İnsanlıq vəzifəsi
Habil Qurbanov - 60
Rayonda xəbər tez yayılır. Toy, hüzr,
insanların həyatında, məişətində diqqətçəkən
məqam ağızdan-ağıza, dildən-dilə
düşüb anında bütün bölgəni əhatə
edir. Ələlxüsus da kəndlərdə.
Böyük şəhərdə isə bu
mümkün deyil. Çoxdan görmədiyin
dost-tanışınla rastlaşanda mütləq olan-keçənlər
dilə gəlir.
Habil müəllimlə də tez-tez
rastlaşmadığımızdan görüşəndə
çox vaxt söhbətimiz qısa alınmazdı. Təxminən
on səkkiz ilin söhbətidi. Mühüm
bir məsələ ilə əlaqədar Baş
Prokurorluğun idarə rəisi Habil Qurbanovun yanına
getmişdim. Xoş-beş, nə var-nə yox... Söhbət
əsnasında uzun illər rayonumuza rəhbərlik etmiş,
Sovetlər dönəminin ən ali mükafatlarına, hətta
Sosialist Əməyi Qəhrəmanı tituluna yiyələnmiş,
SSRİ Ali Sovetinin neçə çağırış
deputatı olmuş, sözün həqiqi mənasında, təmiz,
vicdanlı, təmənnasız bir insandan danışdım.
Adını yazmasam da, bu yazını oxuyanlar dərhal kim olduğunu anlayacaqlar. Dedim:
- O insan
indi xəstədir, ağır infarkt keçirib. Maddi sıxıntıdan "Gənclik"dəki
dörd otağını 8-ci kilometrdə kiçik bir
"xruşşovka"ya dəyişmək məcburiyyətində
qalıb. Qürurlu adamdır, bu vəziyyətdə
də özünü sındırmır, kömək-filan qəbul
etmir. Mən onunla tez-tez
görüşürəm, bir bəhanə ilə müəyyən
dərəcədə əl uzadıram. Təzə
mənzilində olmamışdım. Həmzə
müəllimə (Ağdam ziyalılarından biri,
keçmiş deputat Həmzə Əliyev - E.İ.) zəng
vurub onun xəstə olduğunu, vaxtı varsa birlikdə gedib
baş çəkməyimizi təklif etdim. Həmzə müəllim təklifimi məmnuniyyətlə
qəbul etdi. Novruz bayramından bir gün əvvəl
adi bayramlıq boxçası ilə o gözəl insanı
yoxlamağa getdik. Xəstəlikdən əməlli-başlı
sınıxmış, sifətinin rəngi solmuşdu. Mənzilində bir ömürgün yoldaşı idi,
bir də özü. Kasıb adam
haqqında "Bir həsirdir, bir də Məmmədnəsir"
deyimini xatırladım. Doğrudan da vaxtı ilə
yüksək dövlət toplantılarında rəyasət
heyətində əyləşmiş, çoxlarına təmənnasız
rütbə, vəzifə, çörək vermiş bu Nadir
insanin təmirsiz mənzilində döşəməyə
xalça yerinə nimdaş həsir sərilmiş, bir-iki
köhnə əşya qoyulmuşdu.
- Ola bilməz,
nə danışırsan? - deyə Habil
müəllim heyrətini gizlədə bilmədi.
- Bu hələ
harasıdır - dedim - gündəlik mətbuatı daim izləməyi
vərdiş edən, ölkənin və dünyanın ictimai-siyasi
həyatından hamıdan əvvəl xəbər tutan bu
insanın evində, televizor demirəm, adi bir radio da yox idi...
Habil müəllimin gözləri yaşardı. Elə mənim
də. Söhbətin mövzusunu dəyişdim.
Bir qədər sonra onunla xudahafizləşib
çıxdım.
Bir neçə gündən sonra işlək telefon
aparatı, əl radiosu və təzə qəzet-jurnallarla xəstəni
yoxlamağa getdim. Gözlərimə inanmadım. Dostumun rəngi bir qədər
açılmışdı. Mənzilində xalça
da vardı, radio da, hələ desən, televizor da...
- Deyəsən
gecikmişəm, radio almısınız.
-
Almamışam, sağ olsunlar, JEK-dən göndəriblər.
Deyəsən insanlıq, xeyirxahlıq hisslərini saxlayanlar hələ
var - dedi.
Bu məsələ məndə jurnalist marağı
oyatdı. Öz adımdan, dostlarım adından minnətdarlıq
etmək üçün həmin ərazinin mənzil istismar
sahəsinə getdim. Rəislə
görüşdüm. Minnətdarlıq
etdim və bu barədə mütləq mətbuatda
yazacağımı bildirdim.
JEK rəisi narahat idi. Sözlü adama
oxşayırdı. Çox çək-çevirdən
sonra:
- Nəbadə
yazasınız, vallah, dədəmi yandırarlar - dedi - bu
bizim işimiz deyil, müəllim.- Baş
Prokurorluğun sürücüsü gətirmişdi, dedi ki,
Habil müəllim xəbərdarlıq elədi ki, heç
kimə bildirməyək, öz adımızdan aparıb o
kişinin mənzilinə qoyaq. Prokurorla zarafat
etmək olmaz, özünüz bilirsiniz də. Xahiş
edirəm bunu sizə deməmiş olum, yoxsa ...
Kişiyə söz verdiyim kimi, bu barədə heç
vaxt, heç yerdə danışmadım. Artıq xeyli
vaxt keçib. Həmin insan da haqq
dünyasındadır. Yəqin, Habil
müəllim də məni bağışlayar. Məqamı düşdü deyə yazdım.
Və bu yazı ilə Habilin portretinin ən cəlbedici
cizgilərini, əziz oxucularım, Sizlərə göstərmək
istədim. Məncə göstərdim də.
Bəs nə yazaydım? Yazaydım ki, Habil
Surxay oğlu Qurbanov 14 mart 1955-ci ildə Ağdamda Maarif xadimi
Surxay Qurbanovun ailəsində dünyaya göz açıb,
böyük vəzifələrdə çalışıb,
hüquq elmləri üzrə həm namizədlik, həm də
doktorluq dissertasiyalarını hələ 1997-ci ildə, 42
yaşında Moskvada müdafiə edib? Göstərim ki, 112 elmi məqalənin,
6 monoqrafiyanın, 5 dərsliyin müəllifidir, Avropa Humanitar
Elmlər Aklademiyasının, Türk Dünyası
Araşdırmaları Uluslararası Elmlər
Akademiyasının akademikidir? Bunları internetdən
də oxumaq olar. Mən göstərmək
istəyirəm ki, Habil Qurbanov vəzifələrin ən
çətinini, ən mühümünü
daşıyır. Bu, ilk növbədə,
insanlıq vəzifəsidir. Atalar əbəs
deməyib ki, "alim olmaq asandır, insan olmaq çətin!"
Habil
müəllimlə görüşlərimin birində:
- Habil,
qardaşım, sənə bir sual verəcəm. Amma
düzünü de, yazmaq-filan üçün soruşmuram -
dedim.
- Bu nə
sözdür, mən heç vaxt yalan
danışmamışam - deyə təəccüblə
üzümə baxdı.
- Amma mən
danışmışam, yeri gələndə indi də
danışaram - demişdim. Bu barədə
sonra. Bax, uzun illər, lap cavan yaşlarından prokuror
işləmisən. Heç qanunazidd qərar
çıxarmısan? Yəni, qanunu pozmusan?
-
Doğrudan gözlənilməz sualdı. Olub.
Birdi, beşdi, ondu... Amma düşünmürəm ki, bunlar,
qanunsuzluqdur - dedi və sözünə davam etdi. 1994-cü ildə Qaradağ Rayon Prokurorluğuna yeni
təyinat almışdım. Əvvəlki
prokurorun dövründə Xocavənd rayonundan bir nəfər
məcburi köçkün, həmin rayonun polis sahə
müvəkkili ailəsi ilə şəxsi avtomobilində
rayondan gələndə sükan arxasında yuxulamış,
ehtiyatsızlıqdan qəza törətmişdi. Qəzada həyat yoldaşı və oğlu həlak
olmuşdular. Bu barədə cinayət
işi açılmışdı. Mən
bu insanın şəxsiyyətini, Qarabağ savaşında
xidmətlərini, ailə vəziyyətini,
başlıcası, qəzada böyük itkilərini və
sonsuz kədərini götür-qoy etdim. Bu
boyda dərddən sonra onu mühakimə etmək, türməyə
atmaq nə qədər ədalətli olardı? Vicdanım yol vermədi. Ona
yardımçı oldum. Hətta işdə
saxlanılmasına da köməyim dəydi.
Ömrünün 60-cı səhifəsini tamamlayan Habil
Qurbanov peşəkar hüquqşünas, tanınmış
elm adamı olmaqla yanaşı həm də əsl idman cəfakeşidir. Böyük
qardaşı rəhmətlik Nizami Qurbanov Ağdam futbolunun
yaradıcılarındandır. Uzun
müddət komandanın mahir hücumçularından olub.
Habil isə çətin vaxtlarında
"Qarabağ" Futbol Klubuna maddi və mənəvi himayədarlıq
edib. Məsul vəzifələrdə
işləyəndə də, ondan əvvəllər də
idmanı sevib, dünyanın və ölkənin idman həyatına,
necə deyərlər, qaynayıb-qarışıb.
Hələ uşaq vaxtlarında Ağdamda 1 nömrəli
orta məktəbin futbol komandasının bombardirlərindən
olub. 1994-cü ilin yayında qardaşı Şamillə
Amerika Birləşmiş Ştatlarına, FİFA dünya
çempionatını izləməyə gedib. Kaliforniya
ştatının Pasadina şəhərində məşhur
"Pouz Boul" stadionunda Braziliya ilə İtaliya
komandalarının final oyununda olub. O vaxt Braziliya millisi
İtaliya yığması üzərində 3:2 hesabı ilə
qələbə çalaraq dünya çempionu tituluna yiyələnmişdi.
Habil müəllim deyir ki, həmin dünya çempionatı bir sıra başqa arzuolunmaz məqamları ilə də dünya futbolsevərlərinin hafizəsində iz qoyub. Məsələn, Kolumbiya iyunun 26-da "Pouz Boul" stadionunda ABŞ-a 1:2 hesabı ilə məğlub olmuşdu. Bu qollardan biri Kolumbiya yığmasının öz oyunçusunun səhvinin nəticəsi idi. İyunun 26-da Kolumbiya komandası İsveçliləri 2:0 hesabı ilə məğlub etsə də, bir neçə gün sonra, iyulun 2-də ölkəsinə geri dönən Kolumbiya yığmasının futbolçusu Andres Eskobar öz qapısına qol vurduğuna görə güllələndi. Cani restoranın avtomobil dayanacağında faktiki olaraq öz qapısına qol vuran futbolçunu 12 güllə ilə "cəzalandırdı".
Amerika səfərindən 2 il sonra Habil Qurbanov Böyük Britaniya paytaxtında "London 2000" UEFA kubokunun təqdimetmə mərasimində də iştirak etdi.
O, ölkə idmanımızın tanınmış simaları ilə dostluq edirdi, indi də edir. Albomundakı çoxsaylı fotoşəkillər, şəxsi arxivindəki sənədlər bunu bir daha təsdiqləyir. 19 il bundan öncə prokuror işlədiyi Dəvəçidə, rayon stadionunda çəkilmiş bir fotoşəkildə Habil müəllim məşhur futbolçular Anatoli Banişevski, Vladimir Bruxti, Azərbaycan güləş məktəbinin tanınmış siması Alkividau Pavlidi ilə bir yerdədir.
Habil Qurbanov "Qarabağ Futbol Veteranları" Klubunun təsisçisi və prezidentidir. Azərbaycanda ilk Mini Futbol (Futzal) Qurumunun yaradıcısıdır. 1993-2008-ci illərdə AFFA-nın Futzal və Hüquq Komitələrinə sədrlik edib. 1998-ci ildə Azərbaycan Futzal Federasiyasını təsis edərək Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyə nail olub.
Habil müəllimin fikrincə, idman bütün dünyada barışın, əmin-amanlığın, dostluğun, insanlığın, mədəniyyətlərarası ünsiyyətin katalizatorudur. İdmanı sevmək, ona pərəstiş bütün sahələrdə çalışanları, həmçinin insan hüquqlarının keşiyini çəkənləri ədalətə, humanizmə, dürüstlüyə, təmizliyə yönləndirməyə bilməz.
60 yaş nədir ki?! Elmi nailiyyətlərini daha da yüksəltmək, idmanımızın, olimpiya hərəkatımızın inkişafına şövqlə xidmət göstərmək üçün Habil Qurbanovun bilik, istedad və ilham çeşməsi hələ çağladıqca çağlayacaq.
Yubileyin mübarək, əziz dostum!
Eldar
İsmayılov, AİJA prezidenti, İdman Mətbuatı
üzrə Avropa İttifaqı - AIPS EUROPE/UEPS İcraiyyə
Komitəsinin üzvü, Əməkdar jurnalist
525-ci qəzet.-
2015.- 24 fevral.- S8.