Görkəmli tatar şairi Musa Cəlil
Bakıda yad edilib
Tatarıstanın
Bakıdakı daimi nümayəndəliyində məşhur
tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlilin
anadan olmasının 109-cu ildönümü münasibətilə
tədbir keçirilib.
Nümayəndəlikdən
AzərTAc-a bildiriblər ki, gecənin təşkilatçısı
“Tatarıstan” İctimai Birliyinin dəstəyi ilə “Tuqan
tel” Respublika Tatar Mədəniyyəti Mərkəzi olub.
Tədbirdə
faşizm əleyhinə mübarizədə həyatını
qurban vermiş tatar xalqının qəhrəman oğlunun
parlaq, maraqlı, eyni zamanda faciəli taleyindən söz
açılıb. Məktəblilər şairin şeirlərini
tatar dilində böyük ruh yüksəkliyi ilə oxuyublar.
Musa
Cəlilin “Barbarlıq” şeiri tədbir
iştirakçılarını riqqətə gətirib.
Alman-faşist işğalçıların dinc sakinlərə
amansızcasına divan tutmasından söz açan bu
şeir videogörüntülərin müşayiəti ilə
səslənib. “Tuqan tel” cəmiyyətinin sədri Gülcan
Myasoutova Musa Cəlilin hərtərəfli istedadından, o
cümlədən, onun tərcüməçilik fəaliyyətindən
söz açaraq bildirib ki, şair Puşkinin, Nekrasovun,
Şevçenkonun əsərlərini tatar dilinə tərcümə
edib. G.Myasoutova Səməd Vurğunun tatar şairi haqqında
sözlərini sitat gətirib: “Dünya və dünya ədəbiyyatı
adını əbədiləşdirən çox şair
tanıyır, lakin adını ölməz əsərləri
ilə bərabər, qəhrəmanlıq nümunəsi olan
ölümü ilə də əbədiləşdirən
Musa Cəlil kimi igid şairlər o qədər də
çox deyil. Budur onlar: böyük Bayron, Macarıstanın
şanlı Xalq şairi Petefi, qəhrəman Yulius Fuçik
və nəhayət, Musa Cəlil”.
Sonda
Azərbaycan şairi, “Lira” Beynəlxalq Yaradıcılıq
Birliyinin üzvü Ələddin Yaqubov Musa Cəlilə həsr
etdiyi şeirini oxuyub.
525-ci qəzet.-
2015.- 21 fevral.- S16.