Ən qədim adətlərimizdən biri
– “Dərviş toyu”
Azərbaycanın dövlətçilik
tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği
Bu yaxınlarda “Dərviş toyu” adlanan bir toy mərasiminə
dəvətli idim. Çoxdandan bəri “Dərviş
toyları” haqqında eşitdiklərimi gözlərimlə
görməyim bu mərasim barədə təəssüratlarımı
bir daha təzələdi. Sözügedən
toyda diqqətimi çəkən məqamlar mövzu ilə
bağlı yazı qələmə almağıma səbəb
oldu. Nəzərləri cəlb edən və bir-birinə
ziddiyyət təşkil edən iki əsas məqam bunlar idi:
belə bir islami mərasim təşkil etdiyi üçün
toy sahibinin öyünməsi, bunun qarşısında isə
dinimizin heç cür qəbul etmədiyi
israfçılıq. Əgər belə bir toy
təşkil ediriksə, onun keçmişdən bəri
mövcud olan sütunlarına zərbə vurmamalı və ənənələrimizə,
milli-dini dəyərlərə uyğun mərasim keçirməliyik.
Adı
eyni, dadı başqa
Milli adət-ənənələrimizdən
biri olan “dərviş toyları”nın
islam tarixindən az olmayan yaşı var. Və insanların
buna qayıdışı hardasa müsbət qiymətləndirilməlidir.
Lakin bir çox ənənələrimiz kimi, dərviş
toylarına da kifayət qədər əlavələr edilib.
Başqa sözlə, digər adət-ənənələrimiz
kimi, bu vərdişimizin də
“avropalaşdırılması” hiss olunmağa başlayıb.
Sözügedən toyları dərindən analiz edən zaman
insanı düşündürən məqamların heç
də az olmadığı ortaya
çıxır.
Hazırda ara-sıra keçirilən “dərviş
toyları” islami əxlaqi-etik dəyərlərə
qayıdış nöqteyi-nəzərindən bir
çoxları tərəfindən müsbət dəyərləndirilir. Bu toyların
digər toylardan bəzi üstün cəhətləri də
kifayət qədərdir. İnsanı
narahat edən səs-küyə, şit musiqiyə,
bayağı sözləri olan mahnılara, eləcə də
yabançı rəqslərə “dərviş toyları”nda
bir o qədər də rast gəlinmir. “Dərviş
toyları”nın digər toylardan yeganə
böyük fərqi burada qadınların iştirak etməməsi
və ritmik oyun havalarının çalınmamasıdır.
Açıq-saçıq geyinmiş
qadınların toyda naməhrəmlərin içərisində
iştirak etməməsi, onların yenə də naməhrəm
kişilərin qarşısında oynamaması, erotik, oriental
rəqs səhnələrinin olmaması
öz-özlüyündə alqışlanmalı, təqdirəlayiq,
əxlaqi cəhətdən düzgün bir hal olması da bu
toyun üstünlüklərindəndir. Yəni
sözügedən mərasimlərin sadalanan bu məqamları
İslam etikasına, şəriətin qanunlarına
uyğundur.
Amma bu toyların bəzi cəhətləri insanı
düşündürməyə vadar edir. Bəzən
insana elə gəlir ki, bu toylar digər toylardan o qədər
də fərqlənmir. Çalğı
alətləri, ifa edilən musiqi eynidir. Başqa
toylarda çalınan həmin musiqi sədaları altında,
həmin avazla Peyğəmbəri (s.ə.v.), məsum
imamları, digər müqəddəsləri mədh edən
şeirlər oxunur. Maraqlı məqam isə
bu mətnlərin bir çoxunun başqa toylarda da xanəndələr
tərəfindən oxunmasıdır. Musiqi qrupunun üzvləri
uzun-uzadı mədhiyyə oxuyur və hər bir
mahnının sonunda yeməklə məşğul olan
insanlardan “salavat” deməyi, həm də
bunu uca səslə söyləməyi tələb edirlər.
Lakin bu toyların adının islami toy qoyulmasına
baxmayaraq, burada islama zidd bir çox məqamlara da rast gəlinir. Əgər “Dərviş
toyları” Allah rizası üçün edilirsə, o zaman
hansı səbəbdən toyun gedişində böyük
yaradanın digər əməllərinə riayət edilmir?
Məsələn,
“Allah rizası
üçün” olan toyun gedişində şam
namazı ilə yanaşı xüftən namazının da
vaxtı keçir, amma musiqiçilər ifaya,
iştirakçılar isə yeməyə davam edir. Və bu zaman namazlar bilərəkdən qəzaya
verilir. Axı namazın vaxtı çatan kimi hər bir
mükəlləf olan adam imkan və şərait
varsa, əlində təxirə salınması mümkün
olmayan bir iş yoxdursa, dərhal namaza durmalıdır. Əgər “Dərviş toyları” deyilən bu mərasimlər
dinimizin qaydalarına əməl olunan toylardırsa, o zaman bu
toyların keçirildiyi məkanlarda namaz üçün
şərait olmalı və namazın vaxtı yetişən
zaman musiqiyə fasilə verilməli, insanlar isə ibadətlə
məşğul olmalıdırlar.
Əgər
dini, islami toy hesab etdiyimiz bu toylarda Böyük Allahın yerinə
yetirilməsi vacib olan açıq, çox açıq əmrini,
müqqədəs Peyğəmbərimizin (s.ə.v.) göstərişlərini
qulaqardına vurub toyun gedişində yerinə yetirdiyimiz digər
əməllərlə öyünürüksə, bu,
riyakarlıqdır.
Musiqiyə gəlincə isə öz-özlüyündə
hər cür musiqi deyil, ləhvü-ləəb yaradan,
insanı ekstaz vəziyyətinə gətirən musiqi
haramdır. Məhz
dərviş məclislərində çalınan və
oxunan musiqilərdə bəzi ekstaz halına gətirən məqamlar
az deyil.
Allahı vəsf edən, peyğəmbərləri (s.ə.v.)
müqəddəs imamları mədh edən mətnləri hər
cür musiqi altında oxumaq özü də bidətdən
başqa bir şey deyil. Əgər ilahi sözlər səsləndirilirsə,
bunun üçün hər kəs öz zövqünə
uyğun musiqi seçə bilməz. Burada
hər bir incəliklər nəzərə
alınmalıdır. Bir halda ki, “Dərviş toyu”nu
özünü islam təəssübkeşi
hesab edən şəxslər edirlərsə, bu zaman
onların digər dini tövsiyələrə əməl etmələri
də vacibdir. Maraqlı məqam ondadır ki, bəzi toy sahibləri
bir yanda “dərviş toyu” etməklə öyünür, yəni
özünü Allah-Təalanın xoşuna gələn əməlləri
yerinə yetirən şəxs kimi göstərir, digər tərəfdən
isə Ulu Yaradanın sevmədiyi başqa əməllərə,
habelə israfçılıq edir.
Ən azından bu şəxslər “Dərviş
toyları”nda dinimiz tərəfindən qəbul edilməyən
israfçılığa da yer verməməlidirlər.
Müasirləşən
dərvişlər
Qafqaz
Müsəlmanları İdarəsinin şöbə
müdiri hacı Vəfadar Əliyev milli adətlərimizdən
biri olan “dərviş toyları”nın ta
İslamın yarandığı vaxtdan bəri mövcud
olduğunu bildirib. Onun sözlərinə
görə, o zamankı dərviş toylarında insanların
qəzəllər, qəsidələr, müəyyən
İslami mahnılar oxumaqla mərasimi həyata keçiriblər.
O, sonradan bu toyların adının “dərviş toyu”
qoyulduğunu qeyd edib: “Dərviş sözü lüğəti
mənada qapı-qapı gəzib, müəyyən məsələləri
çatdırmaq deməkdir. Bir mənada dərvişlər
irfani şeirlər oxuyurlar. Məhz dərvişlər
xalq arasında belə tanınıblar. Yəni
dərviş indi bəzilərinin başa
düşdüyü kimi qapı-qapı gəzib dilənən
mənasında deyil. İslamın
yarandığı ilk illərdə dərvişlər
dinimizin bu yolla, yəni irfanı mahnılar, ilahi qəsidələr,
qəzəllər oxumaqla təbliğatını
aparıblar. Bəzi din adamları ki, musiqi toyunu
xoşlamırlar onlar öz toylarının məhz bu yolla təşkil
edirlər. Bu da islam baxımından məqbul
sayılır. Yəni dərviş toyunun bir
ziyanı yoxdur. Bəlkə də bu
müasir toylarla müqayisə də daha da xeyirlidir. Fikrimcə, ortada atılıb-düşməkdən,
kənar adətləri yerinə yetirməkdənsə, belə
toylarıın təşkili daha məqsədəuyğundur”.
Onun dediyinə görə, dərviş toylarında ifa
edilən musiqi haram deyil. O, dərviş toylarında deyil, digər toylarda ifa edilən
musiqilərin haram olduğunu söyləyib: “İslamda haram
olan musiqi insanı coşduran musiqidir. Hətta
elə musiqilər o qədər coşdurucu təsir
bağışlayır ki, o birbaşa insanın ağlına
təsir edir. Məhz belə musiqilər
haramdır. Yəni bu musiqi altında
imamların, digər müqəddəs şəxslərin mədhi
pis hal deyil. Dərviş toylarında ifa
edilən musiqinin bir ziyanı yoxdur”.
Unudulan və
ya dəyişdirilən ənənəmiz – “Dərviş
toyları”
Şərqşünas, dini məsələlər
üzrə ekspert Seyid Camal Əzimbəyli hələ əsrlər
boyu dərviş toylarının mövcud olduğunu qeyd edib. Onun sözlərinə
görə, tarix boyu imanlı şəxslər özlərinin
və yaxınlarının toylarını məhz bu
üsulla təşkil ediblər. “Dərviş
toyları”nın hələ dinimizdən
öncə mövcud oduğunu diqqətə çatdıran
C.Əzimbəyli sonradan bu adətin İslamın
özününküləşdirmə modelinə
çevirildiyini qeyd edib: “Bunun da başlıca səbəbi dərviş
toylarında Allah Təalanın haram buyurduğu naz-nemətlərin
verilməməsidir. Lakin Azərbaycanda indi
keçirilən dərviş toyları ilə əsrin əvvəllərindəki
“dərviş toyları” arasında çox böyük fərqlər
var. Hətta bu toyların arasında qırılmış
tellər mövcuddur. Düzdür, “Dərviş
toyları”nda müəyyən mənadaiİslam heysiyyatı
üstünlük təşkil edir və bu mərasimlər
dini kimiliyin, dini prinsiplərin qorunmasına xidmət göstərir.
Bu toylarda islami qaydalara zidd, təhlükəli
bir məqam yoxdur. Amma əsrin əvvələrinə
qədər qorunub-saxlanan ənənələr artıq
unudulub və dərviş toylarını yeni əlavələr
olunub. Tarix boyu “Dərviş toyları”
irfana bağlanan məclislər olub. O zamankı “Dərviş
toyları” insanların daxilən saflaşmasına, dini
baxımdan zənginləşməsinə səbəb olurdu. Hazırda isə dərviş toylarında müqəddəs
ad sahiblərinin, imamların və digər müqəddəsləşdirilmiş
şəxslərin mədhiyyəsi ilə toyun da problemi ilə
qarşılaşırıq. Bəzən
bu dəyərlər şəxslərin öyülmsinə və
pul yığılmasına xidmət göstərən hala
çevrilir. Bu hallar insanı üzən
amillərdir. “Dərviş toyları”nı
edən insanların yüz faizi özlərini İslam təəssübkeşi
kimi tanıdan şəxslərdir. Əgər
bunun bir mübarək tərəfi varsa və Cənab
Haqqın hökümlərinə uyğundursa, digər tərəfdən
isə bu mərasimlərdə həddini aşan halların
mövcudluğu bəyənilən deyil. “Dərviş
toyları”nda bir çox hallarda xoşagəlməz hallar
baş verir. Bu toylarda ayrı-ayrı fərdlərin
şəninə həddindən artıq təriflərin
söylənməsi heç də qənaətbəxş
amil deyil. Bəzən adama elə gəlir
ki, dərviş toyları ilə digər toyları bir-birindən
ayıran yeganə fərq bu toylarda spirtli içkinin
olmamasıdır. Bu məclislərin tarixə
nəzər salınaraq, o səpgidə, mənəviyyatımıza
uyğun olaraq keçirilməsi daha yaxşı olar”.
Qorunması
vacib olan mənəvi irsimiz
Ekspertin fikrincə, “Dərviş toy”larında mənəvi
dəyərlərin qorunmasına xüsusi diqqət yetirilməlidir. C.Əzimbəyli bu məclislərdə
İslami dəyərlərin ən xırda incəliklərinin
belə qorunmasına önəm verilməsinin zəruri
olduğunu qeyd edib: “Əsrin əvvəllərindəki “Dərviş
toyları” ilə indiki “Dərviş toyları”nı eyniləşdirmək
düzgün olmazdı. Amma mənəvi
irsimizin qorunması baxımından bu toyların ziyanlı tərəfini
deyil, xeyirli məqamlarını önə çəkmək
təqdirəlayiqdir. İslamın təməl
prinsipləri bundan ibarətdir ki, yaradılmışları əbədi
səadətə qovuşdursun. Dinimizin digər
prinsiplərindən biri də insanlı pis əməllərdən
çəkindirmək, onlara düzgün yol göstərməkdir.
Bir çoxları gözdən pərdə
asmaq məqsədilə “dərviş toyları” təşkil
edir. Amma bu hal heç cür qəbuledilən
deyil. Çünki insan daxilən Allaha,
dininə bağlı olmalıdır. Yəni
gözdən pərdə asmaq məqsədilə üzdə
xoş görünən addımların, gizlində isə
bidət əməllərin həyata keçirilməsi
heç cür qəbuledilən hal deyil. Bu,
küfr olmaqla bərabər, Allah-Təala tərəfindən
də qəbul edilmir. Həqiqətən də,
dini toyların keçirilməsi ənənələrimizdən
biri olmaqla yanaşı, bu həm də bir könül
işidir. Müsəlman olan hər bir
şəxs ən azından İslami dəyərlərə
böyük önəm verməlidir. Biz
xurafatdan, mövhumatdan qaçaraq İslamı elmi təfəkkürlə
anlasaq daha gözəl olar”.
İsgəndər
HƏSƏNOV
Yazı Azərbaycan
Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya
Vasitələrinə Dövlət Dəstəyi Fondunun
keçirdiyi fərdi jurnalist müsabiqəsinə təqdim
edilir.
525-ci qəzet.-
2015.- 21 fevral.- S10.