerdən əl edərək, özlüklərində  xoş gəlmisiniz” deyirdilər.

 

Yeri gəlmişkən, Yaponiyada olduğumuz çox yerdə, dəmir yolu vağzallarında qatar yolu gözləyən, vaqonlara minməyə tələsən, vaqonlardan müəllimlərinin nəzarəti ilə ehtiyatla aşağı enən dəstə-dəstə məktəb yaşlı, eyni zamanda balaca uşaqlar da gördük. Hardan gəlirdilər, hara gedirdilər? Yaponlarda həqiqətən, səyahətə həvəs hələ uşaq yaşlarından yaradılır.

 

Dəstə-dəstə yol gedən, oturub gözləyən uşaqların yanından ötəndə, ya dayanıb onların nizamlı yerişinə, oturuşuna diqqət edib baxanda, əgər sənə gözü sataşırsa, uşaqlar, fərqi yoxdur oğlan, ya qız olsun, sənə əl yelləyib ehtiramla gülümsəyirlər. Diqqətinə görə öz ehtiramlarını bildirirdilər.

 

Uşaqları müşayiət edən, necə deyərlər, hər şeyi anbaan nəzarətdə saxlayan müəllimlər, tərbiyəçilər də belə anlarda onlara irad tutmur, özləri əl yelləməsələr də elə eyni ehtiramla, məmnunluqla gülümsəməyə çalışırlar.

 

Yapon nəzakətinin ümdə keyfiyyətlərindən olan əl eləməklə ehtiram, hörmət bildirmək  beləcə kiçik yaşlarından, yeniyetməlik çağlarından uşaqlara öyrədilir.

 

Dünyanın müxtəlif yerlərində yaşayan xalqların və millətlərin həyat tərzi, yaşayış şəraiti ilə bağlı özlərinin müxtəlif  adət və ənənələri var. Düzdür, bəzən bunlardan yan keçənlər də olur, yaxud addayıb arxada qoyanlar da. Ancaq xalqın milli dəyərinə çevrilib əbədi yaşamaq hüququ qazananlar isə daha çoxdur.

 

Təbii ki, hər xalq mədəniyyətini özü yaradır, onu milli mənəviyyatının bir hissəsinə çevirib qoruyur, əbədi yaşadır. Necə ki, xalqımız da öz milli dəyərlərini, mənəvi zənginliyini hər şeydən uca tutub qürur mənbəyi bilir, yaşadır, daha da zənginləşdirir.

 

Yaponiya qədimliyin və müasirliyin vəhdətinin ən yaxşı nümunələrini bütün gözəllikləri ilə özündə birləşdirən bir ölkədir.

 

Doğru deyirlər ki, yaponlar öz qəlbi ilə köhnəlikdə, zehni iləsə yenilikdədirlər...

 

Bu ölkədə hər ailənin, necə deyərlər, öz gerbi – loqosu var. Xüsusi mərasimlərdə, toylarda ailə üzvləri üzərində ailə loqosunun təsviri olan paltarlar geyinirlər. Ailə quran cütlük öz toylarına dəvət etmək üçün qonaqları şəxsən özləri seçib dəvət edirlər. Ola bilər ki, ailə quran gənclərin valideynləri, eləcə də digər ailə üzvləri hətta heç o toya dəvət olunmasınlar da...  Bəli, əgər cütlük bunu istəmirsə...

 

...Bir neçə il bundan əvvəl oldu ğum Şərq ölkəsində, Sinqapurda insanlar mənə nədənsə daha çılğın, həyatsevər və maraqlı görünmüşdülər. Bu yaponlar isə, deyəsən, ən xırda bir şey üstündə də nə isə uzun müddət danışıb izah etməyi xoşlayırlar. Adicə bir kostyumu ütüləməyi onlara anlatmaq belə bir xeyli vaxt apardı. Otel rəsmisi sadəcə bir sifarişin üstünə dönə-dönə qayıtdı. Görüləcək ütü işi ilə bağlı qiyməti təkrar-təkrar dilə gətirdi. Sanki zəhmət haqqını ödəməyə gücüm çatmayacağından ehtiyatlanırdı.

 

Daha bir haşiyə:

 

Qaldığım otelin fasadı ümumi binanın 5-ci mərtəbəsində idi. Giriş birbaşa küçədən, 5-ci mərtəbənin səthindəndir. Buradan 4 mərtəbə aşağı, yəni 5-cidən 1-ciyə və ya üzü yuxarı, 5-cidən 9-cu mərtəbəyə qalxırsan.

 

Mənim otağım yuxarıdan aşağı,  5-cidən 4-cü mərtəbəyə idi. 466-cı otaq! Geniş otaq idi, pəncərəsi otelin arxa həyətinə açılırdı. Bu geniş otaq yəqin ki, siqaret çəkənlər üçün nəzərdə tutulmuşdu. Çünki otağa daxil olan kimi kəsif siqaret qoxusu (təmbəki tüstüsünün kəsif iyi) gəlirdi. Stolun üstünə də külqabı, səliqə ilə bükülmüş bir neçə bahalı siqar, alışqan və kibrit də qoyulmuşdu.

 

İlk gecəni bu otaqda keçirdim. Əslində otağımı dəyişmək fikrim də yox idi.  Açıq pəncərədən siqaret qoxusunun da ötüb keçəcəyini düşünürdüm.  Yadıma doğma Şabranda yazıçı dostum Aydın Tağıyev düşdü. Uzun illərin peşəkar siqaret çəkənidi. Arabir vaxt tapıb onunla oturub söhbətləşəndə mən armudu stəkanda çay, o da ata-baba  qaydasında, adətinə uyğun yonma stəkanda billur kimi “saf” sudan qurtum-qurtum içib, şirin-şirin söhbət edərkən belə ahəstə, xudmani məclisə uyğun, kişinin ovqatı daha xoş olsun deyə elə özüm: “Qardaş, istəyirsən bir siqaret yandır, çək,” – deyə  təklif, az qala təkid edirəm. İndi nə olacaqdı ki, otaqdan gələn bu qoxu ilə bu yad ölkədə sevimli dostum bəlkə də elə bil sanki yanımda olacaqdı, şübhəsiz. Ancaq açığı, eyvandan  üzüyuxarı yox, bir mərtəbə aşağı enməyim isə dilə gətirməsəm də, ürəyimcə deyildi.

 

Ertəsi gün Yaponiyadakı səfirli yimizin əməkdaşı burasını da minnətdarlıqla qeyd edim ki, bütün səfər boyu əziyyətimizi çəkən dostumuz  Rövşən  Mirzəyev:

 

–Otağınızdan narahatlığınız yoxdur ki, dəyişmək istəmirsiniz? – deməsi ilə sanki bir himə bəndmiş kimi:

 

–Hə, hə, dəyişmək istərdim, bir az yuxarı qat olsaydı yaxşı olardı, – deyə tez-tələsik dilləndim: – Sonra da bu yerdəyişmənin səbəbini izah etmək üçün ətrafı daha yaxşı seyr etmək mümkün olsun  deyə dilləndim. (siqaret qoxusunu dilimə gətirmədim).

 

Vüqar müəllim də sağ olsun, heç çox keçmədi ki,  bu məsələni dərhal həll elədi və mən də nahardan sonra yeddinci mərtəbəyə, 744-cü otağa köçdüm. Otağa da, yenə də arxaya açılan pəncərəmdən görünən şəhər mənzərəsindən də heç bir gileyim yoxdu. Hər şey bizimçün seçilmiş bu otelə uyğun idi. Sözümün əsl canı isə odur ki, köçə-köçdə axşamdan bir kiçik, elə-belə bir cümlədən ibarət vərəqdəki qeydimi götürməyi, demə, unutmuşammış.

 

Günün axırında, görüşlərimizin proqramı bitib otağıma dönəndə o bir cümləlik qeydimi səliqə ilə salafon torbaya bükülü vəziyyətdə stolumun üstündə gördüm... (Hə, bir də axşam təzə kostyumumun üstündən söküb yəqin ki, atmağa macal etmədiyim “yarlık  (...)

 

Mequroda müasir sərnişindaşıma, nəqliyyat mərkəzinin üstündə, 32 metr hündürlükdə qeyri-adi tərtibatı ilə fərqlənən parkla tanışlıq olduqca yaddaqalan oldu.

 

Bağ salmağın müasir texnologiya nümunələrinə uyğun son illərdə salınmış, istər tərtibatı, istərsə də səliqəsi ilə göz oxşayan, çiçəklərinin rayihəsi baxanları ovsunlayıb məftun edən, açıq səma altında min bir ətri insanın iliyinə işləyən, rəngarəng çiçəklərin ətrini sinə dolusu içimizə çəkdik. Çoxmilyonlu şəhərin bu füsunkar guşəsindəki parkda insan əlinin təbiətə vura biləcəyi bu naxışa sanki toxunmağa qıymırlar kimi tək-tük adam var idi. Uzaq ölkənin uzaq, nabələd məmləkətindən gəlmiş biz qonaqları, hətta yan-yörələrində gəzib dolaşan tək-tük həmyerlilərini də heç vecinə almayan cütlüklərdən ibarət iki gəncin məhəbbətlərini çılğıncasına paylaşmaqları da diqqətimdən yayınmadı.

 

Tarixi zənginlikləri və təbii xüsusiyyətləri hər addımda duyulan şəhərdə,  Mequra rayonunda daha maraqlı bir tədbir Komobo parkı, Markiz  Moedanın keçmiş iqamətgahı ilə tanışlığımız oldu.

 

Komobo parkı Kaga, indiki İşikava vilayətini bir vaxtlar idarə etmiş Maeda ailəsinin 16-cı başçısı Marqius Maedanın keçmiş iqamətgahından istifadə olunaraq yaradılmışdır.

 

Yaponiya II Dünya müharibəsindən sonra qalib bir dövlət kimi ABŞ-la bağlanmış müqaviləyə əsasən üzərinə hərbi imkanlarını məhdudlaşdıracaq öhdəliklər götürmüşdür. Ötən müddətdə ölkə öz hərbi müdafiə sistemini yaratmaq üçün öhdəliklərində bəzi düzəlişlər etsə də, hələ ki, öz silahlı qüvvələrini yaratmamışdır.

 

Amma tarixin dərinliklərinə nəzər saldıqda bu ölkə də çoxsaylı qanlı müharibələrdən keçib, millət olaraq yaşamaq, dövlət kimi mövcud olmaq üçün cəng meydanlarında qurbanlar verib, bəzən qələbənin şirinini, bəzən də məğlubiyyətin acısını, ağrısını dadıb.

 

Hələ ötən əsrlərdə Rus-Yapon müharibələri, artilleriya ilə hərbi döyüş texnikasının mahir sərkərdəsi həmyerlimiz, şöhrətli general Əliağa Şıxlinskinin döyüş fəaliyyətindən də, I Dünya müharibəsində yaponların iştirakından da məlumatlıyıq. II Dünya müharibəsində Xirosima, Naqasaki faciələri isə elə bu gün də bəşəri faciə kimi anılır.

 

Xirosima haqqında sonra bəhs edəcəyəm. Söhbətimin bu yerində isə məqsədim Yapon hərbi qüdrətlinin görkəmli xadimlərindən, həm mənəviyyatı, həm də əməlləri ilə vətənpərvərliyin əsl nümunələrindən biri olan əsilzadə bir şəxsiyyət, general-leytenant Markiz Moeda haqqında qısaca da olsa bir məlumat verməkdir...

 

Mesenatlıq dünyanın inkişaf etmiş bütün xalqlarında vətən sevgisi, mənəvi dəyərlərə ehtiram, onun zənginləşməsi üçün olanını əsirgəməmək, eyni zamanda vətənpərvərlik nümunəsidir.

 

Xilqət üçün haqqın, ədalətin təcəllası, ilahi nur olan Qurani-Kərimin Bəqərə surəsinin 207-ci ayəsində Həqq-təala buyurur: “İnsanlardan o şəxs ki, Allah –təalanın rizasını tələb etməkdən ötrü dünya malından vaz keçib öz nəfsini dünya malının əvəzində alır, Allah-təala hicrət edən o bəndələrinə qarşı mehribandır. Onlara nicat verib müşriklərə qalib edəndir” ...

 

Zaman-zaman xalqımızın da xalqın intibahi, millətin tərəqqisi üçün varını əsirgəməyən  şəxsiyyətləri olub.

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində günü-gündən gözəlləşən qürur yerimiz, bu gün dünyanın hər yerində artıq meqopolis kimi tanınan doğma Bakımızın şəhər kimi inkişaf tapması üçün hələ ötən əsrin əvvəllərində də xeyirxah əməlləri ilə fərqlənən vətənpərvər insanlar olmuşdur. İndi adları tarixi şəxsiyyət kimi anılan Bakı milyonçularından Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun əməlləri də qədirbilənlərin yaddaşlardan heç zaman silinməz.

 

Dünyanın başqa xalqları  arasında da belə şəxsiyyətlər çox olub və bu gün də var.

 

... Bəli, 7 avqust 2013-cü ildə Maeda ailəsinin keçmiş baş iqamətgahı olan Kaga Han Sonkeikaku zəngin kitabxanası ilə birlikdə öz sahiblərinin şəxsi təşəbbüsü, arzusu və istəyi ilə Yaponiyanın mühüm mədəni mülkiyyətinə çevrilib.

 

Əsilzadə ailə isə parkın kənarındakı ke çmiş xudmani iqamətgahlarına (Yapon və qərb üslublu evlərində) yerləşiblər.

 

Bu əzəmətli mülk 1929-cu ildə IV markiz Toşhinari Maeda üçün tikilib. Tez-tez baş verən zəlzələlər nəzərə alınaraq iqamətgah qərb stilində dəmir betondan inşa edilib və Markiz Maeda 26 iyul 1927-ci ildən 1 avqust 1930-cu ilə qədər Böyük Britaniyada hərbi attaşe kimi xidmət göstərib. Yapon imperator ordusunda qulluq edib. General Markizi Maeda II Dünya müharibəsində  İja 8-ci Yapon diviziyasının ilk komandiri olub.

 

5 iyun 1885-ci ildə Tokioda anadan olan Markiz 5 sentyabr 1942-ci ildə (57 yaşında) Malaziyada, Labyan adasında vəfat edib.

 

Komoba parkı geniş bir ərazini əhatə edir. Parkın mərkəzi hissəsində müasirliklə qədimliyi özündə ehtiva edən mülk yerləşir. Parkın da əsas hissəsini gəzdik, içərisinə daxil olub mülklə də tanış olduq. Tatami ilə döşənmiş gen-geniş salonlar ilk növbədə qeyri-adi səliqəsi ilə fərqlənir. Artıq yorucu heç bir əşya gözə dəymir. Genişlik və səliqə-sahman elə bu görüntüsüylə də mülkü gəzib tanış olan yəqin hər adamda bir rahatlıq, sakitlik əhvali-ruhiyyəsi yaradır.

 

Parkdan (bağdan) görüntüləri foto aparatımızın yaddaşına köçürə bilsək də təəssüf ki, mülkün özünü və salonlarını lentə almağa, foto şəkil çəkməyə icazə vermədilər.

 

Düşünürəm ki, düz də edirlər. Görmək istəyən qoy gedib yerində görsün...

 

Yaponiyaya səfərimizin ilk gününün  rəsmi proqramını beləcə başa vurub otelə döndük...

 

Sabah isə yolumuz ölkənin Tokiodan sonrakı ikinci ən böyük şəhəri, sənaye, həm də liman şəhəri olan Yokohamayadır...

 

(Ardı var)

Novruz Nəcəfoğlu

525-ci qəzet.- 2015.- 21 fevral.- S.18-19;26